Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:48

Taksi yeniliyi, yoxsa monopoliya?


Taksi sürücüləri narazıdırlar
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid
BAKIDA LONDON TAKSİSİ

Bakıya London taksiləri gətirilir. Gələn ilin əvvəlinə kimi 3 min ixtisaslaşmış taksi avtomobillərini paytaxt küçələrində görə biləcəyik. Özü də onlar eyni rəngdə –bənövşəyi olacaq. Bu rəngi ölkə prezidenti İlham Əliyev seçib. Nəqliyyat nazirliyində katibliyin rəhbəri Namiq Həsənov deyir ki, 1948-ci ildən fəaliyyət göstərən məşhur «London-taxi» şirkətinin «TX 4» modelli, Avro-4 standartlarına tam cavab verən avtomobilləri bu ilin əvvəlinə qədər paytaxta gətiriləcək.

- Ümumiyyətlə, Bakı üçün 3 minə yaxın taksi gətirilməsi nəzərdə tutulub. Sumqayıt və Gəncə üçün başqa model taksi gətiriləcək. Modeli də, rəngi də başqa olacaq. «Daewoo Lacetti», «Daewoo Nexia», eləcə də «Chevrolet»in olması nəzərdə tutulub.

3 MİN MANATLIQ SIĞORTA

Bakıda fəaliyyət göstərəcək London taksilərinin komfortu ilk nəzərdən diqqəti cəlb edir. Bir sıra üstünlükləri var. Məsələn, sərnişin oturacağı 5 nəfərlikdir, sürücüylə arxa oturacağın arasını şəffaf şüşə kəsir. Sərnişinlər üçün çətirdən tutmuş suya, qəzet-jurnala qədər xidmət göstəriləcək. Əlil adamların və xəstələrin taksidən istifadəsi üçün maksimum imkanlar yaradılıb.
Yeni taksilər eyni rəngdə –bənövşəyi olacaq. Bu rəngi prezident İlham Əliyev seçib
Taksinin pulunu nağd və posterminal vasitəsilə ödəmək mümkündür. Hətta bu taksiyə minən sərnişinin həyatı 3 min manatlıq sığorta edilir. Yəni bir qəza baş verərsə və sərnişinin həyatına təhlükə olarsa, onun artıq sığortası var. Taksinin qiyməti barədə isə hələlik rəsmi məlumatlar verilmir, bildirilir ki, bu, kommersiya şirkətidir və qiymətləri özü tənzimləyəcək. Amma yerli mətbuat yazır ki, bu taksilərdə ilk 3 km iki manata, sonrakı hər km üçünsə 79 qəpik ödəmək lazım gələcək. Kilometrləri taksidəki sayğac hesablayacaq.

BƏS «JİQULİ», «MOSKVİÇ»?

Bəs Bakıdakı taksilərin taleyi necə olacaq? Namiq Həsənov:

«Yavaş-yavaş bu taksilər gəldikcə, standartlara cavab verməyən sovet istehsallı «Jiquli»lər, «Moskviç»lər, «Qaz-24»lər dövriyyədən çıxarılacaq, onlara taksi kimi işləməyə lisenziya verilməyəcək. Amma xarici markalı maşınlar qalacaq. Onsuz da bu 3 min avtomobil şəhərin taksi tələbatını ödəmir. Hardasa 4-5 min taksiyə ehtiyac var. Hələ ki, xarici maşınlara qadağa qoyulmur. Yavaş-yavaş taksi formalaşana kimi».

Namiq Həsənov onu da istisna etmir ki, hətta xarici markalı, amma texniki vəziyyəti standartlara uyğun gəlməyən maşınlara da lisenziya verilməyə bilər. Nəqliyyat Nazirliyinin taksi «islahatı» isə paytaxt taksi sürücülərinin narahatlığına səbəb olub. Deyirlər ki, onsuz da Bakıda taksi əlindən tərpənmək olmur, heç planı da düz-əməlli verə bilmirlər.

Namiq Həsənov
- İki saatdı dayanmışıq burda. Görün nə qədər maşındı. Heç kim də siftə eləmir. O maşınlar işləyə bilməyəcək. «Şotçik» qoyub ona, heç kim minməyəcək, «şotçik»ə deməyəcək ki, yazma.
- Camaatın çörəyinə bais olmaqdır da.
- Bir neçə min taksi var, onların da ailəsi. İndi nə qədər ailə çörəksiz qalmalıdır də.
- O «Jiquli» işlədən ailə saxlamır? Evdə dovşan saxlayır, bəyəm, xeyir ola?

TAKSİ DƏ İNHİSARDA?

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov isə hesab edir ki, taksi yeniliyi bu sahənin inhisara alınmasına təkan verəcək. Elə iqtisadçı Natiq Cəfərli də deyir ki, bir şirkətin 3 minə qədər taksi maşınına sahib olması və hökumətin də açıq-aşkar bunu dəstəkləməsi bazar iqtisadiyyatına ziddir. Onun sözlərinə görə, hökumət taksi xidməti göstərənlərin fəaliyyətini və xidmətinin keyfiyyətini artırmaq üçün addımlar atmalı idi, daha hansısa şirkətin layihəsini dəstəkləməli deyildi.

«Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti digər sahələrdə olduğu kimi, bu sektoru da əlində saxlamaq istəyir».

Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov isə bu fikirlərlə razılaşmır, deyir ki, nazirlik nəqliyyat sistemində köklü dəyişikliklə bağlı təklifləri dəstəkləyir.

Dövlət statistika komitəsinin məlumatına görə, 2009-cu ildə taksi xidmətindən 38 mln. manat gəlir əldə edilib. Fiziki şəxslərlə yanaşı, 15 ixtisaslaşdırılmış şirkət də taksi xidməti göstərir. Bu ilin ilk yarısında onlar 1,6 mln. manat gəlir əldə edib. Bu, ötən ilin eyni dövründəkindən 25% çoxdur.

MÖVZUNU BURADA ŞƏRH EDƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG