Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Əjdər Ol "Ölümlə zarafat" (Hekayə)


Biz Praqa hava limanından Bakıya uçan Çex hava yollarına məxsus təyyarəyə minəndə artıq Əmirin tini taraz idi.

O, stüardessalara kompliment deyə-deyə yerini axtarırdı. Stüardessalardan biri qabağa düşüb bələdçilik edərək onu yerində oturtdu.

Özünün dediyi kimi Parisdən Praqaya uçanda Bakıdan götürdüyü sonuncu arağı təyyarədə vurmağa başlamış, Praqa aeroportunun kafesində isə arağı çaxıra, konyakı viskiyə qarışdırmışdı.

Əmir təyyarədə məndən qabaqda, Rüstəmlə yanaşı oturmuşdu və ona Nobel qardaşları haqda yazdığı və ingilis dilində çap olunmuş sənədli romanından danışırdı.

Hətta deyirdi ki, əsərini Nobel mükafatına təqdim edib və komissiyada birinci turdan keçib.

Ancaq Nobel mükafatını adama asanlıqla vermirlər. Proses bəzən iyirmi il çəkir.

Əvvəlcədən heç nə demək olmaz. Nobel mükafatı komitəsi sürpriz etməyi xoşlayır. Onun danışdıqlarını ətrafdakılar aydın eşidirdi.

O, XIX əsrin sonu, XX əsrin əvvələrində Bakı neftinin hesabına milyonlara yiyələnmiş norveçli Nobel qardaşları barədə kinossenarisinə film çəkmək üçün sponsor axtardığını bildirirdi.

– Rüstəm, – Əmir deyirdi – Avropa oxucusuna yol tapmaq üçün onu maraqlandıran mövzuda yazmaq lazımdır.

Mən Nobel qardaşlarından yazmasaydım və yəhudi mühitinə çıxmasaydım (Nobellər yəhudi kökənlidir), kim idi mənim romanımı ingiliscəyə çevirib kitab buraxdıran? Hansı xarici nəşriyyat mənim kitabımı çap etməyi boynuna götürərdi?

Heç biri! Bu romanım iki il qabaq Londonda on min tirajla çap olunub, satılır. O vaxtdan heç yerdə işləmirəm, bu kitabın hesabına yaşayıram.

Qardaşım, Rüstəm, sən nə qədər «Şaman duası» (Rüstəmin şerlər kitabının adı) yazsan, buralara (biz hələ Avropadaydıq) gəlib çıxmayacaqsan, samballı qonorar üzü görməyəcəksən.

Rüstəm Əmirin dediklərini cavabsız qoymadı:

– Əmir, mənimki «Şaman duası»dır. Qurd öz ölkəsində ac qalmaz!

Təyyarəmiz havaya qalxıb rahat uçmağa başladıqda stüardessalar sərnişinlərə axşam yeməyi gətirdilər. Əmir yeməyə girişməzdən əvvəl əl çantasını eşələyib bir şüşə viski çıxartdı.

O, viski şüşəsinin ağzını açıb stüardessaların bir azdan gətirəcəkləri çay və ya kofe üçün qoyduğu fincanı ağzına qədər doldurduqdan sonra yanında və ətrafında oturan bizlərə də viski təklif etdi.

Mən içmək istəmədiyimi bildirdim. Rüstəmin qan təzyiqinin olduğunu dörd gündü ki, yol yoldaşlarımızın hamısı bilirdi.

Dəstəmizdə olanlardan Qafar, Paşa, bir də Sabir müəllim fincanlarını Əmirə uzatdılar. Əmir onların hərəsinə azacıq içki süzdü. Özləri belə istədilər.

Sabir müəllimin yanında oturmuş müğənni İlhamə xanım stüardessaya şərab sifariş vermişdi. Digər səfər yoldaşımız biznesmen və xeyriyyəçi Akif qızı ilə üç sıra arxada əyləşmişdi, başları söhbətə bərk qarışmışdı, bizdən xəbərləri yox idi.

Bizdən olan o birilər Demokratik Azərbaycan Konqresinin Bakı təmsilçisi Xəzər, gənc siyasətçi Niyaməddin, Sabir müəllimin qardaşı oğlu Anar və başqaları lap arxa cərgələrdə səpələnmişdilər, əl çatan yerdə deyildilər.

Biz üç gün Parisdə vaxtilə Avropa İttifaqının fəaliyyətə başladığı binada dünyanın çox yerindən gəlmiş soydaşlarımızla və xarici qonaqlarla birgə 1946-cı ildə Güney Azərbaycanında baş verən Milli azadlıq hərəkatına həsr olunmuş simpozium keçirmişdik.

