Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:40

«Ən böyük oğurluq səs oğurluğudur»


Rafiq Əliyev
Rafiq Əliyev
“İşdən Sonra” verilişinin qonağı akademik Rafiq Əliyevdir.

- Təşəkkür edirəm, Rafiq bəy, gəldiyiniz üçün.

- Mən təşəkkür edirəm. Amma dediyiniz təqdimata bir balaca əlavə etmək istəyirəm. Mən akademik deyiləm. Akademiyanın müxbir üzvüyəm. Çünki görünür hələ səviyyəm çatmayıb akademikliyə.

- Hər halda, bizim yaddaşlarda belə qalırsınızsa, biz başqa cür düşünürük. Rafiq bəy, siz dünyanı gəzmiş, görmüş insansınız. Necə görünür bugünkü Azərbaycan? Bəyənirsinizmi?

AZƏRBAYCANDA TƏHSİLƏ SOSİAL SİFARİŞ YOXDUR

- Baxır hansı prizmadan baxırsan. Bütövlükdə isə təbii ki, mən daha yaxşı Azərbaycan görmək istərdim. Birinci təhsil, elm sahəsindən başlamaq istəyirəm. Çünki ora mənim fəaliyyət dairəmə daxildir. O baxımdan demək istərdim ki, təhsilimizin vəziyyəti lazımi səviyyədə deyil, ürək açan səviyyədə deyil, elmimizin səviyyəsi çox aşağı vəziyyətdədir. Yəni dünya elminə qovuşa bilən, dünya elminə çıxa bilən hələlik nailiyyətlərimiz yoxdur. Və bunun da çox səbəbləri var. Çünki Azərbaycanda buna hələ sosial sifariş yoxdur, nə o təhsilə, nə o elmə. Amma mən həmişə demişəm ki, hamımız, xüsusilə iqtisad sahəsində olan alimlər, siyasətçilər, ümumiyyətlə bütün zümrələr post-neft dövrünü düşünməlidirlər. Neftdən sonrakı dövrü düşünmək lazımdır. Və o nöqtə də çox uzaqda deyil. Azərbaycanın neft sərvətini biz çox uzun illərə proqnoz edirik, mən elə düşünmürəm. Bir müddətdən sonra bunu biz görəcəyik, özü də çox uzun müddətdən sonra yox. O dövr üçün iqtisadi modeli düşünmək lazımdır. Biz necə yaşayacağıq? Bunun üçün də elm lazımdır, təhsil lazımdır. O ki qaldı iqtisadi inkişafa, düzdür ilbəil iqtisadi artım var, ancaq indi təbii ki, son vaxtlar iqtisadi artım azalmaqdadır. Və 2011-də, 2012-də daha az olacaqdır. Amma ümumi inkişaf səviyyəsinin iqtisadiyyata götürməyin çox sadə bir yolu var. Riyaziyyatsız, modelləşdirməsiz, elmsiz. Yəni insanların məvacibinə baxmaq lazımdır. Əgər bu gün həkim 100 manat alırsa və ya professor 300 manat alırsa, yəni o qədər də böyük iqtisadi inkişafdan danışmaq hələ tezdir düşünürəm. Yəni bugünkü vəziyyəti belə görürəm və bir az da iqtisadi elmi baxımından, siyasi prizmadan baxanda isə cəmiyyətin bugünkü durumu məni qəti təmin eləmir. Cəmiyyətin durumu deyəndə həm müxalifətin, həm iqtidarın , həm də xalqın, mən bura əlavə edərdim ziyalıları da, bu toplumların inikasıdır bugünkü cəmiyyətimiz. Cəmiyyətimizin bu durumunu da təbii ki, mən başqa cür arzulayardım.

- Deyirsiniz ki, daha yaxşı cəmiyyət daha yaxşı günlər gətirəcək. Daha yaxşı cəmiyyət üçün daha yaxşı gündə yaşayan müəllim lazımdır. Bir qədər belə qapalı görünmürmü bu dairə sizə?


