Çox gec
Çox gec oldu səninlə tanışalı
Günəş batmış qar ərimiş
Quzular örüşdən qayıtmışdı
Nargilələr budağında qurumuş
Sırsıralar torpağa düşmüş
Fələk ruzigarını əsdirmişdi
Çox gec oldu...
Kitablar saralmış
Dəftərlərin vərəqi qopmuş
Xəzəllər yerlə bir olmuşdu...
Axşam yeməyinə getdiyimiz lokanta qapanmış
Səyyar satıcılar çəkilib getmiş
Arabaların motoru susmuşdu
Əlində dəryaz qara niqablı adam
Arxamızca daban-dabana
Bizə çay gətirən qarsonun
Əlindən təpsisi düşmüşdü
Məktəb qapısında
Sarı çantalı uşaqlar...
Zəng çalınmışdı
Bahar budağından qopmuşdu
Polislərin qan sızmış gözlərində
Batan günəş əks olunmuşdu
Əyilib yerdən oyuncağını götürən bəbə
Bizə baxıb gülümsəmişdi
Çox gec oldu səninlə tanışalı...
Çox gec!
Sadəcə maraq xatirinə
maraqlıdır həyatda yaşamaq
yol getmək, mahnı oxumaq
lap elə daş daşımaq
sərgi düzəldib sevgilərdən
toplamaq siqaret kötüklərini
divarlardan asmaq
kürəyinə saplanmış bıçaqları
sadəcə maraq xatırına
bağlanmaq bir qadına
puç etmək həyatını
maraqlıdır həyatda yaşamaq
qəşəng ayaqların arxasınca düşüb
yol azmaq
sonra heç tapılmamaq
tütün çəkib
tüstüsünü püfləmək göyə
öskürüb
keçdiyin yola tüpürmək
maraqlıdır yaşamaq
qan içmək
bəzən nar yerinə
kəsib əlini
salam almaq
salam vermək
səhərlər üz verdiyinə
axşamlar üz çevirmək
yaşamaq boş-boşuna
dilənmək
allaha əl açmaq
maraqlıdır həyatda yaşamaq
dostluq etmək və hərdən
“heç kimsəm yoxdur” demək
bir az araq içib
yumruğunu çırpmaq yer kürəsinə
“mənəm aç” demək...
adyazar.az