Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:13

«Ümid edirəm ki, 17 ayı orada əbəs yerə keçirməmişəm»


Adnan Hacızadə
Adnan Hacızadə
Bloqqer Adnan Hacızadənin «İşdən sonra» verilişində Xədicə İsmayılovanın qonağııdır, 1 illik həbsdən qurtulandan cəmi 1 saat sonra.

- Sən (məhkəmədə) son söz demək istəyirdin, prokurorun «mən etiraz etmirəm» deməyindən sonra fikrini dəyişdin. Mənim fikrimcə, bu, sənin üçün gözlənilməz idi.


- Mənim üçün gözlənilməz idi. Ancaq düşünürəm ki, hakim və prokuror üçün bu, gözlənilən idi.

Mən ilk dəfə bunu eşidəndə inanmadım.

İnanmadım ki, belə bir şey baş verə bilər.

Bu 17 ayda mən 12 məhkəməyə çıxmışam. Məhkəmə iclasına yox, məhkəməyə. Və heç birində ədalətli qərar olmayıb: «hər nə gördüm, əyri gördüm».

Ona görə bu xəbər məni çox sevindirdi. Hətta inanmadım ki, bəlkə, səhv ediblər.

Fikirləşdim, söz deyim, deməyim?! Sonra başqa cür interpretasiya olunar. Bir də axı nə deyim?!

Sevindim. Sözün doğrusu, sevindim.

5 saata yaxındır ki, azadlıqdayam, indiyə qədər də inanmıram. Bir ayağım elə bil, ordadır.

- «Ora» deyəndə, ora necə yerdir? Amerikada oxumuş bir gənc üçün «orda» olmaq necə bir hissdir?


- Birincisi, Allah eləməsin, kimsə ora düşsün. İkincisi, dinləyicilər də bilsin, iki cür yer var, hansılardan ki, mən keçdim. Birincisi, bu, türmədir. Ona deyirlər «istintaq təcridxanası».

Qapalı rejim şəraitində, kameralarda, dörd divar arasında sən yaşayırsan, məhkəməyə çıxırsan, qayıdırsan, sənin bütün həyatın bu kamerada keçir. Hər adama 6 kv. metr yaşayış yeri düşür bu kamerada. Və gəzinti.

Mən qaldığım istintaq təcridxanası Kürdəxanıdadır. Yeni tikilidir. Avropa standartlarına uyğundur və bu, yalan deyil. Doğrudan da belədir.

Eşitdiyimə görə, başqa təcridxanalarda olmayan şeylər burda var. Məsələn, su. Məsələn, ayaqyolunun və hamam otağının ayrı olması. Otağın içində olmaması. Təmizlik. İsitmə. Mən 27 ildir Bakıda yaşayıram, mənim evimdə isitmə yoxdur, gəldim, gördüm türmədə isitmə var. Bu mənim üçün çox böyük sürpriz oldu.

Və doğrudan da bir qonaq və ya komissiya gəlirdi, otaq-otaq gəzirdi, başqa-başqa ölkələrdən olan bu adamların özləri deyirdilər ki, «mən bütün dünyanı gəzmişəm, belə türmə görməmişəm».

Yenə də deyirəm, heç kimə qismət olmasın. Divarları qızıldan olsa da, yenə türmə türmədir.

Məhkəmənin qərarı çıxandan sonra, insan keçirilir cəzaçəkmə müəssisəsinə. Mən 14 saylı koloniyada cəzamı çəkdim. Qaradağ rayonunda Qızıldaş qəsəbəsində olan bir yerdir. Orda sən artıq qapalı şəraitdən çıxırsan. Gəzmək üçün yer var. İdman üçün yer var. Kino zalı. Kitabxana. Yemək bişirmək üçün müxtəlif ləvazimatlar. Şərait baxımından Kürdəxanı, sözsüz, daha üstün idi.

Qaradağ rayonunun təbiəti çox kəskin idi. Cəzaçəkmə müəssisəsinin ətrafında daş karxanaları var, bir az meh, bir az külək qalxan kimi daşların kəsilməsindən yığılan toz qalxır insanların üzərinə.

Amerika filmlərində göstərilən İraqdakı qum tufanlarına oxşar bir şeydir. 5-10 metrdən insanlar bir-birini görə bilmir.

Bu ağ toz insanların ciyərlərində, dərilərində, paltarlarında, yeməyinin içində olur və çox çətindir bununla bacarmaq. Üstündə bir əsgi olmalıdır ki, oturduğun ya yemək yediyin, kitab oxuduğun yeri dəqiqədəbir siləsən. Silirsən, bir saatdan sonra yenə toz bağlayır. «

- Orada, tək deyildiz, bir kamerada çox olur adam?

