Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Azad olmayan məhkəmələr = siyasi məhbuslar


Nora Kvitsiani
Nora Kvitsiani
«Heç kim maraqlanmır ki, ona hansı status verilib. Hamı onun siyasi məhbus olduğunu təsdiqləyib. Nə olsun ki? Bu heç nəyi dəyişmir» – bu, Nora Kvitsianinin qızı Maya Arqvlianidir.

İnsan Haqları üzrə Beynəlxalq Federasiyanın siyasi məhbuslar siyahısına Nora Kvitsianinin də adı salınıb. Ona qarşı 2006-cı ildə bir neçə maddə üzrə cinayət işi açılıb. Həbs olunana qədər o, Kodor dərəsindəki Ajara kəndində yerli administrasiyanın rəhbəri işləyib.

Gürcüstanda siyasi məhbusların olmasını hüquq müdafiəçiləri ilə yanaşı, ötən sentyabr ayında beynəlxalq təşkilat da təsdiqləyib. İnsan Haqları üzrə Beynəlxalq Federasiyanın hesabatına əsasən, Gürcüstanda siyasi məhbuslar var. Hesabata 8 siyasi məhbusun işi daxil edilib. Ancaq hüquq müdafiə təşkilatları və siyasi partiyalarda daha uzun siyahılar var.

Bir neçə həftə əvvəl «Gürcüstanda qanunsuz həbs olunanlara həmrəylik» adlı hərəkat yaradılıb. Onlar artıq bir neçə dəfə siyasi məhbusların azad edilməsi tələbilə etiraz aksiyaları keçiriblər. Hərəkatın lideri Eka Beseliya deyir ki, qardaşı və həddi-buluğa çatmamış oğlu da siyasi təqiblərin və qanunsuz həbsin qurbanlarıdır:

«Bizim siyahıda 60-dan çox siyasi məhbusun adı var. Onların işi qeyri-hökumət təşkilatları tərəfindən öyrənilib və siyasi məhbus statusu verilib. Biz bu insanların qeyd-şərtsiz azad olunmasını tələb edirik. Belə bir təklif də var ki, Avropa Şurasının himayəsi altında bu məsələləri öyrənən komissiya yaradılsın».

Nana Kakabadze
«Keçmiş siyasi məhbuslar insan haqları uğrunda» təşkilatının sədri Nana Kakabadze Gürcüstanda çoxlu sayda siyasi məhbus olduğunu təsdiqləyir. Onun fikrincə, Gürcüstan siyasi məhbusların sayına görə Cənubi Qafqazda birincidir:

«Bir vaxtlar vardı Azərbaycan siyasi məhbusların sayına görə irəlidə idi. Avropa Şurası prosesə müdaxilə etdi və siyasi məhbusların 90 faizi azad edildi. Bizdə həmin vaxt bu proses heç başlamamışdı. 70-80 nəfərlik siyasi məhbus siyahıları var. Siyasi əqidəsinə görə təqib olunanların sayı daha çoxdur. Hətta Sovet dövründə Gürcüstanda bu qədər siyasi məhbus olmamışdı».

İnsan Haqları Mərkəzinin vəkili, Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin koordinatoru Anna Naçvlişvili hesab edir ki, cəzasının bitməsinə 1-2 ay qalmış məhbusun azadlığa çıxması problemi həll etmir. Onun fikrincə, Gürcüstanın ən böyük problemlərindən biri müstəqil məhkəmələrin olmamasıdır.

Hökumət isə Gürcüstanda siyasi məhbusların olmadığına əmindir. Hər halda, ötən ilin noyabrında xarici jurnalistlərin suallarına cavab verən Xarici İşlər nazirinin müavini Qiqa Bokeriya belə deyib:

«Mən əminəm ki, siyasi məhbus deyilən məsələ Gürcüstanda ciddi şəkildə nəzərdən keçirilməyəcək. Çünki Gürcüstanda bu cür məhbus yoxdur».

Eka Tkeşelaşvili
Oxşar cavabı Gürcüstanın Milli Təhlükəsizlik Şurasının sədri Eka Tkeşelaşvili verib. O da hesab edir ki, siyasi məhbus məsələsi şişirdilib:

«Məncə Gürcüstanda siyasi məhbus məsələsi siyasi cəhətdən şişirdilmiş mövzudur. Mən buna qəti şəkildə əminəm və Ali Məhkəmədə işləyən zaman hansı məsələlərə siyasi vurğu qoyulduğunu xatırlayıram. Ona görə bu məsələni müzakirə etməyə hazırıq. Ancaq müzakirə etmək siyasi məhbus problemini təsdiqləməyimiz anlamını vermir».

«Siyasi məhbus» sözünü izah etməyə ehtiyac duyulur. Avropa Şurası 2001-ci ildə hansı məhbuslara «siyasi məhbus» deyilə biləcəyini dəqiqləşdirib.

Avropa Şurası hesab edir ki,

- İnsan Haqları üzrə Konvensiya və ya istənilən əlavə aktlar pozulubsa;

- şəxs yalnız siyasi səbəblərə görə həbs olunubsa;

- həbs siyasi motivlidirsə, saxlanma şəraiti və həbs müddəti qanun pozuntusu ilə uyğunsuzdursa

onda həbs olunan şəxs siyasi məhbus hesab edilə bilər.
XS
SM
MD
LG