Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 15:56

«Əsas odur ki, Obama mesajını çatdırdı»


Adam Sterlinq
Adam Sterlinq
«İşdən sonra» verilişinin qonağı ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqdir.

- İlk sualım Sizə Azərbaycan-Amerika münasibətlərində indi ən çox müzakirə olunan bir məsələ ilə bağlı olacaq. Bu da səfir təyinatı məsələsidir. Mən Sizdən soruşmayacağam ki, səfir niyə təyin olunmur. Çünki bu, Dövlət Departamentinin günahı ucbatından baş vermir. Bəs səfirin təyin olunmadığı məqamda ünsiyyət hansı şəkildə qurulur? Siz ünsiyyəti necə və kimlərlə davam etdirirsiniz?

- Bu sualınıza görə təşəkkürümü bildirmək istəyirəm. Sözsüz ki, səfirin olması, səfirlə iş görmək olduqca önəmlidir. Lakin mən onu demək istəyirəm ki, hər halda Amerika dövləti üçün səfirin rolu simvolik bir xarakter daşıyır. Sözsüz ki, ABŞ prezidentinin xüsusi bir nümayəndəsi qismində səfirin rolu çox böyükdür... Ancaq iki dövlət arasında demək olar ki, çox mühüm sahələrdə əməkdaşlıq mövcuddur. Səfirin olmaması heç də bu mühüm əməkdaşlığa təsir etmir. Azərbaycan hökuməti ilə ABŞ hökuməti bir çox sahələrdə çox yaxşı iş görür... Yenə də bir məsələni qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti Amerika səfirliyinin rəhbəri kimi məni burada qəbul edir. Bizim bir çox işlərimiz və fəaliyyətlərimiz davam edir. Səfirin təyin olunması əlbəttə ki, bizim özümüzün də istəyindədir. Bizdə çox istərdik ki, mümkün qədər səfir tez təyin olunsun.

«BU, TAM ŞƏKİLDƏ YAXŞI QARŞILANMAYA DA BİLƏR. ANCAQ BU, ÇOX AÇIQ VƏ SƏMİMİ BİR MÜZAKİRƏ İDİ»

- Başqa bir sual: ABŞ-ın sözü Azərbaycanda nə qədər ciddi qəbul olunur? 1998-ci ildə Dövlət katibi Madlen Olbrayt Azərbaycan prezidentinə məktub ünvanlayanda, o zaman bu, böyük bir hadisə olurdu və aylarla müzakirə olunurdu. Prezident Administrasiyası və yaxud prezident özü müəyyən izahlar gətirməyə çalışırdı ki, bu tənqidlərə necə cavab verilsin. Amma misal üçün, Kondoliza Raysın məktubu var idi ölkə başçısına. Ona çox sərt şəkildə saymazyana cavab verilmişdi Prezident Aparatının rəsmiləri tərəfindən. İndi vəziyyət necədir? Bu məktubların qarşılanması və bu münasibətlərdəki fərq nədən qaynaqlanır?

- 90-cı illərdə və ya ondan sonrakı dövrlərdə, hətta Olbraytın yaxud da Raysın Dövlət katibi işlədiyi dövrlərdə mən ümumiyyətlə, burda olmamışam. Yəni o barədə ətraflı məlumat verə bilməyəcəyəm. Ancaq mən həmin bu mesajın tonu, əlaqələr baxımdan müəyyən məqamları xatırlatmaq istərdim. Bildiyiniz kimi, prezident Barak Obama prezident İlham Əliyevlə Nyu-Yorkda görüşdü. Görüşdə demək olar ki, çox məsələlər müzakirə olundu. Xüsusilə qarşılıqlı anlaşma yaradan müəyyən məsələlərə toxunuldu: Azərbaycanın Əfqanıstanda verdiyi töhfələr, enerji əməkdaşlığı, Dağlıq Qarabağın münaqişəsinin tənzimlənməsi və s. Bir məqamı xatırlatmaq istəyirəm ki, o görüş məhz Obamanın BMT-nin Baş Assambleyasındakı çıxışından sonra baş verdi. Görüş zamanı Obamanın müzakirə etdiyi əsas məsələlərdən də biri məhz demokratiyanın inkişaf etdirilməsi, insan haqlarına hörmətin təmin olunması, yəni ABŞ üçün uzunmüddətli maraq kəsb edən məsələlər idi. Bu iki mövzu həmin görüşdə xüsusilə müzakirə olunmuşdur. O, BMT-dəki çıxışında da qeyd etdi ki, tam inkişafı etmək üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi çox vacib məsələlərdən biridir. Sözsüz ki, mən deyərdim ki, Obama bu görüş zamanı bir sıra mesajları çatdırdı. ABŞ-ın marağında olan, müəyyən qədər narahat edən məsələləri diqqətə çatdırdı.
Görüş zamanı Obamanın müzakirə etdiyi əsas məsələlərdən də biri demokratiyanın inkişaf etdirilməsi idi
Bu, tam şəkildə yaxşı qarşılanmaya da bilər. Ancaq bu, çox açıq və səmimi bir müzakirə idi. Mən bir məqamı da qeyd etmək istəyirəm ki, ABŞ-ın verdiyi bu mesajlar hörmətlə qarşılandı. Bir məqamını da diqqətinizə çatdırmaq istəyirəm ki, müzakirə zamanı prezident Obama İlham Əliyevdən həbsdə olan iki bloqqeri buraxmağı da xahiş etdi.

