Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:22

«Azərbaycanda keyfiyyətli təhsil yoxdur»


Etibar Əliyev
Etibar Əliyev
«Azərbaycanda keyfiyyətli təhsil yoxdur». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında təhsil üzrə ekspert Etibar Əliyev deyib. O bildirib ki, indiyə qədər Azərbaycana təhsilinin keyfiyyəti nə daxildən, nə də xaricdən qiymətləndirilib:

«Bizim 2005-ci ildən üzv olduğumuz Bolonya bəyannaməsinə görə, bu sənədə üzv ölkələrin hamısında təhsil daxildən və xaricdən qiymətləndirilməlidir. Yəni, universitetlər akkreditasiyadan keçməlidir. Bizdə hələlik müstəqil daxili akkreditasiya büroları yaradılmayıb. Bu bürolar olmadığından təhsilin keyfiyyəti daxildən qiymətləndirilməyib. Bu olmadığı təqdirdə isə xarici qiymətləndirmədən ümumiyyətlə söhbət gedə bilməz».

Milli Tempus ofisinin rəhbəri Pərviz Bağırov isə bildirib ki, Azərbaycanda universitetlərdə olan təhsil haqqı ilə Avropa universitetlərində rahatlıqla təhsil almaq olar:

BİR ÇOX TƏLƏBƏLƏR ORA GEDİR

«Avropada eyni qiymətə universitetdə oxumaq olar. Bir çox tələbələr ora gedir. Bircə o problem var ki, Avropada yaşayış haqqı bir az bahadır. Buna baxmayaraq, orda da oxumaq olar. Amma mən deyərdim ki, müqayisə etmək çətindir. Çünki Avropada keyfiyyət çoxdur. Və keyfiyyət baxımından da çox böyük bir bazadır. Yəni onu dəyərləndirməkdə çox çətindir. Ən yaxşı universitetlərdə təhsil haqları çox bahadır. Amma universitetlər çoxdur, seçim də çoxdur. Həmin qiymətə Avropada universitetə girmək mümkündür».

Pərviz Bağırov Azərbaycanda nüfuzlu ali təhsil müəssisələrinin olmamasının bir səbəbini də məzun cəmiyyətlərinin işinin az olmasında görür:

«BİZDƏ MƏZUN CƏMİYYƏTİNİN İŞİ ÇOX ZƏİF TƏŞKİL OLUNUB»

«Təhsil haqqından əlavə universitetə necə gəlir gələ bilər? Bu ciddi bir problemdir. Mənim müşahidələrimə görə, Amerikada, Avropada olan universitetləri bir böyük gəlir mənbəyi məzunlardır. Yəni məzun ianələri. Sağlam bir məzun cəmiyyətinin olması universitetin əlavə gəlir problemini bir növ həll edir. Həm də elmi araşdırmalardan qazanırlar. Bu qarşılıqlı bir prosesdir.
Pərviz Bağırov
Çünki keçmiş tələbə öz universitetinə həmişə töhfədə bulunur ki, gələcəkdə onun təhsil aldığı universitet uca olsun. Bizdə bu ən böyük problemlərdən biridir. Bizdə məzun cəmiyyətinin işi çox zəif təşkil olunub».

Etibar Əliyev isə deyib ki, Avropada elə universitetlər var ki, onun büdcəsi Azərbaycan dövlətinin büdcəsi qədərdir. Bu da yalnız tələbə vəsaitləri hesabına yarana bilməz. Ekspertin sözlərinə görə, əgər universitet təhsil haqqını qaldırırsa, bunu əhaliyə izah etməlidir:

1500 MANAT TƏHSİL HAQQI NİYƏ 2500 MANAT OLDU?

«Bu gün 9 universitetin rəhbəri deputatdır. Onların qəbul etdiyi istənilən qərara Təhsil Nazirliyi müdaxilə edə bilmir. Hökumət müdaxilə edə bilmir. 2 il bundan əvvəl Dillər Universitetində Xarici dil fakültəsi 1500 manat idi. Birdən-birə 2500 manat oldu. Və Tarif Şurasının qərarını xalqa izah etmədilər. Praktikada belədir ki, universitet özünün təhsil haqqını bir manat qaldırdıqda bunu izah etməlidir. Xaricdən müəllimmi gətirib, tələbə mobilliyi baş veribmi və ya müəllim mobilliyi baş veribmi ki, bunun nəticəsində təhsil haqqları qaldırılır. Bunun səbəbləri izah olunmur. Bir tərəfdən belə bir utopik ideya var ki, Azərbaycanda əhalinin vəziyyəti get-gedə yaxşılaşır, əhalinin gəlirləri artır, əslində isə belə deyil. Əhalidə yoxsullaşma prosesi gedir. Və bu gün əhalinin büdcəsini dağıdan sahə təhsil sahəsidir».

CƏMİ 3-4 ALİ MƏKTƏBDƏ RÜŞVƏT YOXDUR

«Azərbaycanda ali təhsilin 70 faizi ödənişlidir» deyən Etibar Əliyev bildirir ki, Avropada, inkişaf etmiş ölkələrdə «Pulun var? Gəl, oxu» anlayışı yoxdur. Həmin ölkələrdə istedada və biliyə qiymət verirlər. Pul isə axırıncı məsələlərdən biridir. Hətta bunu başqa təşkilatlar da ödəyə bilər. Ekspert deyib ki, bizdə isə təhsil haqqını ödəməyin yolları da aydın deyil:

«200 manat gəliri olan bir ailənin uşağı 10-11-ci sinifdə təhsil alırsa, bunun 100 manatı getsin repetitor təhsilinə, 100 manatı da təhsil haqqına. Onda bu ailənin vəsaiti qurtarır. Onda bu ailənin özünü yaşatması üçün vəsaiti qalmır. Hələ biz əlavə ödənişləri demirik. Azərbaycanda cəmi 3-4 ali məktəbdə semestr vaxtı rüşvət yoxdur».

XS
SM
MD
LG