Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 06:58

Rusiya-Ermənistan müqaviləsi nəyi dəyişəcək?


Medvedev və Sarkisyan
Medvedev və Sarkisyan
Avqustun 19-da Rusiya prezidenti Dmitri Medvedevin bu ölkənin Ermənistandakı hərbi bazasının ömrünün uzadılması ilə bağlı Yerevanda yeni bir sənəd imzalayacağı gözlənilir. Əslində belə bir müqavilə tərəflər arasında 15 əvvəl imzalanıb və həmin sənədə görə, 2020-ci ilə qədər Rusiya hərbi bazası Ermənistanda saxlanmalıydı.

Dmitri Medvedevin səfərində imzalanması gözlənilən yeni müqavilədə isə bu müddət 2044-ci ilə qədər uzadılmalıdır. Həmin sənəddə həmçinin qeyd edilir ki, bu baza Rusiyanın maraqları kimi, Ermənistanın təhlükəsizliyini də təmin etməlidir. Bunun üçün Ermənistana silah və müasir texnika veriləcək.

RƏSMİ BAKIYA NƏ İSTİDİR, NƏ SOYUQ

Rəsmi Bakı isə hələ ki, prosesləri təmkinlə izləyir. Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yerli kütləvi informasiya vasitələrinə müsahibəsində deyib ki, narahatlığa heç bir əsas yoxdur. Şöbə müdiri qeyd edib ki, Rusiya və Ermənistan MDB çərçivəsində mövcud olan Qarşılıqlı Yardım üzrə Hərbi Təşkilatın üzvləridir. Onsuz da nəzəri cəhətdən Rusiyanın ixtiyarı var idi ki, Ermənistana hücum olarsa bu məsələyə müdaxilə etsin.

Novruz Məmmədov
Novruz Məmmədovun fikrincə, indi ikinci belə sənədin imzalanmasından söhbət gedirsə, buna ehtiyacın nə üçün yarandığını əsaslandırmaq mümkün deyil. Şöbə müdiri deyib ki, «bunun bizim üçün elə bir istisi-soyuğu yoxdur, biz öz siyasətimizi qururuq».

Xarici İşlər və Müdafiə nazirliklərində isə hələ ki, bu məsələyə münasibət bildirmirlər. Hər iki qurumun sözçüləri deyirlər ki, yalnız müqavilənin imzalanmasından sonra bunu şərh edə bilərlər.

Rəsmilərdən fərqli olaraq sadə vətəndaşlar Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığın gücləndirilməsini açıq dillə pisləyirlər:

- Tarix boyu Ermənistanla Rusiya bir yerdə olublar…

- Bizim başımıza gələn bəlaların arxasında mütləq Rusiyanın imzası var. Azərbaycanın parçalanmasında da, ərazilərinin işğalında da…

- Azərbaycanın təhlükəsizliyinə ciddi təhdidlər yaranır. Ermənistan mövqeyini gücləndirir…

- Bu, müharibə olarsa Rusiyanın Ermənistanı müdafiə edəcəyindən xəbər verir…

VASİTƏÇİDƏN AÇIQ TƏRƏFKEŞLİK

Müxalifətdə olan Müsavat Partiyası da hələ iki gün əvvəl bəyanat yayaraq Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivlərini pisləyib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, Azərbaycanla Ermənistan arasında münaqişənin tənzimlənməsində vasitəçilik edən bir ölkənin bu addımı qeyri-adidir:

- Bu, nonsensdir, qeyri-adi addımdır. İki ölkə arasında vasitəçiliyi öz üzərinə götürən üçüncü bir ölkə, həmin ölkələrdən biri ilə gündən-günə hərbi əməkdaşlığını gücləndirir.

İsa Qəmbər düşünür ki, Azərbaycan bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. Üstəlik, bütün bunlara cavab olaraq Avroatlantik məkana inteqrasiya prosesi sürətləndirilməlidir.

RUSİYA HANSI ÜZLƏ QƏBƏLƏ RLS-İ İSTƏYƏCƏK?


Rasim Musabəyov
Gələn il isə Qəbələ RLS ilə bağlı Rusiya və Azərbaycan arasında bağlanan müqavilənin vaxtı başa çatır. Sentyabr ayında tərəflər arasında müqavilənin uzadılmasının detalları ilə bağlı danışıqlar başlamalıdır.

Politoloq Rasim Musabəyov isə düşünür ki, Azərbaycanın bu məsələdə tələsib Rusiyanın istəklərini gerçəkləşdirməsinə ehtiyac yoxdur:

- Rusiyanın bizdən istəkləri, təklifləri var. Sentyabrda danışıqlar başlayır. Görək onlar əliboş gəlib hansı üzlə yenidən Qəbələ RLS-i Azərbaycandan istəyəcəklər?

Ancaq bununla belə, Rasim Musabəyov bu məsələnin reallıqda böyük dəyişikliklərə səbəb olacağını düşünmür. Politoloq deyir ki, onsuz da bu müqavilə olsa da, olmasa da Rusiya Ermənistandan hərbi bazasını çıxarmaq niyyətində deyildi. Üstəlik, Ermənistan mütəmadi olaraq silah və sursatla təmin edilməkdə idi.
XS
SM
MD
LG