Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:37

Tənha Cümhuriyyətçi…


Toğrul Cuvarlı və Kamran İsmayılov
Toğrul Cuvarlı və Kamran İsmayılov
1918-ci ildə müsəlman şərqində demokratiya yelləri əsdi. Və ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. «Millətlərə istiqlal!» kimi tanış şüarın ardından «İnsanlara hürriyyət» çağırışları daha gur eşidilməyə başladı. 23 aydan sonra demokratik cümhuriyyət yıxıldı... Ancaq millətlərə istiqlal, insanlara hürriyyət çağırışları kəsilmədi. Bu səslərdən biri demokratiya fədailərindən olan Xəlil bəy Xasməmmədlinin səsi idi.

AzadlıqRadiosunun «İz» proqramı 2008-ci ildən başlayaraq Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayevlə sıraladığı «Cümhuriyyət fədailəri» silsiləsini Müsavat hökumətinin Daxili işlər və Ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədli ilə davam etdirir...

Xəlil bəy Xasməmmədlinin ömür kitabını tarixçi alim Kamran İsmayılov, Xəlil bəyin qardaşı Nağı bəyin nəvəsi Toğrul Cuvarlı ilə birgə vərəqlədik:

BİZ BU DÖVRÜ DİLLƏNDİRMƏLİYİK!

- Xəlil bəy Xasməmmədli yetərincə öyrənilibmi? Cümhuriyyət fədailəri sırasında layiqli yerini tuta bilibmi? Toğrul bəy, yoxsa sizin ananız rəhmətlik Dilguşə xanım demişkən, Xəlil bəy həmişə yaddan çıxıb?

T.C. - Məncə, bu suala ən yaxşı cavabı tarixçilər verə bilər. Burda tarixçilərin günahını da görmürəm. Çünki Cümhuriyyət hökumətinin hər bir nümayəndəsi şəxsiyyət idi, həm də çox idilər onlar. Ona görə də, mənə elə gəlir ki, heç tarixçilərin əli çata bilmir bu mövzuya. Bu yaxınlarda Aydın Balayevin Cümhuriyyətlə bağlı kitabını oxudum. 30-cu illərdə Müsavatın içinə düşən çaxnaşma, N.Şeyxzamanlının, X.Xasməmmədovun təcrid olunması orda əks olunub. Mənə də çox maraqlı idi. Bu kitabda qismən cavab tapdım. Xasməmmədov və tərəfdarları Türkiyə tərəfə çəkirdilər, M.Ə.Rəsulzadə qərargahın Polşada olmasını istəyirdi.
Xəlil bəy Xasməmmədli
Mən bütün bunları başa düşürəm. Amma fikirləşirəm ki, bu məsələnin yəqin ki, dərin qatları da var idi. Bax o mənada, təbii ki, boşluqlar var. Çox maraqlıdır. İkisi də şəxsiyyət, ikisi də milli ideyanın fədaisi. Bəs bu fikir ayrılığı nədir? Aydın Balayevin kitabında o dövrü oxuyanda indiki dövrü xatırladım. Kimisə partiyalardan təcrid edirlər. Bilmirsən ki, bu təşkilati problemdir, yoxsa dərin bir ideoloji ayrılıq var? Bax, bu mənada boşluqdur. Rəhman Bədəlovun bir sözü var. Deyir: Biz bu dövrü dilləndirməliyik! Hələ ki, dilləndirə bilməmişik.

K.İ. - Toğrul bəy doğru qeyd elədi. Cümhuriyyəti yaradanlar böyük şəxsiyyətlər idi. Elə tarixdə də böyük iz qoyub gediblər. «Cümhuriyyət fədailəri» silsiləsinə daxil etdiyiniz o şəxsiyyətlərin içində Xəlil bəy mühüm yer tutur. Xəlil bəy çox geniş diapozona malik şəxsiyyət olub. Onun siyasi fəaliyyəti Cümhuriyyətdən çox əvvəl—Moskva Dövlət Universitetində oxuyan vaxtdan başlayıb. Müsəlman-Qafqaz Həmyerlilər Cəmiyyətindəki iştirakı, Yekaterindor dairə məhkəməsində, Gəncə məhkəməsindəki işi, xüsusən II və III Dövlət Dumasındakı fəaliyyətinə nəzər salsaq, onun çox böyük mübariz olduğunu görərik. Görün, Dumada hansı məsələləri qoyurdu Xəlil Bəy Xasməmmədov? Ana dilində təhsil, məhkəmə islahatları, rusların Azərbaycana köçürülmə siyasəti, torpaq məsələləri...

