Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:45

Hafiz Mirzə "Qeyrət" (Hekayə)


(Hafiz Mirzənin bu hekayəsi "Kaspi" qəzetinin keçirdiyi və Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş hekayə müsabiqəsində baş mükafata layiq görülüb)

QEYRƏT

O, əlinə götürdüyü almaları nimdaş əski ilə bir-bir silib parıldadır, piştaxta üstünə yığılmış meyvələrin sırasına düzürdü.

Kefi kök olduğu üçün dodağı altında müxtəlif rus mahnılarını zümzümə edirdi.

Hərdən ətrafa da gözucu nəzər salırdı. Bu zaman qarşıdan keçən alıcılar arasında münasib müştəri axtarırdı.

Öz alıcısını fəhmlə tanıyırdı.

Eləsini görən kimi onu müxtəlif şirnikləndirici sözlərlə özünün satdığı meyvələrə sarı cəlb etməyə çalışırdı.

Bu minvalla onun satdığı meyvələr gah şəkərli diabetin, gah mədə xorasının, gah da ürək-damar xəstəliklərinin ən yaxşı dərmanı hesab olunurdu.

Burada utanmağın, çəkinməyin yeri yox idi, əks təqdirdə malı satılmaz, qalıb xarab olar, ziyana düşərdi.

Uzaq Azərbaycandan buraya ziyana düşmək üçün gəlməmişdi ki.

Kirayə tutduğu mənzildə yaşamaqdan, gürcülərin işlətdiyi kafedə xörək yeməkdən, oxuduğu universitetdə semestr qiymətlərini yazdırmaqdan, geyinməkdən, gəzməkdən, hərdən rus qızları ilə istirahət etməkdən, ümumiyyətlə, Moskvada hər şeydən ötrü pul ödəmək lazım idi.

Pulu isə burada nə xəndəkdən yığır, nə də ağacdan dərirdilər. Əslində burada heç xəndək də, iri yarpaqlı ağaç da görünmürdü.

Bu şəhərdə qarışqa kimi çalışmadan, arı tək özünü min yerə vurmadan və dəvə kimi əziyyət çəkmədən pul qazanmaq olmazdı.

Moskva göz yaşlarına inanmırdı.

Heç kəs adamın ala gözlərinə, dərd-sərinə, hətta yalvar-yaxarına görə də cibinə bir rubl pul salmırdı. Evdən gələn pul nəyə çatardı ki?

Həm də bu yaşda ondan ötrü ata əlinə baxmaq artıq ayıbdan ayıb bir hərəkət idi.

Xəstə, qoca atasına gərək o əl tuta, o kömək edəydi.

Amma ali təhsil alması da vacib idi. Atasının həmişə ən böyük arzusu onu ali təhsilli görmək, özünün ən böyük məqsədi isə uca kürsülər əldə etmək olmuşdu.

Ali təhsil almadan ucalmaq mümkün deyildi. Bir il orta məktəbdən, bir il də əsgərlikdən sonra cəhd göstərdi, Bakıda universitetə qəbul oluna bilmədi.

Əsgərlik etmiş olduğu Moskvada qəbul olmaq isə asan idi. Amma o, universitetə qəbul olundu, sanki buna bənd imiş kimi iki ildən sonra ölkəni böhran, qıtlıq, aclıq bürüdü, ixtişaşlar, mitinqlər başladı, qonşu respublikadakı ermənilər onların ərazilərinə torpaq iddiaları qaldırdılar, hətta o böyüklükdə Sovet hökuməti çürük ağac kimi tirtab yıxıldı, dağıldı.

Bakıda qəbul olunsaydı, dolanışıq üçün təhsilini heç buradakı kimi əyanidən gecə şöbəsinə də keçirtməzdi.

Gələn il universiteti bitirəcəkdi. Ancaq artıq buralara elə öyrəşmişdi ki, Vətənə gedib hər şeyi yenidən və sıfırdan başlamaq heç asan və ürəyincə deyildi.

Gedəcəkdisə, təkcə atasına, bacısına, bacısı uşaqlarına… bir də elə kəndlərinə, oradakı dağlara, meşələrə görə gedəcəkdi.

Çoxdandı buradan çıxa bilmirdi. Hər şeydən ötrü burnunun ucu göynəyirdi. Qulağına o qədər pis xəbərlər dəyirdi ki.

Qonşu Ermənistanın torpaq iddialarını, Qarabağ ermənilərinin kəndlərə silahlı hücumlar etməsini, günahsız adamları öldürməsini, talançılığı, hətta kəndləri işğal etdiyini eşidirdi.

Həmyerlilərinin erməni qarşısından qaçmasını, kəndlərin boşalmasını, işğal olunmasını heç cür başa düşə bilmirdi.

Axı Qarabağda erməniləri həmişə ən qorxaq adamlar hesab eləmişdilər, qorxaqlıq barəsində bir "Erməni qan görüb!" ifadəsi də vardı.

Bəs indi nə baş verirdi? Bəlkə də hadisələr çox şişirdilirdi, əslində heç bu səviyyədə deyildi. Hərə bir söz danışırdı.

Bütün günü bazar, sonra da universitet... nə televizora baxmağa, nə də qəzet oxumağa vaxtı yox idi.

Hərdən təsadüfən baxdığı televiziya verilişləri isə ermənilərin əzildiyini, hücumlara məruz qaldığını, qovulduğunu, hətta öldürüldüyünü bildirirdi.

Əsil həqiqəti gərək gedib öz gözləri ilə görəydi.

Bu isə çətin məsələ, böyük xərc demək idi. Üstəlik, Moskva həqiqətən də göz yaşlarına inanmırdı; Elə səhərin açılmağı olurdu, başı alver işlərinə elə qarışırdı ki, bir də görürdü ki, artıq köşkünü bağlayır.

Sonra universitetdən çıxıb yol boyu trolleybusda mürgüləyərkən, ya da yatağa uzanarkən də rayona, kəndlərinə zəng vurmalı olduğunu xatırlayırdı. Beləcə hər gün təkrar olurdu.

Birdən o öz qarşısında kölgə hiss etdi və buna uyğun olaraq başını və işarət barmağı ilə kepkasını qaldırıb baxdı. Yaşlı və ağsaçlı bir rus kişi piştaxtanın üstündəki meyvələrə baxaraq nəsə axtarırdı. Tipik rus əyyaşına oxşayırdı.

-Çto tebe , deduşka, yabloka, qruşi, vinoqrad?.. (" Sənə nə lazımdır, baba, alma, armud, üzüm?..") – deyə piştaxta üstündəki meyvələri göstərərək soruşdu.

- Qranat, sınok, qranat ("Nar, oğul, nar") .- kişi astadan cavab verdi.