QƏRB TƏFƏKKÜRÜ, ŞƏRQ ƏXLAQI

- İlk növbədə əgər biz istəyiriksə ki yaxşı yaşayaq, bu mənim subyektiv fikrimdir, birinci ölkəmizdə olan təhsili düzəltmək lazımdır. Əvvəla təhsilin iqtisadi tərəfindən çox mənəvi tərəfini düzəltmək lazımdır. Mənə deyirlər ki, mənim təfəkkürüm Qərb təfəkkürünə yaxındır. Mən bunu boynuma alıram. Əxlaqım Şərqdir. Məni qınayırlar bəzən. Axı mən Qərbdə olan elmin vəziyyətini, insanların insanlara olan sayğısını, təhsili görürəm. Heç bir insanın ağlına gələrmi ki, Qərb universitetlərində bir professor tələbəsindən rüşvət alsın. Axı bu ola bilməz. mən görürəm ki alimlər təmiz başqa cür işləyirlər. Qayıdaq o qapalı dairəyə. Təbii ki, bu cür işləmək üçün ona uyğun məvacib almalıdır bu. Yəni ki, o məvacib o zaman yuxarı olacaq ki, çox yaxşı elmi kadrlarımız, təhsil üzrə kadrlarımız olacaq və ümumiyyətlə kadr potensialımız güclü olacaqdır.

- Qərb təfəkkürü və Şərq əxlaqının olmasının nə fərqi var ki? Pisdirmi yəni?


- Həsən bəy Zərdabi deyirdi ki, para qazanmaq elmini Qərbdən öyrənmək, əxlaqı Şərqdən öyrənmək lazımdır. Mən bu gündə düşünürəm ki, bu elmin gücü Şərqdə olub vaxtı ilə. Ancaq həyat belə gətirdi ki, transfer oldu. Elm də, təhsil də Qərbdədir. Onu yoxlamaq çətin deyil. İnternetə kim girsə top universitet çağırsa onun 8-9-u Amerikadadır. 100 universitet çağırsa, onun 80-i Amerikada, qalanları Qərb ölkələrindədir. Şərq ölkələrində demək olar ki, barmaq hesabı 3-5 universitet ya ola, ya olmaya. O cümlədən bizim Türkiyə universitetlərindən cəmi 2-3 universitet var 500-1000-nin içərisində. Yəni onu demək istəyirəm ki, təbii ki, bu gün təhsilin Məkkəsi Amerikadır. Nə alman danmır, nə fransız danmır, heç kim bunu danmır. Təhsil olan yerdə də elm var. Görürsünüz bütün yeni texnologiyalar, istər təhsildəki texnologiyalar, istər sənaye üçün texnologiyalar hamısı Amerikadan gəlir.

- Azərbaycan Dövlət Neft Fondunun hesabına tələbə göndərir xaricdə oxumağa və artıq ABŞ-a göndərmir. Son iki ildə bu məhdudlaşdırılır. Bu il ümumiyyətlə heç kim getməyib.


-Əgər belədirsə, mənim doğrusu informasiyam yoxdur. Amma mən Amerikada təhsil alan bir çox tələbə tanıyıram. Yəqin başqa xətlərlə gediblər. Almaniyaya da göndərmək lazımdır, Avstriyaya da göndərmək lazımdır. Bu gün xaricdə təhsil alan 7 min azərbaycanlı tələbə var. Mən düşünmürəm ki, onlar hamısı dövlət xətti ilə gediblər.

DEMOKRAT, AÇIQ TƏFƏKKÜRLÜ, İNSANA SAYĞILI TƏLƏBƏLƏR...

- Siz də bu işdə iştirak edirsiniz. Xaricə tələbə göndərirsiniz. Amma hərdən bizim rəsmilər belə bəyanatlar verirlər ki, gedirlər, beyinləri müxtəlif ideyalarla dolur. Bunun qarşısını almaq lazımdır.

