Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

Günel Eminli "Mənə Piaf deyin"


Yarıqaranlıq mehmanxana otağında yatağının üzərində üzü üstə uzanıb siqaret çəkirdi. Külünü birbaşa döşəməyə tökməyinin fərqində olmasa da, dumanını havada yellətməkdən xüsusi zövq alırdı.

Döşəmənin üzərində qadın və kişi alt paltarları, salfet parçaları, bir də iri əsginaslarla frank tökülmüşdü.

Marsellə dalaşdığı səhnə beləcə onu yavaş-yavaş tərk edirdi. Özünü sakitləşdirir, inandırmağa çalışırdı ki, bu sonuncu görüşü ola bilməzdi.

Çünki Marsel nəinki onun ruhunu, həm səsini, həm də yataqda sevişməyini sevirdi. Nə olsun ki, bu günkü çıxışını Marsel dinləməyəcəkdi.

Əvəzində istəklisinin acığına ürəyi istəyən kimi daha gözəl çıxış edəcəkdi. Kabaredə çıxışına az qaldığından fikir dumanından ayrılıb geyinməyə başladı.

Səhnədən öncəki həyəcan yenə özünü göstərdi. Xəstəxanadan çıxandan bəri özünə gələ bilmirdi.

Vurulan morfilərdən əsl narkomana çevrilmişdi. Zəifləmiş vücudu, daim əsən əlləri, tərləyən boynu onda çıxış qabağı əsəbilik yaradırdı. Birtəhər özünü ələ alıb səhnəyə gəldi.

Gözlərini yumdu və oxumağa başladı. Ruhu bu balaca, nazik qaşlı qara mələyi tərk edib kabaredəki insanların başları üzərində fırlandı. Kimisə axtarırdı… Nəhayət, gəlib Editin çiyinlərinə qondu.

Gözlərini açıb qaranlıqda, dəyirmi masadakı qədəhin arxasında gizlənən gözü yaşlı Marseli gördü. Deməli, o getməyib, balaca sərçəsini dinləmək üçün burdadır. Bundan cuşa gəlib:

- Non je ne regrette rien…\Mən heç nəyə təəssüf etmirəm. – oxudu.

Əslində o, çox şeyə təəssüflənirdi. Küçələrdə pul diləndirən atasından, onu hamilə edib analıq hissini azacıq da olsa yaşadan ərindən… Bütün bunların fonunda Marsel onun üçün əsl məhəbbət Allahı idi.

Hər ikisinə nifrət edir, onlar haqqında belə düşünməkdən çirginirdi. Əri körpə Sessilisinin ölümünə səbəb olmuşdu. Balası dünyasını onun soyuqda diləndiyindən vaxtından əvvəl qırışmış əllərinin içində dəyişdi.

Qızını dəfn etməyə belə imkanı olmadı.

“Balaca mələyim, sənə görə 20 frank üçün fahişəlik etmək istədim. Onun mənə yazığı gəldi. Məndən kam ala bilməyən ilk və son müştərim sənin ruhuna hörmət edib dəfninə təmənnasız pul verdi.

Tanrı ona yar olsun! Allah hərdən bizim kimi günahkarların dualarını eşidir. Nənəm, fahişə xalalarımın kor olmuş gözlərimə görə Müqəddəs Tereza üçün şam yandırıb dua oxuyan günü təsəvvür edirsən?

Yaradan qadınları eşitdi və avqustun ikisində – onların Tanrıya vaxt qoyduqları gündə gözlərim bu murdar dünyaya acgözlüklə baxdı.

Luiza nənəm bu əhvalatı tez-tez danışmağı xoşlayardı. Kaş ki, gözlərim açılmayaydı. Amma yox! Az da olsa səni görmək üçün dünyaya yenidən baxmağa dəyərdi”- qızına söylədiyi bu həftəlik söhbətindən sonra ayaqlarının donduğunu hiss etdi. Sonuncu dəfə körpəsinin məzarına əyilib balaca xaçdan öpdü. Tələsmədən avtomobilə yaxınlaşdı.

Marseli hava limanına yola salmalı idi. Heç getmək istəmirdi. Çünki vidalaşmağı yox, qarşılamağı sevirdi. Marsel ona ürək-dirək verdi:

- Özünü ələ al, tezliklə görüşəcəyik – deyib bağrına basdı. Qara paltarlı, cılız qadın böyük bədənin ağuşunda görünməz oldu, - Sənin səhnən var, mənsiz darıxmağa bir an belə vaxt tapmayacaqsan!

Edit gözü yaşlı :
- Əzizim, mən oxuyanda onlar ağuşlarına alırlar, sonra arxalarına baxmadan oranı tərk edirlər.

Yanımda sürəkli alqışların səsi və qaranlıq səhnə qalır. Əsl dəhşət bundan sonra başlayır. Marsel, tez qayıt, bilirsən ki, səndən başqa heç kimim yoxdur. “Mon dien” mahnısı sənə həsr olunub, qayıtmayınca onu oxumayacam.

