Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:44

«Eurovision» yarımfinalında 9 nəfərin mübarizəsi başlandı


Azərbaycanın ötən ilki təmsilçisi Səfurə
Azərbaycanın ötən ilki təmsilçisi Səfurə
Yanvarın 10-dan Azərbaycanı «Eurovision-2011» mahnı yarışmasında təmsil etmək üçün 9 gənc mübarizəyə başlayıb. Bunlar İlhamə Qasımova, Aynişan Quliyeva, Eldar Qasımov, Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Arzum Xəlilova, İlqarə İbrahimova və Nigar Camaldır.

Milli seçimlərə qatılan və münsiflərin rəyi ilə növbəti yarımfinala vəsiqə qazanan şotlandiyalı müğənni Nikola Barkley isə yarımfinal mərhələsində iştirak etməyəcək.

İctimai Televiziya və Radio Yayımları Şirkəti bunu müğənninin səhhətindəki problemlərlə izah edir.

FİNALA BEŞ NƏFƏR ÇIXACAQ

Yanvarın 14-nə kimi davam edəcək yarımfinalın son mərhələsindən münsiflərin və tamaşaçıların səsverməsi ilə beş ifaçı finala vəsiqə qazanacaq.

«Mən dünən öz vokal imkanlarımı göstərdim. Bu gün isə gitarada, tarda çalacağam, üçüncü gün rəqs, dördüncü gün isə aktyorluq imkanlarımı göstərəcəyəm».

İştirakçılardan biri Çingiz Mustafayev belə deyir. O bildirir ki, öz imkanlarına inanır və beşlikdə, hətta müsabiqədə
Çingiz Mustafayev
Azərbaycanı təmsil edəcək şəxs kimi də özünü görür:

«Mən demirəm yaxşı rəqiblər yoxdur. Rəqiblər var, İlhamədir, Eldardır, Aynişandır və s. Ancaq mən özümə inanıram. Gözümü açandan musiqinin içində olmuşam. Bu mənim sənətimdir, keçmişimdir, gələcəyimdir, hər şeyimdir. Ona görə düşünürəm ki, bu işi bacaran insan kimi mən getsəm yaxşı olar».

Başqa bir iştirakçı Günay İbrahimli isə deyir ki, o əvvəlcə beşliyə düşməyi arzulayır. Bundan sonra daha fərqli çıxış edəcəyinə inanır:

«İki gün lirikaya həsr etmişəm, iki gün ritmik mahnıya. Rəqs də göstərəcəyəm.

Yəqin tamaşaçıların xoşu gələr.

Əgər beşliyə düşsəm daha fərqli bir şey göstərərəm. Neyləyəcəyimi beşliyə düşəndən sonra deyə bilərəm».

Günay İbrahimli
«BÖYÜK SƏHNƏLƏR PEŞƏKARLAR ÜÇÜNDÜR»

Xalq artisti Mübariz Tağıyev uzun illərdir gənclərin müxtəlif mahnı müsabiqələrində münsiflər heyətində təmsil olunur. O deyir ki, yarımfinala düşmüş 9 nəfərin içərisində istedadlılar çoxdur. Ancaq böyük səhnələr peşəkarların yeridir:

«Bizdə nə isə elə bir özfəaliyyət istiqaməti var. Ancaq bu gənclərin içərisində müəyyən yol keçmiş, yaşına, dünyagörüşünə görə geniş olanları da var. Onlardan biri də İlhamə Qasımovadır. Yaşına görə də, səs imkanlarına görə də, fakturasına görə də hələ ki, İlhaməni görürəm. Ancaq Nurlan Növrəsli də xoşuma gəlir, elə Çingiz də. Uşaqlar var. Ancaq böyük səhnəyə vəsiqə vermək olar, ya yox, hazırlaşdırmaq olar. Bəlkə də yarım ilə nə isə eləmək olar».

Mübariz Tağıyev deyir ki, seçim şərtləri də onu qane etmir:

Mübariz Tağıyev
«Məni qane etmir. Gərək belə seçimdə münsif heyəti olaydı. İndi SMS məsələsi var, deyirik ki, bütün dünyada bu qəbul olunur. Tamaşaçı da öz fikrini bildirməlidir. Ancaq mən deyərdim ki, tamaşaçı o qədər yox, yaxınlar öz fikirlərini bildirirlər. Mənə elə gəlir ki, SMS-lə sənət aləminə kimisə gətirmək normal deyil».

MAHNI QƏBULU DA BAŞLANIB

Yanvarın 11-dən «Eurovision-2011» mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün mahnıların qəbuluna da başlanılıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədovun verdiyi məlumata görə, mahnıların qəbulu 1 ay çəkəcək.

Müsabiqəyə təqdim olunan mahnı «Eurovision» müsabiqəsinin şərtlərinə uyğun olaraq 3 dəqiqədən çox olmamalıdır. Müsabiqədə həm yerli, həm də əcnəbi bəstəkarlar iştirak edə bilərlər:

«Nə qədər istəsələr mahnı təqdim edə bilərlər. Heç bir məhdudiyyət yoxdur».

Mahnı qəbulu başa çatdıqdan sonra isə artıq peşəkar münsiflərin rəyi ilə təqdim olunan musiqilər arasından «Eurovision-2011» müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı müəyyən olunacaq.

Azərbaycanı «Eurovision-2011»də təmsil edəcək ifaçı isə fevralın ilk günlərində müəyyənləşəcək.
XS
SM
MD
LG