Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Etiraz aksiyası keçirən sabirabadlılar onlara təzyiq edildiyini deyirlər


İyulun 20-də evləri su altında qalan Saatlı və Sabirabad rayonlarının bir qrup sakini prezident İlham Əliyevə şikayətlərini çatdırmaq üçün Prezident Administrasiyasının qarşısına toplaşıblar
İyulun 20-də evləri su altında qalan Saatlı və Sabirabad rayonlarının bir qrup sakini prezident İlham Əliyevə şikayətlərini çatdırmaq üçün Prezident Administrasiyasının qarşısına toplaşıblar
Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirən sabirabadlılar iddia edirlər ki, rayon rəhbərliyi bu hadisəyə görə onlara təzyiq edir.

Daşqınla bağlı dəymiş ziyana görə verilən kompensasiya ilə razılaşmayan 15 Sabirabad sakini iyulun 21-də rayon İcra Hakimiyyəti başçısı, onun birinci müavini, rayon prokuroru və polis şöbəsinin rəisi ilə görüşüblər. Görüşdə iştirak edənlərdən İlham Əmiraslanov deyir ki, Sabirabad rayon rəhbərliyi Prezident Administrasiyasına getdiklərinə görə onlara hədə-qorxu gəliblər.

BOYUN SINDIRMAQ HESABINA...

İlham Əmiraslanov: «Əvvəlcə icra başçısı Prezident Administrasiyası qarşısında keçirdiyimiz aksiya ilə bağlı danışdı və bildirdi ki, bu cür hərəkətlər Sabirabad rayonun adına xələl gətirir. Sonra üzünü birinci dəfə gördüyümüz Sabirabad rayon prokuroru danışdı və bizi verilən məbləğlə razılaşmamaqda, itaətsizlikdə qınadı. Bildirdi ki, bizlərin boynunu sındırmaq hesabına olsa da bizi bu məbləğlə razı salacaqlar».

Aksiyada iştirak edənlər şəhərdə polis tərəfindən izləndiklərini deyirlər. Qasımbəyli kənd sakini Şərafət Musayev deyir ki, üzərində Çevik Polis Alayı yazılan polis maşınları onların müvəqqəti yerləşdikləri məktəbin yaxınlığı nəzarətdədir:

«İNSANLARI QORXUDURLAR»

Şikayət sabirabadlılara baha başa gəldi
«Bakıdan rayona polislər gəlib. Sabirabad şəhərində məskunlaşdığımız məktəbin yaxınlığında polis maşınları sürətlə hərəkət edirlər. Bir neçə nəfərin bir yerə topalaşmasının qarşısını alırlar. İnsanları qorxudurlar».

Qasımbəyli kənd sakini Adil Həsənov deyir ki, Prezident Administrasiyasında iki gün ərzində Kəmaləddin Heydərovun onlarla görüşəcəyi barədə söz versələr də, heç bir görüş olmayıb, əksinə rayona qayıdan andan sakinlərə müxtəlif formalarda hədə-qorxu gəlirlər:

«Hələ ki, bizim problemlə maraqlanan yoxdur. Əksinə şəhərə polislərə gətiriblər, bizi heç bir yerdə toplaşmağa da qoymurlar».

BU, YANLIŞ MƏLUMATDIR

Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Zülfü İsayev deyir ki, polislər həmişəki kimi şəhərdə xidməti vəzifələrini yerinə yetirirlər:

«Sabirabad rayon Polis Şöbəsinin öz avtomobilləridir şəhərdə, vəzifələrini yerinə yetirirlər. Daşqından əvvəl də, indi xidmət aparırlar. Şəhərə heç bir yerdən polis gətirilməyib, heç kim də izlənilmir, bu, yanlış məlumatdır».
Sabirabad rayon prokurorunun köməkçisi Rafael Şahvələdov isə deyir ki, rayon prokurorunun vəzifəsi ictimai asayişi qorumaqdır. O ki, qaldı sakinlərə hədə-qorxu edilməsinə, bu, həqiqətəuyğun deyil:

«Prokurorluğun işi ictimai asayişi qorunmasına nəzarət etməkdir. Heç kimə hədə- qorxu edilmir, əksinə insanların hüquqları qorunur. Bunun da öhdəsindən Sabirabad rayon prokuroru layiqincə gəlir».

İyulun 20-də evləri su altında qalan Saatlı və Sabirabad rayonlarının bir qrup sakini prezident İlham Əliyevə şikayətlərini çatdırmaq üçün Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onları Prezident Administrasiyasının bu rayonlar üzrə rəsmisi Dəyanət Abdullayev qəbul edib. Görüşdə sakinlərə iki gün ərzində daşqınla əlaqədar yaradılan komissiyanın sədri Kəmaləddin Heydərovla görüşəcəklərinə söz veriblər.

May ayında Kür çayında daşqınlar zamanı ölkənin bəzi rayonlarının ərazisində subasma halları olub, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalı vəziyyətə düşüb, 50 min hektar əkin və örüş sahəsini su basıb.
XS
SM
MD
LG