Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:42

Bəxtiyar Hidayət "Avropa mənşəli dana" (Hekayə)


Bax o Şahmarın təzə darvazasının qabağına yığılan adamlar var haa - onları nəyləsə dəyişmək, təəccüblləndirə bilmək qeyri-mümkün bir zaddır.

Istər futbol üzrə dünya çempionatının final oyunu olsun, istər prezidentliyə namizədlərin çıxışı olsun, istər hansısa şairin şeir gecəsi olsun, istər hansısa üçəm qüllələri partlatsınlar, o adamlar elə o darvazanın qabağındakı söhbətlərini kəsib televizorun qabağına keçməyəcəklər.

“Ondan mənə nə” deyəcəklər.

Özlərinin söhbəti isə daim təkrardı ki təkrardı. Özləri də bilillər ki bu söhbəti dəfələrlə ediblər və eşidiblər - amma yenə də təkrarlayırlar.

Ay nə bilim dananı necə kökəltmək olar, yoncanın neçənci çalımı yaxşıdı,
filankəs evi görəsən nəynən tikdi, filankəsin gəlini gəzir, filankəsin də uşağı bədəsil çıxdı və sair bu kimi söhbətlər.

Və vay ola yanlarına gedə söhbətə qoşulasan, sənə bir xeyli məsləhətlər verəcəklər.

Özü də elə məsləhət vermək xəstəsidilər ki lap kosmosa uçana da məsləhət verəllər ki bəs orda neynəmək lazimdi.

Hətta ABŞ-a oxumağa gedən bir tələbəyə də xeyli məsləhətlər vermişdilər ki orda necə oxusun, necə özünü aparsın və sair.

Amma bir gün bu adamlar orda görünmədilər. Əcəba nə olmuşdu? Həə məsələ bu idi ki kəndə “kəfləməgətirənlər” gəlmişdi.

Bu ağsaqqallar da o “kəfləməgətirənlər”in nə sözlərinə qulaq asmağa və sonra da onları danlamağa getmişdilər ki ayə kişi də belə iş tutarmı?

***

Iclasda belə məlum olmuşdu ki bəs hökumət istəyir bu cır malların dölünü dəyişsin.

Bu məqsədlə də Avropadan sperma gətirilib. Kəndin baytarına da kurs keçilib.

Kimin inəyi buğaya gəlir o süni yolla mayalandıracaq. Sonra da əla ətlik və südlük damazliq düşəcək kəndçilərin əlinə.

Ağsaqqallardan kim söz aldısa bu plana qarşı çıxdı ki - əvvəla bizim inəklər o buzovları doğa bilməz.

Biz dədə-baba qaydası ilə yaşamaq istəyirik. Ikincisi də lap doğdu mən dörd il gözləyim ki südlü bir inəyim olacaq.

Dörd il ona yedirtdiklərimi yığsam daha sərfəli olar.

Beləliklə Qarpızlı kəndində heç kim sperma məsələsinə razı olmadı. Kəndin baytarı “kəfləməgətirənlər”ə dedi ki, mən bilirdim belə olacaq.

Bu adamların ağsaqqalllıqları da qarasaqqlllıqları da, müəllimlikləri də, çobanlıqları da, vətənpərvərlikləri də, yerliçilikləri də əslində hər şeyləri sünidi.

Bu sünii adamlar süni mayalanmaya razı ola bilməzlər.

***

Qəribəsi bu oldu ki hökumət adamları bu seçimdə kənd camaatına tam azadliq verdilər.

Ilk dəfə idi ki kənddə belə bir azadliq havası vardı.

Yoxsa xırdabuynuzlu bir məmur bir balaca təpinsə idi, bu adamlar nəinki inəklərini, hətta qoyunlarını da dombalıb özləri süni mayalayardılar.

Sən demə işin içində iş varmış. İçinin içində iç olmayan bu məmləkətin adamlarının da dediyimiz azadliq havasına düçar olmaları əslində fıs bir şey imiş.

Işin içində iş olması da bu demək idi ki rayon İcra Hakiminin birinci müavini bilirmiş ki heç bir kənddə bu məsələyə razı olmayacaqlar.

Odur ki spermaları nə yolnansa kağızda silib də sonra qonşu Gürcüstana satmışdı.

Bunu bilən kənd baytarının ağzı açıla qalmışdı ki ayə, camaat Avropa buğasının spermasında da pul çıxarır.

***

Yalnız Zakir müəllim razı olmuşdu süni mayalanma məsələsinə.

Onun da bir qoca inəyi vardı ki ölsə də ola bilərdi. Yəni döğar doğar, ölər də ölər.

Qoca inək isə vədəsi tamam olanda doğdu o bədbəxt ala buzovu.

Nağılarda deyilən kimi buzov ayla, illə deyil sanki saatla böyüyürdü.

Artıq altı aylığında 3 yaşındakı cöngə kimi olmuşdu.

Zakir müəllim hesablayırdı ki təxminən gündə yarım kilodan artıq ətinin üstünə ət gəlir ala dananın.

Dana ki çatdı on aylığına, artıq müştərilər də artdı.

Yəni inəyini Zakir müəllimin danasına sürdürmək istəyən müştərilərdən gedir söhbət.

Amma Zakir müəllim hesablamişdi ki əgər dana bir inəyi sürərsə lap göbəkhaqqı kimi o inək sahibi 2 manat da versə Zakir müəllimə ziyan edir.

Çünki ətin kilosu 5 manatdı. Artıq dana da gündə 1 kilodan da artıq ət gətirir ətinin üstünə.

Həmçinin Zakir müəllim istəmirdi ki kəndə damazliq versin. Özünün qoca inəyini isə artıq vermişdi toy üçün.

Qarpızlıda da toy elə qoca inəyin əti ilə yola verilir. Bir az da soda qatıb əti yumşaltmaq nəmənə şeydi qarpızlıların əlində?

Buna görə də ala dana hələ tövlədən bayıra çıxmamışdı. Elə qarpız kimi və qarpızlılar kimi yata-yata böyüyürdü.

Böyüdükcə də kəndiri növbə-növ zəncirlər əvəz edirdi.

Bir gün Zakir müəllimin gizir oğlu hərbi hissədən aylığa əsgər buraxdığına görə ilişdi.

Və Zakir müəllim ala dananı alışma edəsi oldu.

***

Şahmarın təzə darvazasının qabağında yenə o ağsaqqallar söhbət edirdilər. Və heç biri də Zakir müəllimlə danışmırdı.

Hamısı da Zakir müəllimin demoqoqluq edib onların hərəsindən bir-iki metr yer qopardığına görə olmuşdu.

Alışmaya yazılmasalar da ala dananın ziyanı onları da tutdu.

Dana heç imkan verməmişdi ki boğazına bıçaq çəkilsin. Üç-dörd nəfəri xurd-xəşıl edib bayıra qaçdı.

Və o ağsaqallar imkan edib qaça bilmədilər. Dana hamısını çığnayıb üzü yuxarı götürüldü.

Amma dana çox da gedə bilmədi. Zakir müəllimin qardaşı oğlu bircə gülləyə aşırdı dananı.

Sonra da alışma etdilər Avropa mənşəli dananı.

O ağsaqqalar isə bir daha Şahmarın təzə darvazasının qabağına yığılıb çərənləmədilər.
XS
SM
MD
LG