Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 06:57

Sən samovardan yerə isti su tökübsən, əcinnənin balası yanıb ölüb


"Molla Nəsrəddin" təqvimi
1 Sentyabr 1906

Qafqaz Xəbərləri

GƏNCƏDƏN

Ay Molla Nəsrəddin əmi! Səni indiyə kimi tanımamışdım və hərdən bir sənin şəklini məcmuədə görüb və adını eşidib sənin məzəli sözlərini oxuyub gülürdüm.
Elə gülməli sözlər yazırsan ki, a kişi, gülməkdən bağırsaqlarım qırılırdı, az qalırdı qəşş edim, gecə yatanda yuxuda da gülürdüm.

Aman günüdür, yuxarıda Allah, aşağıda sən, əl mənim, ətək sənin, mənim var-yox gözümün ağı-qarası bir oğlum var, 6 yaşında, buna bir əlac elə: Gecə çörək yediyimiz yerdə deyir eşiyə çıxacağam.

Deyirəm, ay bala, qadan alım, dur çıx. Deyir qorxuram. A bala, nədən qorxursan?

Deyir, cin var, qorxuram. Əstəğfürullah edib arvada deyirəm: “arvad, dur bunu eşiyə çıxart.”

Qərəz, eşiyə çıxıb gəlir. Qərəz, yatır. Mən də şirin yuxu içində yatdığım yerdə bir də görürəm çığırıb ağlayır: ay ana, ay dədə!

Yuxudan sərsəm qalxıram: nə var, oğlum, nə var, ağrın alım? Ay bala, nə var? Deyir ki, qorxuram. Nədən qorxursan?

Deyir belə cin var. Cin məni döyər, tutar boğar. A bala, yat, qorxma, heç zad yoxdur. Yox, qorxuram. Zırhazır ağlayır.

A bala, qorxma, cin-zad yoxdur. Vallah var deyib ağlayır. Deyirəm nədən bilirsən var?

Deyir ki, dünən anam məni də aparıb getdi Molla Zərbqulunun yanına fala baxdırdı.

Molla dedi sənin uşağın olub qalmır, sənin həmzadın var, ona görə ki, sən samovardan yerə isti su tökübsən, əcinnənin balası yanıb ölüb, o da acıq ilə sənin uşaqlarına zərər yetirir. Bu oğluna da əlac elə, yoxsa bunu da cin vurub öldürəcək.

Anam da mollaya bir dua yazdırdı və gecə sənin cibindən altı manat oğurladı, sabahı apardı o mollaya verdi.

Aman günüdür, əlac, əlac, əlac.

Boynuyoğun


BAKIDAN

Ay molla əmi, sən mənim canım, bircə bu hürriyyətin mənasını mənə qandır görüm. Hürriyyət nə deyən şeydir?

A kişi, hər kəsə istəyirsən bir kəlmə söz deyəsən, ya nəsihət verəsən, deyir danışma, İranda hürriyyət verilib, sən anlamırsan, kefim nə istəyir elə də edirəm.

Hələ gündüzlər bəs deyil, gecə də, yuxumda da gəlib məni söyüb biabır edirlər.

Belə ki, mənim bir dostum var ki adını dilim tutmur, amma atasının adı İsmayıldır, İrandan gələndə bir məhbub mömin, namaz qılan uşaq idi, Tiflisdə altı il bir yerdə yeyib-içib dolanmışıq.

İndi eşidirəm Rostova alış-verişə gedib orada bir urus qızına aşiq olub adını dəyişib “Vasil Abramoviç” qoyub, bu günlərdə kilsəyə gedib suya çəkiləcəkmiş.

Təəccüb burasıdır ki, bu gecə həmin dostumu yuxuda görmüşəm. Deyirəm, ay balam, ay gözüm, bu nə işdir görürsən, barı yapon olaydın, bəs niyə urus oldun?

Dostum bunu eşitcək başıma da bir qapaz ilişdirib deyir: “Filan-filan şüdə, sənə nə dəxli var, eşitməmisən ki, İranda hürriyyət verilib, sən bilmirsən ki, məhəbbət bir bəla şeydir giriftar olmayan bilməz?”

İndi, ay molla əmi, sən balalarının canı, bircə məni başa sal görüm, məhəbbət və ya hürriyyət nə olan şeydir?

Gülüm Nanay
XS
SM
MD
LG