Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:38

Oxucuya hörmət etməyən qəzet haqqında...



1938-ci ildə «Kommunist» qəzetində «Mətbuat obzoru» adlı rubrika olub. Həmin rubrikada 1938-ci il 20 aprel tarixində yerləşdirilən məqalədə Vərgəduz (Yardımlı) rayonunda çıxan «Yeni kənd» qəzeti tənqid edilib.

«Sovet mətbuatının hər bir işçisinin vəzifəsi öz oxucusuna hörmət etmək, onun tələb etdiyi şəkildə qəzet yaratmaq və onun artan siyasi, qultur tələblərini layiqincə ödəməkdən ibarətdir.

Sovet mətbuatı oxucusu çiçəkli sovet vətənimizin siyasi, təsərrüfat, qultura və yaşayış məsələlərini düzgün, bolşevikcəsinə işıxlandırmağı, xarici ölkələrdəki xəbər və hadisələr haqqında vaxtında müntəzəm sürətdə məlumat verməyi qəzet işçilərindən tələb edir». Lakin bir sıra qəzetlərimiz kimi Vərgəduz rayonunda çıxan «Yeni kənd» qəzeti də oxucusunun bu haqlı tələblərinə cavab verə bilmir.

«Yeni kənd» qəzetinin 1938-ci ildə çıxan nömrələri nəzərdən keçirilərkən məlum oldu ki, bu qəzet rayonun siyasi, təsərrüfat, qultura, yaşayış məsələlərini düzgün işıxlandırmır. Oxucusuna hörmət etməyən və bolşevik mətbu sözünün müstəsna rolunu başa düşməyən «Yeni kənd» qəzetinin redaktoru Məmmədzadə qəzet səhifələrini ağzına gələn sözlərlə doldurmağa adət etmişdir. O, oxucusu qarşısında heç bir məsuliyyət hiss etmədən qəzetdə kobud siyasi və texniki səhvlərə yol verir. O, dərc edilən materialların keyfiyyətinə əsla əhəmiyyət vermir. Bu qəzetin 14 (69) nömrəsində «Partiya boy artımı» sərlövhəsi ilə yazılmış «məqalə» belə başlanır:

«Vərgəduz rayon partiya Qomitetinin byurosunda 16 nəfər yenidən partiya sıralarına bərpa edilmişdir.

PARTİYA HƏYATI KİMİ MÜHÜM MƏSƏLƏYƏ BAŞDANSOVMA YANAŞMA...

Qomsomol, bitərəf, qolxozçı, xidmətçilər dəxi partiya sırasına keçməyə ciddi tələsirlər. Beləliklə partiyanın boy sırası artdıqca siyasi dərnəklərin də sayı artır».

Partiya həyatı kimi mühüm məsələyə ayid verilən başdansovma və tamamilə aşağı keyfiyyətli informasiya kimə lazımdır?

«Yeni kənd» qəzetində partiya həyatı məsələlərinə həsr edilmiş materialların hamısı yuxarıda göstərilən üsulda verilir.

Qəzetin 1 May bayramına həsr edilmiş nömrəsində üzdən irax baş məqalə və Sovet Azərbaycanının 18-ci ildönümünə həsr edilmiş bir redaqsiya məqaləsi dərc edilmişdir. Bu məqalələrin hər ikisi siyasi səhvlərlə doludur. Qəzetin haman nömrəsində yazılmış baş məqalədə göstərilir ki, guya:

«Qapitalist ölkələri nəinki irəli gedir, hətta böhrandan sonra böyük yüksəlişə nisbətən daha geri gedir».

«QAPİTALİZM HƏMİŞƏ TƏNƏZZÜLƏ GEDİR...»

Biz bu cümlə ilə Y.K-nın nəyi izah etmək istədiyini anlamırıq. Qapitalizm özünün siyasi – təsərrüfat quruluşu xasiyyəti etibarilə həmişə tənəzzülə doğru gedir və çıxılmaz böhran içərisində uçuruma yuvarlanır.

Yenə haman məqalədə belə bir cümlə yazılmışdır:

«Bir az bundan əvvəl Qermaniya faşizmi Avstriya hökuməti üzərinə hücum edərək məcburu zor ilə almışdır».

Bundan aydın görünür ki, baş məqalə yazan adam siyasi cəhətcə tamamilə savadsızdır.

İndi qəzetlərimiz ətrafına toplanmış çoxlu fəhlə, qolxozçu, qulluqçu və sovet intelegensiyası öz xoşbəxt və şən həyatlarından, vətənimizin müvəffəqiyyətlərindən, sosializm quruluşunun böyük qələbələrindən yazırlar. Buna baxmayaraq «Yeni kənd» qəzeti işçiləri 28 Aprel revolyusiyasının ildönümü və 1 May bayramına həsr edilmiş nömrədə Vərgəduz rayonunun müvəffəqiyyəti haqqında heç nə yazmamışdır.

AQ (b) P Vərgəduz rayon partiya qomitetinin byurosu ən yaxın günlərdə rayon qəzetindəki nöqsanları aradan qaldırmalı, qəzeti biyabırçılı vəziyyətə salanlar haqqında ciddi tədbir görməli və qəzeti rayon partiya qomitetinin mübariz orqanına çevirməlidir.
XS
SM
MD
LG