"Azadlıq nitqləri" kitabından
Əvvəli burada
Siz azadlıq uğrunda mübarizə aparırsınız və mənim sizdən ilk xahişim belədi: ehtiyatlı olun, təhlükə yarananda, yorulanda, ayrı bir işiniz çıxanda mübarizəni müvəqqəti dayandırın. Bütün günü mübarizə aparmaq olmaz.
Yemək, içmək, dincəlmək, dost-tanışa, qohum-əqrəbaya baş çəkmək, məişət qayğılarıyla məşğul olmaq, nərd oynamaq, dənizə getmək, telefon zənglərinə cavab verməmək də lazımdı.
Siz azadlıq uğrunda mübarizə aparırsınız, ona görə sizə belə deyirəm. Əgər siz azadlıq uğrunda mübarizə aparmasaydınız, onda mənim sizdən ilk xahişim belə olardı: azadlıq uğrunda mübarizə aparın.
Mən demirəm ki, kitab oxumaq, xalq mahnılarına, görkəmli bəstəkarların əsərlərinə, muğamata-segaha qulaq asmaq, bayatı bilmək, ana dilinin incəliklərini öyrənmək, elmlə, incəsənətlə, ədəbiyyatla maraqlanmaq lazımdı.
Demirəm, çünki mən bunları azadlıq uğrunda mübarizənin birbaşa tərkib hissəsi sayıram. Bunlardan qıraqda qala-qala da azadlıq uğrunda mübarizə aparmaq olarmı, bilmirəm.
Aydın məsələdi ki, azadlıq uğrunda mübarizə aparan – birinci ona özü sadiq qalmalıdı, gücü çatdığı qədər azad olmalıdı, gücü çatan qədər azadlığın tərəfində durmalıdı, gücü çatanda onu boğmaq ehtirasından özünü saxlamalıdı, azadlığın gözdən düşməsinə imkan verməməlidi, azadlığı sevib-sevdirməlidi.
Bunu sizə demək artıqdı, çünki siz azadlıq uğrunda mübarizə aparırsınız. Ancaq azadlıq üçün çalışmayan adamlara bunu demək olar.
Onlardan elə birinci tas başa çatan kimi xahiş eləmək lazımdı ki, nərdtaxtanın arxasından durub gedib azadlıq üçün nəsə eləsinlər. Düzdü, başqalarını nəyəsə çağırmaq elə də yaxşı xüsusiyyət deyil, sən axı həqiqətə tam iddia eləyə bilməzsən.
Ancaq təklif eləmək olar, özü də ədəb-ərkanla, həm də ehtiyatla, çünki sən ona ziyan da vura bilərsən. Əgər ziyan vurmaq təhlükəsi varsa, onda sən bunu ona hökmən deməlisən. Ya da heç nə deməməlisən, qoy nərdini oynasın, təhlükə sovuşanda deyərsən. Başqa yol da var: ondan yalnız təhlükəsiz işləri xahiş eləmək.
Adamların taleyilə ehtiyatlı olmaq lazımdı. Siz azadlıq uğrunda mübarizə aparırsınız və mən sizdən xahiş eləyirəm: heç kimi küyləməyin, heç kimin də küyünə getməyin, özünüzdən və başqalarından muğayat olun.
Siz azadlıq uğrunda mübarizə aparırsınız, sizə qarşı da mübarizə aparanlar var. Bir yerdə silahla, bir yerdə dəyənəklə, bir yerdə pulla, şantajla yolunuzdan döndərmək istəyirlər sizi. Bəzənsə heç bir qıraq maneə yoxdu, eləcə daxili gücünüz çatmır azadlığın istədiyiniz həddinə qalxmağa. Darıxmayın, tələsməyin.
Təhlükə olan yerdə ehtiyatı, daxili gücünüz çatmayan yerdə inamınızı itirməyin. Təmkininizi qoruyun. Keçə bilmədiyiniz mərhələyə (ya təhlükəyə, ya da lazımi qədər mənəvi güc yığa bilmədiyinizə görə) bir də cəhd eləyərsiniz, fürsət gözləyin, irəlidə olan azadlıqlar qoy hələ yerində dursun, dünya dağılmaz, siz bir dönün geridə qoyduğunuz azadlıqlara baxın, bəlkə onlardan lazımi qədər istifadə eləməmisiniz?
Onlardan bir də istifadə eləyin, bir də yoxlayın, ixtiyarınızdakı azadlıqları bir də işə salın, qayıdıb görəcəksiniz yol açıqdı, lap bir addımlığa da olsa açıqdı, başqa cür ola bilməz. İşdi-şayəd, görsəniz ki, bir nəticə yoxdu, onda səbirlə, təmkinlə bunu – ixtiyarınızdakı azadlıqlardan geniş istifadəni – bir daha təkrarlayın, təkrar-təkrar təkrarlayın, çünki ayrı yol yoxdu. Daha doğrusu, var, ancaq belədi: ya başqasının əlində ölmək, ya da özünü öldürmək.
Mən sizdən xahiş eləyirəm, siz azadlıq uğrunda mübarizə aparırsınız və heç vaxt bu mübarizəni bu cür riskli işə çevirməyin. Nə qədər murdar şərait olur-olsun, azadlıq uğrunda mübarizəni asanlaşdırmağın yolunu da fikirləşmək lazımdı. Yemək, içmək, dincəlmək, dost-tanışa baş çəkmək, domino çırpmaq, telefonla laqqırtı vurmaq da lazımdı. Siz azadlıq uğrunda mübarizə aparırsınız, bunu sizə ona görə deyirəm.