Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:40

Zeytunluğu generallar qırır?


Dedilər ki, ağacları kəsənlər «lap böyük» adamlardır.
Bakının 6-cı mikrorayonundakı zeytunluq deyilən bag-ərazidə şəhər yaşılaşdırma idarəsinin işçiləri budama işləri aparırdılar. Onlarla zeytunluğu kimlərin qırması, qırılan ağacların yerində villaların, restoranların kim tərəfindən və necə tikildiyi ilə baglı söhbətə başlayıram:

- Bilmirsiz burda ağacları kim kəsir?

- Vallah, bu bağ böyükdür, biz nə bilirik…

Amma söhbətimiz bir qədər qızışandan sonra həmsöhbətlərim o yana bu yana baxıb ətrafda kənar adamın olmadığına əmin olandan sonra bəzi fikirlər səsləndirdilər. Dedilər ki, ağacları kəsənlər «lap böyük» adamlardır. Həmin adamlara güc çatılası deyil.

«PUL OLANDAN SONRA LAP AEROPORT DA TİKMƏK OLAR…»

- Dayı, kimləri görmüsüz, kimlərdir onlar?

- Ay qardaş, dayını neynirsən, bir az aşağı get hamısı generalların evidir. Kabinet generallarının.

- Nə vaxtdan burda başlanılıb tikinti işləri?

- Neçə illərdir..

- Ağacı qırıb yerində necə ev tikmək olar, ona kim icazə verər?

- Pul olandan sonra lap aeroport da tikmək olar.

Zeytunluğun qırılmasına yaxınlıqda məskunlaşan məcburi köçkünlər də narazılıq edirlər. Deyirlər ki, yaşıllığın yerində məmurların villaları ucaldıqca onların qazı, suyu və işığı da
Zeytun ağaclarının yerində ən son dəblə imarətlər tikilir
azalır:

QIRILAN AĞACLAR VƏ YERİNDƏ TİKİLƏN MƏMUR İMARƏTLƏRİ


- 846 məcburi köçkün ailəsinin bu soyuqda qazı yoxdur. Yeddi villa tikilib qazı da gurhagur gəlir. Zeytun ağaclarını qırdılar yerində tikdilər.

Qonşuların deməsinə görə, zeytun ağaclarının yerində ən son dəblə tikilən imarətlər bir-biri ilə qohumluq əlaqələri olan müxtəlif nazirlik əməkdaşlarına məxsusdur. Biz ərazidə olanda imarətlərin bəzilərində tikinti, bəzilərində isə son tamamlama işləri gedirdi. Fəhlələrdən imarətlərin kimlərə məxsusluğunu soruşdum. Hamısı çiynini çəkdi.

AQİL XƏLİLİ DİDƏRGİN SALAN «ZEYTUNLUQ»

Yaşıllaşdırma idarəsinin işçilərindən biri isə zeytun ağaclarının qırılması və villaların tikilməsinin daha çox bu yaşıllıqdan yazan jurnalistin döyülməsindən sonra baş verdiyini bildirdi:

- O, jurnalist döyülən vaxtı hələ burda tikinti işləri getmirdi. Sonradan başladı.

(«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil bu ərazidə döyülmüşdü. O iddia edirdi ki, ağacları qırıb yerində imarət tikənlərdən bir neçəsi güc nazirliklərindən birinin yüksək rütbəli məmurlarıdır. Hazırda jurnalist Fransada mühacir həyatı yaşayır – M.Ç.)

«NAĞIL DANIŞMA, YIĞIŞDIR ŞEYLƏRİNİ GET…»

Hasara alınan zeytunluqlar
Zeytunluq deyilən yerdə imarət tikdirən bir nəfərə də rast gəldim. İş adamı olduğunu bildirdi. Dediyinə görə, tikilinin bütün sənədləri qaydasındadır. Bütün sənədlərin qaydasında olduğunu deyən həmsöhbətim həm də təkrar-təkrar imarət tikdiyi yerin zeytunluq deyil, zibillik olduğunu bildirirdi. Amma ağacların kəsilib yerində tikinti işləri aparıldığı aydın görünürdü:

- Burda sizə necə icazə veriblər?