- Onu düz deyirlər. Mən hər gedəndə Almaniyada ya Amerikada o tələbələri yığıram həmişə. Bu qəti tərif üçün deyil. Çox şeylər çox zaman bir çay süfrəsi kənarında həll olunur. Amma düzgün yolla, başqa yolla yox. İnam əmələ gəlir, söz bütövlüyü əmələ gəlir. Tək bu gün bir universitetdə - ZİGN (yoxlayın) universitetində 34 azərbaycanlı tələbə oxuyur. Hamısına da zəmanət mən vermişəm, mən göndərmişəm. Və gedəndə də onları yığıram bir yerə. Onların 6 aydan sonra, bir ildən sonra beyinləri dəyişir. Amma baxır kim hansı istiqaməti tutur. Yəni dəyişir nə mənada dəyişir. Bunlar demokrat, açıq təfəkkürlü, insana sayğılı olurlar. Bunlar qırmızı işıqda keçmirlər gecə vaxtı olanda da. Bunlar qanunun aliliyini başa düşürlər. Bu istiqamətdə dəyişir. Onu düz deyirlər.

- Çətinləşdirirsiniz həmin adamların həyatını. Sonra gəlib burda necə yaşasınlar?


- Mən 2009-cu ildə Berkli Universitetindəydim. Seminarım var idi orda. Orada təsadüfən bir azərbaycanlı oğlan çıxdı qarşıma salam verdi. Mənə dedi ki siz məni göndərdiniz ZİGN universitetındə oxudum, sonra gəldim Berkli universitetinə master dərəcəsi aldım. İki aydan sonra mən onu Frankfurtda gördüm. Bakıya gəlirdik. Yanında bir oğlanı mənimlə tanış etdi ki, tanış olun bu da Florida universitetində master dərəcəsi alıb. İnanız həyatımda ən xoşbəxt an yaşadım ki, Azərbaycanın gələcəyi budur. Bu vaxt bir nazir yaxınlaşdı bizə. Çoxdan tanıdığım bir nazir idi. Dedim tanış olun bax biz fəxr edirik. Dedi ki, düzü bunlar bizə kömək etmir. Dedi ki, qayıtmırlar, gəlib işləmirlər, işləyəndə başqa cür fikirləşirlər. Mənim bir cavabım oldu. O yüz nəfər gəldi gördüz nəyi düzəltdi Azərbaycanda? Bunlar indi 7 mindir. Sonra olacaq 70 min.

- Sizcə, neçə il lazımdır belə dəyişim etmək üçün?


GƏRƏK SİSTEM DÜZ OLSUN

- Tarixi proje etmək çətindir. Əvvəla keçmişdə tarixi şərti danışmaq olmaz. Belə olsaydı belə olardı. Bir də proje etmək tərəfdarı deyiləm. O, tarixi şansdan asılıdır. Təbii ki, onlara çox böyük sosial sifariş, ağıllı başlara sosial sifariş olacaq. Bu gün yoxdur.

- Əbülfəz Elçibəy demişdi ki, “kimin arxası, pulu varsa, tələbə olacaq, kimin yoxdursa, bayırda qalacaq” əminliyi millət balalarının oxumağa, savadlanmağa həvəsini öldürür, millətə sağalmaz zərbə vurur. Biz savaddan başqa bütün imtiyazları aradan qaldırdıq. Həyatımın ən ləzzətli anları testə görə sadə vətəndaşların bitməz-tükənməz təşəkkürlərini eşidərkən olub. Yəni bu 1992-ci ildə çox böyük reforma idi, islahat idi. İndiyə kimi də ən uğurlu davamı olan islahatlardan biri kimi qeyd olunur.

