Eldar Namazov
Ziyalılar iyulun 2-də həbsdə olan jurnalist Eynulla Fətullayev və bloggerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması üçün müraciət ünvanlayacaqlar. Bunu politoloq Eldar Namazov «İşdən sonra» proqramında deyib. O deyib ki, «Ziyalı və zaman» mövzusunda keçirilən forum barədə artıq press-reliz hazırlanıb. Və mətbuatda dərc olunacaq həmin press-relizdə bu maddələr də özünə xüsusi yer tapıb.
ZİYALI SUSANDA NƏ BAŞ VERİR?
Kinorejissor Rüstəm İbrahimbəyov deyib ki, ziyalıların ictimai həyata qarışmamasına səbəb onlara sovet ittifaqı tərəfindən vaxtilə edilən təzyiqlərdir. Onun fikrincə, ziyalı nə qədər fəal olsa ölkəyə xeyir gətirə bilər. Ziyalı susanda isə, məmurlar öz vəzifəsindən istifadə etməyə başlayır. Kinorejissor Azərbaycanda məmur özbaşınalığından şikayətlənib. Deyib ki, kağızda bir şey deyirik, əməldə başqa şey.
«Mənə elə gəlir ki, bunlardan xilas olmaq üçün ziyalılar daha fəal olmalıdırlar».
Eldar İsmayılov
Tarixçi-alim Eldar İsmayılov deyib ki, elita deyəndə Azərbaycanda müəyyənləşdirmək mümkündür ki, kimdən söhbət gedir. O deyib ki, ziyalı cəmiyyətdə gedən proseslərə tənqidi gözlə baxmalıdır.TƏNQİDİLİK YOXDURSA, ZİYALILIQ DA YOXDUR
«Bu tənqidi münasibət yoxdursa, deməli ziyalılıq da yoxdur. Azərbaycanda tənqidin bazası kifayət qədərdir».
Filosof Əbülhəsən Abbasov isə deyib ki, ziyalı ilk növbədə bu cəmiyyət, bu dövlət üçün intellektual potensialı hazırlamalıdır.
«Cəmiyyətin sifarişlərini həyata keçirmək üçün potensial kifayət etmir. Ziyalı öz üzərinə düşən yükü daşımalıdır».
Akademik Rafiq Əliyev deyib ki, ziyalı öz vicdanının səsindən və fikrindən başqa qalan hər şeydən azad olmalıdır.
Rafiq Əliyev
«İctimaiyyəti xilas etmək üçün bir zümrə lazımdır. Ancaq həmin qat ensizləşib».VİCDANI OLAN ZİYALI JURNALİSTİN HƏBSƏ ATILMASINI QƏBUL EDƏ BİLMƏZ
Rafiq Əliyev ötən günki ziyalıların yığıncağını 20-ci əsrin əvvəlindəki ziyalı klublarına bənzədib.
«Hər kəs cəmiyyətin gələcəyini düşünməlidir. Burda heç bir siyasi, iqtisadi və digər iddia yoxdur. Burda iddiası olmayan adamlar yığılıb. Bu zümrə ictimai məna yükü daşımalıdır. Xalqın ağrısını başa düşməılidir. Burda müstəqil fikirli fərdlər birləşməlidir. Çətin vəziyyətdə ictimai fikrə təsir edə bilək».
Rafiq Əliyev deyib ki, vicdanı olan ziyalı jurnalistlərin həbsə atılmasını, insan haqqlarının pozulmasını qəbul edə bilməz. Akdemik deyib ki, Azərbaycanda ümumi aura çox aşağıdır.
Ziyalılar belə forumların və dinləmələrin bundan sonra tez-tez keçiriləcəyini və ictimaiyyətin problemlərini müzakirə edəcəklərini bildiriblər.
/Hazırladı Kamran Mahmudov/