Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:13

Ombudsmanın hesabatında nə var, nə yoxdu?


Müzəffər Baxışov
Müzəffər Baxışov
Bu dəfə «Panorama» verilişində hüquqşünas Müzəffər Baxışov və deputat Zahid Oruc ombudsman Elmira Süleymanovanın 2010-cu illə bağlı parlamentdə qəbul edilən məruzəsini dəyərləndirirlər.

Müzəffər Baxışov:

«Ombudsmanın sayca 8-ci olan bu məruzəsi öz ruhuna görə əvvəlki məruzələrdən heç nə ilə fərqlənmir. Bu məruzə ombudsman haqqında qanunun tələblərinə cavab vermir. Orada əsasən dövlət qurumlarının gördüyü işlər sadalanır. Qanunsuzluqlara yol verən dövlət qurumları sadalanmır, bununla bağlı hər hansı məmurun adı çəkilmir».

- Siz orada hansı məsələlərin əks edilməsini istəyərdiz?

Müzəffər Baxışov:

«GÖRÜNÜR ELMİRA SÜLEYMANOVAYA HÜQUQŞÜNASLARI DÜZGÜN MƏLUMAT VERMƏYİB»

«Məruzədə işgəncə halları ilə bağlı şikayətlərə ötəri toxunulur. Ancaq belə faktların mövcudluğu, belə hallara qarşı ombudsmanın apardığı mübarizədən bəhs edilmir. Məsələn, Dövlət Neft Akademiyasına silahlı basqında təqsirləndirilən şəxslərin həm özləri, həm də vəkilləri işgəncə halları ilə bağlı çox ciddi iddialar səsləndirmişdilər. Hətta söhbət zorlanmadan gedirdi. Məruzədən isə belə çıxır ki, heç belə hal olmayıb. Üstəlik, məruzədən belə çıxır ki, jurnalist Eynulla Fətullayevin vəkilləri Bakı Apelyasiya Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarından Ali Məhkəmənin Plenumuna kasasiya şikayəti versəydilər, jurnalist azadlığa buraxılardı. Görünür, Elmira Süleymanovaya hüquqşünasları düzgün məlumat verməyib. Qanunla Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verilə bilməz.
Zahid Oruc
Məruzədə sərbəst toplaşmaq azadlığının pozulması və seçki saxtakarlıqlarına aid şikayətlər də əksini tapmayıb»

Zahid Oruc:

«HÜQUQŞÜNASLARIN SİYASİ ARQUMENTLƏRLƏ SİLAHLANMASINI DÜZGÜN SAYMIRAM»

«Əvvəlki məruzələrlə müqayisədə bu məruzə daha geniş məsələləri əhatə edir və orada detallara daha çox varılıb. Üstəlik, bu məruzə özünütənqidə görə də xeyli fərqlənir. Parlamentdə müzakirə zamanı müsbət məsələlər kimi bunlar nəzərə alındı. Amma mən bu məruzənin bütün bəndlərini müdafiə etmək üçün seçilən adam deyiləm. Yəqin ki, Ombudsman təsisatının təmsilçiləri də sizin verilişlərə qatılıb, öz sözlərini deyəcəklər. Amma ölkədə insan haqlarının təminatından danışırıqsa, deməliyik ki, orada sosial hüquqlar, mənzil şəraiti və başqa azadlıqlar öz əksini tapıb. Söhbətimizin əsas hissəsini Eynulla Fətullayev mövzusunun təşkil etməsini mən arzulamırdım. Seçkilərə münasibətdə isə düşünürəm ki, normal, ədalətli və demokratik bir mübarizə olub. Heç bir resursa dayanmayan, seçki start götürdükdən 10 gün sonra belə proseslərə qoşula bilməyən şəxslərin fikirləri bizim üçün mötəbər mövqe sayıla bilməz. Mən hüquqşünasların da siyasi arqumentlərlə silahlanmasını düzgün saymıram».

XS
SM
MD
LG