Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:48

Aqşin Yenisey onun romanını tənqid edənlər haqda


- Son zamanlar, sənin romanının üstünə çox düşüblər, bütün bunları izləməyə imkanın varmı?

- Ömründən-günündən vaxt ayırıb bu roman haqqında həm qərəzli, həm də tənqidi yazılar yazan müəlliflərə bəri başdan təşəkkür edirəm.

Tənqidçilərdən Tehran Əlişanoğlunun, Elnarə Tofiqqızının, Kənan Hacının, Nərmin Kamalın yazılarını təkcə mən yox, “Azadlıq” radiosunun “Oxu zalı” bölümündə oxuyan hər kəs ədəbi tənqid baxımdan yüksək qiymətləndirdi.

Mən özüm də bu yazılardakı bir çox məqamlarla razıyam, ancaq tənqidimizin hələ də əsərdən bəhs edərkən müəllifi unuda bilməməsi, yeni mətn texnikalarına, bilərəkdən, yaxud bilgisizlikdən qısqanc yanaşması, hətta yeniliyi məscidə girmiş donuz çoşkası kimi görməsi heç də ürəkaçan hal deyildi.

Ömrü boyu tənqidin özü ilə deyil, onun qaragüruhu, mövhumatı ilə məşğul olan Əsəd Cahangirin yazısı isə mənə başını quma soxub gizləndiyini zənn edən dəvəquşunu xatırlatdı.

Adam yalnız mənim şəxsimi aşağılamaq üçün kişi xeylağına xas olmayan bir hikkəylə qaraladığı yazısında o qədər “quş” buraxmışdı ki, kim oxuyurdusa, mənə bu adama baş qoşmamağı məsləhət görürdü.

Bir də tənqidlərin bir çoxu ona yönəlmişdi ki, bu roman postmodern romandır, ya yox? Bunu mən də bilmirəm, çünki yazanda qarşıma məqsəd qoymamışdım ki, mütləq filanmodern mətn yazmalıyam.

“Göləqarğısancan” romanının məqsədi ölkənin axırdan birinci, ədəbi dildə desək, “balaca adamının” – Leş Əlinin - taleyini işıqlandırmaq idi. Mənə peşəsi tənqidçi olanlardan daha çox zövqlü oxucuların fikirləri maraqlıdır.

- Bütün bunlardan sonra o romanı yazdığına peşmansanmı?

- Belə bir söz var, əsgər qospitala düşəcəyindən, yazıçı tənqid olunacağından qorxmamalıdır. Peşmanlığım budur ki, daha yaxşı yaza, publisistikadangəlmə ünsürləri daha yaxşı arıtlaya bilərdim və elə bu hissi unutmaq üçün yeni roman yazmağa başlamışam.

Artıq yazacağım romanın bütün sturukturunu yay uzunu beynimdə qurmuşam.

Bu mənim üçün çox vacib mərhələdir. Yazacağm yazını, istər şeir olsun, istər köşə yazısı, istərsə roman, mütləq əvvəlcə beynimdə yaratmalı, bir xeyli özümlə gəzdirməli, bərkə-boşa salmalıyam.

Sonra ikinci ağır mərhələ başlayır, Kafkanın dediyi kimi, “başdan qələmin ucuna qədər gələn yol”a çıxmaq. Şeirdən fərqli olaraq roman məkan və zaman qanunlarına tabe olan janrdır. Yazıçı romanın məkanını və zamanını mütləq başına yerləşdirməyi bacarmalıdır.

- Səni bəziləri qəhrəmanın Leş Əliyə bənzədirlər, bəziləri isə romanını leş roman sayır. Bununla razısanmı?

- Hər şeydən qabaq bunu bilməni istəyirəm ki, mən şairəm və bənzətmək, metafarik lotuluqlar məsələsində də əlim yaxşı gətirir. Ona görə gəlsənə, dediyin o “bəzilərə” əl bulamayım bu gün.

Leş Əli obrazı taleyin ağırlığı altında hətta adi təmizlik qaydalarına riayət etməyə yadırğamış adi və pinti bir Azərbaycan kişisidir. Onun bədbinliyinin sualı budur “axı nəyə görə, kimdən ötrü?” O, xüsusi isim olsa da, həyat onu artıq ismin “kim” sualına yox, “nə” sualına cavab verəcək bir hala salıb.

Türk şairi Can Yücelin misrasında deyildiyi kimi “Nə kadar kötü kokarsak o kadar iyi”. Leş Əlinin pinti obrazını yaradarkən həmin “bəziləri” dediyiniz adamların bir çoxundan natura kimi yararlanmışam.

Sizə həqiqət lazımdırsa, sadəcə, “bəzi” dediyiniz o adamların yaradıcılığına, məişətinə, dünyagörüşünə, adicə üst-başlarına gözucu baxın. Kim daha çox Leş Əliyə bənzəyir, özünüz görəcəksiniz.

- Deyirsən, şeirdən fərqli, roman zaman və məkan anlayışına tabedi. Bəs indiki zamanın və məkanın yazacağın yeni roman üçün əlverişlidimi?


