Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:41

İslamın cəza sistemi ədaləti təmin edirmi?


Niyazi Mehdi
Niyazi Mehdi
İslamın öz cəza sistemi var. Müxtəlif əməllərə görə müxtəlif cəzalar - əllərin kəsilməsi, şallaqlamaq, daşqalaq etmək, asılmaq və s. nəzərdə tutulur. Lakin məsələyə müasir insan haqları kontekstindən yanaşanda, bu cür cəza sisteminin nə dərəcədə düzgün işlədiyini demək olar? Bunlar həqiqətən mi cinayətkarın islahına şərait yaradır və onu gələcəkdə belə işlərdən çəkindirir?

İslamda cəza sistemi ilə bağlı bu və digər suallar AzadlıqRadiosunun «İnternyus Azərbaycan» təşkilatı ilə birgə hazırladığı «İslam və demokratiya» proqramında müzakirə olunub.

Filosof Niyazi Mehdi razılaşır ki, istənilən cəmiyyətdə cəza sistemi qaçılmazdır. İnsanın hansısa hərəkətinə görə cəza, eyni zamanda həvəsləndirici sistemlər olmalıdır. Filosof hesab edir ki, şəriətdəki cəza növləri orta əsrlərin Avropasına nisbətən xeyli insani olub. Amma sonrakı dövrlərdə bu cəzalar öz aktuallığını itirib.

ŞƏRİƏTDƏ CƏZA YANLIŞ VERİLƏ BİLƏR


Niyazi Mehdi hazırda İslam ölkələrində şəriətə uyğun cəzaların tətbiqini düzgün saymır. Çünki onun fikrincə, bu ölkələrdə Avropadakına uyğun ədalətli məhkəmə sistemi, günahkarın tapılması üçün zəmanət yoxdur. Deməli, cəzalar da yanlış verilə bilər:

«Türkiyə və bəzi ölkələri çıxmaq şərtilə biz İslam ölkələrinin hansında yüksək səviyyəli məhkəmə mədəniyyətini görə bilərik? Qərbdə insanın günahını sübut etmək üçün nə qədər əlləşirlər. Bəs İslam aləmində hansı yüksək kriminoloji işlər aparılır ki, onların müəyyən etdiyi cinayətkarlara uyğun cəzalar verilsin?».

QOLU KƏSİLƏN ADAM BİR DƏ OĞURLUQ ETMƏYƏCƏK?

Professor deyir ki, çoxlarında ölüm cəzası olmayan yerdə cinayətlərin baş alıb gedəcəyi kimi yanlış təsəvvür formalaşır. Amma elə Azərbaycanı misal göstərən Niyazi Mehdi qeyd edir ki, hazırda respublikada ölüm cəzasına layiq olan cinayətlər sovet dövründəkinə nisbətən heç də çox deyil:

«Həm də kim zəmanət verə bilər ki, oğrunun qolu kəsiləndən sonra bu cəzanın qorxusu onu növbəti belə əməldən saxlayacaq. Ona qalsa, hər kəs bilir ki, maşına minmək nə cür təhlükəlidir. Amma hər kəs maşın alır».

İSLAMIN CƏZA SİSTEMİ DÖVR ÜÇÜN MÜTƏRƏQQİ OLUB

Şahin Həsənli
«Mənəvi Dünya» İctimai Birliyinin sədri Şahin Həsənli də cəzaların zəruriliyi fikri ilə razılaşır. O belə düşünür ki, hər kəsi cəzalarla islah etmək mümkündür. Amma deyir ki, cəzaların növü mübahisə predmeti ola bilər:

«İslamın cəza sistemi o dövr üçün mütərəqqi sistem olub. O zamankı yarımvəhşi dövrdə hüquqi sistemin qurulması çox ciddi bir məsələ idi».

MÜASİR ALİMLƏR DAŞQALAQ CƏZASINA QARŞIDIR


Ş.Həsənli deyir ki, hazırda şəriətin cəzaları ilə bağlı müxtəlif məzhəblər arasında, hətta eyni məzhəblərin alimləri arasında da fikir ayrılıqları olur. Bəziləri hesab edir ki, zaman keçdikcə, bu cəza növlərinə yenidən diqqət yetirmək lazımdır:

«Məsələn, müasir alimlər daşqalaq cəzasını məqbul hesab etmirlər. Ümumiyyətlə, ölüm hökmü ilə bağlı da mübahisələr gedir. Düzdür, İslam ölüm hökmünü cəza növü kimi qəbul edir. Amma İslamın bu cəzanın tərəfdarı olduğunu iddia etmək düzgün deyil».

BƏZİLƏRİ 100-Ə QƏDƏR, BƏZİLƏRİ İSƏ CƏMİ 7 BÖYÜK GÜNAH OLDUĞUNU DEYİR


Ş.Həsənli deyir ki, şəriətə görə, böyük günahların cəzası – ölüm hökmü olur. Bunların sırasına zina, oğurluq, qanunsuz cinsi münasibət, dövlətə qarşı cinayətlər və s. daxil edilir. Amma hazırda hansı növ əməllərin böyük günah sayılacağına dair də mübahisələr aparılır. Hətta İranın özündə belə bəzi ruhanilər dünyəvi cəza növlərindən istifadə etməyə çağırırlar:

«Bəziləri 100-ə qədər böyük günah siyahısı tutub. Bəzisi bu cür günahların sayının sadəcə 7 olduğunu düşünür. Bəziləri deyir ki, İslamda əsas dəyərlər – yaxşı və pis qiymətləndirilən hərəkətlər dəyişmir. Sadəcə, cəza növü tətbiq ediləndə, baxılmalıdır ki, hansı günaha hansı cəza tətbiq edilsin».

Cəzalardan sui-istifadə hallarına gəlincə, Ş.Həsənli hesab edir ki, bu, yalnız İslam dövlətlərində deyil, dünyəvi dövlətlərdə də mövcuddur. İslam alimlərinə istinad edən ilahiyyatçı deyir ki, İslamda yalnız dəyərlər toxunulmaz qala bilər, cəzaları isə yenidən müzakirə etmək olar.
XS
SM
MD
LG