Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:59

Mövsüm Səmədovun və əmisi oğlunun vəkili istintaq orqanlarına müraciət etdi


Anar Qasımov
Anar Qasımov
Yanvarın 12-dən Azərbaycan İslam Partiyasının sədri Mövsum Səmədov və onun əmisi oğlu Dəyanət Səmədov vəkillə təmin olunub. Hər iki şəxsin ailəsi onların hüquqlarının müdafiəsi üçün vəkil Anar Qasımovla müqavilə bağlayıblar.

Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, o, artıq müdafiə etdiyi şəxslərlə bağlı Baş Prokurorluğa, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə məktubla müraciət edib: “Tutulan şəxslərin yaxın qohumlarında onların harada saxlanmaları, onlara qarşı hansı ittihamların irəli sürülməsi barədə məlumat yoxdur. Ona görə də mən rəsmi olaraq bu gün müraciət elədim ki, bu barədə məlumat versinlər. Eyni zamanda mənim onlarla görüşümü təmin etsinlər”.

Vəkil Anar Qasımov deyir ki, onun müraciətinə qanunla gün ərzində cavab verilməlidir, çünki hər bir şəxsin tutulduğu andan öz vəkili ilə görüşmək hüququ var: “Ən geci bu gün mən onlarla görüşməliyəm”.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 7-də həbs olunub. Bu həbsdən sonra onun əmisi oglu Dəyanət Səmədov da saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti Dəyanət Səmədovun Qubadakı evinə və işlədiyi mağazaya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının baxış keçirmələri barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, hər iki yerdən əl qumbaraları və avtomat patronları aşkar edilib.

Sədr Mövsüm Səmədov də daxil olmaqla AİP-nın ümumilikdə beş nəfər üzvü həbsdədir. Lakin tutulanların harada saxlanılmaları barədə məlumat verilmir.
XS
SM
MD
LG