Qarşımda oturub. Başını anasının çiyninə söykəyib, avtobusdakı əmiləri-xalaları seyr edir.
Ayaqda duranları, yerində batanları, sürücünün və yolun babat olmasından sui-istifadə edib yolüstü yatanları…
Mənsə onu seyr edirəm. Ancaq onu!
Zilləmişəm gözlərimi ona. Sanki, çoxdan aradığım-tapmadım bir sərvəti kəşf etmişəm – heç ağlıma gəlməyən bir məkanda.
İlahi, necə də suyuşirindir bu qız! Gözəl və səliqəli. Beş yaşı olar.
Çox yox. Mələk kimidir. Qırmızı və toppuş yanaqlarının yaraşıq qatdığı bənizindən nur yağır. Badamı, işıl-işıl parıldayan qəhvəyi gözləri var.
Qıvrım, kürən saçları alnına tökülüblər. Tez-tez mane olurlar ona.
Maraqlı seyrinə imkan vermirlər qızın. O isə, əsəbləşir, “uff!” deyərək totuq əlləri ilə saçlarını gözlərindən kənar edir…
Üzünün ifadəsi və tez-tez yerində qurcalanmağından, şıltaq olduğu da hiss olunur. Amma, sükut içindədir.
Bir çox şıltaq uşaq kimi anasını söhbətə tutaraq başqalarına da baş ağrı vermir.
Deyəsən, “məclis” tutub onu, bu səbəbdən, sakitcə müşahidəyə çəkilib. Elə bil, az-az minir avtobusa.
Budur, mənə baxır. Ay Allah! Necə də xoş təbəssümü var onun!
Kaş ki, mənim də belə qızım olaydı. Totuq-motuq, şirin-şıltaq bir balam!
Amma, çox ehtimal ki, hazırkı durumumla, mən belə övlad saxlaya bilmərəm.
Çox gözəl və bahalı paltarı var. Qızıl sırğaları, qızıl boyunbağısı, qızıl qolbağı…
Əsl kübar bir xanım kimi bəzənib-düzənibdir. Yanında oturmuş, qır-qızıl və ənnik-kirşan içində boğulan anasının, daha doğrusu, imkanlı atasının səyidir. Amma, atası yoxdur onlarla. Anası və özü…
…Yəqin ki, qəsəbənin o başındakı yeni salınan məhəllələrdən birində yaşayırlar.
Və yəqin ki, gedəcəkləri yer də çox uzaq deyil. Elə buna görə də, şəxsi avtomobil və ya taksi ilə deyil, avtobusla gedirlər.
Əminəm ki, belə varlı ailənin mütləq bir maşınsürən başçısı olmalıdır. Uşağın simasından da sezilir, ictimai nəqliyyata çox öyrəşdirməyiblər.
Qəribədir! Mən gözlərimi bu balaca qıza zillədiyim zaman, sağımda-solumda oturan oğlanlar onun anasını “yeyirlər” baxışlarla. Amma, mən heç süzmürəm onu. Mənə maraqlı deyil. Bir-iki dəfə baxdım, elə bəsimdir.
Daha istəmirəm! Çünki, bu qadından zəhləm gedir.
Amma, yox! Bir də baxıram ona. Diqqətlə, yuxarıdan aşağı…
O da baxır mənə. Toqquşur nəzərlərimiz… Və mən onun gözlərində axtarıb tapmaq istəyirəm – məni çoxdan narahat edən bir sualın cavabını:
Görəsən, o məni niyə atdı?
Və ikinci bir sual da doğulur:
Üstündəki qızıllara görəmi, ya yanındakı qızıl kimi qıza görə?
Eh! Hər halda, mən ona indi olanlarının çoxunu verə bilməyəcəkdim.
Bəlkə də, heç birini! Yəqin, ona görə…
… Sürücü maşını bir küçənin ağzında saxladı. Ana-bala düşdülər.
Və uzaqlaşdılar. Avtobus da yoluna davam edir.
Bir azdan, qəsəbədən çıxaraq, paytaxt yolunun yolçusu olacağıq.
İtəcəyik fərqli duyğuları olan fərqli insanlarla dolu fərqli maşınlar arasında – Bakıya girəcəyik. Bu şəhərdə hər şey fərqli olsa da, çox şey də eyni görünür – bu gündən dünənə müqayisədə…
… Artıq, hərənin başı bir şeyə qarışıb ətrafımda.
Kimi söhbət edir, kimi avtobusun böyründən şütüyən xarici maşınları və onların içində bəxtəvər adamları seyr edir, kimi telefonunu nümayişkəranə şəkildə tez-tez cibinə salıb-çıxardır və sözlü baxışları ilə aralıda oturan tələbə qızlara “blutuz”laşmaq istəyini bildirir…
Mən isə, əlimi cibimə atıb, barmaqlarımın arasında, qəpiklərimi sayıram. Və düşünürəm: “Heç olmasa, bu gün bir iş tapa biləcəyəmmi?”
Həmçinin oxu
Rüfət Əhmədzadə "Heykəlin təbəssümü" (Hekayə)