- Mənim sənədlərim var (Cibindən sənədləri çıxarıb göstərir). Torpağı bələdiyyədən almışam, icra hakimiyyətindən də təsdiqi var.

- Neçənci ildə almısınız?

- 2007-ci ildə.

- Oxuyun o sənəddə nə yazılıb.

- Nağıl danışma, yığışdır şeylərini get…

Ancaq bu bagda ev tikintisinə cərəncam verilməsini icra hakimiyyəti təsdiq etmir.

Binəqəqi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Natiq Əliyev AzadlıqRadiosuna deyir ki, zeytunluq ərazisi Binəqədi rayonunun ərazisi olsa da, həmin ərazidən adamlara torpaq ayırmaq onların səlahiyyyətində deyil:

- Mən inanmıram ki, Binəqədi rayon İcra Hakimiyyəti orda tikiti üçün kiməsə icazə versin. Qabaq Rəsulzadə bələdiyyəsi tərfindən bəzi adamlara qanunsuz torpaq verilmişdi və ona görə də bələdiyyə sədri və bir neçə nəfər həbs edilib.

daş hasarlar, imarətlər yaşıllığın içərilərinə doğru irəlləməkdədir
Natiq Əliyev deyir ki, əgər indi o ərazidə tikinti gedirsə ola bilər inşaat qeyri-qanuni aparılır.

Hirsli həmsöhbətim isə ətrafda kəsilən ağacların hamısını yaşıllaşdırma idarəsinin işçilərinin kəsdiyini bildirdi. Hətta bununla bağlı polisə də müraciət etdiklərini dedi. Həmsöhbətimin dediyinə görə, yaşıllaşdırma idarəsinin işçiləri yaşıl ağacları qurumuş ağac, budama adı ilə kəsib satırlar.

Amma ərazidə olan yaşıllaşdırma idarəsinin işşiləri deyilənlərin yalan olduğunu bildirdilər.

ZEYTUNLUQDA İZ İTİRMƏYİN ÜSULLARI

Hasara alınan zeytunluqlarda hərə ağacları bir cür məhv edir. Kimi ağacı tamamilə kökündən çıxarmaqla, kimi onu dibindən kəsməklə, kimi də kəsdiyi ağacın yerində ocaq qalamaqla izi itirmək istəyir.

Kimin nəyi təsdiq, nəyi təkzib etməsindən asılı olmayaraq, hündür bir yerə çıxıb əraziyə nəzər yetirəndə mənzərə daha aydın görünür. Aydın görünən də odur ki, daş hasarlar, imarətlər yaşıllığın içərilərinə doğru irəlləməkdədir. Görünən həm də odur ki, bu irəlləyişin qarşısını alan hələ ki yoxdur.

Kəsdikləri ağacın yerində ocaq qalamaqla izi itirmək istəyirlər
Tikinti işləri bir yana yaşıllıqları həm də əraziyə axan kanalizasiya suları məhv edir. Zeytunluq deyilən yaşıllığın xeyli hissəsi yaxınlıqdakı yaşayış massivlərindən axan kanalizasiya suları içərisindədir. Yaşıllıqların xeyli hissəsi elə bu səbəbdən məhv olub.

«O KİŞİNİN RUHU İNCİYİR»

Zeytunluqda rastlaşdığım Bakı sakini Vaqif Hümbətov isə ağacların qırılmasına sabiq prezident Heydər Əliyevin «ağacları kim kəsirsə, elə bil mənim qolumu qırır» deyimi ilə münasibət bildirdi:

- Ona görə də kim ağac kəsirsə, mənə elə gəlir ki, o kişinin ruhu inciyir.

Həmsöhbətim mənə həm də ehtiyatlı olmağı məsləhət gördü. O düşünürdü ki, bu bag hələ çox başları «yeyəcək».
XS
SM
MD
LG