- Cəzaçəkmə müəssisəsində?

- Bəli.

- Orda barak-kazarma sistemidir. Mən qaldığım kazarmada məndən başqa 28 nəfər qalırdı. Elə kazarma var idi ki, 100 nəfər qalırdı. Bu həm yaxşıdır ki, darıxmırsan. Digər tərəfdən, kimsə öskürürsə gecənin sakitliyini pozur, öskürən isə çox idi, xəstəlik tez yayılırdı.

- Bəs dustaqlar arasında münasibətlər, həbsxananın işçiləri – dustaq münasibətləri necə?

- Necə deyərlər, hamı bu bəlaya düşüb və insanları bu bəla, bu dar gün birləşdirir. Mümkün qədər bir-birinə az da olsa kömək eləməyə çalışırlar. Bu 14 nömrəli cəzaçəkmə müəssisəsinə ən imkansız adamlar düşür. Hansılarının ki, yanına gəlmirlər, hansılarının ki, ailəsi yoxdur. Onlar da güc-bəla ilə çalışırlar orada yaşamağa. Mənim cəza müddətim 2 il idi. Digərlərinin müddəti 1 ildən 5 ilə qədər idi. Hamı çalışırdı yaşamağa. Deyirdilər ki, bizim azadlığımızı əlimizdən alıblar, bu o demək deyil ki, insanlığımızı da əlimizdən alıblar. Gəlin çalışaq ki, insan olaq. Əfsuslar olsun ki, həmişə bu mümkün deyil: növbələr var, hərdən su çatışmır, yemək çatışmır, hava şəraiti – bunlar hamısı problemlər yaradır, adamlar əsəbiləşirlər və sair və ilaxır. Amma necəsə yaşamaq lazım gəlir. Dövlətin verdiyi yemək var, gündə 3 dəfə yeməkxanada yemək verilirdi. Mən o yeməyi yemirdim, amma bütün cəzaçəkmə müəssisələri arasında ən yaxşı yemək bizdə idi, çünki orada yaxşı yemək olmasaydı, insanlar yaşaya bilməzdi.

- Yəni seçimi olan insanlar az idi?

- Bəli. Gündə 3 dəfə intizamlı şəkildə yemək yeyir və cəza müddətlərini sağ-salamat başa vururdular.

- Bəs həbsxana müdiriyyəti necə?

- Həbsxana müdiriyyəti mənə qarşı olduqca neytral mövqe idi. Bir tərəfdən mən hiss edirdim ki, onlar istəmirdilər beynəlxalq diqqətə, təpkiyə görə mənə qarşı nəsə baş versin. Digər tərəfdən mənimlə sadə dustaq kimi rəftar edirdilər və mən də bunu bəyənirdim. Mən hamı kimi sıraya düzlənirdim, qaydaları pozmurdum və çalışırdım heç kimdən fərqlənməyim.

- Yəqin ki, orda ən ciddi problemlərdən biri həmsöhbət problemi idi, sənin oxuduqların kitabları oxumuş, baxdığın filmlərə baxmış adamların olması problemi idi. Çoxmu fərqli idi kontingent?

- 700-dən artıq dustaq arasında cəmi 4 nəfər ali təhsilli adam var idi. İstəmirəm bunu sosioloji sorğu kimi qəbul edəsiz, amma mən özüm üçün müəyyən etdim ki, insanın təhsili nə qədər yüksək olsa, onun cinayət törətmək ehtimalı bir o qədər az olar. Yüksək təhsilli insan hansısa işlə məşğul olmaqda daha çox seçim edə bilir. Orda elələri var idi ki, adını belə yaza bilmirdi, nəinki latın əlifbasında, hətta kiril əlifbasında. Hərfləri bilmirdilər, yazı-poza bilmirdilər, saatı belə bilmirdilər. Mən orda çalışırdım kiməsə ərizə, ya evə məktub yazmaqda kömək edim. Təqvimi, saatı öyrədirdim.

700 nəfərdən cəmi 2-si ilə ünsiyyətdə oldum.

- Davamlı ünsiyyəti nəzərdə tutursan?

- Bəli, davamlı. Biri əvvəllər ticarət donanmasında işləmiş kapitan idi. Elə ləqəbi də «Kapitan» idi, hamı onu «kapitan» kimi çağırırdı, dünya görmüş insan idi.
Biri də orda tanış olduğum, xoşuma gələn, məktəbi qurtarandan sonra könüllü müharibəyə getmiş Qarabağ veteranı idi. Müharibədən sonra ali məktəbə qəbul olunmaq üçün sənəd vermişdi. Çox oxumuş, mütaliəli bir insan idi. Demək olar, mənim oxuduğum bütün kitabları oxumuşdu, mənimlə eyni səviyyədə, bəlkə hələ artıq - müzakirələr aparırdı. Amma ali təhsil ala bilməmişdi. Çünki onun iqtisadi vəziyyəti pis idi.
Amma baş verən bütün hadisələrdən xəbərdar idi. «Alatoran» jurnalını, «Alma» qəzetini oxuyurdu, çalışırdı, AzadlıqRadiosuna qulaq assın. Yeganə insan idi ki, o məni tanıdı, orada. Dedi sən, Adnansan, filan işə görə türməyə düşübsən. 700-dən çox dustaq arasında heç kim məni orada məni tanımırdı.

