-
VAXTIN TORPAĞI
Göyərir axşamlar vaxt torpağında
udur ömrü-günü baxt bataqlığı.
Əfəndim, əyləşmə nağd torpağında,
kəfəndir hamının ağ bataqlığı.
Qalındır gönümüz tut yarpağından
çalır günümüzün rəngi qaraya.
Yığırıq səsləri od yarpağından,
dönür bizim üçün “Zəminxaraya”.
Mərc gələn şimşəyin quluncu sınır,
bulud da bulada gəlir badalaq.
Çəkdiyimiz işıq hər axşam sönür,
bir gündüz sönmədi - işıqsız qalaq.
Bir gündüz saymadı yerində, ancaq,
bir axşam qalmadı yol getməyindən.
Vaxtın torpağında qaçdıq doyunca,
bezdik bu dünyada yel ötməyindən.
HAMAR YOLLARI SEVMƏDİM
Hamar yolları sevmədim,
damar-damar yollar məni sevmədi.
Keçdiyim dolanbac, ensiz cığırlar,
ətə-qana dolur, yola çevrilir.
Tanıya bilmədim saxta yolları,
əllərimin içi qırışdı, yoldu.
Üzümə qayıdır yorğun qollarım,
mənim ayaqlarım yolları yordu.
Hamar-hamar yollar,
dəmir-dümür yollar...
Sən quşun yolunu niyə tutursan,
göydən yol çəkmisən, uçub gedirsən?
Quruda azırsan, suda batırsan,
balığın yolunu qucub, gedirsən.
Damar-damar yollar məni sevmədi,
Allahın yolunu azıb gedirsən.
Yalın ayağına qaloş geymədin,
Hardan necə gəldi basıb gedirsən.
Gözü yollaradır pəncərələrin,
İzi yerdə qalır pəncərələrimin...
Alnımın yolundan hər gün keçirəm,
dəymək üçün başım əcəl daşına.
AQİBƏT
Yazıçı Anara
Aqibət - quşcuğazın sığındığı yuvadı,
ilan balasının gizləndiyi oyuq.
Gözləmədiyim tərzdə üzümə şapalaq dəyirsə,
aqibətdi.
Əcəl girəvə tapıb qapımı döyürsə,
aqibətdi.
Aqibətdi - nağıllarda qızıl yumurta tapmağımız,
yel atları minib çapmağımız.
Aqibətdi - ağzımızın ətə çatmamağı,
gözümüzün yatmamağı...
Yastı-yastı gəzməyimiz
yastı balabanı eşitdiyimiz andan başlanır.
Başımızın altına yastıq qoymağımız,
fıstıq kəsməyimiz,
ömrümüzə balta çalmağımız - aqibətdi.
“Dovşana qaç, tazıya tut” - deyiriksə,
dəyməmiş tut yeyiriksə - aqibətdi.
Dəymişimiz qalıb, kalımız tökülürsə,
dabanımızdan nalımız tökülürsə - aqibətdi;
Aqibət - Çaldırandı,
Xocalıdı...
Qocalıqdı.
Məhərrəmlikdə kəndimizdəki imam müsibətidi,
gürcü çarının Gəncə qapılarına münasibətidi.
Əgər başımıza dam uçulursa,
qalırıqsa daşın-divarın altda.
Dünyada ədalət divanı varsa,
haqqı saxlayırsa divarın altda -
bu aqibətdi.
Aqibətdi - ahıl yaşına çatmağımız.
BEL AĞACI
Tifaqı dağılmış ürək neyləsin,
necə keçsin ömrün yal-yamacından?!
Hamıya sirrini açıb söyləsin,
yapışsın gümanın əl ağacından?!
Hamımız Allahın şikəst bəndəsi,
söykənib canımız əl ağacına.
Küləklər gətirir “Şikəstə” səsi
dırmaşır ruhumuz yel ağacına.
Qəlb necə vurmasın ağrını üzə,
adamlar asılır dil ağacından.
Peşiman oluruq gəlişimizə
hərəmiz bir nəslin bel ağacından.
UÇUR
Göydə qaranquşlar, sərçələr uçur,
göy üzü bir dəfə başıma uçmur.
Yerdə qarışqalar, milçəklər uçur,
Yer üzü bir dəfə başıma uçmur.
Fikir ver, dünyanın bünövrəsinə,
daş daşa söykəkdir, divar divara.
Mələklər aldanıb şeytan səsinə,
yeri də, göyü də qoyub avara.
Uçub ayrılıqlar mənim başıma,
mənim axmaq könlüm uçuq-uçuqdur.
Bir damla su qatdım öz göz yaşıma,
bu su göz yaşıma pərsəng üçündür.
***
Xəcalət çəkdim,
üzümün suyunda çimdim.
Mən - çoxbilmiş
adamların yanında heç kimdim.
Canım, adım üstümdə olmağıynan,
odum, tüstüm olmağıynan,
bir-iki pivə dostum olmağıynan deyil,
mən heç kiməm.
