Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:57

«Narkotik istifadəçiləri arasında bu virusa yoluxanlar yüksəkdir»


3 aydan sonra onun bir yaşı tamam olacaq. 9 ay sonra, yəni yaş yarımlığında isə həyatı üçün əhəmiyyətli analizin dəqiq nəticələri bilinəcək. Hələ yeni dil açan, ayaq üstə dayanmağı təzə öyrənən bu körpənin İnsan İmmunçatışmazlığı Virusuna (İİV, daha çox ingiliscə qısa forması HİV kimi tanınır) yoluxması güman edilir.

Böyüklərdə bu analiz yoluxmadan 3 ay sonra, təzə doğulan körpələrdə isə 18 aydan sonra bilinir:

«Bəlkə də yaşamadım, dözə bİlmərəm buna...».

HİV-ə yoluxan insanlarda immun sistemi zəifləyir və onlar müxtəlif xəstəliklərə asanlıqla yoluxa bilirlər. Zamanla bu virusa yoluxanlar Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), daha çox SPİD ya AİDS kimi tanınan xəstəliyə düçar olurlar.

Bu körpənin isə hər iki valideyni 15 ildən çoxdur AİDS xəstələridir. Adlarının gizli saxlanması şərti ilə müsahibəyə razılıq veriblər. Deyirlər ki, həyatda çox çətinliklər görüblər, amma bu analizin nəticəsi müsbət olarsa, buna dözə bilməyəcəklər:

«Mənim iki uşağım şükür sağlamdır. Amma kiçik oğlumun xəstə olmağından qorxuram. Əgər o da xəstə çıxsa, bəlkə də yaşamadım, dözə bilmərəm buna...».

Sözlərini davam etdirə bilməyən həmsöhbətim üç uşaq atasıdır. Onunla narkotik istifadəçilərinin toplaşdığı bir məkanda görüşdüm. Qaranlıq və tüstülü otaqlar, qeyri-adi bir qoxusu olan bu məkan və burdakı insanlar...

BİR İYNƏDƏN BƏZƏN 100 NƏFƏR DƏ İSTİFADƏ EDİRDİ

Sanki onların başqa bir dünyası var. Peşman və şübhəli baxışlarla dolu olan qaranlıq bir dünya. Həmsöhbətim başlanğıcda zövq aldığı narkotikin sonradan belə ağır fəsadlarını, ən əsası arvadının daha sonra da oğlunun ölümcül xəstəliyə yoluxmasına səbəb olacağını ağlına belə gətirməzdi:

«Bizim müxtəlif xəstəliklərə necə yoluxulduğu barədə heç bir məlumatımız yox idi. Məsələn, QİÇS haqda heç eşitməmişdik. Narkotikdən istifadə edəndə venaya, damara vururuq. Məlumatın olmamağı da ona gətirib çıxarırdı ki, bir iynədən 5 nəfər, 10 nəfər, bəzən 100 nəfər də istifadə edirdi. Bizim üçün iynənin heç bir fərqi yox idi, su ilə yuyub, yenidən dəfələrlə istifadə edirdik. Biz bilmirdik ki, iynədə xəstəlik ola bilər, aramızda kimsə xəstə ola bilər və xəstəliyə belə asanlıqla yoluxmaq olar».

43 yaşlı həmsöhbətim 16 il əvvəl ailə qurub. Həyat yoldaşından narkotikdən istifadə etdiyini uzun illər gizlədib. Amma Moskvada həbs olunduğu vaxt onun ailəsinə narkotikdən istifadə etdiyi məlum olub. Ailəsi üçün bu yeganə xəbər olmayıb. Həm də onun AİDS xəstəsi olduğu bildirilib. Bundan sonra müayinədən keçən həyat yoldaşında da eyni xəstəlik aşkarlanıb. Hər iki valideynin AİDS xəstəsi olmasına baxmayaraq, onların 15 yaşlı oğlu və 14 yaşlı qızları sağlam doğulublar.

BİR İLDƏ 409 NƏFƏR HİV-Ə YOLUXUB

Ötən bir ildə Azərbaycanda 409 nəfər HİV-ə yoluxub. 1 dekabr 2010-cu ilə olan məlumata görə, ölkədə 2673 nəfər HİV daşıyıcısı var. Onların 63,5 faizi narkotikdən istifadə zamanı bu virusa yoluxublar.

1000-dən çox ailə HİV-ə yoluxub. 27 ailədə həm ata, həm ana, həm uşaq, iki ailədə ana və uşaq, 250 ailədə isə ata və ana, 690 ailədə yalnız kişi, 70 ailədə isə yalnız qadın HİV-ə yoluxmuş kimi qeydiyyata alınıb.

Zərərin Azaldılması Şəbəkəsinin apardığı araşdırmaların nəticələrinə görə, ölkədə HİV daşıyıcılarının və AİDS xəstələrinin sayı real rəqəmləri əks etdirmir.

Şəbəkənin icraçı katibi Rüfət Nəsibov bu tip xəstələrin artım tempini narkotik istifadəçilərinin sayı ilə müqayisə edir:

«Azərbaycanda rəsmi 23 min nəfər narkotik istifadəçiləri var. Amma bizim apardığımız tədqiqatın nəticələrinə görə, onların qeyri-rəsmi sayı 85 min nəfərdir. QİÇS-li xəstələrin 60 faizdən çoxu narkotik istifadəçisidirsə, bu tip xəstələrin sayının daha çox olduğu aşkar olunur».

DAHA DOLĞUN STATİSTİKA OLA BİLƏR

Həqiqət Qədirova
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova Azərbaycanda AİDS xəstələrinin və HİV daşıyıcılarının real sayının rəsmi statistikadan fərqləndiyini qəbul edir. Onun sözlərində görə, ölkədə daha dolğun statistikanın hazırlanması üçün tədqiqatlar davam etdirilir:

«Təkrar müşahidə göstərdi ki, narkotik istifadəçiləri arasında bu virusa yoluxanlar yüksəkdir. Zərərin azaldılması proqramları tətbiq olunur. Zərərin azaldılması proqramının risk qrupları arasında da tətbiq olunması üçün Qlobal Fonda müraciət etdik. Artıq Fond bizim sifarişi qəbul edib və bununla bağlı ölkəyə əlavə köməklik ediləcək. Bu ilin sonu gələn ilin əvvəli üçün yeni tədqiqat planlaşdırılır. Ümumilikdə ölkədə vəziyyəti müəyyənləşdirmək üçün biz tədqiqatları vaxtaşırı aparırıq».

Səhiyyə Nazirliyi 2008-2009-cu illərdə AİDS-lə mübarizə sahəsinə 2 milyon 500 min dollar vəsait ayırıb. Qarşıdakı beş il ərzində Qlobal Fond bu xəstəliklə mübarizə üçün 6 milyon 700 min dollar vəsait ayırıb.
XS
SM
MD
LG