Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Sayman Aruz "Postmodern azadlıq" (Hekayə)


Yağış şırhaşırla yağırdı. Tövlənin damına tökülən damlalar içəri süzülüb başımıza tökülmək üçün bir-birilə dalaşırdılar.

Sol tərəfimdəki şüşəsiz pəncərədən bayırı görə bilirdim. Gözəl idi.

Amma bizə yağış gözəllik demək deyildi. Üstümüzdəki və tövlədəki qığlarla peyinləri birləşdirib damdan daman sularla gözümüzə səpirdi.

Yağış yağanda tövlədə yaşadığımı bütün vücudumla hiss edirdim.

Soyuq olurdu və anam məcbur qalırdı məni və qardaş-bacılarımı bir yerə yığsın.

Həmişə istəmişdim yağış altında dayanıb doyunca məəə eliyəm.

Anamın gözünə girmək üçün yemək üstündə qırğın olardı həmişə.

Çoban bizi otarmağa aparsaydı heç, amma belənçı günlər çobanı gözləməyə məcbur qalırdıq.

Yoncanı gətirəndə də qiyamət başlayardı. Yazıq anam görərdi əlində bir iş gəlmir qarğış edərdi:

- “Ətinizi şişdə görüm balaaaa! Çobana yem olasız balaaaa!


Mən heç vaxt bu cümlələrin mənasını bilməmişdim. Şişin nə olduğunu bilmirdim. Heç anam da mənasını bilmirdi.

Deyirdi anasından eşidib. Amma mən hiss edirdim ki, çoban olmaq qoyun olmaqdan yaxşıdı.

Ən azı evi dammır. Məcbur deyil şüşəsiz pəncərədən bayıra baxsın.

Yadıma gəlir bir neçə gün qabaq qardaşlarımın birini bizdən ayırıb apardı çoban.

Iki başqa çobanlarla gəlmişdi. Əvvəlcə yaxşıca bizə baxdılar sonra qardaşımın ayaqlarını bağlayıb apardılar.

Anam da bilmirdi hara aparırlar. Biz isə bilmirdik narahat olmalıyıq yoxsa şad ?

Bəlkə bu nəmişli tövlədən yaxşı yerə apardılar?

Anam deyərdi: “heç vaxt gedənlərdən geri qayıdan olmayıb”.

Hər halda bilirdik çobanın yanındadı. Çoban mehriban idi. Heç vaxt məni incitməmişdi.

Yalnız sürümüzü qoruyan itdən şikayətliydim. Bilmirəm niyə hərdən gəlib qarşımda dayanıb üzümə hürərdi.

Məndə arxamı çevirib anama tərəf gedib onu it yerinə qoymazdım. Başı xarab!

Anam deyərdi itlərin hamısının başı xarab olar. Doğrusu öz qoyunluğumdan razı deyildim ama qoyun olmağı it olmaqdan yaxşı bilirdim.

Ona görə də başımı aşağı salıb yoncamı yeyirdim.

Yağış şırhaşırla yağırdı. Çoban iki başqa çobanla tövlənin qapısını açdı, əvvəlcə hamımıza göz yetirdilər, sonra isə çobanların biri barmağyla məni göstərdi.

Çoban mənə tərəf gəlib məni iki əlli göyə götürdü. Sonra qapının qabağında böyrüm üstündə yıxıb əllərimi və ayaqlarımı bağladı.

Çığırdım: “anaaaa məni hara aparırlaaaar?”

Dedi: “bilmirəəəəm. Yəqin qardaşının yanınaaaa. Güüüüclü oool. Biz də bir neçə gün sonra gələcəyik.”

Inandım. Yağış yağırdı. Məni bir torbaya keçirib maşının arxasına qoydular.

Bədənim tamam əzilmişdi. Öz-özümə fikirləşdim: bu nə yaxşı yerdi ki, gərək əli-qolu bağlı gedəsən?

Maşının hər hərəkətiylə bədənim oyan-buyana dəyib əzilirdi. Çox keçmədi ki maşın dayandı.

Məni torba qarışıq götürüb yerə qoydular. Torbadan çıxardılar və mən özümü bir yekə həyətdə gördüm.

Gözümü tikdim çobana. Dedim bəlkə gözlərimdəki sualı görsün. Gülürdü. Həmişəki kimi mehriban baxırdı.

Yanındaki adama dedi: şişləri yuyubsuz? Manqalı çəpərin altına aparın yağış söndürməsin.

Ay qız! Ordan bir muşamba gətir bunun altına salaq...

Şiş? Bildim ki çoban bilir şiş nədir. Dilimi qansaydı soruşardım.

Çox məəəə elədim amma faydası yox idi. Yavaş-yavaş qorxurdum.

Çoban əlindəki bıçağı bir başqa bıçağa sürtərək yanıma gəldi. Boğazımı oynatdı. Xoşuma gəldi.

Yağış yağırdı. Fikirləşdim: bəs qardaşım harda? Məəəəə elədim ama nədənsə səsim çıxmırdı. Inanmadım.

Bir də məəəəə elədim. Bu dəfə səsim lap az çıxdı. Bir gözüm yerə yapışmışdı, o biri gözümü də yağış göymurdu açım.

Qorxdum. Bütün bədənimi ağrı bürümüşdü. Çoban başımdan yapışıb göyə qaldırdı, bədənimi gördüm. Hər yer qan idi. Çoban başımı kəsmişdi. Inanmadım ama həqiqət idi.

: Çoban! Çoban! Məəəə eliyə bilmədim. Qardaşım...! ailəm...demək buna görə gedənlər qayıtmır...demək buna görə anam bilmir...şiş...

Yağış yağırdı...və mən ilk dəfə idi yağış altındaydım...
XS
SM
MD
LG