("Mən burdayam, ayə" silsiləsindən)
Yalnız qocalanda bilirsən bunu
Qocalıq özü bir sirri-xudadır,
Yalnız qocalanda bilirsən bunu.
Ömrə yamaq olan dərdi-bəladır,
Yalnız qocalanda bilirsən bunu.
Sən istər-istəməz nimdaş olursan,
Sən dönüb qocaman dam-daş olursan,
Sənə söz deyirlər, sən daş olursan,
Yalnız qocalanda bilirsən bunu.
Yerişin səngiyir, səsin yumşalır,
Çiyninə atırlar ağır yun şalı.
Yaşın istəyinlə heç uyuşmayır,
Yalnız qocalanda bilirsən bunu.
Zəifləyib gözün, korşalıb beynin.
Güllər açılsa da açılmır eynin.
Özündən də əvvəl qocalıb əynin,
Yalnız qocalanda bilirsən bunu.
Ayaq ayaq üstə durmaq istəmir,
Əl nə istəyirsə, barmaq istəmir,
Qış düşüb, bu odun yarmaq istəmir,
Yalnız qocalanda bilirsən bunu.
Söhbətin tutmayır yaxın kəs ilə,
Hərdənbir "burdayam" - deyib səs elə!
Sənə təsəlliyçin nəvən bəs eylər,
Yalnız qocalanda bilirsən bunu.
Yanında dursa da baxmaz gözələ,
Yaxşı deyil, axı görən söz elər.
Heç nə bacarmırsan, barı göz elə,
Yalnız qocalanda bilirsən bunu.
Üzün xal-xal səpər, dərin büzüşər,
Çaşıb söz deyərsən evdə söz düşər.
Əlin yavaş-yavaş eldən üzüşər,
Yalnız qocalanda bilirsən bunu.
Düşmənin sevinər, dostun yan keçər,
Bu fani dünyadan bir insan keçər,
Səni də aldadıb bu dövran keçər,
Yalnız qocalanda bilirsən bunu.
Orda oğlun-qızın durub müntəzir,
Yorulmuş ataya rahatlıq gəzir.
Qarışıq dünyadan bir qoca bezir,
Yalnız qocalanda bilirsən bunu.
Yaşadır
(Köhnə qafiyələrlə təzə şeir)
Sənətkarı el yaşatmır,
Sənətkar eli yaşadır.
fikri aydın olsa əgər
İnsanı əli yaşadır.
Lap dan söküləndə dursun,
Üzünü dan şehi yusun,
Qaşı-gözü qara olsun,
Gözəli teli yaşadır.
Anasına "Ana" deyən,
Sözümüzə nur çiləyən.
Milləti millət eləyən
Öz ana dili yaşadır.
Sənət itməyir batsa da,
İşıqda işıq yatsa da,
Vəli Əlini atsa da,
Vəlini Əli yaşadır.
Göz nəyi görübdür, qələm!
Bilirəm mən, bilir aləm!
Qəm üstündə köklənib bəm,
Muğamı zili yaşadır.
"Məğrur ol" öyrədir biri,
O birisi deyir "kiri!"
Diri olmaqçın "ol diri!"
Tarixi ölü yaşadır.
Həyat şirin, həyat acı!
Ellik qardaş, ellik bacı!
Qoy çox olsun bağlayıcı,
"Lakin"i "Vəli" yaşadır.
Ömür barışmaz - haqq-nahaq!
Ümidimiz ana torpaq.
Xeyirxah qaniçənə bax -
Xəstəni zəli yaşadır!
İnsan bu cür axşam-səhər,
Yaşayır guya birtəhər.
Canındadır xeyirlə-şər,
Ömrü ikili yaşadır.
Əlləri qoynunda
İndi, hər çətin iş görülür pulla,
Tale - bir küncdə qalıb,
əlləri qoynunda.
Yaxşının bəxti yaman gətirib.
Əla - bir küncdə qalıb,
əlləri qoynunda.
Eləni elə şişirdiblər ki,
Belə - bir küncdə qalıb,
əlləri qoynunda.
İnsana zülm edən elə insandır
Bəla - bir küncdə qalıb,
əlləri qoynunda.
Allahdan başqa
Allah yoxdur
Dünən olmasa - sabah yoxdur,
Bəyaz yoxdursa - siyah yoxdur.
Bir "gah" yazmasan - bir "gah" yoxdur,
Özü yıxılsa - "cinah" yoxdur.
Zülm qovmasa - pənah yoxdur,
Yerdə hər şey var - bir haqq yoxdur.
İnsan yoxdursa - günah yoxdur,
Allahdan başqa Allah yoxdur.
Əslində
Əslində əslində əslində deyil,
Əsli də heç də bir mislində deyil.
O, miskin, sərgərdan, dünya-xəzinə,
Açarı sehirli "sim-sim"də deyil.
Bu yerdə yaşamaq sadə bir işdir,
Burda hər nə varsa tilsimdə deyil.
Yalanla doğrunun arasındadır,
Yalana doğruya təslim də deyil.
Yarısı qaranlıq, yarısı işıq
Tam kafər, tam bütöv müslim də deyil.
Əsli var, kökü yox, - əsilzadədir,
Bu halın günahı nəslində deyil.
Üzü gün, qəlbi buz, ikili sifət,
Gül açıb, amma gül fəslində deyil.
Hüseyn də dəyişib, Söyün olubdu,
Gülsüm də əvvəlki Gülsüm də deyil.
Bu günün adamı kimi - adamdı,
Dindir gör, heç o da əslində deyil.
İyul-avqust 2010