Simpoziumda iştirak edənlər az-çox tanınan adamlardı və hamımız iclaslarda çıxış edib ürəyimizi boşaltmışdıq.

Vətənpərvər şair Sabir müəllimin, istiqlal, azadlıq yolunda zindanlar, sürgünlər görmüş, dönməz, həyatda adi görünsə də, tribunaya çıxanda qızmış şirə dönən, danışanda ağzından od tökülən, hazırda İsveçdə mühacirətdə yaşayan Əjdər bəyin coşqun nitqlərinə qulaq asmışdıq.

Nə səbəbdənsə Fransadakı səfirimiz simpoziumun heç bir iclasına gəlməsə də, Gürcüstanın bu ölkədə səfiri olan xanım iclaslardan birinə təşrif buyurmuş və çıxış edərək Güney Azərbaycanın istiqlalı ideyasını bəyəndiyini bildirmiş və bizdən alqış qazanmışdı.

Vətəndaş duyğularımız təzələnmişdi.

Hətta İlhamə xanım çıxışından sonra vətən haqda həzin bir mahnı oxuyub salondakıları (Simpoziuma dəvət olunmuş Fransa senatının üzvü də bizə qoşulmuşdu.

Hərçənd ki, o, milli maraqlarımızla, xüsusilə ermənilərin işğal etdiyi Qarabağla bağlı bütün məsələlərə ilıq münasibət bildirəndə deyirdi: «Bu mənim şəxsi mövqeyimdir, Fransa senatının mövqeyi deyil.» Fransa senatı bizim barəmizdə nə fikirləşirdi, onu demirdi.) kövrəltmişdi.

Əmir viskini başına çəkəndən sonra üzünü İlhamə xanıma tutub dedi:

– İlhamə xanım, gərək bizimlə əllicə qram viski içəydiniz. Göyün yeddinci qatında viski vurmağın ləzzəti başqadır.

İlhamə xanım ona tərs-tərs baxıb cavab verdi:

– Əmir, sərxoşluğun heç, ayıqlığın da bir şey deyil.

Gülüşdük. Elə bu anda təyyarəmizdən dəhşətli səs çıxdı. Bu səs ani oldu, təxminən üç-dörd, yaxud beş-altı saniyə.

Vahimə içində biri-birimizə baxdıq. Bir az sonra təyyarə yenə də əvvəlki sakit, adi səsilə uçurdu. Başqalarını bilmirəm, amma mənim içimdə bir nigarançılıq başladı. Çünki, bu vaxta qədər uçduğum təyyarələrin səsinin bayaqkı kimi dəyişdiyinin şahidi olmamışdım.

Uçuş heyətindən bir nəfər kişi əlində fənər salona daxil oldu.

Yəqin təyyarənin mühəndisi idi. Onun arxasınca stüardessa gəlirdi. Onlar iti addımlarla yeriyərək salonun ortasında, Əmirin oturduğu yerin yanında ayaqaltı örtüyü aralayıb lükü açdılar və fənərlə nəyisə gözdən keçirməyə başladılar.

Mühəndis hesab etdiyim kişi əyilib əlilə nələrisə yoxladı, deyəsən baş tapmayıb dikəldi və başını bulayıb lükün qapağını örtdü.

Sonra stüardessa ilə bərabər necə iti addımlarla gəlmişdilərsə, eləcə də salonu tərk etdilər.

Əmirin səsi gəldi:

– Deyəsən, işimiz fırıqdır. Bir vaxt təyyarədən Xəzər dənizinə kürü qutuları necə yağmışdısa, biz də indi təyyarədən eləcə yerə töküləcəyik.

(Bakıda doxsanıncı illərdə belə bir hadisə olub; qaçaqmalçılıq yolu ilə kürü aparan yük təyyarəsini təhlükəsizlik xidmətinin işçiləri yerə endirməyə məcbur edərkən təyyarədəkilər kürü qutuları yığılmış yeşikləri Xəzər dənizinə tökməklə xilas olmuşdular.

Bu barədə Bakıda xeyli söz-söhbət getmişdi)

İlhamə xanımın səsi titrədi:

– Əmir, nəhs gətirmə!

Əmirin zarafat etdiyini, yaxud ciddi danışdığını ayırd etmək olmurdu. Şəxsən mən onu sərxoş saydığım üçün nisbətən toxdaq idim.

Əmir bir az da hündürdən:

– Niyə nəhs gətirirəm, görmədiniz pilot (mənim mühəndis bildiyim) başını bulayıb getdi?! O, stüardessaya yavaşca «Radar itib» dedi.
Paşa onun qələtini tutmağa çalışdı:

– Əmir, sən çex dilini bilirsən? Onlar öz dillərində danışırdılar.

