Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Azərbaycanda Harvard Universitetinin diplomunu tanımırlar?


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
İki ildir ABŞ-da təhsil alan Bəxtiyar Hacıyev vətəni - Azərbaycana qayıdıb ki, parlament seçkisində iştirak etsin. Özü də təbliğat-təşviqat işini diletant kimi yox, əsl peşəkar tək aparmaq istəyib. Ona görə «istəyib» deyirik ki, 28 yaşlı məşhur Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev doldurduğu imza vərəqələrini hələ Bakının Yasamal rayonu 3-cü dairə seçki komissiyasına təhvil verə bilmir. Çünki gəliriylə bağlı məlumatlarda «əmma» tapılıb. Gerisini öz dilindən eşidək:

SEÇKİ ƏMMASI


- Namizədin son bir il ərzindəki gəlirlərinin mənbəyi və miqdarı barədə məlumatlar olmalıdır. Son bir ildə mən Amerika Birləşmiş Ştatlarında çalışmışam. Təhsil İnkişaf Mərkəzində regional koordinator və sonra Dünya Bankının Vaşinqton ofisində məsləhətçi kimi işləmişəm. Hər iki qurumla mənim müqaviləm var. Müqavilələr elektron imzayla təsdiqlənib. Bu müqavilələr əsasında mən məvacib almışam. Bu müqavilələri burda tərcümə elətdirdim, tərcümə mərkəzi də təsdiqlədi. Amma dairə seçki komissiyası deyir ki, tərcümə mərkəzinin təsdiqiylə sənəd qəbul edə bilmərik:

- Səhv eləmirəmsə, tərcümə mərkəzində tərcümə olunan sənədi notarius təsdiqləyir.


«ELEKTRON İMZA VƏ ELEKTRON SƏNƏD» HAQQINDA QANUN NİYƏ İŞLƏMİR?

- Notariuslar da təsdiqləmədilər ki, burda möhür görmədiyimiz üçün bunu təsdiq edə bilmərik. MSK-nın rəhbərliyi səviyyəsində görüşdüm, ümid elədim ki, «Elektron imza və elektron sənəd» haqqında qanuna görə sənədlərim qəbul olunacaq. Amma MSK-dan mənə dedilər ki, sənə yazılı cavab veriləcək və müraciətin dairə seçki komissiyasına göndərilib. Sonra biz Ədliyyə Nazirliyinə də müraciət elədik. Orda da bizə dedilər ki, 6 il 4 ay əvvəl ölkə başçısı «Elektron imza və elektron sənəd» haqqında qanunu təsdiqləyib, amma sərəncamda göstərilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər müvafiq qurumlar elektron sənədlərin və imzaların tanınmasıyla bağlı mərkəz yaratmalıdır və digər ölkələrdə imzalanmış sənədlər imzalanmalıdır. Bu günə qədər hələ o mərkəz yaradılmayıb. Bunun ağrısını isə deputatlığa namizədliyini vermək istəyən mən, o cümlədən başqa vətəndaşlar çəkirik.

Bəxtiyar Hacıyev məhkəməyə də üz tuta bilmir, çünki müraciət eləmək istədiyi instansiyalar onun şikayətini qəbul eləmirlər.

Bir halda ki, Bəxtiyar Hacıyevin Azərbaycanda əmək bağlılığı olmayıb, gəlirini göstərmədən keçinə bilməzdimi?

Müsahibim deyir ki, onun ABŞ-da işlədiyi barədə bəzi dövlət qurumlarında məlumatlar var, əgər o, bu faktı gizlətsəydi, əksinə çevrilə bilərdi.

HARVARD UNİVERSİTETİNİN DİPLOMUNU TANIMIRLAR?

Bəxtiyar Hacıyev sənədləri qəbul olunmadığı halda Avropa Məhkəməsinə qədər getməyi fikirləşir.
Amma Azərbaycanda nəinki elektron imzalı müqavilələr, heç Harvard Universitetinin diplomu da tanınmırmış. Qəzet təsis etmək üçün sənədlərini toplayan Bəxtiyar Hacıyev diplomunun tərcüməsini də üz tutduğu notariuslarda təsdiqlədə bilməyib:

- 12 saylı notariusda mənə dedilər ki, möhür yoxdur. Ona görə də diplomu təsdiqləyə bilmərik.

- Diplom da elektron imza ilədir?

- Orda möhür var, amma «soyuq» möhürdü, yəni bizdə qəbul edilən kimi mavi rəngli, mürəkkəbli deyil. Dünyanın bir çox ölkələrində rəsmi tanınan bir sənəddir. Nədənsə bizdə tanımadılar.

TƏLİMAT BELƏDİR…

12 saylı notariusun baş notariusu Hikmət Vəliyev AzadlıqRadiosuna bildirdi ki, onlar nə elektron imzanı, nə də mürəkkəbli möhüru olmayan sənədi təsdiqləyirlər, çünki təlimatları belədir.

Bəxtiyar Hacıyev indi müqavilələrinin təsdiqlənməsi yollarını axtarır, bir yol Azərbaycanın ABŞ-dakı səfirliyinin bu sənədləri təsdiqləməsidir. Amma o hələ də bilmir ki, bundan sonra sənədlərini dairə seçki komissiyası qəbul edəcək, ya yox?

17 saylı 3-cü Dairə Seçki Komissiyasının sədri Qədir Kərimov isə AzadlıqRadiosuna bildirib ki, Bəxtiyar Hacıyev sənədlərini hələ onlara təqdim etməyib, təqdim edəndən sonra işçi qrup sənədləri araşdırıb müvafiq qərar verəcək.

Millət vəkilliyinə namizəd olmaq istəyən Bəxtiyar Hacıyev isə sənədləri qəbul olunmadığı halda Avropa Məhkəməsinə qədər getməyi fikirləşir.
XS
SM
MD
LG