T.C. - Azərbaycanlıların orduda xidmət etməsi...

K.İ. - Bəli, bəli. Çarizm dövründə azərbaycanlıları orduya aparmırdılar. Orduya getmədikləri üçün də vergi verirdilər. Xəlil bəy də, Dövlət Dumasındakı çıxışında «Ya onları bir vətəndaş kimi orduya çağırın, ya da vergidən azad edin!» tələbini qoyurdu. Demək istədiyim odur ki, hələ çarizm dövründə Xəlil bəy özünü əsl fədai, millətsevər, vətənsevər siyasi xadim kimi göstərmişdi.

1900-CÜ İLİN BAŞLANĞICI BÖYÜK ÜMİDLƏR DÖVRÜ İDİ

- Bu səviyyəyə necə çatmışdı, necə təhsil almışdı qəhrəmanımız? İstəyirəm dinləyicilərimiz bunu da bilsin.

T.C. -
Xəlil bəy Xasməmmədli, Türkiyə
Mən hər şeyə konteksdə baxmağa çalışıram. XX əsrin əvvəli və iki mininci ilin başlanğıcını götürək. 1900-cü ilin başlanğıcı böyük ümidlər dövrü idi. Zərdabidə də bu ümidlər vardı, hətta Axundovda da vardı, cəmiyyətdə də vardı. Hamı bu fikirdəydi ki, bu başqa dövr olacaq. Maarifçilik, savadlanmaq ümidləri aşıb-daşırdı, rasional düşüncə artırdı. İmperiya daxilində muxtariyyət arzulayanlar vardı. Əsrin başlanğıcında Xəlil bəyin cəmi 25 yaşı vardı. Bu yaş gələcəyə böyük ümidlər bəslənilən bir dövrdür. Təsəvvür edin ki, bu ailədə 4 qardaş olub, üçü—Xəlil bəy, Ələsgər bəy, Ələkbər bəy hüquqçu olub.

K.İ. - Onların əmisi uşaqları da hüquqşünas olub—Adil xan, İsmayıl xan...

T.C. - Boşluqlardan danışdıq. Bax, Ələkbər bəylə təzə-təzə maraqlanmağa başlayıblar. Gəncədə ilk qurumlar - Qeyrət, Difai yarananda, bu üç qardaş həmişə öndə idi. Ələkbər bəy tutduğu mövqenin qurbanı oldu. O, Müsavat dövründə yaradılan komissiyanın (həmin vaxt törədilən qırğınla bağlı yaradılan Fövqəladə İstintaq Komissiyası - S.İ,) sədri olduğundan bir neçə il ona əl vurmadılar. Amma sonralar bolşeviklərin köhnə zabitləri güllələməsi başlayanda, Ələkbər bəyi də tutub güllələdilər... Ələkbər bəyin o komissiyanın işində böyük zəhməti olub. Azərbaycanı gəzib, erməni millətçilərin dağıtdığı, yandırdığı kəndləri görüb, yazıb, toplayıb. Amma hələ indi-indi ona maraq oyanıb. Solmaz Tohidi sağ olsun, onu araşdırır. Xəlil bəyin özü elə bil bizim ailənin möhürü idi, taleyin qoyduğu möhür. Nə dayım, nə anam onu görmüşdülər. Amma dayımı 15 yaşında ona görə evdən qovdular, ailə didərgin oldu...

- Toğrul bəyin dayısının başına nələr gəldi?

- 1915-ci ildə Gəncədəki malikanələrinə yığışan Xasməmmədov qardaşları niyə şadyanalıq edirdilər?

- Toğrul Cuvarlı Cümhuriyyət hökumətini zəiflikdə, hakimiyyəti saxlaya bilməməkdə suçlayanlara nə cavab verdi?

-Cümhuriyyətin bizə qoyduğu ən vacib mirasın adına nə dedi?
- Kamran İsmayılov tarixi dövrü necə qiymətləndirdi?

- Cümhuriyyətin boğuluşunu Türkiyədə - səfir göndərildiyi ölkədə qarşılayan Xəlil bəy nə etdi, necə yaşadı?

- Toğrul bəy Türkiyədə yaşayan, oxuyan azərbaycanlılara niyə üz tutdu?

- Xəlil bəyin məzarı haradadır?

«İz»i dinləyin
XS
SM
MD
LG