Səhərdən kefi kök idi; Suxumidən gəlmiş erməni alverçilərini aldadıb mallarını ucuz qiymətə götürmüşdü. Yaxşıca qazanacaqdı. Buna görə indi səsinə qafqazlı ləhcəsi verərək bu kişi ilə məzələnmək istədi.

- Zaçem tebe qranat, dedulya, vzarvyotsya ved! ("Babacan, nar ( russadan hərfi tərcümədə "qumbara") sənin nəyinə lazım, partlayar axı!"). Vot tebe yabloka!.. Kupi, i kuşay nazdarovya!("Bu da sənə alma!..Al və sağlıqla ye!") U nas, v Azerbaydjane qranatı yeşyo ne pospeli! ("Bizdə- Azərbaycanda nar hələ yetişməyib!")

- Ne pospeli qovoriş? ("Yetişməyib deyirsən?") – qoca rus kişi istehza ilə qımışdı, düz onun gözlərinin içinə baxaraq və o da səsinə qafqazlı ləhcəsi verərək,- Daraqoy, poka vı zdes brodyayniçayete v Azerbayjane qranatam ne pospet! ("Əzizim, nə qədər ki, sizlər burada avaralanırsınız Azərbaycanda nar yetişməz!") dedi.- İ poetomu xitrıye armyane leqko zaxvatıvayut vaşi zemli! ("Buna görə də hiyləgər ermənilər sizin torpaqlarınızı asanca zəbt edir!")

Bu sözlər sanki onun qarşısında şimşək kimi çaxdı və elə bil onu qəfil ildırım vurdu…

O nəsə demək və bu qoca rus kişinin cavabını vermək istədi.

Amma bu anda dünyanın bütün sözləri qəhətə çəkildi, o matı-mutu qurumuş halda və ağzı açıla vəziyyətdə kişinin arxasınca baxaraq qaldı.

Sonra da bir müddət özünü ələ ala və pərtliyini qova bilmədi.

Hətta oğurluq üstündə tutulmuş uşaq kimi hərəkətlərinə və baxışlarına nəzarəti də itirdi.

Təkcə əlindəki almanı və əskini piştaxta üstünə atıb yeşik üstünə oturmağı bacardı. Burada hər gün yüz dəfə aldatdığı, ələ saldığı, bəzən qorxutduğu adi bir rus kişisindən bu qədər sərt sözləri heç gözləmirdi.

Ona nə üçün cavab verə bilmədi? O tamam haqlı idimi? Gedib bir erməniyə belə söz deyərdimi?

Sanki ən çox qorxduğu "biqeyrət" sözünü düz gözlərinin içinə demiş və bunu sübut eləmişdi.

Qeyrət məsələsinə qalınca… Bu onun anası, bacısı, atası demək idi. İndi onlardan dəqiq xəbəri vatdımı?

Anası çoxdan rəhmətə getmişdi, bacısı isə ermənilərlə qonşu kənddə ərdə idi.

Bacısından nə xəbər vardı? Bəlkə ermənilər onların kəndinə də hücum etmişdilər?

Deyilənə görə qəfil hücum edib qızları, arvadları əsir götürürlər.

Bunu buradakı həmyerliləri bildirmişdi və həmin gün bu acığa, bundan intiqam almaq üçün gecəni buradakı erməni qadınları ilə keçirtmişdilər.

Bəs əgər Qarabağ erməniləri onun bacısıgilin kəndinə də qəfil hücum etmişdilərsə…

Bu barədə çox düşünmək olmurdu. Daha əli də heç bir işə yatmırdı. Bu səbəbdən bazarda çox dura bilmədi.

Sanki o rusun sözlərini o biri rayonlardan olan həmyerliləri də, digər millətlərdən olanlar da eşitmişdilər deyə ona baxıb başlarını bulayacaqdılar.

Əlləri gödəkçəsinin cibində, baxışları səkidəki zir-zibilin üstündən keçərək, siqareti bir-birinə calayaraq, qaranlıq düşənədək Moskva küçələrində gəzib-dolaşdı.

Düşüncəsindən min bir fikir axıb keçir, hamısı da onu ittiham edirdi. Bacısı Zərifə ilə sonuncu dəfə altı ay əvvəl danışmış, göndərdiyi pulun çatıb-çatmadığını bilmək istəmişdi.

Bacısının bir oğlu vardı. Sonuncu dəfə görərkən balaca Azərin heç bir yaşı tamam olmamışdı.

Ona babasının adını qoymuşdular: Azər. Gör neçə il idi ki, nə böyük, nə də balaca Azərin üzünü görmürdü.

Belə də övladlıq və ya dayılıq olardımı? Zərifə həm özünün, həm də atasının dilindən ona yalnız özünə fikir verməsini, özündən muğayat olmasını bildirmişdi.

Atası ilə isə telefonda sonuncu dəfə az qala səkkiz ay əvvəl danışdığını dəqiqləşdirdi. Bu isə tamam əhvalını korladı.

Bəlkə kişi artıq ölmüşdü! Səщhəti heç yaxşı deyildi. Ölmüş olardısa bundan necə xəbər tutacaqdı?

Kirayə qaldığı evdə telefon yox idi, bazarda da hakaza. Bacısı da hara, kimə zəng vuracaqdı, kimdən xəbər göndərəcəkdi?

Onu boya-boşa çatdırmış insanın dünyadan köçərkən oğul çiynindən də məhrum olması heç bağışlanası günah olmazdı.

Bir yandan da ermənilərin törətdiyi basqınlar. Oradakılar nə üçün düşmənin cavabını vermirdilər? Həqiqətənmi Azərbaycanda nar hələ yetişməmişdi?..

O rus kişi haqlı deyildimi? Bəlkə doğma atası da elə düşünür və onu fərsiz oğul hesab edirdi. Amma…Axı heç onu çağırmamışdı.

Çağırmalı idimi? Buradan – uzaq Moskvadan onların kəndi apaydın görünürdü. Dünyada yəqin ki, onun qədər füsunkar ikinci bir kənd yox idi.

Bəlkə də ermənilər artıq onların kəndini darmadağın etmişdilər.

Bu belə idisə özünü kişi hesab edib bazara çıxmağa haqqı vardımı?

Burada ermənilərlə münasibət yaxşı idi; bir-birlərinə mal və müştəri verir, pul qazanırdılar. Ermənilərə az xeyir verməmişdi.

Bəlkə ermənilər onun vasitəsilə, elə onun əlilə qazandıqları pullardan Dağlıq Qarabağ ermənilərinə yardım göndərirdilər.

Onların bir erməni olaraq kilsəyə can vergisi verdiklərini eşitmişdi.

O halda özü öz elinin-obasının bir düşməni vəziyyətində görünmürdümü?!