- Çoxlu ismarışlarla azadlığa çıxmanız münasibətilə Sizi, ailənizi təbrik edirlər. İsa Sadıqov yazır: «Adnan bəy, həmişə azadlıqda. Sizi və ailə üzvlərinizi ürəkdən təbrik edirəm. Əminəm ki, tezliklə Emin bəy də azadlığa çıxacaq. Bu hakimiyyət gəncləri qorxudub, sındırmaq istəyir. Amma bunlar başa düşmür ki, xalqın gələcəyini qorxutmaq mümkün deyil. Siz gənclərə can sağlığı və uğurlar arzulayıram».

- Sağ olun, inşallah Emin də azadlıqda olacaq. İsanın sözünə əlavə olaraq demək istəyirəm ki, mən Emini düzgün, ədalətli və yaxşı insan kimi tanıyıram. Emin həyatı boyu qeyri-zorakı və pasifizm ideyalarının yayılması ilə məşğul olub. Buradan birmənalı olaraq deyirəm ki, Emin xuliqan, cinayətkar deyil. Mən dua edirəm ki, Emin tezliklə azadlıqda olsun, öz ailəsinə, sevdiyi insanlara qovuşsun.

- Yeri gəlmişkən, mətbuatda yazılmışdı, AzadlıqRadiosu da məlumat vermişdi ki, Emin də orada savadı olmayan insanlara dərs keçmək üçün kitablar istəyib, onlara sənin kimi dərs keçir. Bizə maraqlıdır, Adnan Hacızadə, bax, bizim gördüyümüz bu adam oturur insanların qarşısında. Ondan soruşurlar ki, niyə tutulmusan? Cavab verir ki, iki idman cüssəli adamı döymüşəm. Buna oradakı insanların reaksiyası necə idi?

- Heç kim buna inanmadı, hamısı buna güldü. Dedilər, Adnan, biz səni iki gündür tanıyırıq, sən heç «milçəyin də xətrinə dəyməzsən», ruscadan tərcümə kimi desək. Dedilər, necə olub, danış. Mən də heç nəyi gizlətməyin mənası yoxdur, danışdım ki, hadisə necə baş verib. Dedilər, bəs, həbs niyə? Dedim çox güman ki, mənim baxışlarıma görə. Onlar da vəziyyəti başa düşdülər.

Onların arasında, məsələn, ingilis dilini öyrənmək istəyənləri vardı. Ola bilər, orta təhsilli, ya da təhsilini bitirə bilməyənlər olsa da istedadlı insanlar idi. Mən dedim, həvəsiniz varsa, suallarınızı deyin, mən də yolunu Sizə göstərəcəm. Xüsusən də mütaliədə və ingilis dilinin öyrənilməsi ilə bağlı. Üç-dörd adamla beş ay ərzində mütəmadi olaraq ingilis dilində məşğul oldum. Evdən dərslik, lüğət gətirdim.

- Yenə də dinləyicilərimizdən Ramin yazır: «Adnan, həmişə azadlıqda olasan, bu gün Eminə də nəsib olsun».

- Sağ olsun.

- Qubadan Nizami sual verir ki, Adnan, sənin yazdığın kimi yazmağı digər bloqçulara da məsləhət görərdinmi? Əslində Adnan Hacızadə video bloqçudur. Yazmaqdan çox çəkir...

- Bəli, kuryoz vəziyyətdir, biz bloqqer kimi dünyada tanındıq. İngilislərin bir sözü var: «catchy», çox elastik bir sözdür, bir çox insanları bu ad altında birləşdirmək olar. Eminin «Facebook» hesabı vardı. Onun orada 3000-dən çox dostu vardı...

- İndi 5000-dir.

- Ola bilər, xəbərim yoxdur. Yəni, hər göndərdiyinə 30-40 nəfər cavab verirdi. Yəni, bəzi qəzetlərin hazırda heç 3000 tirajı yoxdur.