- Üzr istəyirəm, sözünüzü kəsirəm. Mən dəfələrlə demişəm ki, Azərbaycan təhsil sisteminin zəncirində ən düzgün həlqə Qəbul Komissiyasıdır.

- Bu, yeganə tənqid xalı olan həlqədir.

- Hələ mən 1971-ci ildə Aliyə Təhmasiblə birgə bizim “Azərbaycan Gəncləri” qəzetində bir müsahibəmiz var idi. Özü də çox qəribədir ki, mənim sahəm kompüter elmləri sahəsidir. Amma Aliyə xanım müəllimdir. O, test sistemini çox müdafiə edirdi. Mən isə heç vaxt müdafiə etməmişəm. Yəni bu gün Azərbaycan reallığı üçün bu vacibdir. Amma bütövlükdə mən onu müdafiə etmirəm. Ona görə ki, o, şablon təfəkkür yaradır. Seçim üçün düzdür. Ancaq təfəkkürün, məntiqin inkişafı üçün bir az buxova çevrilir. Məsələn Maksvel öz nəzəriyyəsini imtahan vaxtı cavabında deyib. Yəni ki, düşünmək lazımdır. İndi görün məktəblərdə nə vəziyyətdir? Hamısı treyninqlə məşğul olur. Hamısı ayrı müəllimlər tuturlar. Ona görə ki, o müəllim məktəbdən daha çox o şablona öyrətməyi bacarır. Amma ümumi təfəkkürə, ümumi inkişafa düşünmürəm ki, o qədər kömək edir. Amma yenə də deyirəm bu zəncirdə ən düz, saf həlqə budur.

- Məhz bu həlqənin əlahiddə olması ümumi inkişafa kömək edirmi? Yoxsa hökmən şərtdir başqa həlqələrin də qalxması?


- Yüzdə yüz şərtdir. Mənim elmi işlərim bir tərəfdə sistemli yanaşmadır. Yəni sistemin bir həlqəsinin düz olması sistemin hələ bütöv işləməsi demək deyil. Təbii ki, o həlqə sonralar əriyir onun içində. Ona görə o azdır. Gərək sistem düz olsun.

MÜSAVATDA DA LƏYAQƏTLİ ADAMLAR VAR, YAPDA DA

- Sizi Lütfi-Zadə elminin Azərbaycandakı təbliğatçılarından biri kimi tanıyırlar. Siz bu qeyri –səlis məntiqi ictimai elmə yansıtmaq istəsəniz, nə deyərsiniz?


- Siz bu zəncirin elə həlqəsindən tutmusunuz ki, o ürəyidir. Yəni professor Zadə bu nəzəriyyəni 65-ci ildə verəndə elə orda da yazdı ki, mən bunu texniki elmlər üçün, riyaziyyat üçün eləmirəm, mən bunu sosial elmlər üçün, siyasi elmlər üçün eləmişəm. O elmlər üçün ki, onlar riyazi baxımından, məntiq baxımından formalaşdırıla bilmir. Yəni o riyaziyyatın dar simvollar dilinə girmir. Mən istədim ki, sosial elmlərdə bu nəzəriyyə insanlar arasında olan münasibətlərdə öz əksini tapsın. Dövlətlərin idarə olunmasında öz əksini tapsın. Bu qeyri-səlis məntiqin cəmi iki böyük xüsusiyyəti var. Bunun dərininə getmək də lazım deyil. Ən birincisi odur ki, Aristotelin ağ-qara məntiqindən fərqli olaraq, yəni dost-düşmən məntiqindən fərqli olaraq, bu məntiqdə çoxlu çalarlar var. Bu çalarları əgər insan həyatına biz gətirsək, bunun əsas bir cəhəti var ki, dünyada hər bir şeyin bir dərəcəsi var. Bir Allahdan başqa. Allah mütləqdir. Hər bir şeyin dərəcəsi var. Aristotel deyirdi ki, bir adam mənə ya dostdur, əgər dost deyilsə düşməndir. Lenində də bu var idi: “Kto ne s nami tot naş vraq.”. Bəzən mən bunu bir yazımda da yazmışam: “ Müsavatla YAP arasında”. Müsavatda da ləyaqətli adamlar var, YAP-da da. Tolerantlıq lazımdır. Bu nəzəriyyənin kökü həyata, təbiətə, ictimaiyyətə tolerantlıq verməkdir. Bu bir. Həmin o dərəcəylə. Deyir ki, mütləq heç bir şey yoxdur. Mütləq düşmən yoxdur, mütləq dost yoxdur, mütləq anlayış yoxdur, mütləq münasibət yoxdur.