Əmir inadından əl çəkmədi:

– A qardaş, «radar» yəqin çex dilində də radardır də. Pilotun dilindən «Radar» sözünü eşitdim. Yəqin radar itib. Bəlkə də indi hara uçduğumuz məlum deyil.
Təyyarə bir qanadı üstə əyilib düzələndə Əmirdən başqa hamı qorxudan sarısını udub oturacağa qısıldı.

Bu vaxt salona bayaqkı iki nəfərlə yanaşı nisbətən yaşlı pilot da daxil olub Əmirin yanındakı lükə yaxınlaşdılar.

Mühəndis hesab etdiyim kişi yenə də lükün qapağını qaldırdı və əlindəki fənəri yandırıb içəri işıq tutdu. Yaşlı pilot əyilib diqqətlə xeyli içəri baxdı.

Hər üçünün həyəcanı aydın hiss olunurdu.

Onlar lükün qapağını örtüb tələm-tələsik gedəndə Əmir ayağa durub təzə versiya irəli sürdü:

– Deyəsən, təyyarənin motorunun biri dayanıb. Bir motorun ümidinə qalmışıq.

Əmir sərxoşluqdan ayılmamışdı, müvazinətini güclə saxlayırdı.

Salonda əvvəlcə çex, sonra ingilis dilində bildiriş səsləndi. Akifin səfər boyu bizə dilmanclıq edən dilli-dilavər qızı bildirişi ingiliscədən tərcümə etdi:
– Təyyarəmiz texniki nasazlığa görə və yol uzaq olduğu üçün risk etməyib Praqaya qayıdır.

Qırx dəqiqədən sonra Praqa hava limanına enəcəyik.

Görünür, bayaq təyyarəmizin qanadı əyiləndə geri dönürmüşük.

Əmir iblissayağı irişə-irişə üzünü Rüstəmə tutub dedi:

– Rüstəm, bir azdan sonra sənin şaman ruhun Allahın dərgahına qovuşacaq. İndi biz Allaha daha yaxınıq.

Arxadan Rüstəmin üzünün bir tərəfini görürdüm, rəngi tamam qaçmışdı.

Əmirə cavab verəcək halı yox idi. Artıq hamı həyəcanlanmışdı, bircə Akifin qızından başqa. O, şıltaqlıq edir, yerində donub qalmış atasına atmacalar atırdı.

Nə qədər onun sərbəstliyinə, şıltaqlığına qoşulmaq istəsəm də olmurdu, fikrim təyyarənin səsində idi. Bu səsin dəyişəcəyindən qorxurdum. Ürəyimdə özümü asıb-kəsirdim:

– «Axı, Bakıda səhərüzü aeroporta gələndə Allah sənə səfərinin uğursuz keçəcəyini əyan eləmişdi.

Axı, ay Allahın key bəndəsi, aeroportda xidməti avtomobilindən düşəndə görmədin ki, maşının dörd təkərinin dördü də buraxıb?

Düzdür, səbəbini bildim, sürücü avtomobili ikinci mərtəbənin giriş qapısına sürmək əvəzinə çaşıb birinci mərtəbənin qabağına sürmüşdü.

Sonra maşını geriyə verib yolu dəyişəndə asfaltdakı əks istiqaməti qadağan edən dişlər təkərləri deşmişdi.

Bəyəm bu təsadüf idi?

Məgər sənin iyirmi il sükan arxasında yal ağartmış sürücün yolunu su yoluna döndərdiyi aeroportun girintisini-çıxıntısını bilmirdi? İndi göyün üzündə nasaz təyyarənin içində ətəyindən yapışdığımız o gözəgörünməz kişi səni necə agah eləməliydi?

Cənabi-Cəbraili sənin hüzuruna göndərməliydimi?

Yoxsa, Xızır peyğəmbər qənşərində peyda olub əlindən tuta-tuta səni xarabana qaytarmalıydı? Avtomobilin yerə yatmış təkərlərini görəndə əvvəlcə ürəyinə xal düşmüşdü.

Bu nəhs əlamət həyatın boyu həmişə təhlükəqabağı sənə olan xəbərdarlıqlardan biri deyildimi? Qabaqlar da haçan belə xəbərdarlıqları qulaqardına vurmuşdun, başın bəla çəkməmişdimi?

Axı, ay tərs müsəlman, niyə sən həmişə iynə ulduzundan keçməyə can atırsan? Özünü inandırırsan ki, ən müşkül çətinlikdən də çıxış yolu var.

Dörd yırtılmış təkəri görəndə niyə beyninə geydirməyə çalışırdın ki, hələ çıxış yolu tam bağlanmayıb, beşinci, ehtiyat təkəri yerindədir.