Mənim isə, yazmaqla o qədər də aram yoxdur, video bloqu ilə məşğul idim. Demək olar, Azərbaycan ilk videobloqer mən idim. Sırf hobbi kimi fikirlərimi, yaxud maraqlı gördüyüm şeyləri çəkib «YouTube»a yerləşdirirdim. Bu işə başlayanda, demək olar ki, Azərbaycandan «YouTube»da heç bir yaradıcı məhsul yox idi. Ona görə...

- Mən ilk nümunəni 2006-cı ildə görmüşdüm. Siz sorğu keçirmişdiniz – «Siz nəyə inanırsınız?» sualı ilə.


- Bəli, bəli

- Bundan başqa sizin Azərbaycanla bağlı videolarınız vardı. «Çünki mən azərbaycanlıyam» seriyası var idi orda. Maraqlı sosial problemi açırdı. Bilmirəm bu müsbət idi, yoxsa mənfi, amma xeyli düşünmək imkanınız oldu məhbəsdə. Azərbaycanda sizin kimi gənc insanın üç əsas problemini sadalamaq istəsəniz, hansıları qeyd edərdiniz?

- Çox çətin sualdır. Əvvəla mən cəmiyyət tərəfindən azad sözü hiss edirəm. Çox vaxt. İnsanlar dialoqa girməyi, başqasının fikirlərini dinləməyi ya bacarmırlar, ya da istəmirlər. Onlar özlərini başqasının yerinə qoyub, onun nöqteyi-nəzərini anlamaq istəmirlər. Və buna görə də mən bəzən insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirəm.

İkincisi, iş tapmaq məsələsidir. Ola bilər ki, mən xaricdə təhsil almışam və başqa insanlarla müqayisədə daha çox bəxtim gətirib bu məsələdə. Universiteti bitirən istedadlı gənc üçün xüsusi əlaqələr olmasa iş tapmaq çətindir. Ola bilər bunun bir sıra səbəbləri var. Məsələn işəgötürmə proseduralarının şəffaf olmaması və s. Məni narahat edən üçüncü məsələ isə yaradıcılığın və keyfiyyətli əyləncənin olmamasıdır. Gənc insanlar istər incəsənətdə, istər ədəbiyyatda, istərsə də başqa sahələrdə yeniliyə can atmalı, «meynstream»ə alternativlər çox olmalıdır. İnsanlar özlərinə televizorda gördükləri, radioda eşitdikləri dəyərləri aşılayırlar və kənara baxmaq istəmirlər. Bu mənim şəxsi qənaətimdir.

- Dinləyici yazır: Qardaşım, millətimizin azadlıq kompleksindən qurtarmaq üçün nədən başlamaq lazımdır ? Siz bunu heç düşündünüzmü?

- Bəli düşündüm. Sözsüz ki, özümüzdən başlamaq lazımdır. Bu nə qədər bayağı səslənsə də, Qandinin bir sözü var, deyir: «dünyanı dəyişdirmək istəyirsənsə dəyişikliyin önündə özün olmalısan». Öz hərəkətlərində, öz sözlərində, öz etdiklərində çalışmalısan ki, düzgün olasan. Çalışmalısan ki, ədalətli olasan. Öz qərarlarında çalışmalısan ki, israrlı olasan. Bu ən vacib amildir. Bu Soljenitsinin məşhur yalandan kənar yaşamaq ideyaları var. Yəni onlar cəmiyyət tərəfindən aşılansa, çox yaxşı olar. Bəlkə də hansısa müsbət dəyişikliklərə gətirə bilər. Əsas cəmiyyətdir, insanlardır. Bu dövləti biz təşkil edirik. Azərbaycan milləti bizdən ibarətdir, Azərbaycan milləti amorf bir məfhum deyil. sözsüz ki özümüzdən başlamaq lazımdır.

- Dinləyici yazır: İçəridə olduğun vaxtlarda peşman olduğun bir an belə oldumu?

- İki an oldu. Birincisi mən başa düşdüm ki, mən azadlıqda olduğum vaxt nə qədər az iş görmüşəm. Vaxtımı səmərəsiz keçirmişəm. Həbsdə olanda sənin əlin-qolun bağlı olanda deyirsən ki, kaş ki, daha çox iş görərdim, kaş ki, daha çox xeyir gətirərdim. İkincisi də mən həyatım boyu Lev Tolstoyun «Hərb və Sülh» kitabını oxumaq istəyirdim. Son aylarda başladım. Birinci tomu oxudum, ikinci tomu oxudum, üçüncü tomun ortasında məhkəmə oldu və peşman oldum ki, axıra qədər oxuya bilmədim. Kitab yarımçıq qaldı. Hər bir insanın həyatında belə bir an var ki, bu kitabı oxumaq lazımdır axıra qədər. indi görən vaxtım çatacaq, ya yox.