- Amma biz bilmirik cavab nə oldu?

- Hazırda əsas odur ki, mesaj çatdırıldı, yəni xahiş olundu. Cavabın nə olmasını biz hazırda bilmirik. Ola bilsin, gələn həftələrdə, gələn aylarda nəticələr özünü göstərəcək. Ancaq ən vacib məqam məhz Obamanın İlham Əliyevə etdiyi müraciəti idi. Qeyd etmək istəyirəm ki, Azərbaycan hakimiyyəti, azərbaycanlılar bildilər ki, belə bir müraciət daxil olub. Prezident Obama da çox inanır ki, jurnalistlər, bloqqer adlandırdığımız yeni media nümayəndələri öz işlərini görmək üçün azad olmalıdırlar, zindanda olmamalıdırlar. Azadlıqda öz işlərini görməlidirlər.

- Diqqət çəkən məsələlərdən biri də o idi ki, nə xanım Klintonun səfəri zamanı, nə də Barak Obamanın görüşü zamanı Eynulla Fətullayevin məsələsinə toxunulmadı. Yəni bunun xüsusi bir səbəbi var?

- Səhv etmirəmsə, Dövlət katibi Klintonun Bakıya səfəri zamanı bu məsələ qaldırılmışdı. Barak Obama öz çıxışında da qeyd etdi ki, jurnalistlər həbs olunmamalıdır, öz işlərini görmək üçün onlar azadlıqda olmalıdır. Həmin bu mesaj nəinki o iki bloqqerə, həm də bütün həbsdə olan jurnalistlərə aiddir.

«OBAMA TƏRƏFİNDƏN EDİLMİŞ MÜRACİƏTİN ÇƏKİSİ DAHA AĞIRDIR»

- Xanım Klinton səfəri zamanı bloqqerlərin də, Fətullayevin də məsələsini qaldırmışdı. Bundan sonra məhkəmə qərarları əksinə neqativ idi, pozitiv deyildi. Bu, Sizcə nə deməkdir? Fərqi varmı ki, kim qaldırır məsələni - Dövlət katibi yoxsa prezident Obama?

- Adnanın, Eminin və Fətullayevin hazırda həbsdə olması çox məyusedici bir haldır. Biz arzu edirik ki, onlar azadlıqda olsunlar. Ən yüksək səviyyədə bu məsələnin qaldırılması daha çox önəm kəsb edir. Məsələn, Obama tərəfindən edilmiş müraciətin çəkisi daha ağırdır. Hər iki dövlət arasında mövcud əməkdaşlığı daha da yaxşılaşdırmaq üçün bu müraciət daha vacibdir. Obamanın bunu qeyd etməsi bu məsələnin yükünü daha da artırır.

- Prezident Obamanın BMT Baş Assambleyasında etdiyi çıxışdan bir sitat gətirmək istəyirəm. Orada deyilir ki, «o adamlar ki, öz dəyərləri uğrunda mübarizə aparırlar, onlar bizim ən yaxın dostlarımız və müttəfiqlərimizdir. O adamlar ki, o dəyərlərin əleyhinə çıxırlar - fərqi yoxdur ki, onlar terrorist qruplardır ya tiran hökumətlər - onlar bizə düşmən olmağı seçiblər». Daha sonra prezident Obama qeyd edib ki, «iqtisadi inkişafa nail olmaq üçün azadlıqları kənara qoyub, qısamüddətli stabillik naminə iqtisadiyyatın inkişafına azadlıqlar hesabına nail olmaq istəyən ölkələr var. Bəzi ölkələrdə hakimiyyətin səlahiyyət müddəti ilə bağlı məhdudiyyətlər ləğv olunur. Mülki cəmiyyətə qarşı basqılar var. Korrupsiya sahibkarlığa və yaxşı idarəetməyə mane olur. Demokratik islahatlar ləngidilir». Bu ölkələrdən danışıb Barak Obama və bu hansı ölkələrdir? Bu sözləri deyərkən hansı ölkələri nəzərdə tutub?