Asqırdım, səbr gətirdim,
kəmhövsələ canım, səbr et.
Nəm çəkdim, möhlət bitirdim,
o yol, o da sən, itil get!
Lənətə gəlsin, sürdüyüm ömür,
eşşək arabası sürsəydim,
bundan yaxşıydı...
Üzümün yumşaqlığını görüb
pambıqla kəsdilər başımı.
İLXI
Çatan kim ad günəşin qiya dəmi,
ilxısını buraxırdı Ziyad əmi.
Daraşırdı yamaclara qaşqa atlar,
qorxub, hürküb nal tökürdü başqa atlar.
İlxı axırdı çay kimi,
ilğım axırdı sel kimi.
Gün dartılırdı yay kimi,
ilxı uçurdu yel kimi.
Alp çəmənlər tapdaq-tapdaq,
çuxur-çuxur, cığır-cığır.
Tap xəstəlik, tap daş, tap dağ;
biz baxırdıq mağmın-mağmın, fağır-fağır,
Ziyad əmi kimdən yığır...
Uşaqlara toy tuturdu,
atırdı kəmənd atlara.
Hirslənib qan uddururdu,
çatırdı səmənd atlara.
Yal tökürdü köhlən atlar,
çıxırdı uzun yalları.
Tanıyırdı köhnə atlar
bu qarğa-quzğun yolları.
Tapdaq-tapdaq yaddaşımda at ilxısı
rəng ilxısı, cəng ilxısı, ad ilxısı.
Çatır hər gün al günəşin ziya dəmi,
ayaq basmır Cəngəsərə Ziyad əmi.
***
Bu yarğandan gərək səksəkə ilə keçəsən,
bu yorğandan gərək sağ çıxmayasan.
Sağ əlim başına, yorğun qaya,
durğun gölməçə, vurğun çay.
Ayaqyalın yol, mənə bir cüt çarıq borclusan,
gözümün işığını alan gönüqalın dünya,
mənə bir cüt çıraq borclusan -
borclu heç borclunun sağlığın istəməsin...
İkrahla baxdığım küçə fahişəsi,
Allahın gecə vahiməsi səni üşütmür?
Kiməsə bakirəliyini borclusan,
demə, borclu borclunun sağlığın istər.
Nimdaş plaşımın yırtıq cibləri,
deşik-deşik olmuş köhnə kəmərim.
Mənim ümidimin düymə gözləri,
borclu borclunun sağlığın istər.
Başıma fırlanan sırtıq uşaqlar,
uçurun başıma çərpələngləri.
Yığın bostanımdan yelpənəkləri,
borclu borclunun sağlığın istər.
Elədiklərimi qaxın başıma,
başıma tökülən qara daş bilim.
Durna lələkləri düşsün qarşıma,
yonum-yontalayım, karandaş bilim.
BUXAR QAZANI
Lilparlar - hamısı buxar qazanı,
düşən yağıntını udur Yer səthi.
Göy - ancaq yağışdan buxar qazanır,
bir damla keçməyə qoymur Yer səddi.
Öldürür quraqlıq canımda nəmi,
göynən gedən ruhum bilmir ki, bilmir.
Hər gün suvarıram kirpiklərimi,
Hər gün dil tökürəm, bitmir ki, bitmir.
Susan ehtirasın könlü-gözü tox,
şimşək mötərizə açır yamacda.
Özünü apara bilmir ki, bir dağ,
düşür Şah dağının başından tac da.
Ağaclar quruyub yağışın altda,
alnımdan tökülür tər puçur-puçur.
Sonsuz səmaların baxışı altda,
gözümün qurdunu öldürdüm bu cür.
Buxarlanmış sular, xarlanmış sular
açır lehmələrin paslı ağzını.
Buludlanmış sular, qarlanmış sular
yumub göylərin də yaslı ağzını.
Uçunan bədənim, qaçan həsədim,
tale əlçimini qoymur əyirə.
Buxar qazanıdır canım-cəsədim,
mininci dəfədir qayıdır yerə.
ŞƏRTİ ŞUMDA KƏSİR
Tikir torbamızı vaxtın sahibi
Göylərin gözündə şeh damcıları.
Nə mən ağac oldum, susdum yerimdə
Nə dəydi belimə şah damcıları.
Niyə qaçaq oldum öz yurd-yuvamdan
Əlvan sabahımı tapa bilmədim.
Sərçə dimdiyindən düşən çöpündən
Özümə bir evcik yapa bilmədim.
Göz dəydi titrəyən şam işığına,
Söz dəydi söz deyən haqq aşığına.
Dünyaya gəlmək də qanqaraçılıq,
Dünyadan getmək də peşimançılıq.
Ad çəkdim, ah çəkdim, od tutdu içim,
Əski yaddaşımda bir ad yeri var.
Mənim ürəyimə toxunma, canım
Mənim ürəyimin bir and yeri var.
Özün öz qəbrini qazmısan kişi,
Dartıb çıxartdığın gəvən yerindən.
Dünyanın arşını məgər başlanır -
Bizim boyumuzun kəfən yerindən?