- Dinləyici yazır: Ədalət uğrunda bu mübarizənin arxasında nə dayanır? Entuziazm, özünü xalqın gələcəyi uğrunda qurban vermək, və yaxud şəxsi ambisiyalar? Özünü gələcəkdə siyasi arenada görürsünüzmü?

- Belə planlar yoxdur daha doğrusu. Mən özümü məsuliyyətli vətəndaş statusunda görmək istəyirəm. Və çox ümid edirəm ki, bu statusa mən yavaş-yavaş nail oluram. Məncə vətəndaş həmişə öz fikrini azad şəkildə söyləmək, düzgün bildiyini etmək, nəyi isə etməyə gücü-qüvvəsi çatmırsa ən azından bunu demək – biz buna məcburuq. Bu bizim vətəndaşlıq borcumuzdur. Mən bunu edirəm. Çünki mən düşünürəm ki, bu mənim borcumdur. Entuziazm gəlir, gedir. Borc qalır amma.

- Dinləyici yazır: İsanın çarmıxa çəkilməsi xristianlığı yaratdı, sizin həbsiniz yeni siyasi dalğa. Bu özünü qurbana dəyərdimi?

- Özünü qurban deyəndə mən açığı deyim ki, mənim hər hansı bir ictimai fəaliyyətim olanda mən düşünmürdüm ki, bu belə bir şeylərə gətirib çıxara bilər və yaxud mən həbs olunaram. Əgər qurban düşünülmüş qurbandırsa, sən başa düşürsən sən nəyə qurban gedirsən onda demək olar ki, hə, sən özünü qurban vermisən. Mən sadəcə gücüm çatdığını eləmişəm. Və haradasa ola bilər cəzasını çəkmişəm. Qurban adlandırmazdım mən bunu. Amma mən arzu edirəm ki, əbəs yerə 17 ayı orada keçirməmişəm. Ümid edirəm ki, belədir.

- Dinləyici yazır: Sizin zonada məhbuslar arasında «bratva», «obşaklar» var idimi?

- Maraqlı sualdır. Mən sizə deyim ki, dustaq həmrəyliyi çox vacib şeydir. Çünki qalmısan orda dünyanın qırağında, yaxındakılar sənə kömək etməsə, heç kim kömək etməyəcək. Amma siz dediyiniz şeylər daha çox mənim fikrimcə qaldı sovetin vaxtında. Mən elə şeylər görmədim. Amma digər həbsxanalarda olmamışam deyə bilmərəm.

- Dinləyici yazır: Həbsdə hansı kitabları oxuyurdunuz? Orada sənə digər dustaqlar tərəfindən münasibət necə idi? Bundan sonrakı fəaliyyətiniz nə olacaq?

- Dustaqların münasibəti neytral. Heç kimin mənimlə xüsusi olaraq düşmənçiliyi də olmadı. Heç kimi incitmədim, heç kim məni incitmədi. Bu məsələ yaxşı həll olundu. Özüm bekarçılıqdan sayırdım 163 dənə kitab oxudum mən həbsxanada olanda. Ən maraqlısı rus klassiklərinin yenidən oxumağımdır. Sözsüz ki, Dostoyevskinin «Cinayət və cəza», « Şeytanlar», «Karamazov qardaşları»nı, Çexovun əsərlərini və Tolstoyu da başlamışdım, çox bəyəndim. Məsləhət görərdim ki, kimin vaxtı var və yaxud yoxdusa mütləq o kitabları yenidən oxusun. Azərbaycan dilinə tərcüməsi o qədər də keyfiyyətli deyil, amma rus dilini bilmirlərsə Azərbaycan dilində oxusunlar. İndiki planlarım nədir? Birincisi həkimə getmək. Hadisə baş verəndən sonra mənim burun çəpərimdə əyrilik baş verib. İndiyə qədər nəfəsim bərpa olunmayıb. İkincisi də yoxlamaq lazımdır məni. 17 ay qapalı rejimdə hərəkətsiz qalmışam. Ondan sonra da həyatımı özümə qaytarmağa çalışacam. Necə var idim elə də olmaq istəyirəm. Mən elə həmin Adnan kimi qalmışam, çalışacam elə də yaşayım bundan sonra.

- Və yenə də kameranı əlinə alıb küçədə gözünə çəp dəyənləri çəkəcəksən?

- Baxaq hələ vəziyyətə.(gülür). Amma kameram durur. Sındırmayıblar hələ. Mən olmayanda atam çəkirdi çox güman ki.

- Dinləyici yazır: Özün haqqında məlumat ver. Yaşın, ailən. Siz Hikmət Hacızadənin oğlusunuzmu?

- Bəli. 27 yaşım var. Subayam. Türmədən təzə çıxmışam. Atam-anamla yaşayıram. Hal –hazırda işsizəm.