- Sualı başa düşmədim, yəni yazı yazmaq üçün şəraitimin olub-olmamasını soruşursan? Yazıçı yeddinci mərtəbədə oturub mağaranı elə təsvir etməlidir ki, oxucunu özünün illərlə mağarada yaşadığına inandıra bilsin.

Müasir rus yazıçısı V. Pelevinin türk şamanizminin mistikasından bəhs edən bir neçə hekayəsi var. Şaman ayinlərini, məsələn, ruhları çağırmağı o qədər arxayın yazıb ki, elə bil, şaman ailəsində böyüyüb.

Çünki adam qollarını çırmayıb 2-3 il Tibetdə səyahət edib, Tibet xalqlarını öyrənib. Yaxud Ekonun “Qızılgülün adı” romanında XVI əsr monastırının təsviri, Patriksin “Ətriyatçı” romanının girişində XVIII əsr Paris bazarının görüntüləri...

Mən görmədiyim, bilmədiyim mövzulara heç vaxt burnumu soxmuram.

Kənddən, yaxud şəhərdən yazmağımdan asılı olmayaraq, yazdığım məkanın və zamanın dekorasiyasını mütləq beynimdə qurmalıyam və bu zaman mənə süni təxəyyül tapıntıları deyil, real həyat vasitələri lazımdır.

- Şərif Ağayara verdiyim bir sualı sənə də vermək isəyirəm. Niyə nəsrimizdə insanımızın içi yoxdu? Bu, insanımızın içinin olmamasından, yoxsa yazarlarımızın buna hazır olmamasındandı? Şəxsən sən yazdığın nəsrdə iç olduğunu düşünürsənmi?


- İç dedikdə nəyi nəzərdə tutduğunu desəydin, mənim də işimi xeyli yüngülləşdirmiş olardın. Yəqin, demək istəyirsən ki, niyə biz Dostoyevski kimi psixoloji romanlar yazmırıq.

Fikir vermisən yəqin, bizim xalq həm ailədə, həm məktəbdə, həm iş yerində, həm müxalifətdə, həm də hakimiyyət başında insanın psixi durumu ilə az maraqlanır.

Biz yalnız insan dəli, ipləmə olandan sonra onun psixi durumu ilə məşğul oluruq və bu hal bizim ədəbiyyatımıza da hopub. “Göləqarğısancan” romanında cəmiyyətin dəli etdiyi, ələ saldığı, özündən təcrid etdiyi adamlardan söhbət gedir.

Cənublu şair Çörək sırf psixi sarsıntılar içində çabalayan bir gəncdir. İran və islam rejminin qadağaları onu dəlilik həddinə “ucaldıb”.

Keyşəbədə cəmiyyət arasında, sanki, sürgündə yaşayır və s. Sənin sualından belə anladım ki, demək istəyirsən biz nə üçün məhz Dostoyevski kimi yazmırıq? Başqalarını deyə bilmərəm, şəxsən mən belə yaza bilmirəm. Yaza bildiyim kimi yazıram.

- “Ən yeni ədəbiyyat” seriyası, səncə, səmimidi və onun əsas məqsədi ədəbiyyata xidmət etməkdi, yoxsa..?

- Seriya necə səmimi, yaxud qeyri-səmimi ola bilər, ay Qaraqaplan? “Qanun” çap evinin sahibi Şahbaz Xuduoğlu bir naşir olaraq bu təklifi gənc yazarlara verdi və ilk razılaşanlardan biri də mən oldum.

Ancaq seriyadan çap olunan kitablar çap olunandan sonra xeyli səs-küy qopdu, hətta mən dəqiq bilirəm ki, “Ən yeni ədəbiyyat”ın ilk kitablarını görəndən sonra əli başına çatan tələm-tələsik “roman” yazmağa girişdi ki, bu ad altında çap olunsun.

Qısqanc yanaşanlar da var, hətta hikkəylə Şahbaz bəydən tələb edirlər ki, seriyanın adını dəyiş. Bu cür bəsit düşünən kafalar var yan-yörəmizdə. Hər halda, “Ən yeni ədəbiyyat” bir pillədir ədəbiyyatımızda.

Dünyaya çıxmaqdan ötrü ədəbiyyat üfüqi yox, şaquli hərəkət etməlidir, ucalmalısan ki, səni uzaqdan görsünlər.

Bu mənada səmimilik umduğun seriya ucalığa aparan başlanğıcdır. Hesab et ki, AYO da yoxdur, “Ən yeni ədəbiyyat” da yoxdur, yalnız “Ulduz” jurnalı, “525-ci qəzet” və adaşın Əsəd Cahangir var - ədəbiyyatımızdakı beliəyri dəvələrin otladığı tikanlı bozluğu təsəvvür edirsənmi?

- Keçək növbəti suala...

- Sən allah, day qəmişini çək məndən. Hiss edirəm ki, bol-bol müsahibələrlə oxucuların zəhləsini tökməyə başlamışıq, deyəsən.

Söhbətləşdi: Əsəd Qaraqaplan
http://doqquziklim.net/?p=1225#more-1225
XS
SM
MD
LG