Ermənilərlə rusların arasında bir xristian təəssübkeşliyi vardı; bunu buralarda da hiss edirdi. Sabah onlar rusların əli ilə bütövlükdə Qarabağı tuta və Ermənistana birləşdirə bilərdilər.

O halda onun indi burada aldığı ali təhsil, elm, savad kimə lazım olacadı? Bu elmlə, savadla gedib harada ucalacaqdı – düşmən əsarətindəmi?

Günlərin bir günü o kiminlə ailə quracaqdı? Vaxtilə ermənilərin əlinə keçmiş bir qızlamı?

Toy gecəsi bakirə çıxmadığına görə o qızın onu ittiham eləməyə haqqı çatacaqdımı?! Deməli, biqeyrətliyi boynuna götürəcək, səsini belə çıxartmayacaqdı.

Bir vaxtlar Qarabağ uğrunda müharibə barəsində söz düşəndə o öz övladlarına və ya nəvələrinə nə cavab verəcəkdi? Müharibə vaxtı o harada idi? Moskvada oxuyurdu?

Bazarda alver edirdi? Bəs ondan qeyrətin, namusun nə olduğunu soruşsaydılar, necə izah edəcəkdi?

Deyəsən o rus kişi tamamilə haqlı idi.

Özünə bəraət qazandırmaq istəyirdisə də, sanki içində kimsə oturub ona kəskin cavablar verirdi. Bu cavablardan qaçaraq hara gəlib çıxdığını bilmirdi.

Qarşısına çıxan kafelərdən birinə daxıl olub, bir qədər içmək, kefini açmaq istədi. Ancaq içki ilə iş düzələcəkdisə ruslar dünyanın ən mahir işbazı olardılar.

Cavabı özündən betər olan sualların qarşısında tədricən əsəbiləşir, qəzəblə damağındakı siqaretin filtirini gəmirirdi. Qarşısında donub qaldığı beton dirək trolleybus xətlərini dartıb saxlayırdı. Onu süzüb, sonra başını bu dirəyə çırpmaq istədi.

Bu zaman bir tərəfdəki teleqraf qovşağı diqqətini cəlb elədi. Tələsik ona sarı yüyürdü.

Kommutator qız onun sifarişini qəbul edərkən baxışları tanış göründü.

O andaca tanıdı – sanki bu gün bazarda gördüyü o qoca rus kişinin qızı imiş. Digər ruslar da o kişiyə oxşamağa başlamışdılar.

Və hamısının baxışlarından ittiham yağırdı. Bir qədər içəridə, sonra bayırda siqaret çəkərək gözlədi.

Yenidən içəriyə qayıtdıqda kommutator onların rayonu ilə rabitə əlaqəsinin naməlum səbəblər ucbatından tamam kəsildiyini bildirdi və bəlkə oralarda döyüşlər getdiyini əlavə etdi.

Döyüşlər! Hamının hər şeydən xəbəri vardı, təkcə ondan başqa!

Aydınlaşma aparmağa hövsələsi çatmadı, bayıra çıxan kimi qəzəblə bir kənara tüpürdü. Sonra başından kepkasını götürdü və yolda şütüyən maşınlara sarı nifrətlə tulazladı. Qəzəbindən indicə bağıracaqdı.

Taksi gözlədiyini zənn edən bir maşın düz onun qarşısında dayanıb durdu. Birbaş kirayə qaldığı evə gəldi.

İki iri çamadan seçib, içərisini bu vaxta kimi aldığı ayın-oyunla doldurdu. Almış olduğu uşaq paltarlarının çoxu bəlkə də artıq Azərin əyninə olmayacaqdı. Amma götürdü.

Nə bazardakı satılmamış malları, nə də ali məktəbi barəsində düşünmədi.

Eyni qətiyyətlə birbaşa Demodedovo təyyarə limanında gəldi. Bakıya bileti çox çətinliklə tapdı və Bakıya uçdu.

Təyyarədə səs-küy salmış həmyerlilərinin dilindən bir kəlmə Qarabağ barəsində söz eşitmirdi.

Hər kəs öz hünərindən danışır, rusları necə ələ salmasından bəhs edib gülürdü. Ermənilərin basqınları barəsində o da bir söz soruşa bilmədi.

Qorxdu ki, bu xəbərsizliyinə görə onu o rus kişi kimi tikanlı sözlərlə qınayar, dildə deməsələr də ürəklərində onu biqeyrət hesab edərlər.

Bakıda çox qalmadı, qohumlarıgilə də dəymədi. Küçədə qarşılaşdığl adamların simasından yazıqlıq süzülürdü.

Heç rayona zəng vurub gəldiyini xəbər vermək də istəmirdi. Artıq təlaş keçirər, qohum-qonşu toplaşar, tədarük görərdilər.

Kimsənin qınayıcı nəzərləri ilə qarşılaşmaq istəmirdi. Pulunu qabaqcadan ödəmək şərtilə çox baha qiymətə maşın tapıb birbaşa rayona yola düşdü.

Maşında yüz ilin yorğunları kimi möhkəm yatdı. Həm də sürücünün mənasız söz-söhbətlərini və ya maqnitafonda bayağı musiqiləri eşitmək istəmirdi.

Elə diringə mahnıları Moskva bazarlarında eşidərkən digər millətlərin istehzalı baxışları qarşısında xəcalət çəkərdi. Qarabağ bölgəsi kimi musiqi akademiyası var ikən həmyerlilərinin bu qədər bəsit mahnılardan həzz almasını heç cür anlaya bilmirdi. O mahnılar onun qulaqlarının içini dəlir, əsəblərini didirdi.

İndi də qəribə səslər qulaqlarını deşməyə başlamışdı. Nəhayət onu yuxudan oyadan da bu səslər oldu.

Üzləşdiyi mənzərə onu çaşdırdı. Əvvəlcə bu gördüklərini bir qarışıq yuxu sandı.

Əks istiqamətə sıralanmış, ev əşyaları ilə dolu yük və minik maşınları, arabalar, əyni yalın piyada qadınlar, qocalar,cavanlar, ora-bura vurnuxan əsgərlər, milis nəfərləri, dartılaraq aparılan hərbi texnika, insanların simasındakı əzab-əziyyət ifadəsi ağlasığmaz vəhşət yaradırdı.

Bunun nə demək olduğunu anladıqca tükləri ürpəşir, içinə qəzəb, nifrət dolurdu.

Bu qədər camaat hara və niyə qaçırdı? Yox, burada hansısa müharibə filmi çəkilmirdi.

Bütün bunlar gerçək idi. İnsanlar baş götürüb qaçırdılar! Dünənin məzlum və mağmun erməsinin qarşısından sanki bütöv bir rayon qaçır, öz torpağından, ev-eşiyindən didərgin düşürdü.

