Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:30

Hacı Nərimanoğlu "MƏNİ ANAMIN YANINA APARIN HAAAAAAAAA........"


Hacı Nərimanoğlu

"MƏNİ ANAMIN YANINA APARIN HAAAAAAAAA........"

- Ə, məni hara aparırsız?!

Dizi əsdi, əli titrədi, az qalmışdı çiyni cənazədən üzülsün, ayağın irəli ata bilmirdi, elə bil yaxasından yapışıb qabağın kəsmişdi: - sənə demədim məni anamın yanına apar...

Yanınca addımlayan qaynına işarə elədi ki məni əvəz elə, özü qırağa çəkildi, dərindən nəfəs aldı, qorxusundan əsirdi. Xaloğlusu ona yaxınlaşdı - sənə nolub, gəl, camaat getdi, özündən xəbərin var? - Eşitdin səsin... - Yox, nə səs? - heeeç...

Qəbristana girdilər, molla dua verdi.

Qorxusundan cənazəyə tərəf baxa bilmirdi, meyidi qəbirə sallayanda səs onu yenə silkələdi: - ə bəs sənə nə demişdim, niyə məni...dözə bilmədi, qəbristandan çıxdı, üç dəfə «bismillah» dedi.

Torpağa tapşırıb geri qayıdırdılar, yanından çəkilməyən xaloğlusuna tərəf çöndü, indi-indi özünə gəlirdi: - ama heç getmək istəmirdi, zorla sürüyə-sürüyə apardıq, gərək elə dediyi kimi eliyəydik, aparaydıq anasının yanına.- Uşaqları qoymadı da, əsas da qızları, görmədin nə oyun çıxartdılar ki neçə ildi birin orda basdırmışıq, bir dəfə gedib heç başdaşına əl çəkə bilmirik, bunun 7-si, 40-ı, qara bayramı var, heç yavan çörəyə pul tapmırıq, bir azdan arvadı deyəjəhy məni də aparın ora, bunun deməyinnən dəyil ha, çətini ölüncəndi, torpaq torpaqdı dayna...

- Onları da qınamalı deyil, çətin işdi vallah.

...Qubadlıdan qaçqın düşəndən orda-burda qaldılar, sonra Yevlağın Aran qəsəbəsindəki çadırlarda olurdular, uşaqların hamısı bir-bir aradan çıxıb Bakı, Sumqayıta getmişdi, heç birin qınamalı deyil, bura yaşanılası yer deyildi, düzün ortasında çöl-biyaban, bir inni-cinni yox, hər rayondan 15-20 ailənin adı var idi, yardım günləri gəlib xaricilərdən karobkaların alıb gedirdilər, daimi yaşayanlar ancaq yaşlı adamlar idi, onların da gedəsi yeri, burdan aparası adamları yoxuydu.

Ər-arvad onları da burda saxlayan anasının qəbriydi, burda rəhmətə getmişdi, yaxınlıqdakı kənd qəbiristanlığında dəfn eləmişdilər.

- Yadına düşür Elgizin toyu, iki çadırın arasın açıb mağar eləmişdilər, yeyib içib keflənmişdi, sən çadıra girən kimi dili açıldı: - əmoğlu, görürsən də «Sovet Azərbaycanı» sovxozunun direktoru Vaqif Abdullayev oğluna harda, kimlərnən toy eliyir...

Ay onda da yaxşı ağlaşdıq ha, elə bil hamı dolmuş bulud idi, bir şimşəyə bənd imiş, neçə rayonun cavanı-ağsaqqalı bir-birinə qarışıb nətər ağlaşdılar...o vaxtı yadındadı hələ kənddə olanda Rövşənin toyunda raykom, icrakomun işçiləri, 7-8-i nətər vurmuşdularsa, leş qalmışdılar məhlədə, toy savılıb qurtarıb indi çıxıb gedə bilmirlər, uşaqlara təpindi ki, ə qaldırın atın bunnarı UAZ-a, heyləcə yığıb göndərdik...

Bir adamı qoymamışdı son günə qədər kənddən çıxa, ya bir şey çıxarda, özü də hamı kimi, hər söhbət düşəndə ki niyə köçüb getmirsən şəhərə, deyirdi ki, camaatın yanında gözükölgəliyəm, o dünyada da sallaşacaxlar yaxamdan, qoymadım bir adam heç olmasa yorğan-döşəyin çıxarda, dinənə deyirdi ə erməni nə kəradi gəlib bizdən torpaq ala, bir də əsas buna görə heç şəhərə gəlib camaatın üzünə çıxa bilmirdi, günahkar bilirdi özün...

Sağalmaz xəstəliyə tutulduğun gec bilmişdilər, özünə demədilər.

Güclə apardılar Bakıya, - həkimə göstərib qaytaracağıq, Mərdəkanda oğlu keçmiş pioner düşərgəsində iki otaq tutmuşdu, orda qalırdı.

Bura birinci dəfə girəndə ürəyi dözməmişdi, - dağıl səni dünya, gör Vaqifin balaları harda qalır e...bay sənin əvrahın uçulsun erməni, o vaxtı kənddə ev tikdirəndə elə mən Zeyvəli usta Tacata dedikcə: - aya, a dığa, yaxşı iş gör ha, bax...!

Qayıdırdı ki - ara, a Vaqıp kirbə, arxayın ol eli, vallah elə bil özümə tikirəm,..bu günü görüb deyirmiş e....

...Atası müharibədən qayıtmamışdı, bir anasıydı, bir də özü, oxudu, diplom aldı, fərasətiynən, ağlıynan kolxoz sədri, sovxoz direktoru oldu ta qaçqın çıxanacan.

Mərdəkana gələndən çox dirəndi ki qayıdıram çadıra, dura bilmirəm burda, hər dəfə bir bəhanəynən yayındırmışdılar, ama ağlına dammışdı, ağrıları qalxanda hər dəfə deyirdi: - birdən ölüb eliyərəm, məni buralarda basdırarsınız haaa, anam tək qalar orda, sonra əlim yaxanızda qalar, qurtara bilməzsiniz əlimdən.

Uşaqlar zarafata salıb söhbəti hansı səmtə yönəltmək istəsələr də, dediyin demişdi, son günlər hiss eləmişdi ki, daha bu yoldan geri qayıdış yoxdu, az qala yalvarmışdı: - ə, demirəm ha məni Qubadlıya aparın…, burdan buradı, məhlim sizin 3-4-nüzün qeyrəti olmayacaq məni bürüb-büküb vurub qoltuğunuza aparasınız o arvadın yanına, yol pulunuzu da ayırıb qoymuşam o şkafa, bax məni aldatmayasınız haaaa...dilə-felə basıb axır ki arxayın salmışdılar...

- Torpaq yaman güclü şeydi, görürdün elə yatıb yuxudan duran kimi gözün açıb çölə baxırdı, özünə gəlib «kənddə-evimizdəydim», ya da «anam məni çağırır yanına» deyib qəhərlənirdi. Amma heç düz iş olmadı, gərək aparaydıq anasının yanına, yetim oğlan idi, vətənə həsrət qalmışdı, gərək anasına həsrət qoymayaydıq, elə son nəfəsinə kimi - «anamın yanına»- dedi. Allah özü günahımızdan keçsin, onun da günahı biz dirilərin boynunda qaldı.

- Əsas da mənim boynumda, nəfəsi ağzından çıxana qədər diliynən, gözləriynən deyirdi: -ümidim sənədi, anamın yanına haaaaaaaa......

HEKAYƏYƏ BURDA SƏS VER
XS
SM
MD
LG