Bax, elə indi də yan-böyründəkilər kəlmeyi-şəhadətini oxuduqları vaxtda beşinci, avtomobilin baqajındakı ehtiyat təkərdən yapışıb hər an baş verə biləcək qəzadan qurtulmaq ümidindəsən.

Bu anda İlhamə xanım ağlamsına-ağlamsına üzünü gah mənə, gah Paşaya tutub deyir:

– Evimiz yıxılıb! Balalarımız yetim qalacaq!

Sonra o, boğulub oturmuş Sabir müəllimə sarı baxır:

– Ay Sabir müəllim, nə dayanmışıq, heç olmasa, gəlin vəsiyyətimizi eləyək.

Sabir müəllim mat-mat ona baxıb cavab verir:

– Ay İlhamə xanım, vəsiyyətimizi kimə eləyək?! Ölsək, hamımız öləcəyik də…

İlhamə nə dediyini indi anlayır və əllərilə başını tutub yerində oturur.

Paşa həkim olduğu üçün özü ilə ehtiyat götürdüyü dərmanlardan qan təzyiqi qalxmış Rüstəmə, ürəyi sıxılan Qafara, halsızlaşmış İlhamə xanıma, qarşısında oturmuş bir çexə paylayır.

Artıq üç stüardessa arada gəzib əllərindəki padnoslara düzülmüş plastik stəkanlarda ehtiyacı olan sərnişinlərə su paylayırlar.
Su paylayan stüardessalardan biri qorxudan ayaq üstə ölüb.

Tərs kimi sərnişinlərdən kimsə onu düşdüyümüz vəziyyətlə bağlı sorğu-suala tutur. Stüardessa gülümsəməyə çalışsa da, dodaqlarını yana aça bilmir, sanki, üzü donub. Güclə rabitəsiz, ümidli sözlər deyir, lakin aydınca görünür ki, dediyinə özü də inanmır.

Akifin qızı vahimə içində su paylamaqda davam edən stüardessanı lağa qoyur:

– Bu yazığın dünəndən qırxı çıxıb ki…

Prezident Apartında işləyən Qafar Akifi səsləyir:

– Akif müəllim, bəlkə telefonu açıb (uçuş qaydalarına uyğun olaraq mobil telefonlarmızı bağlamışdıq) Azərbaycan hökümətini məsələdən xəbərdar edək?!
Arxada bizimkilərdən kimsə dillənir:

– İndi Bakıda gecə saat 1-dir. Gecənin bu vaxtı Azərbaycan höküməti işləyir?

Akifin qızı şıltaqcasına rişxənd edir:

– Müxalifətçilərə çatsa, bu sözləri qəzetlərinin manşetinə (Bu qız qəzetçilikdən də xəbərdarmış) çıxaracaqlar.

Sabir müəllim araya şuxluq qatmaq istəyir:

– Yazıq Ayaz müəllim («Ədəbiyyat qəzeti»nin baş redaktoru) bu qədər şairin (Sabir müəllimqarışıq dəstəmizdə beş şair var) hər birinə nekroloq versə, qəzetində başqa yazıya yer qalmayacaq.

Heç kəsin dodağı qaçmır.

Bir gözüm saatdadır. Saatın əqrəbindən daş asılıb, irəli getmir.

Başımı qatmaqdan ötrü bir şey haqda düşünmək istəsəm də, düşüncəmin başlamağı ilə qırılmağı bir olur. Görünür, təhlükə qarşısında qorxudan insanın düşüncə dairəsi daralır.

Əmir içkidən xumarlanıb bərk yuxuya gedib. Ona həsəd aparmaq olar.

İndi ölüm qorxusu ona yaddır. Bəlkə də ölüm qorxusu ölməkdən daha dəhşətlidir. Əmirin ruhu necə də sakitdir. Allah ona son dəqiqələrini təmkinlə və ləyaqətlə qarşılamağa necə də vasitə tapıb. Bəlkə də Əmir buna layiqdir.

Qələm yoldaşı kimi gendən-genə biri-birimizi tanısaq da, onunla ilk dəfədir yoldaşlıq edirəm.

Cəmi bircə dəfə aramızda münasibət olub.

O, zaman ondan xoşum gəlmişdi. Həmən vaxt Əmir mənə zəng edib neft haqda çəkdiyi sənədli filmin CD-sini bizim idarəyə satmaq istədiyini bildirdi. İnandırmağa çalışdı ki, bu CD-ləri xarici qonaqlara hədiyyə vermək onlar üçün təbərrik kimi bir şeydir.

Guya başqa təşkilatlar bu CD-ləri göydə götürürlər, CD-nin birini 15 ABŞ dollarına satırdı və məndən xahiş edirdi ki, əli aşağıdır, 30 ədəd CD götürüm.