Bu mənzərə bu yerlərə heç yaraşmırdı da.

Dünənin sakit Moskvasından çıxıb bu günün bu mənzərəsi qarşısında özünü qaranlıqdan gur işıq selinə çıxmış adam kimi çaşqın hiss edir, gözləri sulanır, baxa bilmirdi.

Çevrilib sürücü ilə bu barədə danışmaq istədi. Amma sürücü çox narahat və əsəbi görünürdü. Deyəsən bu vəziyyətlə üzləşməsi onu qorxutmuşdu. Bir siqaret çıxardıb yandırdı.

Tədricən karvan sona yetir, arxasında boş yol görünürdü. Birdən yol kənarında durmuş kimsəsiz bir araba diqqətini cəlb elədi və bir andaca gözlərinin içinə sancıldı.

Maşın yaxınlaşdıqca arabanın içində bir qədər ev əşyalarını və həm də bir balaca oğlan uşağını gördü.

Əyni nazık, 3-4 yaşlı bu oğlan gözlərini ovuşduraraq çığırır, ağlayırdı. Ötüb-keçən maşınlar dayanmır, kimsə ona əhəmiyyət vermirdi.

Qeyri-ixtiyari olaraq sürücünün qolunu tutdu və "Saxla!" deyə qışqırdı.

Təkərlər şoseni cırmaqlayıbmış kimi inilti qopartdı və maşın dayandı. Qaçaraq özünü bu arabaya və uşağa yetirdi.

Uşaq çənəsini sallayaraq ona təəccüblə baxdı və susdu. O heç bir şey soruşmadan, əvvəlcə əynindəki gödəkçəni çıxardıb uşağa bürüdü. Onun bu vəziyyətinə özü günahkar imiş kimi uşağın gözlərinə baxa bilmədi.

Yəqin ki, valideynləri onu itirmişdi. Onu burada saxlamaq olmazdı; soyuqdan, aclıqdan və kimsəsizlikdən tələf olardı.

Uşağı qucağına götürüb şoseyə tərəf yönəldi və gördüyünə duruxub qaldı.

Onu gətirən maşın yox idi. Əks tərəfdə onun sürətlə uzaqlaşdığını gördü. Amma buna nə çox təəccübləndi, nə də qəzəbi tutdu. Çamodanları yol kənarına qoyulmuşdu.

Vəziyyətlə barışdı və sakitcə arabanı yola çıxartdı. Sonuncu dəfə nə vaxt araba sürmüşdü?

Yeddi-səkkiz il olardı. Kənddə traktor, Moskvaətrafı hərbi hissədə xidmət zamanı isə lap tank da sürmüşdü. İndi arabanı kimsəsiz şose ilə rayon mərkəzinə sarı sürmək gəmi və ya təyyarə sürməkdən daha çətin görünürdü.

Bu at arabası idi və burada hər şey atın öz təpərindən asılı idi.

Havanın soyuğu bədənini yalayır, uzaqlardan gurultu səsləri eşidilirdi. İçərisindən keçib getdiyi tanış kəndlər də indi tamam kimsəsiz görünürdü. Ağaclarda dərilmədən qalmış heyvalar sanki bu kimsəsizlikdən dərd çəkib saralmışdı. Yanındakı balaca oğlan ona qısılmışdı.

Hərdən ona nəzər salarkən baxışları toqquşur və bu tanış baxışlarda özünə qarşı böyük inam, etibar və bir az da doğmalıq hiss edirdi. Ondan nəsə soruşmağa dəyməzdi. Bu yaşda uşaq nə deyəcəkdi, nə başa salacaqdı ki?

Ya da birdən sətr bir söz deyər, onu o sözlə Moskva bazarındakı rus əyyaşından daha betər yandırardı. Özünü bütün ittihamlara layiq bilirdi, əlavə ifadəyə ehtiyac yox idi.

Burada az qala dünya dağılır, o isə bəlkə indi Moskvada hansısa erməni ilə oturub tut arağı içirdi.

Sonralar bu vəziyyəti özünə bağışlaya bilərdimi? İçini yenidən didməyə başlayan bir doğma hiss atın yüyənini qırmanc əvəzinə ona çırpmağa məcbur elədi və araba bir qədər yeyin irəlilədi.
Bir halda ki, böyük köç getmiş, deməli, onların kəndi də didərgin düşmüşdü.

Bəs onun atası, bacısı Zərifə, əri Əhməd, oğlu Azər?.. Görəsən onlar indi harada idilər?

Bəlkə kənddə qalmış, qaça bilməmişdilər?.. Bu balaca oğlanın valideynləri bəlkə öldürülmüşdü, bəlkə əsir götürülmüşdü.

Yazıq uşaq, gözlərini ondan çəkmir, yəqin ki ondan kömək umurdu. İndi ac olardı.

Elə özü də dünən bazardakı kafedə yediyi gürcü xəngəlinin və çəkdiyi sonuncu siqaretin üstündə idi.

Rayon mərkəzindən keçərkən də bir kimsəni görmədilər.

Bu kimsəsizlik içərisində təkcə iri mərmi çalaları, yanmış və tüstüləyən evlər, darvaza ağzında oturmuş qoca köpəklər, açıq qalmış həyət qapılarından küçəyə çıxmış toyuq-cücə, büzüşmüş pişiklər və həyət-bacalardakı meyvəli ağaclar diqqəti cəlb edirdi. Baxışları ilə nar ağacı axtardı.

Burada heç bir fikir dayanıqlı qalmır, bir-birini əvəz edirdi. Sanki hansısa bir müharibə filminin içərisinə düşmüşdü.

Bu filmin qəhrəmanları bir özü idi, bir də ona qısılmış bu kimsəsiz, aç-yalavac oğlan uşağı.

Rayon mərkəzi beləcə atılıb qalmışdısa, onların, ya da Zərifəgilin kəndində kimsə qalardımı?

Sağ idilərsə, görəsən indi harada idilər? Amma atası Azər kişinin də kəndi atıb çıxacağına heç inanmırdı.

Çıxıb hara gedəcəkdi? Və niyə gedəcəkdi?

Qapısı qırılmış və taybatay sallanan bir mağazanın qarşısından keçərkən yüyəni dartdı. İçəridə bu uşaq və həm də özü üçün yeməyə yəqin ki, bir şey olardı. Mağazanı talamışdılar.

Amma iki qutu peçenye və bir banka qurudulmuş süd tapdı. Pulunu ödəmək üçün baxışları ilə satıcını axtardı.

Arabaya qayıdıb peçenyeləri balaca oğlana uzatdı, sonra isə öz çamadanlarından birini açdı.