- Amma bunun əksi də hər şey nisbidir məsələsidir. Mütləq heç bir şey yoxdur kəlməsinin özü də çox mütləqdir.


- Mənim təfəkkür tərzimə görə bir Allahdan başqa heç nə mütləq deyil. Bir budur. Yəni ki, bu bir tolerantlıq fəlsəfəsidir. Aristotel məntiqindən fərqli olaraq. Tək bu sözlə deyil. Qəribədir ki, bu, bütün elmləri dəyişdi. Bu dəyişən kimi, tolerantlıq fəlsəfəsi ortaya gələn kimi, yəni o dərəcələr hə-yox məsələsi aradan çıxan kimi, onların arasında çoxlu çalarlar meydana gələn kimi o riyaziyyat dəyişdi, o simvolların dili dəyişdi. Qeyri-səlis riyaziyyat əmələ gəldi. Kitabxanalarda qeyri-səlis fizika , qeyri- səlis kimya kitabı var. dünya dəyişdi.

- Dinləyici yazır: Siz 10 il bundan sonrakı Azərbaycanı necə təsəvvür edirsiniz? Biz hara gedirik?


- Yenə deyirəm proje eləmək çətindir. Amma mənim belə bir düşüncəm var. bayaq dedim ki 7 min xaricdə oxuyan tələbə var və Azərbaycanda burda da az olsa da, yenə də azad təfəkkürlü, talantlı tələbələr var. Düşünürəm ki, müəyyən müddətdən sonra o tələbələrin nəticəsini görəcəyik. Amma il baxımından deyə bilmərəm. Bu, neçə il çəkəcək? Orda çətinlik çəkirəm. Amma hökmən belə bir Azərbaycan olacaq. yəni Qərbə inteqrasiya söz xatirinə deyirlər ki, oluruq, dəb götürürük, başımızı düzəldirik, geyimimizi düzəldirik, amma beynimizin içi isə düzəlmir. Zərdabi onu deyirdi. O elmi götürmək lazımdır. O düzəlmir. Amma düşünürəm ki, onlar bir kritik kütlə ki, yaradacaqlar, onların hesabına Azərbaycan başqa bir, yeni bir, dünya sivilizasiyasına qoşulan bir Azərbaycan görəcəyik. Mən bir şeyi də əlavə etmək istəyirəm. 3-4 il bundan qabaq mən televiziyada dedim ki, 2030-40-50 ci illərdə dünyada yeni bir sivilizasiya yaranacaq. Mən düşünürəm ki, həmin o Azərbaycan gənclərinin hesabına mən dediyim Azərbaycanı görmək mümkün olacaq.

MƏN QLOBALLAŞMANIN LEHİNƏYƏM

- İndi sizin nikbinliyinizi ehtimal nəzəriyyəsi ilə yoxlayaq, yoxsa imkan nəzəriyyəsi ilə?


- İmkan nəzəriyyəsi ilə. Ehtimal zər atmaqdır. Amma kainat bunu sevməz. Dünya da bunu sevmir ki, eksperiment aparasan. Dünyada eksperiment, ölkədə eksperiment aparmaq düz deyil.

