Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:52

Xalq Məclisi, Senat, yoxsa İctimai Palata?


Əli Kərimli və İsa Gəmbər
Əli Kərimli və İsa Gəmbər
- Bu forumu davam etdirməyin alternativi yoxdur. Bu ayın sonuna qədər toplaşıb strukturlaşdırmağa çalışmalıyıq.

Bu sözləri Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyası və AXCP-nin təşəbbüsü ilə dekabrın 14-də keçirilən forumda səsləndirib.

Müsavat başqanı bildirib ki, 7 noyabr seçkiləri bir daha Azərbaycan vətəndaşlarının təxminən 85 faizinin hakimiyyətə etimad göstərmədiyini üzə çıxarıb. Onun sözlərinə görə, ölkədə seçkilər saxtalaşdırıldığından seçki yolu ilə demokratik dəyişikliklər mümkün olmur: «Buna görə də narazı elektoratı vahid qurumda birləşdirib ölkədə demokratik dəyişikliklər etmək zamanıdır».

Keçmiş deputat Pənah Hüseyn isə yaranan qurumun «Xalq Məclisi», «İctimai Palata» və yaxud «Senat» adlandırılmasını təklif edib. Onun fikrincə, ölkədə müxalifətin tükənməsi, dalana dirənməsi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur:

BİZ DALANA DİRƏNMƏMİŞİK

- Bu məğlubiyyətlər uzun çəkə, sonsuz ola bilməz. Biz dalana dirənməmişik. Dalana dirənən hakimiyyətdir. Biz bu durumdan çıxmağı bacaracağıq.

Toplantıda AMİP-in təmsilçisi Adnan Novruzov da çıxış edərək təmsil etdiyi qurumun ölkədə demokratik dəyişikliklərə yönəlik bütün təkliflərə dəstək olduğunu deyib.

Keçmiş deputat Pənah Hüseyn isə yaranan qurumun «Xalq Məclisi», «İctimai Palata» və yaxud «Senat» adlandırılmasını təklif edib
Hüquqşünas Rahim Hacıyev isə düşünür ki, ən doğrusu liderlər ətrafında birləşməkdir. O, forum iştirakçılarını İsa Qəmbər və Əli Kərimlinin ətrafında birləşməyə çağırıb:

KONKRET ŞƏXSLƏRLƏ BAĞLI MƏSƏLƏ OLMALIDIR


- Forum ideyası çox gözəl ideyadır. Ancaq dünyanın heç yerində hansısa bir qurumu gətirib rəhbər qoymurlar. Bu, konkret şəxslərlə bağlı məsələ olmalıdır. O insanlara inam olmalıdır.

Yazar Qan Turalı isə cəmiyyətdə birlik ideyasının AXCP ilə Müsavatın birliyindən başlaya biləcəyini deyib. Onun sözlərinə görə, əgər aparıcı müxalifət partiyaları öz aralarında birləşmə ilə bağlı məsələləri çözə bilmirlərsə, toplumdan ciddi dəstək ala bilməyəcəklər:

BU İKİ PARTİYA ARASINDA HANSI İDEOLOJİ AYRILIQ VAR?

- AXCP ilə Müsavat arasında hansı ideoloji ayrılıq var? Hər ikisi liberal, demokrat, millətçi partiyadır. İdeyaları da, hədəfləri də birdir. Azərbaycanda AXCP-nin, Müsavatın aldığı səs deyə bir şey yoxdur – müxalifətin aldığı səslər var. Ona görə də cəmiyyətdə birlik ideyasını ortaya atan bu partiyaların özləri ilk sırada birləşməlidirlər ki, cəmiyyət də onların ətrafında toplaşsın. Siyasətçilər öz işlərini görə bilməsələr, bizim bu prosesdə iştirakımızın heç bir önəmi olmayacaq.

Zahid Oruc
Səslənən təkliflərlə bağlı çıxış edən AXCP sədri Əli Kərimli isə diqqəti yaradılacaq birliyin geniş formatda olmasının vacibliyinə yönəldib:

HƏR GÜNÜMÜZ REPRESSİYALARLA BAĞLIDIR

- Biz bu forumu daimi etməkdə qərarlıyıq. Biz birlikdə ən yaxşı hüquq-mühafizə komitəsiyik. Bizim hər günümüz repressiyalarla bağlıdır. Bu qurum yalnız siyasi qüvvələrin çiynində olmalı deyil. 85 faiz seçkiyə gəlməyən vətəndaşdan söhbət gedir. O insanları bu prosesə cəlb etmək, iştirakçılığı artırmaq gərəkdir. Ona görə də bu gün foruma qatılan siyasi partiya üzvü olmayan şəxslər də forumda aktiv fəaliyyətlərini davam etdirməlidirlər.

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə düşünür ki, müxalifətin birləşmək ideyaları hakimiyyətdən narazı elektoratın daha da parçalanmasına xidmət edir:

HAKİMİYYƏT ÜÇÜN BU, DAHA OPTİMALDIR


- Bu birlik onların ümumi qüvvəsini bir az da aşağı salmış olacaq. Bununla hər iki partiyanın içərisindəki antoqonizmlər, liderlərin bir-birinə patoloji nifrəti bir partiyanın içərisinə keçmiş olacaq. Hakimiyyət üçün bu, daha optimaldır. Digər tərəfdən, müxalifətçilərin hər hansı cəmiyyət qruplarını birləşdirmələri real deyil, çünki onların yeni dövrə yönəlik çağırışları yoxdur. Bütün vətəndaşlar kimi onların da hər hansı birlik yaratmaq hüququ var. Ancaq onların ciddi bir alternativ hakimiyyət komandası kimi formalaşmasına, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcəyinə inanmıram.

Azər Rəşidoğlu
Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə isə, müxalifətin konkret proqram və platforması olmadığından hər hansı birləşmə ideyasının ölkədə ciddi dəyişikliklərə səbəb olacağını ehtimal etmir:

BİRMA NÜMUNƏSİ

- Qarşıda 2013-cü il prezident seçkisi gəlir. Müxalifətin vahid namizədi artıq bəlli olmalı idi. Kim olacaq bu şəxs? Onun platforması hazırdırmı? Çox zaman deyirlər ki, hakimiyyət antidemokratik mübarizə üsullarından yararlanır. Bu yaxınlarda biz hərbi xuntanın hökm sürdüyü Birmada müxalifətin parlament seçkisində ciddi uğur əldə etdiyini gördük. Bir daha deyirəm, hərbi xunta rejimində. Demək, ambisiyaları kənara qoyub ciddi təşkilatlanmaq mümkün olduqda real nəticələr əldə edilir.

Azər Rəşidoğlu deyir ki, siyasətçilər nə qədər ağır mübarizə imkanları olsa belə, durumdan çıxış yollarını tapmağı bacarmalıdırlar. İndi müxalifət düşərgəsində görünənlər isə, siyasi şərhçinin fikrincə, hakimiyyətin son dərəcə zəiflətdiyi müxalifət partiyalarının bir-birinə olmayan güclərini göstərməsindən başqa bir şey deyil.
XS
SM
MD
LG