Bacısı Zərifənin oğlu Azər üçün aldığı paltarlardan birini çıxardıb uşağa geyindirdi. İndi yəqin ki, Azər də bu uşaq boyda olardı.

Birdən bayaqdan bu uşaqla bir kəlmə də olsun danışmadığının fərqində oldu.

Azərin təzə ayaqqabılarını bu uşağın yalın ayaqlarına geyindirərkən astadan:

- Adın nədir, qaqaş? – deyə soruşdu.

- Azər- uşaq da astadan cavab verdi.

- Azər?- başını qaldırıb uşağa maraqla baxdı.- Kimin oğlusan, Azər?

- Əhmədin.

Uşağa daha artıq diqqətlə baxdı və birdən onun simasında öz bacısının doğma cizgilərini gördü. Gözləri, yanaqları, dodaqları da onunku idi. Bədənindən soyuq bir gizilti axıb keçdi, boğazı qurudu. Güclə udqunub:

-Aneyin adı Zərifədir? - deyə ehtiyatla soruşdu.

Bu eşitdiyinə uşaq diksindi, sonra gözləri parıldadı və tez:

- Hə-hə! - deyərək bunu başını tərpətməklə də təsdiqlədi.- Apar da məni ciyimin yanına, əmi!- dedi.

O ürək ağrısı ilə kipriklərini sıxdı və balaca Azəri başını sinəsinə basdı. Bu onun öz doğma bacısı oğlu Azər idi! Qəhər onu boğsa da uşağın qarşısında göz yaşlarını gizləməyə çalışdı. Bu nə aqibət idi onu yaxalamışdı? Nə o, nə də doğmaları onu tanıya bilmirdi!

- Mən sənin dayınam, Azər!- yenə də astadan və pıçıltı ilə bildirdi.

- Dayım?!

Azər üzünü onun sinəsindən aralayıb sevinc və diqqətlə üzünə baxdı. Deyəsən tanımadı.

Tanıya da bilməzdi. O vaxt heç bir yaşı olmazdı. Bəlkə də adını çox eşitmişdi. Şəklini də bəlkə görmüşdü. Amma görünür Moskva mühiti onun görkəmini çox dəyişmişdi. Həm də o axı uşaq idi – dörd yaşlı uşaq. Didərgin uşaq!

- Anangil haradadır? – Xəcalətdən Azərin üzünə baxmadan soruşdu.

- Bilmirəm.- Azər astadan mızıldadı. – Evimizə bomba düşdü. Mən həyətdə
oynayırdım. Hamı qışqırırdı, qaçırdı. Ciyim yox idi. Məni arabamıza qoydular…-O daha danışa bilməyib ağladı.

- Necə-ə-ə?! Bəs Azər baban?..

- Baba bizdə deyildi ki.

- Öz kəndlərində idi?

Balaca Azər başını tərpətməklə cavab verdi.

Daha heç nə soruşmadı. Onun uşaq böyüklüyü ilə verdiyi cavablar bağrını yarırdı. İrəlidən və uzaqdan partlayış səsləri gəlirdi.

Əvvəllər belə səsləri yalnız göy guruldayarkən eşidərdilər. İçini didən kədər və qəzəbə uyğun olaraq arabanı qətiyyətlə bu səslər gələn dağ yoluna tərəf sürdü.

Yarım saata kəndə çatdılar. Dağılmış, yanmış, tüstüləyən evlər hansısa rus rəssamının tanış tablosunu xatırladırdı.

Moskvaya ilk gələn vaxtlar haradasa görmüşdü. Amma indi bu canlı tabloya çox baxmaq mümkün deyildi. Bütün bu mənzərələrdə onun günahı yox idimi?

Çünki özü bu kəndi onun indiki sakinlərindən daha əvvəl atıb-getmişdi.

Həmişə çal-çağırlı olmuş bu kəndin üstünə indi dərdli və müdhiş bir sükut çökmüşdü. Öz həyətlərində də bir kimsə görünmürdü.

Evin aralı qalmış qapısını itələyib açdı. Açan kimi də içəridə - çarpayıda uzanıb qalmış atası ilə göz-gözə qaldı. Əvvəlcə balaca Azər, sonra da o atasına tərəf qaçdı.

Uzaq yolun yorğunluğu içini didən qəzəbə və kədərə qarışıb göz yaşları ilə yanaqlarına süzüldü. Atasının ağır qolları indi çiynində xəfif meh kimi gəzirdi.

-Bilirdim ki, gələcəksən, oğul!- dedi.- Yuxuda səndən nar istəmişdim. Sən isə deyirdin ki, hələ həyətimizdəki nar yetişməyib.

-Nar?! – təəccblə atasına baxdı.

- Hə, nar. Yuxunu yozurdum, gözləyirdim səni.- Atasının səsi güclə çıxırdı.- Bilirdim gələcəksən. İndi mən öz çörəyimi sənə halal edirəm, oğul, rəhmətliyin südü də sənə halal olsun.- Sonra nə düşündüsə astadan və xəfif sevinclə, -Yəqin hamı qayıtdı, hə-ə?- deyə soruşdu.

Onun gözlərində qəribə sevinc işartısı vardı. Baxmaq mümkün deyildi bu gözlərə. Üzünü çevirdi və:

- Yəqin ki.- deyərək və ilk dəfə olaraq atasına yalan danışmağa məcbur oldu.-Azərə yemək verim,- dedi, əslində isə söhbətin bu yönümdə getməsindən və daha yeni yalanlar danışmağa məcbur olmaqdan yayınmaq üçün eşiyə çıxdı.

Arxadan atasının fəxrlə və çox dərindən köks ötürdüyünü eşitdi. Mətbəxdən əliboş qayıtdı.

Atasının gözləri ona sarı məchul nöqtələrə baxaraq, süzülən göz yaşları isə ağarmış saqqalına çatmadan donub qalmışdı. Balaca Azər bir şey anlamaq istəyirmiş kimi böyük Azərə diqqətlə baxırdı.

…Atasını qəbiristanlıqda torpağa tapşırandan sonra atı açıb buraxdı. Arabanı da fikrində tutduğu məqsədinə uyğun olaraq qəbiristanlıqda saxladı- daha ona lazım olmayacaqdı. Geriyə qayıdarkən qarşı kəndin ensiz dağ yolunu kəsmiş iri, beton plitələrə, bir neçə yerdə torpaq səngərlərə baxdı.

Buralarda da nə bir əsgər, nə də milis vardı. Buralarda nələr baş vermişdi?! Uzaqdan uğultu eşidilirdi. Nəsə görə bilmək ümidi ilə beton plitələrdən aşağıya doğru uzanan yola baxdı.

Sanki buradan boylanıb uzaq Moskvaya sarı baxırdı. Oralarda bir kimsə və heç nə görünmürdü.

