Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:43

İlham Qəhrəman. Xocalı körpələri


Qışın oğlan çağı
qarın üstündə -
Laxta körpə qanı
lala kimiydi.
Çingizin qolunda
körpə meyidlər,
İlahi, doğmaca
balam kimiydi.

Əl atıb yaxamdan
tutur bu Şeir,-
Körpə balam kimi,
körpə quzu tək
üzünü üzümə
sürtür bu Şeir,
Elə bil göylərdən
acıx eyləyib
Hər gün üzüqoylu
yatır bu şeir.
-Yaz canın qurtarsın,
yazıqsan, - deyir.

Qan sızır Vətənin
bu yarasından,
Dünyanın Xocalı
üzqarasından,
Rəhmətlik Çingizin
kamerasından
Qanımız çiləndi
bu yer üzünə.

Davalı kinolar gələndə
sevinərdilər,
Davalı kinoları
sevərdilər
Xocalı uşaqları.
Amma bilmirdilər
bir gün dava
ayaq tutub yeriyəcək
gələcək
Xocalıya sarı.

Dava Xocalıya
dar vaxtı gəldi,
Dava Xocalıya
şər vaxtı gəldi.
Bir quduz
qurd kimi gəldi,
Bir namərd
dərd kimi gəldi.
Okeanda batan
“Titanik” gəmisi kimi
Xocalının “SOS” siqnalına
Hay verən olmadı.
Tankların səsindən
yer-göy əsirdi,
Xocalı körpələri
əsir-yesirdi.
Bağrıdalaq oldu,
Qaradalaq oldu
Xocalı körpələri...
Amma düşmən
aman vermirdi -
Güllələr tuşlanırdı
analara,
anaların qucağında
körpələrə.
Güllələr körpələrə
tuşlanan yer
Dünyanın namusu
tapdanan yerdi,
Dünyanın namusu
tapdandı, qardaş,
Dünyanın qeyrətin
çəkən olmadı...

Tanrı necə qıydı
belə əcəli?!
Öldü həm mağmını,
Həm də dəcəli.
Qıvrıla-qıvrıla
öldü körpələr,
Qovrula-qovrula
qaldı Xocalı.

Yer-göy bu zülmü
götürdü, Dədəm!
Bu yurdun başına
gətirdi, Dədəm!
Bu qan qoxulu
ətirdi, Dədəm!
Çiləndi Vətən çöllərinə,
Min il yaddaşlardan
qoxusu getməz,
Min il bu torpaqdan
ağrısı getməz...


Dünyanın dərdçəkən
bəndəsi bizik,
Dərdin yumşağın yox, -
sərtin çəkirik.
İlahi, düşmənə
fürsət veririk,
Sonra da min illər
altın çəkirik...

1994-96
XS
SM
MD
LG