Ancaq oxudu. Marselin təyyarədə qəzaya uğradığını eşidən gün. Sevligilisinə zəng edib onu Parisə çağırmışdı.

Demişdi ki, səhnəyə onsuz çıxmayacaq. Tələsik ilk reyslə təyyarəyə minib Piafın yanına gələndə qəzaya uğradı. Sonuncu dəfə bu mahnını Marsel üçün oxudu… Marselin yanına gedəcəkmiş kimi qollarını yanına çırpa-çırpa sanki uçurdu. O, bu görkəmdə bədbəxt, ancaq məğlubedilməz idi.

Xəstəxanalarda üzücü müalicələr, stressdən vaxtından əvvəl ağarmış saçlar, zəif vücud, ən əsası yırtıcı hisslər və yetim qalmış Piafın məhəbbəti.

Bir dəfə əllərini ovcuna almış rəfiqəsi Marlen Ditrixə etiraf etdi: “Deyəsən, hamıya bədbəxtlik gətirirəm. Əvvəlcə məni küçələrdən tapıb müğənni etmiş Lamberi güllələdilər, sonra qızım Sessil, indi də Marsel. Offf… bir gecədə məhəbbətdən beş yüz dəfə ölürəm. Marsel üçün beş yüz birinci dəfə sonuncu kərə öldüm.

Bir də sevməyəcəm. Amma sevməkdən başqa özümə ölüm bəhanəsi tapmayanda həqiqətən öləcəm.” Marlen isə sadəcə, onun əllərini sığallayıb cavabını təbəssümü ilə “dedi”.

Çünki Piaf yenidən eşq macəraları ilə qəzetlərin birinci səhifələrini doldururdu. Az keçməmiş ikinci məhəbbəti 26 yaşlı Teo Saraponun qismində qayıtdı. O, Editdən 20 yaş kiçik idi.

Teonu ciddi qəbul etməsə də gənc oğlan əsl məhəbbət aşıqı idi.

Bir gün soyuq payız gecəsi kabareni həmişəki kimi tərk edəndə qaranlıq dalanda gecə fanarının altında dayanan bir siluet onun diqqətini cəlb etdi. Paltosuna möhkəm bürünüb siluetə yaxınlaşdı:

- Siz məni gözləyirsiz?

- Bəli.

- Bəs niyə içəriyə keçməmisiz?

- Bura yaxşıdır… Sizi sevmək onsuz da əziyyətdir, bu soyuq mənə hədiyyə kimidir…

Sonradan Teonun inadlı sevgisindən sonra Edit ona:

- Axı Teo başa düş, məndən çox kiçiksən! – dedi.

- Əzizim, doğulduğum gündən səni sevirəm. Elə ona görədir ki, sevgim yaşından böyükdür, biz bir- birimiz üçün yaranmışıq.

Marsel ona əsl məhəbbətin, Teo isə sevilməyin nə olduğunu göstərdi. Edit Marselə “Mon dien” mahnısını, Teoya isə bütün mahnılarını həsr etdi. Gənc oğlan həyatının mənasına çevrilmişdi. Teonu özü ilə bərabər qocaldacaqdı.

Azğın xəyallarının kişisi Teoya “mənim balacam” deyə çağırsa da, özünü onun yanında uşaq kimi aparırdı. Sevgisinin yolunda heç nəyə heyfislənmir, ağlasığmaz pullar xərcləyirdi.

Qınaq atəşinə tutanlara isə “pula xəsislik edənlər hisslərinə də xəsisdir” – deyib, bütün pullarını hisslərinə sərf etdikcə tükənməyə başlayırdı. O, ağır xəstəliyə düçar oldu, həkimlər altı ay yaşayacağını deyib hamını ümidsiz qoydu.

Parisin hələ altı aydan sonra kiçik sərçəciyini dəfn edəcəyindən xəbəri yox idi. Baxmayaraq ki, Piaf onun ən sadiq sakinlərindən idi.

Hamı hər şeyi bilsə də, hər şeyi gizlədirdi. Piaf çarpayıda çapaladı, az sonra Teonun qucağında gözlərini açmamaq üçün möhkəmcə yumdu. Həkimlər aşiqi sakitləşdirə bilmirdilər.

- Yox… Əzizim, Piaf, dalınca gələcəm, addım-addım, günbəgün, yalvarıram məni gözlə!

O gün yetişdi, düz yeddi ildən sonra… Editin məhəbbət allahı bir sərxoş sürücünün qurbanı oldu. Teonu dostları çox əziyyətdən sonra Piafın yanında dəfn edə bildilər.

…Piafın ifasını sonralar kübar məclislərində dinləməyə başladılar. Zərif vücudun sahibəsi bunu görsə, belə deyərdi:

“Həmişə Parisin qaranlıq küçələrində soyuqdan boğazını yırta-yırta oxuyan sərçəcik olacağam. Mənə Piaf deyin!”.
XS
SM
MD
LG