Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Rasim Qaraca. Sevgilinin itə çevrilməsi


















Sevgilinin itə çevrilməsi


Ölüm adi şeydir, hər kəs öləcək,
eləcə də sevgililər...

Bax, onun da sevgilisi ölmüş. Orada,
hər zaman paltar yuduğu o kötüyün yanında,
gecənin qaranlığında heç kimsə görməsin deyə diz üstə çöküb ağlayır...

Bir az keçəcək, bir neçə gün
bu ağlamaq səsi kimsəsiz, tənha, yaralı bir itin zingiltisinə bənzəyəcək,
hər gecə ağlayıb zingildəyəcək o qadın,
hər gecə ağlayıb zingildəyəcək...

Beləcə
gənc yaşlarında bir qadın
öz göz yaşlarında əriyib
kimsəsiz,
tənha
və yaralı bir itə çevriləcək...


Keşlə, Keşlə...

Yadıma düşəndə o başdanxarab
Keşlədə, sevgilisinin evində
qapı döyülən zaman
pəncərədən qonşu evin damına
oradan birbaşa qatara sıçrayan o cavan oğlan,
deyirəm keşkə, keşkə...
geri qayıdaydı bir də
qorxu dolu o günlər


Vəhylər gəlir pomadalı dodaqlardan

Üzümə tökülmüş qadın saçlarının arasından görürəm günəşi,
Xəzər dənizini, tərləmiş limonad şüşəsini, siqaretin burulan tüstüsünü,
sarı-mavi brezenti,
BP-nin neft buruqlarını,
insanların kölgəsiylə kəsilən zamanı...

Bu mənzərədə mənə ən yaxın olan qadın qulağını görürəm
istidən pörtmüş yanaqları,
ağ çanaqlı gözlüyü
gümüşü dırnaq boyasını,
insan dərisinə yapışan qum dənələrini...

Üzümə tökülmüş... qadın saçlarının arasından eşidirəm
dənizin xışıltısını
dişlərim arasında qumların xırçıtısını,
fotoaparatın şıqqıltısını...

Hiss edirəm kainatın necə döyündüyünü
vəhylər gəlir qulağıma pomadalı dodaqlardan...

Yanaşı uzandığım bu varlıq həqiqətin özüdür ki var
indi mən əsl həqiqəti tapmış kimiyəm...

Hiss edirəm günəşin,
dənizin,
qumun və
qadının qoxusunu...
XS
SM
MD
LG