Mən idarələrə kitablar, siyasi portretlər, büstlər, kassetlər və başqa şeylər satanları çox gördüyümə görə Əmirin malını tərifləməsinə ciddi baxmadım və dilləndim:

– Əmir, on CD götürərik.

O, ərklə dedi:

– Əlində bu boyda zırıltı səlahiyyət var, (şişirtməyə bax!) səninçün 30 CD nədir ki? Hamısını götürütdür də…

– Əmir, – dedim – bir şərtlə 30 CD-ni götürüb sənə 450 dollar verdirəcəyəm.

O:
– Hansı şərtlə?! – tələsik soruşdu.

Dedim:

– İmkansız qələm yoldaşlarımızdan yardım üçün idarəmizə müraciət edən az deyil. Onlardan hansı gəlsə, deyəcəm ki, bu ayın xums və zəkat pullarını Əmir qamarlayıb.

Əmir dərhal yumşaldı:

– Yox, qardaş, yox, elə on CD alsanız, bəsimdir. Mən elə kəmfürsətlik eləyə bilmərəm.

Təyyarənin səsi xırıldayır. Salonda narahatlıq və nigarançılıqla dolu ovqat təzələnir.

Sabir müəllim yan-yörəsindəkilərin fikrini yayındırmağa uğursuz cəhd edir:

– Rüstəm, Paşa, Əjdər, (Əmir hələ ayılmayıb) mən öləndə dəfnimdə, vida mərasimində nə deyəcəksinizsə, indi deyin, eşidim.

Rüstəmin qırışığı açılmır, (Burada icazə versəydilər, bayaqdan o, ən azı yarım qutu siqaret çəkmişdi. Nə siqaret sümürməyin yeriydi?!) susur. Paşa Sabir müəllimin yarızarafat, yarıciddi dediyi sözləri sanki eşitmir, çantasındakı dərmanları bir-bir gözdən keçirir.

Mənsə özümü o yerə qoymuram:

– Sabir müəllim, mən sizin haqqınızda yalnız sağlıq deyə bilərəm.

Təyyarəmiz silkələnir və narahat uçmaqda davam edir.

İlhamə xanım əllərini yuxarı qaldırıb Allaha yalvarır:

– Ay Allah, səndən ömür istəmirəm, möhlət istəyirəm. Məni o bircə balama bağışla!

O, geri qanrılıb salona göz gəzdirəndə deyəsən, Akiflə göz-gözə gəlir: - Akif, - deyir – dünən səni acıladım, bağışla! (Dünən axşam Parisdə, türklərin restoranında qonaqlıq vaxtı onların sözü çəp gəlmişdi, ağızlaşmışdılar.)

Akif başını tərpətsə də, qırışığı açılmır.

Qafar İlhamə xanımın duasından narazı qalır:

– Ay İlhamə xanım, Allah sizi bizdən ayırıb bağışlaya bilməyəcək, hamımızın yerinə dua edin, bəlkə qurban olduğumuz uzunsaçlının səsini eşitdi.
Rüstəm əzvay-əzvay dillənir:

– Buna baxın, (Əmiri göstərir) bəxtəvər oğlu nə arxayın yatıb?! Niyə də arxayın yatmasın, əsərini Nobel mükafatına təqdim edib, ölümündən sonra olsa da, Nobel mükafatı alacaq. Nobellər özləri haqqa yazılan əsərə mükafat verməyəcəklər?

O, ani pauza verib yenidən deyinir:

– Adil Mirseyid elə düz eləyir Parisə gəlmir. Mənə deyən lazımdır ki, ay axmaq, sənin Parisdə nə itin azıb?!

Rüstəmin dediyini Paşa ilə ikimiz anlayırıq. Dünən axşamüstə üçümüz Eyfel qülləsindən enəndən sonra Sena çayının üstündəki körpüdə dayanıb çaya baxanda dilləndim:

– Adil Mirseyid bir şerində yazır: «Oturmuşam Parisdə, Senanın sahilində ayaqlarımı sallamışam suya».

Rüstəmlə Paşa şaqqanaq çəkib güldülər. Paşa dedi:

– Ay Adil, (guya Adil yanımızda idi) Parisdə Senanın sahili çaydan yeddi-səkkiz metr hündürdədir, betonla düzəldilib. Belə hündürlükdən ayaqlarını suya necə sallayırsan? Heç ayaqların suya çatar?

Damağından siqareti əskik olmayan Rüstəm növbəti siqaretini yandırdı və siqaretinə bir qullab vurub dedi:

– Görməyib yazanda belə olur də…

Stüardessalar salona daxil olub üstündə «Exit» yazılmış çıxış qapılarının qabağını yoxlayırlar. Çıxışa mane olan bir şey gözə dəymədiyini bir daha (onlar ikinci dəfədir bu baxışı keçirirlər) yəqinləşdirib salondan çəkilirlər.

Mikrofon açılır, səs:

Hörmətli sərnişinlər! Təyyarəmiz Praqa hava limanına enməyə hazırlaşır. Kəmərləri bağlayın.

Narahat olmayın! Hava limanında təcili yardım, yanğınsöndürən maşınları tam hazır vəziyyətdədir. Allah sizi (pauza) və bizi qorusun! (Bu mətn Akifin qızının tərcüməsidir.)

Salonda həyəcan artır. Mən ölüm ağrısının necə olacağı barədə düşünməyə başlayıram. İlahi, ölüm yenə də qəfil kəsdirmişdi başımın (başımızın) üstünü. Birinci dəfə deyildi ölümlə üz-üzə gəlirdim.

Körpəliyimdə tez-tez xəstələnirmişəm. Hətta, atam-anam məndən əllərini büsbütün üzüblərmiş. Neçə dəfə üzümü qibləyə çevirib gözlərimi sığamağa hazır dayanıblar.

Ancaq görünür, kəndirim kəsilməyibmiş. Uşaqlıqda yolla qaçarkən arxadan gələn maşının siqnal səsindən diksinib geri baxanda ayağım ilişdiyindən yıxılmağım və QAZ-51-in düz üstümdə dayandığı dünənki kimi yadımda idi.

İki qabaq təkərin arasında qaldığımdan mənə xətər toxunmamışdı.

Həyəcan içində maşının kabinəsindən düşüb məni QAZ-51-in altından dartıb çıxardan, sappasağ olduğumu görəndə qulağımın dibinə bir şillə ilişdirən və «Evimi yıxmışdın, ay it balası!» deyən sürücü sevincək maşını tərpədib aradan çıxmışdı.

Bir dəfə də doqquz, ya on yaşım olanda, yay vaxtı axşamüstü baxçamızda göy otun üstündə uzanmışdım.

Sərin mehdən xumarlanıb yuxuya getmişəmmiş. Birdən sinəmdə ağırlıq hiss etdim. Gözümü açmağımla əmimin qışqırtısını eşitməyim bir oldu.

Sinəmin üstündə qıvrılıb yatmış ilan asta-asta sürünüb otların arası ilə məndən uzaqlaşanda əmim yerdən götürdüyü daşla onun başını əzdi.

Ayağa durdum. Ağlamsına-ağlamsına «Əmi, ilana dəymə!» desəm də, artıq gecdi. İlanın başının üstündə dayanıb ağlayanda əmim qorxudan gözümün qorasını axıtdığımı düşünüb: « - Yaxşı bəsdi, belə ağciyər olma!» – dedi.
Gözümün yaşını silə-silə dilləndim:

– Əmi, onu nahaq öldürdün…

Əmim böyük bir iş görmüş adam kimi öyündü:

– İlanı görənə də, görüb öldürməyənə də lənət!

Dodaqlarım titrədi:

– Axı, o yaxşı ilan idi, məni çalmadı.

Əmim yenə məsəl çəkdi:

– İlanın ağına da lənət, qarasına da.

Uşaqlıq elədim:

– Axı, bu ilanın rəngi nə ağdır, nə də qara…

Əmim hövsələdən çıxdı:

– Ölmək istəyirdin, yaramaz? Boşboğazlıq eləmə!

Əmim gedib həyətin o başından bel gətirdi. O, yeri qazıb ilanı basdıranda mısmırığımı sallayıb ona çəpəki baxdığımı görüb dedi:

– İlanı vaxtında hürkütdüm. Əgər ilan səni çalsaydı, onu yox, səni basdırmalı olacaqdıq.

Avtomobil qəzasına çox düşmüşəm, ancaq hər dəfə hadisə göz qırpımında baş verdiyinə görə bir an sonra öləcəyim barədə düşünməyə macal tapmamışam. Lakin, indi son anlarımı yaşadığım haqda düşünməyə bir neçə dəqiqəm vardı.

Neçə dəqiqə çəkəcəyi bilinməyən bu dar macalda ən birinci ölüm qorxusunu dəf etməyə çalışacaqdım.

Ölüm gəlməmiş ölüm qorxusundan ölmək istəmirdim. Mən həyatım boyu hər bir işdə, mübarizədə, oyunda axıra qədər duruş gətirməyə çalışmışam.

Necə ki, bilyardda rəqibimə 1:7 hesabı ilə uduzduğum halda əlim oyundan soyumayıb, inadımla rəqibimi təəccübləndirmişəm, çaşdırmışam, gözbağlayıcı kimi onu ovsunlayıb udmuşam, həyatda da çox vaxt son anda bəxt üzümə gülüb.