Deməli, erməni yaraqlıları artıq orada idilər – aşağı kənddə, bacısı Zərifəgilin kəndində.

Görəsən indi Zərifəgil harada idi? Kaş ki, qaçıb qurtula biləydilər. Bütün qadınlar, qızlar qaça biləydi. Düşmən əlində əzizlərinin olmasına dözməkdənsə ölmək yaxşı idi.

Bu düşüncələr içindəki qəribə və doğma hissləri yenidən qıcıqlandırdı. İndicə bu yol ilə aşağı düşəcəkdi. Bu zaman haradansa atılmış bir güllə qulağının yanından uçub keçdi.

Yəqin ki, snayper gülləsi idi. Əsgərlikdə olarkən əvvəlcə kəşviyyat rotasına salınmış və orada çox şey öyrənmişdi.

Gözlənilməz məqamlara düşərkən hətta ilan-qurbağa belə yeməli ikən o bunu heç cür bacarmırdı və buna görə də bu rotada onu çox saxlamadılar. Güllədən qorxmaması heç də əsgərlikdən qalmamışdı.

Atasını torpağa qoyandan sonra hər şey onun nəzərində adiləşmiş, faniləşmiş, kiçilmişdi.

İndi hər şey çox aşağıda və mənasız görünürdü – ölümün özü də. Əvvəllər atasının ölümünü təsəvvürünə sığışdıra bilməzdi. Amma bir qədər əvvəl atasını öz əlləri ilə dəfn etmişdi.

Moskvadan onunla birlikdə olan naməlum və həm də doğma hisslər onu heç ağlamağa da qoymurdu. Onunla nə baş verirdi? Sanki boyu ikiqat uzanmış, yaşı iki dəfə artmışdı.

O nəsə etməli idi!

Balaca Azər həyətin ortasında durub onu gözləyirdi.

Qutudan sonuncu siqareti çıxarıb yandırdı və heysiz baxışlarla həyət-bacaya nəzər saldı. Baxımsızlıq göz deşirdi. Görünür atası çoxdan xəstə imiş.

Tövlə artıq tamam uçmaq üzrə idi. Ətrafı quru kol-kos basmış, ağaclar ətrafa qol-budaq atmışdı. Nar ağacını da indi gördü. Qıpqırmızı iri narlar dərilmədən qalmışdı.

Nə hikmət vardı nar meyvəsində? Bütün gilələrin sirli birliyində idimi, parçalanarkən qan kimi qırmızı göz yaşlarındamı, yoxsa bu meyvənin hər yerdə bitməməsində?

Yaxınlaşıb bir nar dərdi. Yetişmişdi. Atasının yuxusu çin olurdu. Dünən Moskva bazarında nar almaq istəyən qoca rus kişini xatırladı.

Dodağı altında "Naşi qranatı pospeli!" ( "Bizim narlar yetişib!") dedi. Narı Azərə verdi. Bu zaman diqqətini artan uğultu səsləri cəlb elədi.

Birinci dəfə deyildi. Amma indi düşüncəsindən "Tanklar!" fikri axıb keçdi. Tanklar?! Deməli, bu tanklar onun evini, kəndini, atasının qəbrini dağıtmağa, balaca Azəri öldürməyə gəlirdi.

O isə əliboş durub gözləməli, öz acızliyi ilə barışmalı idi! Niyə?! Nə üçün?!

Bu zaman uzaqda atılan top atəşinin səsi gurladı.

O nə baş verdiyini anlamağa macal tapmamış, başı üstündən ötüb keçən mərmi arxa həyətlərin hansınasa düşüb partladı.

Partlayışın səsi qulaqlarını batırdı, dalğası onu bükülməyə məcbur etdi, amma yıxılmadı. Yerə yıxılmış Azər qalxıb dizlərini çırpdı.

Qorxudan dodaqları büzülmüş, gözləri alaçalanmışdı. Azacıq qorxduğunu biruzə verərdisə Azər qorxu içərisində qışqırıb ağlaya bilərdi. Nə edəcəyini bilmədən karıxıb qaldı.

Birdən bu naəlaclıq onu elə riqqətə gətirdi ki, yumruqlarını düyünləyib, barmaqları arasındakı siqareti əzdi və qəzəbdən var gücü ilə bağırıb yerə diz çökdü. İndicə bütün aləmi darmadağın etməli idi.

Amma o heç nə edə bilmirdi. Balaca Azər qorxudan titrəyir, əlindəki parçalanmış narın "qanı" axırdı. Bu onun bağrını daha artıq yarırdı. İnildəyib üzünü göylərə tutdu.

Allah onu əlacsızlıqla imtahanamı çəkirdi? İndi də Allahdan kömək istəyərək nərildədi. Səsi bütün varlığında və sanki göylərdə əks-səda verdi.

Bu səs onu dikəltdi və deyəsən nə edəcəyini də anlatdı. Bu zaman daha bir mərmi başı üzərindən uçub haradasa partladı. Azərin əlindəki narın "qanı" süzülürdü.

Nar dənələri arasından fikrinə, düşüncəsinə süzülən bir məqsəd onu yerindən tərpətdi və o qətiyyətli addımlarla evə doğru getdi. İçəridə atasının tüfəngini axtardı.

Həmişəki yerində yox idi. Rəhmətliyin qaragül dərisindən tikilmiş papağından və divar xalçasının üstündən asılmış köhnə gümüşü xəncərdən savayı götürməyə bir şey tapmadı.

Papağı başına qoyub, xəncəri kəmərinə keçirtdi. Eyvana çıxıb nəsə etmək barədə bir daha fikirləşdi.

Hökmən nəsə etməli idi. Tüfəng yox idisə, tanka qarşı partizanlıq etmək mümkün olmayacaqdı.

Bəs mümkün olan nə idi? Heç ola bilməzdi ki, nəsə etmək mümkün olmasın.

Balaca Azərin ona ümidlə baxan baxışları qarşısında qaçmaq barəsində düşünmək belə kişilikdən deyildi.

Doğru edib atı və arabanı buraxmışdı. Bu zaman qonşu həyətin çırpı hasar arxasında qaralan iri, köhnə traktor diqqətini çəkdi. O da tank kimi bir şey idi.

Bir təpiklə hasarı aşırıb qonşu həyətinə keçdi. Əvvəlcə qonşu evinə sarı yüyürdü.

Orada da tüfəng tapa bilmədi. O biri qonşu Qəzzəb Səftərqulugilin həyətinə də asanlıqla keçdi.

Bu evlərdə də hər şey atılıb qalmışdı. Olmayan təkcə odlu silah idi. Qəribə idi: bu kəndin hər evində bir-iki tüfəng olar, adamlar qış aylarında ovçuluqla məşğul olardılar.