- Oxuduğunuz kitabları haradan alırdınız?

- Evdən gəlirdi. «Facebook»da Adnan və Emin üçün kitablar qrupu açılmışdı və bütün dünyadan insanlar bizə kitablar göndərirdilər. Çox maraqlı kitablar gəlmişdi. Çoxusunu oxuduq. Məşhur Londonda buraxılan jurnallar gəlirdi onu da oxuyurduq. «Nyu-york Times» jurnalını oxuduq. Rusların məşhur «İnostranka» jurnalı var. Onu da oxuyurduq. Cəzaçəkmə müəssisəsinin də kitabxanası vardı. Amma orada mən bəyəndiyim kitablar az idi. yenə də oxudum. Dostoyevskinin «İdyot»unu, Tolstoyun «Dirilmə»əsərini oxudum.

- Dinləyici soruşur: Yəqin «girl-friend»i olub. O, onu gözlədimi?

- Bəli. tam əminliklə bildirirəm.

- Dinləyici soruşur: Siz yenidən əvvəlki işinizə qayıdacaqsınızmı? Sizi yenidən işə bərpa edəcəklərmi?

- Bunu bilmirəm Çünki 5 saatdır hələ ki, azadlığa buraxılmışam. Amma baxarıq da. Həyatdır.

- Siz səhv etmirəmsə, cəzaçəkmə müəssisəsinə göndərilməmişdən əvvəl istintaq təcridxanasında qalarkən Emin Milli ilə eyni kamerada saxlanılırdınız.

- Elə deyildi. Azərbaycan Respublikasının qanunvericiliyinə görə və ümumiyyətlə bu beynəlxalq bir standartdır ki, eyni iş üzrə keçən insanlar bir kamerada qala bilməzlər. Ona görə biz ayrı-ayrı kamerada qalırdıq. Amma məhkəmənin qərarı veriləndən sonra orada məhkum olunmuşların kamerası var, orada bizi Eminlə eyni kameraya saldılar. Çünki artıq bizim məhkəmə qərarımız verilmişdi və ta ki, biz müxtəlif cəzaçəkmə müəssisələrinə getdik, sonra biz ayrıldıq. Aprelin 10-dan mən Emini görməmişəm.

- Maraqlıdır mübahisələriniz olurdumu eyni kamerada qalanda?

- Daha çox müzakirəmiz olurdu və mübahisələrimiz o müstəvidə idi ki, Emin deyirdi ki, mən nə deyirəm sən razılaşırsan. Bu nədir? Emin mübahisə etməyi sevən bir insandır. Mən də deyirdim ki, elə bizim fikirlərimiz eynidir. Mən Eminlə istəyirdim ki, bizi bir kameraya köçürsünlər və ərizədə yazmışdım ki, Eminlə mənim dünya görüşlərim üst-üstə düşür. Ona görə biz özümüzü yaxşı aparacağıq. Zəhmət olmasa bizi bir kameraya salın. O da həmişə deyirdi ki, özü yazmısan ki, üst-üstə düşür, indi gəl müzakirə edək. O qədər güclü mübahisə baş vermədi. Amma çox danışırdıq. Vaxt öldürmək üçün. Şahmat oynayırdıq.

- Xarakterinizə necə təsir edib bu müddət?

- Böyük şeylərdə daha dözümlü olmuşam. Çünki 17 ay bu günü gözləyirdim. Axır-axır ümumiyyətlə özümdə hiss elədim ki, heç gözləməsəm də olar. İnsan alışır bir çox şeyə. Ola bilər kiçik şeylərdə hansısa səbirsizlik var məndə. O da biz hamımız ətraf-mühitimizin məhsullarıyıq. O oradan əmələ gəlir ki, nəsə istəyirsən alınsın, bu alınmır. Bundan əsəbiləşirsən, filan. Xarakterdə mən bəlkə də dəyişdirə bilmədiyim şeyləri qəbul etməyi öyrəndim haradasa. Yəni o demək deyil ki, mən onları dəyişdirmək istəmirəm. o demək deyil ki, mən bunu çalışmayacam və yaxud öz fikrimi söyləməyəcəm. Amma nəsə alınmırsa bunun barədə çox həyəcanlanmaq və yaxud ruhdan düşmək məncə mən aşıladım bunu. Möhkəm olmaq lazımdır. Əsəbləri qorumaq lazımdır. Və yaşamaq lazımdır. Mən belə qənaətə gəldim ki, arzularına-istəklərinə çatasan nəticədə.

- Arzularınız nədir?