Bir dəfə yenə ilan ağzından çıxıb oyunu aparanda oyunçu yoldaşlarımdan biri dedi ki, dostum, sən yaxşı oynamaq hesabına deyil, bəxtin gücünə udursan.

Onda kiyə söykənib gülmüşdüm: «A zalım, tək indi yox, qırx ildir mən qabiliyyətimin yox e, bəxtimin hesabına yaşayıram.»

İndi qorxudan keçmişdi, bəxtimin gücünü sınamaq qalırdı.

Lap çoxdan köhnə iş yerimdə xiromantiya ilə dərindən məşğul olan iş yoldaşım Eldar ovcumun içindəki xətlərə uzun-uzadı baxandan sonra demişdi ki, qardaşım, özünü yol qəzalarından qoru, səfərə çıxmaq həmişə sənin üçün təhlükəlidir.

O vaxtdan sonra illər boyu yaxın-uzaq səfərlərə çıxmazdan qabaq həmişə Eldarın dediklərini xatırlamışdım. Bu səfərdə isə nədənsə onun dedikləri indi yadıma düşmüşdü. Mən haçansa dostumun dediklərinin bir gün çin çıxacağını gözümün altına almışdım.

Ömrümün son anlarında dişimi-dişimə sıxıb özümü tox tutmalıydım. Ancaq belə ucuz ölümlə həyatdan, insanlardan ayrılmaq istəmirdim.

Təyyarəmiz yenidən titrəyir. Adam uçunanda necə olursa, təyyarəmiz də həmin vəziyyətdədir.

Salonun arxa oturacaqlarında oturanlardan kimsə qışqırıb özündən gedir. Stüardessalardan biri ona sarı qaçır. Məlum olur ki, özündən gedən cavan fransızdır. O, tək deyilmiş, iki yoldaşı öz aralarında nəsə danışa-danışa özündən gedəni ayıltmağa cəhd edirlər.

Sabir müəllim üzünü bizə tutub sanki onu vahimələndirən fikirləri qorxutmaq üçün səs çıxardır:

– Allah rəhmət eləsin!

Özümdən ixtiyarsız dillənirəm:

– Amin!

İlhamə xanım üzünü turşudub nəsə deyir. Amma səsi batdığı üçün dediyi eşidilmir.

Təyyarəmiz bir qədər özünə gəlir. Pəncərədən çölə baxıram. Buludun içində uçuruq. Həm gecənin qaranlığı, həm də bulud aşağını görməyə mane olur.
Akifin qızı şux səslə atasına deyir: (Deyəsən, bu qız qorxu hissindən məhrumdur.)

– Papa, Praqa aeroportunda görüb bəyəndiyim gümüş boyunbağını mənə almadın. Bax, təyyarəmiz mənim xətrimə geri qayıtdı. Söz ver ki, təyyarədən enib aeroporta girən kimi həmin boyunbağını mənim üçün alacaqsan.

Akif başını tərpədib dərhal razılaşır. Kim razılaşmaz ki?

Yenə saata baxıram. Praqaya qayıdacağımız haqda elandan qırx üç dəqiqə keçir. Bayaq qırx dəqiqəyə çatacağımızı demişdilər.

Pəncərədən boylanıram. Yenə gecənin qaranlığı və buludlar. Buludların arasında nə çox uçuruq?! Buludların seyrək yeri yoxdurmu, aşağını görək? Əgər Praqaya çatırıqsa, şəhərətrafı yaşayış məntəqələrinin işıqları gözə dəyməlidir.

Bulud boşluqlarına düşərək titrəyən təyyarəmizin gücənməsi hövsələmi daha da daraldır.

Gözlərimi yumub kresloya söykənirəm. Təyyarə endiyinə görə qulaqlarım tutulub, ağır eşidir. Xilasımız üçün məndən asılı heç nə yoxdur. Məni ən çox incidən budur.

Enmə zolağında təyyarəmizin təkərləri yerə dəyəndə hamı əl çalır. Dikəlib gözlərimi açıram. Xaricilərdən kimsə ucadan dillənir:

– Qoyun təyyarə dayansın, sonra əl çalarıq, (Akifin qızı dərhal tərcümə edir) hələ tezdir.

Ürəyimdə səsin yiyəsini yamanlayıram: «Bu bayquş nə deyir e?! Yəqin nəsə bilir?! Yəni partlayış ola bilər? Bəlkə də…»

Hava maşını yavaşıyıb dayanır. Sürəkli əl çalırıq. Stüardessalar sağ-salamat yerə enməyimiz münasibətilə bizi təbrik edir. Bayaq hamıdan çox qorxan stüardessa, indi hamıdan artıq sevinir.