Ən azından çaqqal və canavar qovmaqdan ötrü evdə tüfəng ən dəyərli dilək idi.

Olmaya adamlar kəndi əllərində silahla tərk etmişdilər? Bəlkə də hökumət qan tökülməsin deyə münaqişənin əvvəlində evlərdən silahları yığmışdı. Hər şey ola bilərdi.

Amma indi heç bir cavab onun əlində silaha çevrilməyəcək və ya onu çəkindirməyəcəkdi.

İndi hər bir daş-kəsək də silah ola bilərdi. Üzbəüz qarajın açıq qalmış qapısı onu özünə sarı çəkirdi.

Maşın yox idi. Kənddə hamıya öz gücünü göstərməyə çalışan sovxoz direktoru Qəzzəb Səftərqulu indi maşınına minib aradan çıxmışdı.

Küncdə qoyulmuş benzin bakı gözünə sataşdı. Fikrindən axıb keçən məqsədə doğru irəli atıldı.

Bakın dibində ən azı 4-5 litr benzin qalmışdı. Qarajın rəflərinə düzülmüş sirkə, abqora şüşələrinin ağzını açıb yerə boşaltdı. Şüşələrin içinə benzin doldurdu.

Qəzzəb Səftərqulunun mıxdan asılmış köhnə köynəyini cırıb şüşələrin ağzını əski tıxacla bağladı. Divardan asılmış zənbilin içərisindəki soğanı yerə boşaldıb, doqquz şüşə benzini oraya yığdı.

Dəqiqələr saniyə kimi uçurdu. Qonşu həyətinə qayıtmaq üçün daha bir saniyə vaxt sərf etdi.

Buradaki iri tırtıllı köhnə traktorun kabinasına da quş kimi cəld və sürətlə qalxdı. Traktor üçüncü cəhddə işə düşdü, onu sürüb, öz həyətlərinə keçdi.

Lal-mat durub onu izləyən balaca Azəri kabinaya mindirdi və traktoru sürüb həyətdən çıxdı.

Bir neçə dəfə yaxınlıqda və arxada top mərmisi partladı. Bu onu yolundan döndərə bilməzdi.

Moskvadan onunla gəlmiş bir hiss, bir qüvvə artıq bütün varlığına hakim kəsilmişdi.

İndi traktorun var sürətilə getdiyi yola sanki onun iyirmi səkkiz illik ömründən səhnələr sərilmişdi.

Bu səyahət onu qonşu kəndlə yolu kəsmiş beton plitələrə doğru aparırdı.

Burada traktoru söndürmədi, tırtılın üstünə düşüb aşağı uzanan yola sarı baxdı. İndi buradan beş-altı yüz metr uzaqda üstü əsgərlərlə dolu, xaç nişanlı dörd tank aramla yolu qalxır, onun durduğu mövqeyə yaxınlaşırdı.

Tankların arxasınca oğrun-oğrun onlarca əsgər yüyürürdü.

Bunlar onu çəkindirmədi, qəbul etdiyi qərarı həyata keçirəcəkdi. Heç yanından ötən güllələrə də əhəmiyyət vermirdi.

Ətrafa tam soyuqqanlıqla nəzər salmağa və bəzi şeyləri müəyyənləşdirməyə çalışdı.

Durduğu bu dar dağ yolunun sol tərəfi dərin uçurum, sağ tərəfi isə sıldırım yüksəklik idi. Beton plitə lövhələrlə sıldırım arasında bir maşınlıq yol saxlanılmışdı.

Sıldırım yüksəkliyin üstündə hündür kollar və adda-budda ağaclar bitmişdi.

Bu yolun inşasında atasının da uzun müddət çalışdığını xatırladı.

Elə bu yolla bacısı Zərifə aşağıdakı kəndə gəlin köçmüşdü. Gəlin köçərkən Zərifəni qucaqlayıb buraxmaq istəmədiyini də xatırladı. İçində dolaşan acı təbəssüm qəlbini ağrıtdı.

Heç təsəvvür etməzdi ki, sonralar çox gedib-gəldiyi bu yolda vaxt gələcək düşmənlə üzbəüz qalacaq.

Bir yanı uçurum, bir yanı sıldırım olan bu yolun üstünə indi ölüm pərdəsi çəkilmişdi. Ölüm kabusu indi bu yolun üstündə dolaşırdı.

O kabus balaca Azərin canına qıya bilməyəcəkdi! O buna imkan verməzdi! Uçuruma düşmək nə qədər qorxulu idisə, buradan bu yüksəkliyə dırmanmaq da yalnız dağ keçiləri üçün asan ola bilərdi.

Uşaq vaxtı oralara az qalxmamışdı. İçində həmişə yüksəkliklərə qalxmaq istəyi olmuşdu. İndi də bu sıldırım yüksəkliyə qalxmaq istədi. Balaca Azərlə ora qalxmaq heç mümkün olmayacaqdı. Nə etməli?!

Bir qədər arxada, yolun enli hissəsində qazılmış səngər diqqətini cəlb etdi. Tez Azəri götürüb traktorun kabinasından endi və səngərə doğru qaçdı.

Onu səngərdə qoyub yenidən traktora sarı yüyürdü.

Saniyələr daha böyük sürətlə uçuşur, sanki onu yüksək bir məqama yaxınlaşdırırdı.

O məqam sıldırım yüksəkliyin üstündə deyildimi? Kabinanın içərisindən zənbili götürərkən bir neçə güllə traktorun pəncərələrini qırıb tökdü.

Bu da vecinə deyildi. Onu idarə edən qüvvə indi də arxadakı kolluğa sarı qovurdu.

Kolluqdan o yanda bir qədər rahat yol onu sıldırımın başına doğru aparacaqdı. Kol-kosun qollarını didməsi də vecinə gəlmədi.

Birdən dəli sıçrayışla kolluqdan çıxdı və sıldırımın üstünə doğru dırmanmağa başladı.

Yolun döngə hissəsi olması səbəbindən nə tanklar, nə də snayperlər onu görə bilməzdi. Bir neçə dəfə çevrilib aşağıdakı səngərə doğru baxdı. Balaca Azər səngərdə arxayınca durub ona sarı maraqla baxırdı.

Yox, o bu balaca Azəri, atasının isti qəbrini, arxada qalmış kəndlərini düşmənə verə bilməzdi. Və yəqin ki, adi vaxtda bu yüksəkliyə də belə sürətlə və asanlıqla qalxa bilməyəcəkdi.

Daha bir qədər sıldırım boyu irəlilədi.

Buradan aşağıda erməni tankları və əsgərlər ovcunun içində imiş kimi aydın görünməyə başlayırdı.

Fikrində tutduğu niyyətə uyğun olaraq onlara sarı daha bir qədər yüksəklik boyunca irəli qaçdı.

