Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:54

Markes Kolumbiyanın yeni prezidentini dəstəkləyir


Dünya şöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsia Markes ölkəsinin yeni seçilmiş prezidenti Xuan Manuel Santosu dəstəklədiyi bəyan edib.

Hazırda Meksikada yaşayan 82 yaşlı yazıçı prezidentə göndərdiyi məktubda yeni hökumətin və ölkəsinin gələcəyinin parlaq olacağına inandığını ifadə edib.

Kolumbiya rəhbərləri 50 ildən çoxdur ki, solçu yaraqlılar və narkomafiya ilə mübarizə aparırlar. Bu 50 ildəki daxili münaqişələr yüz minlərlə dinc sakinin həyatına son qoyub, adam oğurluğu, qətllər adi hala çevrilib.

Karlos avqustun 7-dən Kolumbiya prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Markes və Karlos arasında çoxdandır ki, dostluq münasibətləri mövcuddur. Hələ iyul ayında Meksikada olarkən Karlos köhnə dostuna baş çəkmişdi. Onlar Kolumbiyadakı vəziyyəti müzakirə etmişdilər.

Karlos əvvəllər – keçmiş prezident Alvaro Uribenin vaxtında bir müddət Kolumbiyanın müdafiə naziri olub.

O da yaraqlılara qarşı sərt xəttin tərəfdarıdır.

Yeni prezident üçün işləmək asan olacağı güman edilir, çünki Konqresdə onun tərəfdarları üstünlük təşkil edir və onun elan etdiyi milli birlik hökuməti planını ölkənin əksər partiyaları dəstəkləyir.

Markesin özü 90-cı illərin sonlarında Kolumbiyada hökumətlə solçu yaraqlılar arasında vasitəçilik etməyə, ölkədə sülh yaratmağa çalışıb, amma Nobel mükafatlı yazıçının ölkədə və Latın Amerikasındakı böyük nüfuzuna baxmayaraq danışıqlar uğurla nəticələnməyib.

Xuan Manuel Karlos
Bundan sonra hakimiyyətə gələn prezident Uribe FARC və digər solyönümlü partizanlarla mübarizəni gücləndirib. ABŞ-ın hərbi yardımı ilə yaraqlıların qüvvəsini xeyli zəiflətməyə, onların nəzarət etdiyi kokain biznesinə (Amerikaya daşınan kokainin 75 faizi Kolumbiyada istehsal edilir) güclü zərbələr vurmağa, beləliklə də ölkədə sabitlik və inkişaf üçün zəmin yaratmağa nail olub.

Amma keçmiş prezident yaraqlıların tam məğlub edilməsinin mümkünsüzlüyünü qonşu Venesuelanın anti-Amerika mövqeli solçu prezidenti Çavesin yaraqlılara dəstək verməsi ilə əlaqələndirirdi.

Kolumbiya Venesuelada 1500 yaraqlının gizlənməsi ilə bağlı peyk təsvirləri əldə etdiyini deyəndən sonra iki ölkə arasında münasibətlər korlanmışdı.

Çavez Kolumbiya ilə diplomatik əlaqələri kəsmiş, Kolumbiya rəhbərliyini Venesuelaya hərbi təcavüzə hazırlaşmaqda ittiham edərək sərhədə qoşun göndərmişdi.

Yalnız bu günlərdə yeni prezident Karlos Çavezİ Boqotada qəbul etdikdən sonra iki ölkə rəhbərləri mübahisəni həll etməyə çalışdıqlarını bəyan ediblər.

Markes hazırda Meksikanın paytaxtına yaxın mənzərəli vulkanik ərazi olan Pedreqal de San Anheldə yaşayır və guşənişin həyat tərzi sürməyə çalışır.
XS
SM
MD
LG