Kənan Hacı bu təhlili yazısıyla Milli Kitab Müsabiqəsinin qalibi olmuş Elxan Qaraqanın "A" romanı ilə bağlı Azadlıq Radiosunun "Oxu zalı"nda gedən diskussiyaya qoşulur.
Çoxları bu diskussiyaya dodaq büzürlər: “Axı bu Qaraqanın yazdığında qeyri-adi nə var ki, hamı işini-gücünü atıb ancaq bu roman haqqında danışır?”
Bir müddət bundan öncə keçirilən Milli Kitab Mukafatı müsabiqəsində “A” romanının birinci yeri tutması içi mən qarışıq çoxları üçün gözlənilməz oldu.
Hətta zövqünə inandığım bəzi yazar dostlar da heç cür inanmaq istəmirdilər ki, Elxan bu cür sısqa görünüşlə “rinqə” çıxıb qalib gələ bilər.
Onluğa düşən yazarların çoxu ədəbi arenada kifayət qədər tanınan, çoxdan təsdiq olunmuş yazıçılar idi.
Nəticələr məlum olduqdan sonra çoxu da alternativ olaraq bir adı çəkirdi: “Rafiq Tağı dura-dura Qaraqanın birincilik qazanması absurddur.”
Əlbəttə, Rafiq Tağı öz ədəbi hakimiyyətini qurmuş bir yazıçı, hekayə ustasıdır. Elxan isə vur-tut 19 yaşında ortaya roman qoyub. Bu, onun yazıçı bioqrafiyasında bir debütdür.
Əsər ətrafında yaranmış geniş müzakirələr məni vadar etdi ki, kitabı oxuyum.
Oxudum və “A” romanının mütaliəsi zamanı düşündüm ki, müəllifin faydalandığı bədii ifadə sistemi dildən daha çox düşüncəyə xitab etməyə üstünlük verir.
Romanın leksikonunda rastlanan bəzi yabançı sözlər müəllifin dili bilməməsi kimi anlaşılmamalıdır, nəsrdə qəsdən, bilərəkdən varvarizmdən istifadə etmə halları mövcuddur və gənc debütant da yeri gəldikdə bu üsuldan istifadə edib.
Sadə, aydın, axıcı dildə yazılmış əsərin oxunuşu da rəvandır.
Cəmiyyətin vaxt qıtlığında çırpındığı bir dövrdə insanları yormamaq, onların vaxtını istismar etməmək üçün müəllif artıq yozumlarla, lüzumsuz fəlsəfi sicilləmələrlə oxucunu yormur.
Mətn özünə aid olan plastika tələblərini məhz özü həll edir və bu da normal haldır.
Bu, ilkin qənaətdir. Əlbəttə, bu yazıda məqsəd nə Qaraqanı tərif selinə qərq etmək, nə də onu plagiatlıqda suçlayanlardan müdafiə etmək deyil.
Məncə, müəllif özü nə hücum, nə də müdafiə mövqeyində olmalı deyil. Əsər özü-özünü müdafiə etməlidir.
Mən “Döyüş klubu”(“Fight club”) filminə baxmamışam, baxmaq arzusunda da deyiləm. Filmlə romanın süjet xətti eynidirsə də bu plagiatlığa dəlalət etmir.
Bunun müsbət cəhəti odur ki, müəllif filmdən yaxşı mənada bəhrələnib və bu günkü Azərbaycan reallıqlarını ortaya qoya bilib, belə demək mümkünsə, bu reallıqlar süjetə transfer olunub.
Əsəri oxuyan adam fikirləşmir ki, onun süjeti hansısa xarici filmdən götürülüb, səhifələri çevirdikcə kitabda yaşadığı cəmiyyətin acı gerçəkliklərinin yazıldığının şahidi olur.
Dünyanı dəyişmək cəhdləri, ədalətli cəmiyyət qurmaq yanğısı bəşər yaranandan bəri insanların içində yenilməz bir duyğu təki yaşayıb.
Əslində tərki-dünya dərvişlər də ayaqlarında dəmir çarıq, əllərində əsa bütün həyatları boyu mütləq həqiqət axtarışında olublar.
İndi deyildiyi kimi, sürət əsridir; insanlar bir-birlərinin böyründən elə sürətlə ötüb keçirlər ki, yıxılanı qaldırmaq heç kimin yadına düşmür. “A”da yazıldığı kimi, “insanlar azğınlaşıb.”
İndi doğulan uşaqlar gələcəkdə bangir olmaq istəyilə alışıb-yanırlar, soruşanda bangir neyləyir, deyirlər ki, pul sayır.
Uşaqlar gələcəyin pullarını saymaq istəyirlər, onlar pul qazanmağın halal, ədalətli, namuslu yollarından bixəbərdirlər. Qaraqan soruşur: “Görəsən 5 il sonra uşaqlar nə deyəcək?”
Qaraqan yaşının azlığına rəğmən gerçəkliyi qarşısına qoyub ondan proza üçün gərəkli olan detalları seçməyi bacarır.