Barak Obama BMT-də çıxış edir, 22 sentyabr 2010
- Mən Sizə bu amillərin tətbiq olunacağı ölkələrin siyahısını verə bilmərəm. Çünki burda müəyyən məqamlar. Ola bilsin ki, hansısa amillər bir neçə ölkəyə şamil oluna bilər. Digərləri tam o çərçivəyə sığmır. Və ya bəzi ölkələr var ki, müəyyən çərçivələrdə bu meyarlara daha çox uyğun gəlirlər. Ona görə də mən dəqiqliklə bu ölkələrin siyahısı haqda məlumat verə bilməyəcəyəm. Ancaq prezident Obama və ondan əvvəl Dövlət katibinin əsas vurğuladığı mesajlardan biri də məhz demokratik islahatların vacibliyi və Amerika xarici siyasətinin dəyərləridir. Yəni əsas bu iki mesaj Obamanın çıxışında özünü göstərirdi...

- Maraqlıdır Azərbaycana dəxli var idi söhbətin bu hissəsinin?

- Həmin çıxışın Azərbaycana da aid olan məqamları var. Ağ evin bəyanatında da gördünüz ki, Obama İlham Əliyev qarşısında demokratik islahatlar və insan haqları sahəsində müəyyən məsələləri qaldırıb.

«AZƏRBAYCAN VƏ ABŞ STRATEJİ PARTNYORLARDIR»

- Belə olan halda Azərbaycan dostdur, yoxsa düşmən?

- Azərbaycan və ABŞ strateji partnyorlardır. Ola bilsin ki, haradasa hər iki ölkə arasında narahat edən məsələlər var. Lakin daha mühüm sahələrdə bizim əməkdaşlığımız mövcuddur. Təhlükəsizlik, Əfqanıstan, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli, Azərbaycanın enerji resurslarının işlənməsi və Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdirilməsi – bu sahələrdə hər iki dövlət arasında partnyorluq əlaqəsi var. Obama da, Dövlət katibi Klinton da bir sıra narahat edən məsələləri, demokratik inkişaf və insan haqlarının qorunması məsələlərini qaldırdı. Çünki onlar inanır ki, həqiqətən Azərbaycanın ABŞ-a daha yaxın partnyor olmaq şansları var. Obama BMT-dəki çıxışında bir daha qeyd etdi ki, o dövlətlərdəki demokratiya və vətəndaş cəmiyyəti tam inkişaf edib, onlar ABŞ-ın daha yaxın partnyoru ola bilərlər.

- Spesifik olaraq ABŞ-ın bu sahədə Azərbaycandan gözlədiyi nədir? Jurnalistlərin həbsdən azad olunmasından başqa. Və bunu nə zaman etməsini gözləyir?

- Prezident Obama və Dövlət katibi Klinton da İlham Əliyevlə görüşü zamanı ictimaiyyətə bir daha çatdırdı ki, Azərbaycan gənc bir demokratik ölkədir. Özünün inkişafında bir sıra dəyişikliklər etməkdədir. Mən tamlıqla o siyahını sizə deyə bilmərəm ki, bizim daha hansı gözləntilərimiz var. Ancaq sözsüz ki, cəmiyyətin demokratik inkişafı, xüsusilə də QHT-lərin inkişafı və azad seçkilər bura daxildir. Həmin bu məsələlər Obamanın çıxışında xüsusilə vurğulanmışdı. O, çıxışında qeyd etmişdir ki, dövlətlər azad mətbuat əsasında öz demokratikliyini bir daha sübuta yetirəcəklər.

«XARİCİ RADİOLARIN YENİDƏN FM-Ə QAYTARILMASI İLƏ BAĞLI PROQNOZ VERƏ BİLMƏRƏM»

- AzadlıqRadiosu və «Amerikanın Səsi»nin efirə qayıtması ilə bağlı məsələ hələ də gündəmdədirmi? Varmı bu danışıqlar? Varsa, nə yerdədir?

- Əsas prioritet məsələ tam azad və açıq mətbuatın təmin olunmasıdır. AzadlıqRadiosu və «Amerikanın Səsi» məhz Azərbaycan üçün çox yararlı bir məqsədə xidmət edirlər. Sizin radio çox professional jurnalistika nümunəsidirlər. İnformasiyanın cəmiyyətə çatdırılmasından başqa ümumiyyətlə, media sektorunda lider rolunu oynayır... Hazırda bu radioların yenidən yayıma qaytarılması ilə bağlı proqnoz verə bilmərəm. Ancaq düşünürəm ki, Azərbaycan hökuməti çalışacaq ki, mediaya tam şəkildə, mümkün qədər çıxış imkanı versin ki, onlar da öz sözlərini deyə bilsinlər.

- Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli də danışıqlar predmeti olub. Son ilə nəzər salsaq görərik ki, Azərbaycan hökuməti bu məsələdə daha çox ABŞ-ı tənqid edib. Həm Dağlıq Qarabağa birbaşa yardımın göstərilməsi ilə bağlı, həm danışıqlarda ABŞ-ın mövqeyinin hansısa şəkildə ifadə olunması ilə bağlı. Sizcə, bu tənqidlərin əsası var idimi? İndi nə yerdədir vəziyyət? Ümumi nöqtəyə gəlib çıxmaq olubmu?


ABŞ əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldib
- Dağlıq Qarabağ münaqişəsi çox çətin məsələdir ki, burda hansısa bir irəliləyiş, hansısa bir nailiyyəti əldə edəsən. Həqiqətən də çox çətin məsələdir... Obama administrasiyası üçün bu çox vacib məsələlərdən biridir. Prezident Obama hətta prezident Əliyevi inandırmağa çalışdı ki, həqiqətən də ABŞ bu məsələyə çox böyük önəm verir. ABŞ üçün prioritet məsələlərdən biridir. Prezident Obama bu münaqişə haqqında böyük məlumata malikdir. Bu münaqişənin həlli istiqamətində olan bütün prosesləri izləyir. Yəni ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ-ın rolu baxımından məlumatlara malikdir. Dağlıq Qarabağa ayrılan yardımla bağlı onu qeyd etmək istəyirəm ki, ABŞ hökumətinin ayırdığı 2 milyon dollarlıq bu yardım humanitar məqsəd daşıyır. Məsələn, su, minalardan təmizləmə kimi bir sıra layihələr üçün ayrılır. Bu, nə Ermənistan hökuməti, nə də de-fakto Dağlıq Qarabağda olan hakimiyyətlə razılaşdırılmır, koordinasiya edilmir. Həmin bu məsələni ABŞ hökumətinin QHT partnyorları idarə edirlər. Azərbaycanda da Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün də müəyyən humanitar yardımlar ayırır.

«BUNDAN SONRA NƏ BAŞ VERƏCƏK, BUNU DEMƏK ÇƏTİNDİR»

- ABŞ hökuməti Türkiyə-Ermənistan arasında sərhədlərin açılması ilə bağlı çox ciddi səylər göstərirdi. Bu mövzunu qapanmış hesab etmək olarmı? Bunu ABŞ-ın xarici siyasətində uğursuz bir səhifə kimi adlandırmaq olarmı?

- ABŞ hökuməti müəyyən qiymətləndirmələr əsasında belə bir nəticəyə gəlmişdi ki, açıq sərhədlər, açıq ticarətlər regionda daha çox stabilliyin təmin olunmasına gətirib çıxarır. Bu da sülh atmosferinə öz töhfəsini verir. Hazırda bu məsələ ilə bağlı danışıqlar kənardadır. ABŞ-ın əsas diqqəti isə ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib.

- Uğursuzluq deyə bilərik buna?


- Məsələ hansı istiqamətdə gedəcək bu barədə proqnoz vermək çətindir. Hazırda Türkiyə və Ermənistan bu məsələni hələ ki kənarda saxlayır. Bundan sonra nə baş verəcək, bunu demək çətindir.

- Seçkiqabağı situasiya da toxunmaya bilmərik. Sizcə, indi Azərbaycandakı seçkiqabağı vəziyyət azad və ədalətli seçkilərin keçirilməsinə imkan verirmi?


- Ümid edirəm ki, Azərbaycanda keçiriləcək builki parlament seçkilərində mühüm bir irəliləyiş olacaq... Mən bu yaxında MSK-da, Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində görüşlər keçirmişəm və onlara kömək etməyə hazır olduğumuzu bildirmişik. Fikirlərimizi bölüşməyə hazır olduğumuz bildirmişik. Bizi narahat edən məsələləri də onların diqqətinə çatdırmışıq. Belə məsələlərdən biri də sərbəst toplaşma azadlığıdır. Sərbəst toplaşma və azad media xüsusilə seçki kampaniyası dövründə xüsusi önəm kəsb edən məsələlərdir, azad seçkilərin keçirilməsində bunlar önəmli rol oynayır.
XS
SM
MD
LG