- Bundan əvvəlki 10 ili götürək. Sizcə, istiqamət doğrudurmu? Yəni biz həmin yoldayıqmı? Və 10 bundan sonra daha yaxşı Azərbaycan görəcəyinizə ümidiniz indi bax bu bundan əvvəlki 10 ilin istiqaməti sizin o ümidinizi doğruldurmu?


- Bizim mən deməzdim xoşbəxtliyimiz, bəlamız da demək istəməzdim, amma bu qütbə daha çox yaxınam, neftdir. Neftdən çox bizə təfəkkür lazımdır. Mən niyə bir az optimist danışıram? Ola bilər çoxu qloballaşmanın əleyhinədir. Mən çox lehinəyəm. Çünki dünyada çox yerlər var ki, onlar qloballaşmanın hesabına dünyaya qovuşa biləcəklər. Əbdüs Salamın da bir yaxşı sözü var. bütün müsəlman dünyasında vahid bir Nobel mükafatçısı olub bu vaxta qədər. O deyir ki, müsəlman dünyası ona görə bu gündə deyil ki, İslama xidmət etdi, ona görə bu gündədir ki, İslama xidmət etmədi. Yəni İslam dəyərlərindən, mədəniyyətindən uzaq düşdü. Bax birinci qloballaşmanın hesabına nikbinliyim qaynaqlanır, ikincisi də baxın Cənubi Koreyaya, Sinqapura, Malayziyaya, başqa ölkələrə, nə nefti yox, nə qazı yox, nə qızılı yox, nə gümüşü yox, yeraltı deyirəm. Amma yerüstü varıdır. Beyinləri var. Onun hesabına da hər bir tərəfdə adambaşına düşən daxili məhsula baxın. Dünyada ən yaxşı yerdədirlər.

- Sizcə problem neftdədir, yoxsa müftəxor hökumətdə. Bəlkə biz problemin mənbəyini düzgün hesablamamışıq?


- Mən neft deyəndə onu nəzərdə tuturam ki, neftə arxayınlıq var. Ümumiyyətlə tək bizdə deyil. Dünyanın Şərq ölkələrində neftə arxayınlıq var, beyində yuxululuq var. Yəni ehtiyac olmur ona. O qədər ümid oluruq ki, neftə, və yaxud qızıla, və yaxud da başqa şeylərə. Rusiyada da belədir. Sovetlər dövründə mən Rusiyada oxumuşam. O dövrdəki elmlə indiki elm heç müqayisə olunan deyil. O vaxt hər yerdə institut var idi. Sonuncu dəfə gedəndə onların yerində mağazalar gördüm. Orda da həmin neftə arxayınlıq var. Mən yenə deyirəm. hamının borcumuzdur ki, post-neft dövrünü fikirləşək. Milləti istəyən bunu düşünməlidir. Onu bir 5-10 il bundan qabaq düşünmək lazım idi əlbəttə ki. Qeyri neft sektorunu inkişaf etdirmək lazım idi. Zadəyə də bir dəfə bu sualı verdilər. Mənə də dəfələrlə bu sualı veriblər. Deyirəm ki, baxın Cənubi Koreyeya baxın. O da elə demişdir Finlandiyaya baxın. Finlandiya bir az Qərbdir, ora baxmayaq, Şərqə baxaq Malayziyaya baxın. Və ya Asiya nəhənglərinə baxın. Bunların nəyi var? Yəni o baxımdan mən deyirəm ki, gərək beyində arxayınlıq olmasın. İndidən model düzəltmək lazımdır. Dünyanın 4 inkişaf iqtisadi modeli var. Ayrısı yoxdur. Birincisi bilik istehsal edən ölkələrdir. o çəkmə tikmir, paltar tikmir. Amerika, Avropa. Onlar bircə CD satır. İçində proqramlar. Milyardlar...Onun 80-90 faizə yaxın daxili gəliri biliyin hesabınadır. Bilik iqtisadi modelidir. Məsələn Yaponiya, başqa ölkələr texnoloji iqtisadi modelidir. O qədər keyfiyyətli məhsullar istehsal edir ki, istər kompüter, istər avtomobil. Üçüncü model xammal yönümlü iqtisadi modellərdir. Dördüncü isə aqrar yönümlü ölkələrdir. Biz bu modeldən başqa modelə keçməliyik. İndi keçmək asan deyil. Bunun üçün yüksək təhsil, yüksək elm lazımdır. Və yüksək mənəviyyat.