Dərvişəm, ağlıma dua yazdırdım,
Bu mənəm - ən xoşbəxt baxtın sahibi.
Tikir torbamızı göydəki kişi
Şərti şumda kəsir vaxtın sahibi.
***
Göyün qaşqabağı yerlə gedir:
Açır sandığını,
Tökür pambığını...
Yamaclar - ağ dəftər
Sinədəftər çayların
Dili-ağzı quruyub.
Tilsimlənib qışın təbəssümü:
Tökür hirsini-hikkəsini
Anası ölmüş Yerin üstünə.
Bacalar - papiros kötükləridi -
Təslim bayrağını yellədir göydən.
***
Buludlar çıxdı qınından
Hönkürdü dağda şəlalə.
Su sıçradı dörd tərəfə
Gölməçələr açdı lalə.
ÖZGƏ ÇÖRƏYİ
Pambıqla baş kəsdi, hamı utandı,
Qoydu el-obanı avam yerinə.
Yerdən qanqal kəsib yeməyin dandı,
Güldü başdaşının alın tərinə.
Yapışdı dördəlli haram tikədən
Qınaq hədəfinə çevirdi məni.
Vurdu İstanbuldan, keçdi Məkkədən
Unutdu gəzdiyi şehli çəməni.
Halal ocağına durmadı yiyə,
Cənnət bağrından da mer-meyvə dərdi.
Başlayanda saxta peyğəmbərliyə
Dönüb Allaha da dirsək göstərdi.
Ürək qızdırmadım, ara vurmadım
Ürək qazdırmadım səfeh sözümlə.
Üzümü ağartdı tərtəmiz adım,
Dilimin ucunda yetişən cümlə.
Şöhrət azarı var - içində nası
İstəsən bu rəngi üzünə keç, yax...
Bir dərd var, gözümün ağı-qarası
Mən onun xətrinə dəymərəm heç vaxt.
Düşmənə neylədi, dosta neylədi,
Dedim qapılarda gəzmə çörəyi.
Özgəni o qədər təqlid elədi,
Gəldi gözlərindən özgə çörəyi.
KİMİYƏM
Dolanıram sərsəm-sərsəm,
Bir ruhu dalğın kimiyəm.
Ara yerə kövrəltməyin
Onsuz da çılğın kimiyəm.
Nə üz çevirdim üzlərə
Nə ruhum sığdı sözlərə.
Kül üfürmüşəm gözlərə
Səhrada ilğım kimiyəm.
Bu qayalar - kürsü-kürsü.
Baxışlarda umu-küsü.
Ha əndərin dibimə su
Binədən solğun kimiyəm.
Nə deyim çarxı çönmüşə
Haqdan çırağı sönmüşə...
Üstümdə qaxa dönmüşəm
Qurumuş salxım kimiyəm.
***
Yer kürəsini çoxdan tərk edərdim,
başqa bir Yer kürəsi olsaydı...
Üstündə ormanlar, çöllər olsaydı,
üstündə okeanlar, göllər olsaydı,
o ormanlarda çiçəklər, güllər olsaydı,
o çöllərdə boz qurdlar ulasaydı,
çəkmələrimin ucu sarı palçığına bulaşsaydı,
Yer kürəsini çoxdan tərk edərdim.
Nəyimə gərəkdir Yer səthinin məhsuldar torpağı,
orda dən atırsan bitir, adam basdırırsan bitmir.
Yer kürəsini çoxdan tərk edərdim,
uşaqlar məni mühasirəyə almasaydılar,
nəvələr mənə mehr salmasaydılar.
Yer kürəsini çoxdan tərk edərdim,
mənə bir qapı göstərən olsaydı...
Yer kürəsini çoxdan tərk edərdim,
mənim gor evimi göstərin,
başqaları tutmasın.
QAPAZALTI
Bulud əskik olmur dağın başından
Saxlayır zirvəni qapaz altında.
Bərk gedən adamın ağlı başında -
Çəpəki bədnəzər salır atından.
Son anda yaddaşın ölür gümanı,
Baxıb ömrü-günü boş əridirsən.
Saxladım samanı, gəlsin zamanı,
Sən saman altından su yeridirsən...
Yarın biyaban da, səhra da odda,
Yalançı ilğımlar adam aldadır.
Başını dik tutur səhrada ot da,
Hələ mənim başım qapazaltıdır.
Qapaz altındadır Murovun başı,
Kəpəz altındadır Göygöl nəhri də.
Düşüb xançalımın simuzər qaşı,
Ruhumu oxşamır Göygöl mehri də.
Şuşa qalasıdır qapaz altında,
Qapaz altındadır külli Qarabağ.
Dil boğaza qoymur yarpız altında,
İlan yuvasıdı güllü Qarabağ.
Qeyrət mürgüləyir papaq altında,
Ancaq ləçək altda düşmən birləşir.
Çıxartdın başımı qoltuq altından,
Daha qoltuğuma qarpız yerləşir.
"Azərbaycan" jurnalı