Vaxtilə Hegel roman janrı haqqında yazırdı ki, yalnız bu janr kapitalizm dövrünün ziddiyyətlərini açmağa qadirdir.
HOST-çular dünyanın nizamını pozmağa çalışırlar, yanğınlar törədir, fahişələrin üzünü damğalayır, rüşvətxor müəllimi liftdəcə tutub ölümlə hədələyirlər və bu proses dövlət çevrilişinə cəhdə qədər davam edir və sonda məlum olur ki, bütün bunlar hamısı oyun imiş.
Bu, bir bədii priyomdur. Əsərin səyahətə çıxan qəhrəmanı ilə Paulo Koelyonun “Kimyagər”indəki xəzinə axtaran Santyaqo arasında ruhi bir bağlılıq var. Bu süjet Şərq nağıllarına, dastanlara xas olan xüsusiyyətdir.
Dünyada ən çox satılan Xaruki Murakaminin də əsərlərini qurdalasan, içindən bir Şərq nağılı çıxar.
Bu yaxınlarda İtaliya yazıçısı Susanna Tamaronun “Ürəyinin apardığı yerə get” romanını oxudum, əsər nəvəsi evdən çıxıb getmiş yalqız, xəstə nənənin dilindən nəql edilir.
Bu qız uşaqlıqda çoxlu psixoloji travmalar alıb (“A”nın qəhrəmanı isə uşaqlıqda başından travma alıb), anası o uşaq ikən avtomobil qəzasında ölüb, yetginlik yaşına çatanda birdən-birə anlayır ki, bu qaramat evdən harasa çıxıb getməli, yeknəsəq, cansıxıcı həyat tərzindən qurtulmalı, yaşayışını dəyişməlidir.
Qarı nəvəsinə mane olmur, çünki özü də gənc ikən bu qarşısıalınmaz hisslərin əsiri olub.
“A”nın qəhrəmanı isə evdən dünyanı dəyişmək, dünyanın nizamını pozmaq istəyilə çıxır, atası, anası, nənəsi onu bu yoldan sapındırmaq istəsələr də o, sonadək HOST-çularla birlikdə qalır.
Hətta canı qədər sevdiyi sevgilisi, divin cəngindən xilas etdiyi Aysel də sonda ona “ya mən, ya HOST!” dedikdə o, prinsiplərindən dönmür və HOST-u seçir.
Müəllif bu amansızlığı ilə də əsərin humanist yönünü qoruyur; əslində insanın dünyadakı yerindən və mövqeyindən, gələcək taleyindən qayğılanır.
Fransız tənqidçisi Jerar Jennet məqalələrinin birində yazırdı:
“Hər tərəfdən dünyanın əhatəsində olan ədəbiyyat üçün bu, ibrətverici bir xəstəlikdir, çünki ədəbiyyat bu dünyanı qəbul edə bilmədiyi kimi, rədd də edə bilmir.” “A” romanı Jerar Jennetin bu fikrinə ən gözəl sübutdur.
Roman heç bir itki vermədən sona yetir.
Qaraqan sosial bəlaları içdən araşdırmaqla fərdi düşüncə sahibinin, konkret desək, A-nın önəmli tarixi seçim qarşısında metamorfozaya uğradığını göstərir.
O, Robin Qud deyil, Çe Qevara da deyil, Bin Laden olmaq fikrində də deyil. Bəs görəsən dünyanın astarını üzünə çevirməklə onun iyrənc içalatını bizə göstərməkdə məqsədi nədir?
Müəllif istəyir ki, insan öz naqis əməllərinin, Şərə, şeytana xidmət etməyinin məntiqi nəticəsini əyani şəkildə görsün.
Əsərdə mənəvi katarzisə çağırış da var.
A sanki buxarlanır, insanlar onu gözlə görə bilmirlər, halbuki A onların- HOST-çuların hər birinin içindəydi, özlərinin isə bundan xəbərləri yox idi.
Elxan “525-ci qəzet”də II Qismətlə söhbətində deyir ki, “Mən yazmağa başlayanda nəşriyyat nədir, kitab necə çap olunur, kitab çap etdirmək üçün yaş həddi varmı, bunlar haqqında qəti anlayışım yox idi.”
Yəni bu adam qarşısına məqsəd qoymayıb ki, mən roman yazacam. Sadəcə, məktub kimi, gündəlik kimi bir şey yazıb və bu, romana çevrilib.
Süjet xəttindəki dağınıqlıq da yəqin ki, bundan irəli gəlir, amma bu dağınıqlıq əsərin əsas ideya xəttinə heç də xələl gətirmir.
“Biz nə qəhrəmanlarıq, nə də ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır.”
Bu sözlər HOST-çuların bir növ məramnaməsidir.
Əsərdə insan həyatının puçluğu ilə bağlı tikanlı passajlar baş alıb gedir. Çıxış yolu isə yoxdur. Sən bu həyatı yaşamalısan. A-ya- hansısa yeni mərhələnin başlanğıcına ümid edib yaşamalısan...
Bəlkə həyatın büsbütün dəyişəcək?!.