- Mənim arzum odur ki, həyatımı istədiyim kimi yaşayım. Mənim istəklərim çoxdur. Onu biz saysaq... Mən istəyirəm ki, mən sevdiyim insanların ətrafında olum. Mən istəyirəm ki, digər insanlar heç biri daha yaxşı həyat üçün, daha yaxşı təhsil üçün mühacirətə əl atmasınlar. Bunlar bütün bu işlərini vətənlərində görsünlər. Xeyri Azərbaycana gətirsinlər. Azərbaycanı inkişaf etmiş ölkələrin sıralarında görmək istəyərdim. Öndə.

- Emin Millinin məhkəmə proseslərində iştirak edəcəksinizmi?

- Mən bilmirəm Emin Millinin məhkəməsi nə vaxt olacaq. Amma yəni maşın tapılsa, icazə versələr çox məmnuniyyətlə gələrəm və Emini dəstəkləyərəm.

- Siz həbsxana haqqında düşünəndə fikirləşirsinizmi ki, mən daha nələri isə etmərəm ki, həbsxanaya girməyim?

- Bu həyatda həbsxanadan heç kim sığortalanmayıb. İstər ictimai həyatda, istər küçəyə çıxanda, istər maşının sükanı arxasına oturanda. Nə etsən də olan olacaq. Yəni mən ümid edirəm ki, mən məcbur olmayacam ki, həyatımı necəsə dəyişdirim. Çalışacam ki, yaşadığım kimi yaşayım. Mən həmişə yazılmış və bir çox yazılmamış qanunlara hörmət edən olmuşam. Mən həmişə qanunçuluq prinsipi ilə, düzgünlüklə yaşamağa çalışmışam. Mən həmişə insanların şərəf və ləyaqətinə hörmətlə yaşamışam. Bundan sonra da elə belə də yaşayacam. Başqa cür bacarmıram mən.

- Həbsxanaya sizi görmək üçün gələnlərə imkan verilirdimi ki, onlar daxil olsunlar? Kimlər gəlirdi yanına?

- Məhkəmə vaxtı vəkildən başqa heç kimə icazə yox idi. Məhkəmədən sonra vəkil, atam-anam və ən yaxın qohumlarım. Məsələn xala, bibi, xala uşaqları, bu qədər. Ancaq ən yaxınlar.

- Bəs beynəlxalq təşkilatlardan necə gəlib gedirdilərmi?

- Gəlirdilər. ATƏT-dən gəlirdilər, Avropa Birliyindən gəlirdilər, yerli hüquq müdafiəçiləri gəlirdi, Elçin Behbudov gəlirdi. Onların gəlməsi bayram kimi bir şey idi. Psixoloji yardım kimi bir şey idi. Çünki fərqli bir sifət görürsən. Fərqli bir üz görürsən. Oturursan danışırsan. Çöldə nə var, nə yox. Camaat nə danışır filan. Çox gözləyirdim onları. Gələndə də sevinirdim.

- Dinləyici yazır: Həbsxanada sizdən başqa məhbusların haqları pozulurdumu?


- Mənim haqqımın pozulması ondaydı ki, mən düşmüşdüm ora. Orada olanda bir sıra şeylərdə məhbusların haqları pozulurdu. Amma bu ümumiyyətlə sistemin qüsurudur. Yəni sistem elə qurulub ki, bəzi şeylərə göz yumulur. Bəzi şeylərə icazə verilir. Sistem dəyişdirilsə bunları çox güman ki, aradan qaldırmaq olar. Amma açıq-aşkar haqq pozulması məsələn mən görmədim ki, kimi isə orada döydülər. O demək deyil ki, bu baş verməyib. Mən öz gözümlə görməmişəm bunu. Amma danışanda danışırlar da çox şeyi ki, filan oldu.

- Stress var idimi ki, siz nəyi isə etsəniz bu həbsxananın özünün yazılmamış qanunlarına zidd olar?

- Belə bir söz var: Romada olanda özünü romalılar kimi apar. Mən sözsüz ki, özümü digərləri kimi aparmırdım. Amma çalışırdım ki, çox münaqişələrə, konfliktə girməyim. Çalışırdım ki, hər kəs öz fikrində qalsın. Mən mülayim təbiətli insanam və ümumiyyətlə konfliktləri xoşlamayan insanam. Demək olar ki, heç kimlə mənim konfliktim yaranmadı. Çalışırdım öz fikrimdə, öz düşüncəmdə qalam. Öz ideyalarımı qoruyum. Amma başqasının da ərazisinə keçmirdim. Hamının fikrinə hörmətlə yanaşırdım.

- Bəs şəxsi azadlıqlar baxımından necə idi? Deyək ki, geyim məsələsi və s.


- Məsələn qayda odur ki, türmədə hamı qara geyinməlidir. Mən ümumiyyətlə qara geyinməyi xoşlamıram və bu qara rəng ideologiyası nəinki mövcuddur Azərbaycanda türmədə, hətta çöldə də. Xaricdən kimsə gələndə birinci ona fikir verir ki, hamı qara geyinir. Türmədə bu qaydadır. 7-8 ay ərzində dalbadal qara mayka, qara şalvar, qara papaq və s. geyinməkdən bezmişdim mən. İndi dəyişmişəm. Çox şadam. Özümü yaxşı hiss edirəm. bundan başqa liberal düşüncələrim vardısa onları bir az liberal insanlarla bölüşürdüm. Böyük problemlər yaşanmadı.

- Dinləyici yazır: Mən məktəbliyəm. Məktəblilərə arzunuz nədir?

- Məktəblilərə arzum odur ki, yaxşı oxusunlar. Bu bir az gülməli səslənir. Mən məktəbdə oxuyanda bir çox fundamental biliklərə yiyələnmişdim. Amma diqqətli deyildim dərslərimdə. Elə vaxt olurdu, fikirləşirdim ki bu asandır. Sonralar hamısı qayıtdı. Ona görə yaxşı oxusunlar. Bu biliklər doğrudan da lazımdır. Mən bilirəm ki, indi valideynlər 9-cu, 10-cu sinifdən uşaqları götürür məktəbdən qoyur ki, instituta hazırlaşsın. Mən bunun əleyhinəyəm. məncə şagird 11-ci sinfə qədər qalmalıdır məktəbdə və 11-ci sinif heç olmasa sovet sisteminin verdiyi fundamental biliklərə malik olmalıdır. Qalın məktəbdə. Çıxmayın məktəbdən.

- Bəlkə də sizə ağır olar. Amma qayıtmaq istəyirəm 8 iyulda baş verən hadisəyə. İndi qarşınıza həmin vaxt münaqişə yaşadığınız adamlar çıxsa onlara nə deyərdiniz? Vüsal Əliyev və Babək Hüseynov deyək ki, sizin qarşınıza çıxdı.

- Nə deyə bilərəm. Onlara deyilib artıq hər şey çox güman ki. İndi siz onların adlarını yadıma saldız. Mən onların adlarını da yadımdan çıxarmışdım. Onlar öyrədilmiş, bizim üstümüzə göndərilmiş insanlar idi. Nə deyəsən onlara? Heç nə. Ehtiyac da bilmirəm, duymuram. Yəni nə desəm xeyri olmayacaq. Əgər onlar mənim sözümü eşidən insan olsaydılar mən nəsə deyərdim onlara. Amma onlar... Onlar da bəlkə haradasa qurbandırlar. Bütün bu işin, bu sistemin. Heç bir sözüm yoxdur onlara.

- Üzləşdiyiniz məhkəmə sistemi ilə ölkə üçün hansı perspektivi görürsünüz?


- Deyirlər ki, məhkəmə sistemi pisdir, işləmir. Bunun bu şəkildə deyilməsinin mən əleyhinəyəm. Çünki ümumiyyətlə kompleks məsələdə bir çox ünsürlər var bizim cəmiyyətdə, bizim dövlətdə hansı ki, yaxşı işləmirlər, keyfiyyətli işləmirlər. Ədliyyə sistemində, Daxili İşlər Nazirliyi sistemində o cümlədən, məhkəmə sistemində, prokurorluqda bir çox yanlışlar var. Mən onları özüm öz üzərimdə hiss etdim və gördüm. Sözsüz ki, davamlı inkişafda sivil cəmiyyətin, vətəndaş cəmiyyətinin qurulmasında, demokratik quruluşun bərqərar olmasında azad məhkəmələrin rolu danılmazdır. Və demək olar ki, çox vacibdir. Reform başlasa sözsüz ki, məhkəmələrdən başlamaq lazımdır. Amma yenə demək istəyirəm ki, eyni zamanda bir çox başqa yerlər var ki, onlarda da müsbət dəyişikliklər gözlənilməlidir.

- Sizin indi şəxsən özünüzdə dəyişmək istədiyin nədir?


- Tənbəllik. Tənbəlliyi aradan qaldırmaq lazımdır. Ərincək də demək olar. Ərinirəm çox vaxt. Üzərimdə işləyəcəm. Söz verirəm hamıya.

- Sonda nə demək istəyirsiniz?

- Onu demək istəyirəm ki, arzu edirəm ki, bütün haqsız həbs olunmuş insanlar tezliklə azadlığa çıxsın və ilk öncə söz azadlığı üstündə tutulmuş azadlığa buraxılsın. Çünki bu insanların xeyri çoxdur cəmiyyətə. Söz azadlığını qoruyan insanların xeyri çoxdur. Onlar azadlıqda olmalıdır.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG