Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:43

Brayza Senatda nələri dedi


Metyu Brayza
Metyu Brayza
Eurasianet.org-da jurnalist Coşua Kuçeranın məqaləsi dərc olunub. Məqaləni qısa ixtisarla dərc edirik.

İyulun 22-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Prezident Obamanın Azərbaycanda səfir postuna təqdim etdiyi mübahisəli namizəd - Metyu Brayza ilə bağlı dinləmələr keçirilib. O, çıxışında Bakıya tərəfkeşliklə bağlı ünvanına söylənənləri təkzib etdi, senatorları inandırmağa çalışdı ki, Qafqazda Amerika siyasətini obyektiv müdafiə edəcək.

Ancaq onun tənqidçiləri inanana oxşamadılar.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini olan Metyu Brayza uzun müddətdir ki, Birləşmiş Ştatların Cənubi Qafqazda ən çox görünən diplomatı olub. Onun səfir postuna namizədliyi mayda verilib. Bir ildən çox Amerikanın Bakıda səfiri olmayıb. Azərbaycan rəsmiləri də gileylənirdilər Vaşinqton onlara əhəmiyyət vermir. Ağ Ev Dövlət Katibi Hillari Klinton və Müdafiə Naziri Robert Qeytsi Azərbaycana göndərməklə bu fikirləri önləmiş oldu.

KİM NƏ DEYİR DESİN...


Azərbaycan Brayzanın səfir postuna namizədliyini alqışladı, Azərbaycan-Amerika qrupları da həmçinin. Ermənistan-Amerika qrupları isə cidd-cəhdlə buna qarşı çıxdılar, iddia etdilər ki, o, Azərbaycanın xeyrinə Ermənistana qarşı qərəzli mövqedədir. Ancaq senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Bryza bunları təkzib etdi.

«Amerikanın maraqlarını təmin etməyin yeganə yolu hər iki tərəfə qarşı obyektiv və ədalətli mövqe tutmaqdır. Tənqid hər iki tərəfdən gəlib və bu da, diplomatik işin göstəricisidir».

Brayzaya çox çətin suallar verilib, xüsusilə də Demokrat Partiyasının iki üzvündən- onlar əsasən Amerika ermənilərinin dairələrindəndir- Kaliforniyadan Barbara Boxer və Nyu Cersidən Robert Menendez tərəfindən.

Menendez Amerikanın Ermənistana keçmiş səfiri Con Evans barədə sual verib. Onu erməni genosidini tanıdığına görə işdən çıxarıblar. Brayza deyib ki, bu məsələyə heç bir bağlılığı yoxdur:

«Səfir Evanzın çıxarılmasında mənim heç bir rolum olmayıb. Mənimlə məsləhət olunmayıb. Mən bu barədə hadisə baş verəndən sonra eşitmişəm. Mən qətiyyən bu prosesin iştirakçısı olmamışam».

ATƏŞKƏSİ KİM POZDU?


Brayza Bakının Ermənistana qarşı müharibə ritorikası barədə senator Boxerin sualına cavab verməyib. Ancaq etiraf edib ki, Dağlıq Qarabağda atəşkəsin axırıncı dəfə pozulması, dörd erməni, bir azərbaycanlı əsgərin öldürülməsi insidenti Azərbaycan tərəfdən başlanıb. «Atəşkəs xəttini Azərbaycan tərəfi pozub, Ermənistan cavab verib, nəticədə ölüm halları baş verib. Dövlət Katibi Klinton bu hadisəni pisləyib».

Brayza əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. O, Amerikanın Qarabağa yardımını dəstəkləyib, 2005-ci ildə Azərbaycanın Culfa rayonunda qədim erməni qəbiristanlığının dağıdılmasına əhəmiyyət vermədiyini təkzibləyib.

TRANZİT ÖLKƏLƏRİ ÜÇÜN NÜMUNƏ

Azərbaycanda iki bloqqerin həbsilə bağlı suala cavabında Brayza deyib ki, səfir postuna təsdiqlənsə, söz azadlığı onun üçün prioritetdir olacaq. O deyib ki, Azərbaycan demokratikləşmə sahəsində uzun yol getməlidir, ancaq potensialı var:

«Sonda Azərbaycan demokratikləşməni, çiçəklənməni və öz mədəniyyətinin elementlərini birləşdirə bilsə, dünyada keçid ölkələri üçün nümunəyə çevrilər».

Brayzaya dair suallardan çoxu həyat yoldaşı Zeyno Baranla bağlı olub. Zeyno Baran Vaşinqtondakı Hudson İnstitutunda türk-amerikan alimidir. Brayza dinləmədə deyib ki, onun nikahı maraqlar toqquşması yaratmayacaq, Dövlət Departamenti onun maliyyə işlərini yoxlayıb, elə bir nöqsan üzə çıxmayıb. Brayza deyib ki, Baran səfir kimi onun mövqelərinə təsir etməyəcək, onların hansısa ümumi mövqeyi isə qohumluq əlaqələrinin nəticəsi olub:

«Bizi ilk növbədə birləşdirən onun iti, dərin zəkası, mənim sadiq olduğum beynəlxalq dəyərlərə - sülh, firavanlıq, demokratikləşmə, İslam və demokratiyanın uyğunlaşdırılmasına- onun da sadiq qalmasıdır».

Bizim dünya barədə ümumi ideyalarımız var, elə buna görə də biz bir-birimizə vurulmuşuq. Ancaq biz 10 il bundan qabaq bir qərar da vermişik- professional və şəxsi həyatlarımızı ayırmaq».

Brayza onu da əlavə edib ki, təsdiqlənsə, Baran Dövlət Departamenti və Bakıdakı Amerika Səfirliyi qarşısında Hudson İnstitutu ilə bağlı heç bir məsələ qaldırmayacaq. Onun özü də qabaqcadan icazə almadan bu institutla bağlı heç bir məsələyə toxunmayacaq.

İSTANBUL TOYUNUN GİZLİNLƏRİ

Brayza və Baranın İstanbuldakı toyuna Azərbaycan rəsmilərindən çoxu qatılmışdı. Brayza isə deyib ki, cütlük toylarına çox qonaq çağırıblar, kimin gəlib-gəlməyəcəyini isə bilməyiblər. Brayza bir Azərbaycan məmurunun onun toyunu maliyyələşdirməsi barədə deyilənləri yalan adlandırıb, deyib ki, toyun xərcini tamamilə onun ailəsi çəkib.

Ancaq senatorların heç də hamısı qarşı Brayzaya qəzəbli görünməyiblər. İndianadan respublikaçı senator Riçard Luqar qeyri-ənənəvi addım ataraq onu komitəyə təqdim edib, hətta tərifləyib də:

«Onun şəxsi cəhdləri Qafqazda millətlər arasında münasibətlərin, enerji təhlükəsizliyinin təkmilləşməsində fundamental rol oynayıb».

Amerika Ermənilərinin Milli Komitəsi isə bəyanat yayaraq bildirib ki, Brayzanın çıxışı cavablarından çox sual yaradıb.

«Həyat yoldaşı Zeyno Baranla maraqların toqquşmasıyla bağlı suallara o, dolğun cavablar verə bilməyib».

Tərcümə edəni: Arifə Kazımova
XS
SM
MD
LG