İyulun 22-də milli mətbuatımızın 135 yaşı tamam olur
Rüfət ƏHMƏDZADƏ
“Qonuşduğu lisanda ilk qəzetəyə malik cəmiyyət, bir milliyət ikən millət olmaya başlamış deməkdir. Həyatında mətbuat ənənəsinə malik bulunan bir xalq isə, artıq təəssüs etmiş bir millətdir.”
Millətin formalaşması və tərəqqisi yolunda mətbuatın əhəmiyyətini qabardan bu fikirlər mənə deyil, bir dahiyə məxsusdur.
Türk və İslam dünyasnda ilk demokratik dövlətin qurucusu olmuş Məmməd Əmin Rəsulzadəyə.
Danmaq olmaz ki, milli mətbuatsız, milli məktəbsiz, milli ədəbiyyatsız bir millətin tərəqqisi də qətiyyən mümkün deyil.
Öz milli dəyərlərindən uzaq və bixəbər tərbiyə-təhsil alan bir nəsil - kölələşən, özgələşən nəsildir.
O nəsil, özlüyündə nəsil olmaqdan tamam uzaq bir şeydir. Hər nədirsə, insanlıq baxımından çox dəyərsiz və faydasızdır.
Öz kökünə, öz millətinə laqeyd qalan bir nəslin bəşəri bir sevgi ilə alışıb-yanması, sadəcə əfsanədir.
Bu gerçəyi onlar yaxşı bilirdi. Düşünürdü. Əzab çəkirdi bu fikirlə. Kimlər? Əlbəttə ki, dahilər!
Millətin içindən çıxıb, uzaqlarda təhsil almış, amma geri boylandığında, maarifsiz, məktəbsiz, mətbuatsız bir millətin kütlə kimi, kölə kimi varlığına acımış...
Bax, elə o zaman da, mücadilə başlamış. Onları tarixə salan, tarixi bizə sevdirən... Və hələ də sürən bir mücadilə!
Azərbaycanın Rusiya tərəfindən işğalından sonra
MİLLİ TARİXİMİZDƏ NÖVBƏTİ MƏRHƏLƏ BAŞLANDI
Rusiya dövlət-təhsil sisteminin bir hissəsi kimi Qərb sivilizasiyasına yaxınlaşma və çağdaş elmi-mədəni dəyərlərə yiyələnmə, öz toplumuna gərəkli və faydalı ziyalı təbəqə yetişdirmək imkanları.
Lakin, bu imkanlar asanlıqla yaradılmırdı. Rusiya İmperiyasının mərkəzi və canişinlik dairələrində belə bir fikir mövcud idi ki (erməni millətçilərin bu məsələdə rolu istisna deyildi), Azərbaycan türkləri çox mühafizəkar bir xalqdır və onların savadlanması, elmi-mədəni sahələrdə tərəqqisi gələcəkdə imperiyanın bütövlüyü üçün çox təhlükəli ola bilərdi.
Nəinki Azərbaycanda, imperiyanın bütün ucqar vilayətlərində bu cür laqeyd siyasət mövcud idi.
Hətta, orduya belə, yalnız bəyzadələr, xanzadələr çağırılırdı. Əksəriyyət isə, işi-peşəsi mövhumat və təriqət təfriqələri salmaq olan mollaların ixtiyarına buraxılmışdı. Millət bir kölə kimi, millət olduğundan bixəbər yaşayırdı.
Amma, Tanrının xalqımıza yazığı gəldi. Sözün əsl mənasında!
Və XIX əsrin 50-ci illərindən, yeni dövr başladı. Ziyalı təbəqənin xalqa yaxınlaşmağa başladığı, ona xilasedici tək yan aldığı bir Mili-Mədəni Oyanış mərhələsi.
Mirzə Fətəli Axundzadənin 1850-ci illərdə sadə xalq dilində yazdığı komedilayalarla, Azərbaycanda milli özünüdərkin ilk addımları atılmış oldu. Lakin, bu işin davamı gəlməliydi.
Milli ədəbiyyat əsaslı şəkildə formalaşmalı, geniş oxucu kütləsinin yaranması naminə əhalininiz savad səviyyəsi qaldırılmalı, milli teatr və xüsusən də, cəmiyyətdə tədrici maarifləndirmə işini apara bilən milli dildə mətbuat orqanları təsis edilməliydi.
Deməli, sözün əsl mənasında bir Milli Maarifləndirmə Hərəkatı yaranmalıydı.
Bu hərəkatı başlamaq isə, hər ziyalıya nəsib olan və mümkün olan şərəf deyildi.
Çünki, o dövrdə müsəlman-türk əyalətlərində senzura şərtləri və etnik ayrı-seçkiliyə əsaslanan imperiya siyasətinə görə, istənilən milli-mədəni maarifləndirmə işi çox müşkül və hətta qeyri-mümkün idi.
