Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:23

Alıcıları çəkidə aldadan cəzalandı


Sovet dövründə məhkəmə işlərinin əksəriyyəti o vaxtın qəzetlərində dərc edilirdi. Belə məhkəmə işlərindən biri diqqətimi çəkdi. “Kommunist” qəzetinin 5 yanvar 1937-ci il tarixli sayında dərc edilmiş məqalədə deyilir ki, məhkəmə iki nəfərə hökm kəsib:

“Alıcıları çəkidə aldadan cəzalandı

Bakı iaşə ticarəti idarəsinin 114 nömrəli çörək dükanında Dadaşev çörək alanları uzun müddət tərəzidə aldadırmış.

Xalq Daxili Ticarət Komissarlığının baş inspektoru çörək dükanlarını gəzirkən, Dadaşevin işlədiyi dükana gəldikdə, Dadaşevin saxta daşla çörək satdığını görür. 1000 qramlıq daşın içi 50 qram, 500 qramlıq daşın içi 100 qram ovulubmuş. Daşlar ölçü-çəki palatasına göndərildikdə, onların içəridən ovulduğu müəyyən edilmişdir.

Aldadana 8 il, yoxlamayana il yarım...

Yoxlama zamanı Dadaşev daşları gizlətməyə çalışsa da müvəffəq ola bilmir. Adi vaxtlarda Dadaşev çox ehtiyatlı olaraq, axşamlar daşları özü ilə aparırmış.

Bakı iaşə ticarəti idarəsinin 37 nömrəli qustu direktoru Qasımov Məmmədin mağazalardakı daş-tərəziləri yoxlamaması Dadaşevin bu cinayətinə yol verən səbəblərdən biri olmuşdur.

Bakı şəhərinin kooperativ məhkəməsi bu işə Kentoqay yoldaşın sədarətilə baxmış, Tağı Haşım oğlu Dadaşevə 8 il, Qasımova isə il yarım iş kəsmişdir.

L. D.”
XS
SM
MD
LG