Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:36

«WikiLeaks»: Amerika Ermənistanın İrana silah satmasından qəzəblənib


Serj Sarkisyan Qarabağda hərbi təlimləri izləyir, 2004
Serj Sarkisyan Qarabağda hərbi təlimləri izləyir, 2004
Ermənistan 2008-ci ildə Amerikanı əməlli-başlı qəzəbləndiribmiş.

Vaşinqtonda xəbər tutubmuşlar ki, Ermənistan ABŞ-ın düşməni İrana silah satır.

Almaniyanın “Şpigel” jurnalı bunları WikiLeaks saytında açıqlanan məxfi sənədlərə istinadla yazır.

Amerika diplomatlarının o zaman Yerevandan Vaşinqtona vurduğu teleqramlara görə, Ermənistan Bolqarıstandan

100 tank əleyhinə raket və 260 iri kalibrli pulemyot

alıbmış. Ermənistanın indiki prezidenti Sarkisyan o zaman Ermənistanın müdafiə naziri imiş, açıqlanan teleqramlara görə, o, şəxsən Bolqarıstana söz veribmiş ki, həmin silahlar Ermənistanda qalacaq.

Amma Amerikanın əldə etdiyi məlumatlara görə, həmin silahlar İrana satılıb, İran isə onları İraqdakı şiə yaraqlılarına ötürüb.

İraqda Amerika qüvvələri ilə döyüşən yaraqlılarsa həmin silahlarla - amerikalıların tədqiqatına görə - 1 Amerika əsgərini öldürüb, daha 10-nu isə yaralayıblar.

Kondiliza Rays, 2008
WikiLeaks-in açıqladığı sənədlərə görə, bundan qəzəblənən ABŞ-ın o zamankı dövlət katibi Kandaliza Rays hətta bu silah satışına görə Sarkisyana Amerika diplomatları vasitəsilə təzyiqi artırmağa çalışıb.

“Şpigel” jurnalı yazır ki, Amerika kəşfiyyatı Ermənistanla İran arasındakı silah sazişinin bütün detallarından xəbər tutub.

Məlum olub ki, tank əleyhinə RPQ-22 raketləri Vazovski Maşınqayırma Zavodunda istehsal edilib.

Pulemyotları isə Bolqarıstanın Arsenal şirkəti istehsal edib. Ermənistan tərəfdən sazişə Zao Veber şirkəti imza atıb. Onun səhmlərinin bir hissəsi dövlətə məxsusdu.

İran tərəfdən isə sazişi Abdi Asjerd silah satışı şirkəti imzalayıb.

Silahın pulunu – Amerikanın iddiasına görə - İran hökuməti verib, amma

bunu gizli olaraq bir erməni bankı vasitəsilə ediblər.

K.Rays o zaman Yerevandakı Amerika səfirliyinə məsələ ilə ciddi məşğul olmağı yazırdı: “İran kimi terrorçulara maliyyə yardımı edən, terror qruplarına silah verən dövlətlə əməkdaşlıq qəbuledilməzdir”.

Silahlar İrana satılıb, İran isə onları İraqdakı şiə yaraqlılarına ötürüb
Rays Amerika diplomatına təlimat verib ki, Sarkisyana təzyiq etsin - ona anlatsın ki, bir də belə şey təkrarlansa, Amerika Ermənistana qarşı geniş sanksiyalar tətbiq edə bilər.

Amerika diplomatına görə, görüşdə Sarkisyan əvvəlcə məsuliyyəti boynundan atmağa çalışıb.

Amma Amerika tərəfinin əldə etdiyi süburlarla tanış olandan sonra Sarkisyan söz verib ki, xarici ölkələrə silah satışına nəzarət gücləndiriləcək.

Amerikalılar isə onu gücləndirilmiş nəzarət qaydalarını mümkün qədər tez təqdim etməyə açğırıblar.
XS
SM
MD
LG