DEPUTATLIĞA NAMİZƏDLƏR ARASINDA ZİYALI AZDIR

- Seçkilər barədə soruşmasam, eyib olar. Seçici təcrübənizdən danışın. Səs verdinizmi?


- Təbii ki, həmişə səs verirəm. Bu dəfə də getdim verdim.

- Bir ümidsizlik var insanlar da. Xüsusilə debatlara baxdılar. Seçkinin nəticələrindən sonra xüsusilə nikbinlik artımı da hiss etmirik. Hər keçən seçki sizdə necə nikbinliyi artırırmı?


- Mən öz fikrimi deyə bilərəm. Keyfiyyət baxımından deyə bilərəm. Deyə bilərəm ki, mən nəyi görə bilmədim? Görmədim ki, deputatlığa namizədlər arasında söz sahibi olan, xalqın içində çox böyük nüfuzu olan ziyalılar azdır. Bu bir. İkincisi çox yaxşı bir istiqamət oldu ki, gəncləri qabağa vermək istəyirdilər. Bu, çox yaxşı tendensiyadır. Mənim yadıma gəlir Çində mədəni inqilab. O vaxt hansı ki, üzündən kağızda yazılanı oxuya bilməyən adamları qabağa verdilər Çində köhnə ziyalıları sürgün elədilər, onları işdən çıxardılar, onları sildilər təmiz ki, daha bunlar lazım deyil. bu gənclərin içində xarici universitet qurtaran filan var idi. Amma mənim içimdə belə təəssürat yarandı ki, Allah eləsin bu olmasın. O biri tərəfdən də söz sahibi olan adamlar lap yaxın keçmişimizə baxanda bizim parlamentdə kimlər vardı? İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İmam Mustafayev, Tofiq Bağırov, Anar başqaları var idi. Əfsuslar olsun ki, ziyalı təbəqəsi bu gün azdır. Özü də bu çox vacib şeydir.

- Niyə azdır?

- Əfsuslar, niyəsini deyəmmərəm. Gərək hər iki tərəf başa düşsün. Hətta sovetlərin vaxtında, mənim nostalgiyam yoxdur ha sovet dövrünə, amma baxmayaraq başqa ədalətli şeylər var idi. Hətta o vaxtı indiki ilə müqayisə edəndə bizim parlament nümayəndələrimiz Tofiq İsmayılov, Rüstəm İbrahimbəyov, sovet dövründə ola bilər ki, qəsdən yaradırdılar ziyalı təbəqəsini. Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı yaradırdılar ki, xalqla hakimiyyət arasında bir təbəqə olmalıdır. O təbəqə həmişə bufer rolunu oynayardı. Özü də onların sözünə çox inanardılar, baxardılar.

- Biri elə siz. Niyə getmədiniz parlamentə?


- Əsl səbəbini sizə deyim. İki səbəbi var. Bir səbəbi ancaq odur ki, mən hər şeydən izolə olmuşam, ancaq elmlə məşğulam ancaq. Ancaq elm istiqamətin inkişaf etdirmək istəyirəm amerikalı həmkarlarımla. İkinci isə mənim bir elmim sahəmdə proqnozlaşdırma sahəsidir. Orada çox böyük elmi potensial tələb olunur. Amma bu gün Azərbaycanda seçkilərin nəticəsini proqnozlaşdırmaq elə də çətin deyil.

- Yəni seçki saxtakarlığından ehtiyatlanırsınız?


- Mən fikrimi dedim.

İNSANIN ŞƏXSİ HƏYATINA TƏMAS ETMƏK QƏBAHƏTDİR

- Bu təbliğat dövründə qara-piar olayları var idi. Nədənsə mən duymadım ki, hörmətli fikir adamları bu barədə fikirlərini söyləsinlər.


- Siz mənə müraciət edin, mən cavab verə bilərəm buna. Əvvəla mən çox minnətdaram ki xaricdə oxuyan gənclər öz qəzəblərini bildirdilər bu barədə. Yəqin o Əhmədov barədə olan süjeti nəzərdə tutursunuz. Mənim şəxsən cavabım budur ki, o çox qəbahət bir işdir. İnsanın şəxsi həyatına təmas etmək qəbahət bir işdir. Bu sivil mübarizə yolu deyil. Hüseyn Cavid də bir fikir var idi:

Sarımış yurdu qabalıq, yaltaqlıq,
Yüksəliş varsa səbəb-alçaqlıq.

Alçala-alçala yüksəlmək lazım deyil. Onsuz da bu elin gözü tərəzidir. Ola bilər ki, bu saat elimiz, cəmiyyətimiz bir durğunluq dövrü yaşayır. Amma həmişə qiymətini verəcəkdir, təbii ki. Hamının qiyməti veriləcək.

- Sizcə azərbaycanlının bugünkü ictimai əxlaqı nə dərəcədə sizin əxlaq meyarlarınıza nə dərəcədə uyğun gəlir?


- Heç uyğun deyil. Bu dərəcə xeyli azdır. Sıfır dərəcədir. Bir yerdə ki, professor tələbəsindən rüşvət ala, bundan böyük rəzalət nə ola bilər? Hansı ictimai əxlaqdan söhbət gedə bilər? Əksər qapıları döyəndə həmişə sənin əlinə baxırlar hansı ictimai əxlaqdan söhbət gedə bilər? Həmişə demişəm. Bizim cəmiyyətin ən böyük bəlası həmin ictimai əxlaqdır. Zadənin sizin radio ilə müsahibəsini oxumuşdum. Amma düşünmürəm o desin ki, bu Azərbaycan xalqının əxlaqıdır. Amma o olanı deyir, faktı konstantansa edir. Yəni ki, bu gün bizim cəmiyyətimizdə doğrudan da adına gah hörmət deyirlər, gah başqa cür deyirlər, bu var. Bunu Zadədə görür, başqası da görür. Dünya açıqdır, dünya bu saat ovucun içindədir. Allah bu interneti yaradanlara da uzun ömür versin, onu işlədənlərə də. Dünya çox balacadır bu gün. Hamı hər şeyi bilir. O baxımdan ictimai əxlaq bizim ən zəif yerimizdir. İctimai əxlaqı qaldırmaq lazımdır. İnsanlara sayğını qaldırmaq lazımdır. Müxalifət tərəflərdə birdə görürsünüz ki, bir gecənin içərisində təmiz simasını dəyişdi, başqa adam oldu. Və ya kiməsə yengəlik edir. Yəni kimi isə müdafiə etmək üçün qoşulub, bilir ki, deputat olmayacaq. Belə ictimai əxlaq olar?

- Yeri gəlmişkən, siz müəllimsiniz. Və seçki komissiyalarının tərkibi demək olar ki, müəllimlərdən ibarətdir. Deməli, onların bir çoxu seçki saxtakarlığında da iştirak edirlər. Necə yanaşırsınız bu məsələyə?

- Əgər edibsə, istəyir müəllim olsun, istəyir həkim olsun. Mənim bir yazım var. Dünyanın ən böyük oğurluğu səs oğurluğudur. Onu kim edirsə, kimliyindən asılı olmayaraq mən çox pis baxıram elə şeylərə.
XS
SM
MD
LG