Bütün çətinliklərə və məhrumiyyət gözləntilərinə baxmayaraq, bu hərəkata öncüllük etmək və milli oyanışı başlamaq missiyasını Həsən bəy Məlikzadə Zərdabi üstləndi.
Kasıb təbəqədən olan gənclərin də bəy-ağa övladları ilə yanaşı təhsil ala bilməsi məqsədilə, ilk xeyriyyə cəmiyyəti yaratdı və imkanlı şəxslərin bu işə cəlb olunmasında fəallıq göstərdi.
Azərbaycan tarixində
İLK MİLLİ TEATRIN ƏSASI QOYULDU
Və nəhayət, ana dilində ilk qəzet təsis etdi.
Bir cümləyə sığan bu təsvir, illərin çabası və hədsiz məhrumiyyətlər bahasına başa gəldi. Xalqa öz milli kimliyini xatırlatmaq amalıyla, ona öz dilində qəzet oxutdurdu.
Bunu etməkdə isə onun bir ali məqsədi var idi.
Mənsub olduğu milləti cahillikdən savadsızlıqdan və hətta, rus əsarətindən xilas etmək. Gəlin, elə Həsən bəyin öz qələmilə yazılan sözlərə nəzər yetirək.
“...Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik...”
Zərdabinin qəlbində üsyan var idi. Haqsızlığa, elmsizliyə, mövhümata, pərakəndəliyə və ətalətə. İçində baş qaldıran bu üsyanın səsiylə də, qollarını çırmalayıb yükün altına girdi.
O yükün ki, az müddət daşıya bilsə də, bir örnək və özül oldu. Nəinki Azərbaycan türklərinin, bütün Rusiya imperiyasında yaşayan türk-müsəlman xalqlarının maariflənməsi yolunda əvəzsz addım atdı.
Və 22 iyul 1875-ci il tarixində “Əkinçi” qəzetini nəşr etdirməklə, Türk xalqları tarixində öz möhürü olan bir dövrün, ZƏRDABİ DÖVRÜnün başlandığını bəyan etdi.
Nəinki türk xalqlarının, həmçinin, qonşu müsəlman toplumlarının da milli-demokratik hərəkatına stimul vermiş oldu.
XX əsrin görkəmli kulturoloqları əbəs yerə vurğulamırdılar ki, 1875-1905 illəri (Əli bəy Hüseynzadənin “Həyat” dərgisinə qədər) Rusiya türklərinin milli-mədəni maarifçilik hərəkatında Zərdabi dövrüdür.
Və mən də, bu Zərdabi dövrünün təkcə Rusiya türkləri deyil, bütün Türk dünyasının tarixinə aid olduğunu əbəsdən qeyd etmirəm.
Bəlkə də, Osmanlı Türkiyəsində mətbuatın daha öncələr yarandığına görə, məni haqsız sayanlar olar. Lakin, mən öz fikrimi yalnız “Əkinçi”nin nəşri ilə əsaslandırmıram.
Rusiya İmperiyası ilə yanaşı, Türkiyədə də milli-demokratik fikirlərin və Türkçü-Turançı ideyaların formalaşmasında önəmli rolu olan İsmayıl Qaspıralı, Əhməd Bəy Ağaoğlu və Əli Bəy Hüseynzadə kimi şəxslərin özləri də dəfələrlə etiraf etmişdilər ki, onların milli-maarifçi fikirlərinin formalaşmasında Həsən Bəy Zərdabinin əvəzsiz rolu olub.
Deməli,
ZƏRDABİ BÜTÜN TÜRK DÜNYASININ ZƏRDABİSIDIR.
Əkin və ziraət xəbərləri verməli olan bir qəzetdə milli-mədəni mövzularda yazılar dərc olundu. Sosial əhəmiyyətli mövzulara istiqamətlənmiş ədəbiyyat nümunələrinə geniş yer verildi.
Və dəfələlərlə də, qəzet səhifələrindən xalqa müraciət olunurdu ki, elm-təhsil işlərinə biganə qalmasınlar, sünni-şiə söhbətləri ilə milli-dini birliyə xələl gətirməsinlər...
Ədibləri isə, boş söz yığnağından ibarət sevgi-həsrət şeirlərinə ara verib, xalqın maariflənməsinə xidmət edəcək əsərlər yazmağa çağırırdı.
O haqlı olaraq inanırdı ki, ədəbiyyatla insanlara təsir etmək, cəmiyyətdə mənəvi islahatlar aparmaq mümkündür. Onun bu inamına Seyid Əzim Şirvani də qatılırdı.
“Əkinçi”də dərc etdiyi maarifçi şerlər ilə, öz həmvətənlərini təhsil almağa, savadlanmağa səsləyirdi. O vaxtlar, az-az olsa da, qəza mərkəzlərində məktəblər açılırdı.
Lakin, mədrəsələrinin boş qalmasından qorxan mollalar xalqa təsir edərək, məktəbləri “kafir ocağı” adlandırırdılar.
“Əkinçi” isə, xalqı uçuruma aparan bu mənfi tendensiyanı dağıtmağa çalışırdı.
Hətta, Rusiya imperatorunu tərifləmək və onun maarifçi işlərini şişirtmək yolu ilə belə, qəzetdəki yazı və şeirlərdə, insanları məktəblərə həvəsləndirmə cəhdləri sezilirdi.
Xalqın mənəviyyatına, mədəniyyətinə, ədəbiyyatına, bir sözlə tarixinə “Əkinçi”nin toxumları səpilirdi.
Yalnız bir mətbu qurum olmaqla qalmırdı. Sözün əsl mənasında məktəb idi “Əkinçi” –
MİLLİ FİKİR MƏKTƏBİ
Bütün çətinliklərdən xəbərdan olmasına baxmayaraq, Həsən Bəy böyük həvəs və enerji ilə başlamışdı bu şərəfli işə.
Baxmayaraq ki, istər oxucu kütləsi, istərsə də yazar baxımından böyük qıtlığın olması onu çox üzürdü. Ürək ağrısı ilə yazırdı:
“Bu qəzetin kəsirini görəndə gülməyin. Siz ağlayın ki, bizim bircə qəzet də çıxartmağa adamımız yoxdur.”
Nə qədər məyus olsa da, ümidlərini hələ yaşadırdı.
Bəlkə də, elə ümidləri idi o Bəyi yaşadan və yazmağa-öyrətməyə davam etdirən.
Bu ümidlərlə də, qəzetin satışından şəxsi gəlir güdmədən, hər nömrənin 400-500 nömrəsini (elə o qədər də qəzetin abunəsi var idi) pulsuz paylayırdı.
Qəzetin çap olunması üçün hürufatı (çap üçün qəlib və basmaları) isə, İstanbuldan şəxsən alıb gətirmişdi.
O savadsızlıq və kadr qıtlığı ilə mücadilə aparırdı.
Təbii ki, haqq uğrunda mücadilə varkən, əngəl törədənlər də çox olmalıdır. Təəssüf ki, rus-erməni əsilli bədxahlardan çox, demaqogiya və təxribatı özünə əsl peşə seçmiş mollalar və “ziyalı” həmvətənləri mane olurdu ona.
Çünki, Zərdabi bu xalqı köləlikdən, cahillikdən qurtarmaq istəyirdi.
Beləcə, xalqı əsarət və gerilikdə saxlayanlarla da savaşırdı o.
Nahaq yerə demirdilər ki, Həsən bəy Zərdabi öz fəalliyyəti ilə “tək adam döyüş meydanında əsgər ola bilməz” iddiasını rədd eləmişdi.
Nə qədər mübariz və yorulmaz bir fəaliyyət göstərsə də, bədxahların arzusu çin oldu. “Əkinçi” qapadıldı və Həsən bəy Yekaterinodar gimnaziyasına müəllim təyin edildi.
Məqsəd onu xalqı oyatmaqdan uzaq etmək idi.
Lakin, sonralar yazdığı kimi, müsəlman işlərindən uzaq düşməyi özünə ölüm bilən Zərdabi öz doğma kəndinə köçdü. “Əkinçi” son nömrəsində isə belə bir xəbər var idi
“Bu il London şəhərində ərəb dilində bir qəzet çap olunur ki, hər gündə çıxır. Yazırlar ki, onun müştərisi var.”
Bəli! Ərəblərin Londonda gündəlik qəzet çıxardığı bir zamanda, Azərbaycan türkləri öz yurdlarında, öz dillərində bir qəzeti nəşr edə və oxuya bilmirdilər.
Bu acı həqiqətin üzüntüsü ilə kəndə döndü Həsən bəy. Arzularla, ümidlərlə alışan bir yeniyetmə kimi tərk etdiyi kəndinə.
Ancaq, əminəm ki, onun arzu və ümidləri hələ də onunla idi. O bilirdi ki, “Əkinçi” son milli qəzet olmayacaq. Vətənində milli mətbuat, milli ədəbiyyat və millətinə, xalqına layiqli jurnalistlər, ədiblər yetişəcək.
XALQ AZAD OLACAQ!
Elə, qəhrəmanımın sözləri ilə də bitirirəm yazımı:
“Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar.
Sonra, düşmənin düşmənliyi, dostun doğruluğu və dost göstərən doğru yolun doğru olması da aşkar olar.”