Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Müxalifətin hədəfi nədir?


Razi Nurullayev
Son vaxtlar müxalifət düşərgəsində kimin daha güclü olması ilə bağlı müzakirələr yenidən güclənib. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının «Facebook» sosial şəbəkəsində iyunun 12-də keçirdikləri son aksiyalarını «İlin ən yaxşı aksiyası» adlandırması eyni düşərgədən olan opponentləri özlərindən çıxarıb. «Azadlıq» qəzeti son sayında Arif Hacılının fikirlərini «Məzahir Pənahov sayağı şişirtmə» adlandırıb.

Bütün bu müzakirələr də istər-istəməz bir çoxlarında müxalifətin məqsədlərinə dair şübhələr oyatmağa başladıb. Bəziləri isə «Müxalifətin hədəfi nədir? Hakimiyyət, yoxsa gündəmdə qalmaq?» kimi suallara cavab axtarırlar. Maraqlıdır ki, belə suallara cavab axtarışında olan insanlara elə müxalif düşərgədə də rast gəlmək mümkündür.

BELƏ MÜZAKİRƏLƏR İNSANLARDA İKRAH HİSSİ DOĞURUR?

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev deyir ki, belə müzakirələr müxalifətin əsl hədəfi unudub özü-özü ilə didişdiyini göstərir:

- Artıq bu, bizi müdafiə etmək istəyən insanlarda ikrah hissi doğurur. Əgər biz qabağa düşüb xalqı öz arxamızca aparmaq istəyiriksə, başa düşməliyik ki, xalq bizim ardımızca getməyəcək. Nə qədər ki, biz özümüz-özümüzlə didişirik.

Razi Nurullayev düşünür ki, müxalifətin hədəfi ən uğurlu aksiya keçirmək yox, hakimiyyətə gəlmək olmalıdır. Bundan ötrü isə hakimiyyətdən fərqli və xalqın etimadını qazanan proqramlar əhali arasında yayılmalıdır.

Arif Hacılı
Razi Nurullayevin sözlərinə görə, yaxın günlərdə Xalq Cəbhəsi Partiyasının rəhbərliyi bir daha belə mənasız müzakirələrə qatılıb vaxt sərf etməməklə bağlı qərar verəcək. Onun fikrincə, belə müzakirələrə can atan partiyalar əslində özləri-özlərinə inanmırlar və bununla gündəmdə qalmağa çalışırlar:

HAKİMİYYƏTİN CIZDIĞI SSENARİ?

- Bu məsələdə çirkin oyunlar da ola bilər. Hakimiyyətlə razılaşdırılmış qaydada ictimaiyyəti çaşdırmaq. Bununla da insanların toparlanıb müxalifət ətrafında birləşməsinə mane olmaq istəyi güdürlər…

Qarşı tərəfdə isə belə müzakirələrə görə elə Azərbaycan Xalq Cəbhəsi Partiyasının özü günahlandırılır. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, bəzən onlar məcburiyyət üzündən belə müzakirələrə qatılası olurlar:

- Siz bu məsələni dərindən araşdırsanız görərsiniz ki, Müsavat Partiyasının üzvləri bir qayda olaraq onlara qarşı irəli sürülən ittihamlara cavab vermək məcburiyyətində qalırlar. Mən çalışacam ki, bundan sonra bizə qarşı bu tip məsələlərdə hansı ittiham irəli sürülür-sürülsün, biz onu cavabsız qoyaq.

ƏSL SİYASİ MÜBARİZƏ OLMAYANDA…

Məmməd Süleymanov
«Bizim yol» qəzetinin yazarı Məmməd Süleymanov isə düşünür ki, 17 il əvvəl fəaliyyətini donduran indiki müxalifət hələ də fərqində deyil ki, əsl siyasi mübarizə aparmır. Məmməd Süleymanov düşünür ki, onsuz da 30-40 adamın iştirakı ilə keçirilən icazəsiz piketlərlə ölkədə vəziyyəti dəyişmək mümkün deyil. Müxalifət də hakimiyyətə qarşı apara bilmədiyi mübarizəni, mübarizəsiz qalmasın deyə özünə qarşı aparır.

Məmməd Süleymanovun fikrincə, müxalifət bu 17 ildə yalnız hakimiyyətin cızdığı dairədə fəaliyyət göstərib. Onlara böyük dairə verilib böyük dairədə, kiçik dairə verilib kiçik dairədə hərəkət ediblər. Məmməd Süleymanov düşünür ki, artıq müxalifətə kiçik dairələr belə verilmir:

ƏVVƏL ÖZÜNÜ DƏYİŞ, SONRA HAKİMİYYƏTİ…

- Sistemə qarşı sistem kimi dayanmalısan. Yəni, sənin məqsədin bu sistemi bir qədər əhlilləşdirib özünə dükan və ya bir neçə mandat qazanmaq olmamalıdır. Əgər müxalifət əsl müxalifət olmaq istəyirsə, hakimiyyətlə heç bir ortaq nöqtədə dayanmamalıdır.

Məmməd Süleymanov düşünür ki, Azərbaycanda hakimiyyəti dəyişməyin yolu, ilk növbədə özünü dəyişməkdən keçir.
XS
SM
MD
LG