Təyyarənin mühəndisi hesab etdiyim kişi yanımızdan keçərkən Akif ondan soruşur:

– Göydə nə olmuşdu? (Qızı tərcümə edir)

Kişi gülümsəyir və gedə-gedə cavab verir:

– Təyyarəmizin şıltaqlığı tutmuşdu, ölümlə zarafat edirdi.

Uçuş kəmərimizi açıb ayağa qalxırıq. Rüstəm hələ də yuxuda olan Əmiri dümsükləyib ayıldır. Əmir əsnəyə-əsnəyə yan-yörəsinə baxıb uçuş kəmərini açır və deyir:

– Allaha şükür, sağ-salamat gəlib Bakıya çatdıq!

Ürəkdən gülüşürük. Rüstəmin səsi eşidilir:

– Nə Bakı, ay Nobel müəllim? Əzrayılın əlindən qurtulub təzədən Praqaya qayıtmışıq.

Əmir Rüstəmin sözlərini zarafat sayır. Biz yanaşı təyyarədən düşüb dəmir tuneli keçib limana daxil olanda Əmir deyilənə inanır.

Onun rəngi boğulur. Yol yoldaşımız olan beş gənc xarici «No Air» deyə-deyə bizdən ayrılıb səfərdən imtina edir.

Biz növbəti təyyarəni gözləmək üçün xüsusi salonda yerləşdirilirik.

Əmir su istəyir, heç kəsdə su yoxdur. Qafar elə bu Praqa aeroportunun mağazasından alıb kimin üçünsə hədiyyə apardığı çaxırlardan birini açıb Əmirə uzadır. Əmir şüşəni başına çəkib çaxırın yarısını içdikdən sonra bir az sakitləşir.

Rüstəm siqaret çəkməyə, Sabir müəllim «Uçaqda özümü yaddan çıxartmışdım, qardaşım oğlunun halına yanırdım. Onu dartıb bu səfərə gətirdiyimə peşmandım.» deyib hava almağa gedir.

Oturacaqda yanımda əyləşən İlhamə xanım məndən soruşur:

– Samalyotda sakit oturmuşdun. Qorxmurdun?

Mən qımışıram:

– İlhamə xanım, adam döyüləm, nöş qorxmurdum.

Sözüm İlhamə xanımın ürəyinə sarı yağ kimi yayılır və etiraf edir:

– Qorxu hələ də canımdan çıxmayıb.

Akif dilli-dilavər qızının istəyini yerinə yetirməkdən ötrü onun üçün gümüş boyunbağı almaq istəsə də, nə onu, nə də qızını polislər kənara buraxmır. Çünki, biz bir azdan havaya qalxmalıydıq. Akifin qızı polisləri yumşaltmağa çalışsa da, dediyini yeridə bilmir.

– Qızım, – Akif qızına deyir – Bakıda sənə ondan da yaxşısını alaram.

Gözləmə salonunun pəncərəsindən bayaq uçduğumuz təyyarə görünürdü. Əlbəttə, heç birimiz təzədən bu təyyarəyə minmək fikrində deyilik.

Xəzər ətrafındakılara neçə il əvvəl təyyarədə uçarkən başına gəlmiş əhvalatı danışır. Əli cibində var-gəl edən gənc siyasətçi Niyaməddin narahat görünür. Axı, hələ səfər bitməyib, yenidən təyyarəyə minəcəyik.

Qafar İlhamə xanıma yanaşıb ona söz atır:

– İlhamə xanım, ölsəydiniz («Ölsəydik» demir), mətbuatda sizinlə çəkişən xanımlar yaman sevinəcəkdi.

İlhamə xanım cavab verir:

– Ölsəydik də, («Ölsəydim» demir) vətən, millət yolunda öləcəkdik. (Amma, heç təyyarədə belə danışmırdı) Allahıma qurban olum, qoymadı düşmənlərim sevinsin. Bayaq təyyarədə qurban demişəm.

Sağ-salamat Bakıya çataq, Mir Mövsüm ağanın üstündə qurban kəsdirəcəyəm.

İki saatdan sonra başqa təyyarəyə minib Bakıya uçuruq.

Dörd saat beş dəqiqəlik uçuş boyu narahatlıq məni tərk etmir.

Təyyarədən enəndə düşünürdüm ki, başıma gələn hadisəni kimə danışsam, az-maz heyrətlənsə də, o qədər təsirlənməyəcək, çünki, hadisə başlasa da, bitməmişdi.

Nasaz təyyarəmiz sağ-salamat yerə enmişdi, biz ölməmişdik. İnsanlar faciəli sonluqla bitməyən hadisələri tez unudurlar.

18.12.05 – 02.01.06
XS
SM
MD
LG