Onu burada görə bilməzdilər. İri bir daşın arxasına keçib, zənbildəki şüşələri çıxartdı.

Birdən yadına bu şüşələrin adicə benzinlə deyil, içərisinə xüsusi məhlul tökməklə yanğın törədə biləcəyini xatırladı. Ancaq bu da onu məqsədindən daşındırmadı, nə fikirləşdisə, cəld qurşağındakı xəncəri çıxartdı, yaxınlıqdakı cavan ağacdan bir neçə nazık çubuq kəsdi, yonub düzəltdi.

Sonra isə öz əynindəki köynəyini dartıb cırdı və çubuqların ucuna məşəl kimi bağladı.

Şüşələrdən birinin ağzını açıb bu məşəlləri benzinlə islatdı.

Daha sonra isə o, yerə düzdüyü benzin şüşələrini götürdü və bir-bir aşağıya - yol boyu irəliləyən tankların, əsgərlərin üstünə tulladı.

Bunları da saniyələrə sığan sürətlə yerinə yetirirdi. Aşağıdan sınan şüşə və qışqıran əsgər səsləri qoparkən o artıq cibindən çıxartdığı alışqanla məşəlləri alışdırırdı.

Bu məşəlləri də qaldığı yerdən aşağıya – şüşələri atdığı istiqamətə tulladı. Aşağıda nə baş verdiyinə baxmadan və elə o andaca özünün arxasında gizləndiyi iri daşı itələməyə başladı.

Daşı tərpədirdisə də ağırlığı onu aşırtmağa imkan vermirdi.

O isə az qala qaya parçasına oxşayan bu daşa tam qətiyyətlə yapışmışdı.

Aşağıdan daha yüksək qışqırıq səsləri, kəsif yanıq qoxusu və tüstü qalxırdı.

Sonra sıldırım yüksəkliyə doğru güllələr yağdı. Bu güllələr onun başı üstündən uçur, hara gəldi səpilirdi.

Bir neçə güllə onun artıq yerindən tərpətdiyi iri daşı yalayıb keçdi. Birdən aşağıdan güclü partlayış qopdu.

Bu partlayış ətrafı silkələdi, eyni zamanda onun itələdiyi daşı yerindən qopardıb aşağıya doğru çəkdi. Bu iri daş özü ilə aşağıya doğru daş uçqunu apardı.

Bu zaman onun bir neçə anlığa aşağıda baş verənlərə baxmaq imkanı oldu. Aşağıda onun düşündüyündən də gözəl bir mənzərə yaranmışdı: ortada gələn iki tank tüstüləyir, onlarca əsgər və asfalt yol alışıb yanırdı.

Yuxarıdan tökülən daş uçqunu da əsgərləri vahimə içərisində çaxnaşmaya salmışdı.

Onlar hara gəldi atəş açır, bəziləri geriyə qaçırdı. Arxada gələn tank durub yüksəkliyə doğru uzatdığı lüləsi ilə hədəf axtarırdı.

Daha bircə saniyə də vaxt itirmək olmazdı. O daha bir daşın arxasına keçib onu çiyni və əlləri ilə itələməyə çalışdı.

Bu daşı asanlıqla qopartdı və onun da qopartdığı uçqunun arxasınca ləzzətlə baxdı. Yuxarıdan tökülən daşlar daha çox əskəri özü ilə birlikdə uçuruma tökdü.

Heyf ki, bütün bunları balaca Azər görə bilmirdi.

Əsil döyüş filmi idi. Birdən o irəlidəki tankın arxadakılardan xeyli aralandığını və pulemyotundan atəş açaraq beton lövhələrə sarı yaxınlaşdığını gördü.

Uzağı beş-altı dəqiqəyə o tank beton mövqeyə və səngərə çatacaqdı.

Orada – səngərdə balaca Azər köməksiz qalmışdı. Birdən sol qolunda istilik hiss elədi. Sonra ağrı qolunu gücdən saldı.

Bir güllə ona nə edəcəkdi? Hələ digər qolu, ayaqları və ağzı vardı.

Əlbəyaxa döyüşdən əvvəl özünü balaca Azərə yetirməli idi.
İki dəfə yıxıldı və üzüaşağı daha böyük sürətlə düşdü.

Onu balaca Azərə yetirən bir zaman məfhumu da ona tərəf idi. Azər əlini onun qolundan axan qana sürtdü. Qorxmadı və ürpəşmədi.

O isə kəmərindən xəncəri çıxardıb balaca Azərə uzatdı, göz vurub saçlarını qarışdırdı.

Nəsə deməyə nə vaxtı, nə də lüzum vardı. Onun üzündən öpüb aralandı, amma elə o andaca nəsə düşünüb çevrildi, atasının papağını da öz başından götürüb balaca Azərin başına qoydu.

Balaca Azər papağı gözü üstündən qaldırmağa macal tapmamış, o artıq özünü traktora yetirmişdi.

Tırtılın üstünə qalxan kimi sağ baldırına və yaralı qoluna daha bir neçə güllə dəydi. Ağrıdan bağırsa da yenə niyyətindən dönmədi.

Özünü güclə toplayıb, traktoru yerindən tərpətdi, tam sürətlə sürüb, beton plitələrlə sıldırım arasındakı dar yerdən keçirtdi. Bu zaman qarşıdan gələn tankla üzbəüz qaldı.

Tank ona sarı çevrilənə kimi traktor özünü onun sol tərəfinə yetirdi və vurub uçuruma sarı itələdi.

Eyni zamanda tankın öz sürəti də onu uçuruma doğru yönəltdi.

Traktor itələyərək bu sürəti artırdı və birdən hər ikisi uçuruma doğru yuvarlandı.

O andaca zaman sürəti dayandı və o, uçurumun dibinə deyil, yuxarılara doğru qalxdı. Yuxarıda isə onu böyük və gur işıq gözləyirmiş kimi durmuşdu.

O, sürətlə o yüksəkliyə qalxdı və ona qovuşdu.

Bu işığın ucu ənginliklərə dirənmişdi və o bu işıq boyunca yuxarılara qalxdıqca qalxırdı.

… Axşamüstü kəşfiyat rotasının əsgərləri gəlib çıxdılar. Səngərdə balaca bir oğlan uşağından qeyri kimsə yox idi.

Təəccüblə durub baxırdılar: mövqedə bircə əskər, bircə silah olmadan bu qədər düşmən əsgərini, tankını kim məhv etmiş, kəndi və rayonu kim müdafiə edib qorumuşdu.

Əlində xəncər tutmuş, başına iri papaq keçirtmiş bu balaca oğlanmı?!

Bəs kim və nə ilə?
XS
SM
MD
LG