Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Günel Mövlud. Məsafələr, Sən uzaqbaşı...


Məsafələr

bir kənd qədər belə
yol qalmamış qbirstanlığa

tozlu mənzərələrin
cəmi bir neçə anlıq macalı var
ürəyi sıxmağa

kənd evləri yalnız
uzaqdan baxanda darıxdırıcı görünür

«…bax, o evləri keçdikmi
geridə qaldımı yarımçıq tikili
bir də hasarı ötüncə…»
deməyincə
addım-addım ölçülür
tapdanan hər qarış yer

sən demə
boşluğuyla uzaqmış məsafələr


Sən uzaqbaşı...

Aygün Aslanlı üçün

Sənə başqaları toxunanda
Qısqanmıram...
Sənə başqaları toxunanda
Qəzəblənmirəm...
Sən mənim bir parcamsan
Ağrıyıram
Sənə başqaları toxunanda

Sən anam kimi deyilsən
Onu bu qədər sevməzdim
Sən bacım ola bilməzdin
Belə duymazdı məni
Sən kişilər kimi deyilsən
Belə arxayın uyumazdım
Onların qucağında...

Hər səhər
Yolumun üstünə
İyrənc sifətli kişilər çıxır
Hər axşam evə dönəndə
Sabah kəsiləcək bir heyvan görürəm
Sən hər gecə Bədənindəki
İkigünlük tər qoxusuyla
Məni gözləsəydin
Bunları özümə dərd eləməzdim

Onlar bizi heyvan kimi xatırlayır
Qoxumuzu
Bizsə bir-birimizin
Dərisinin yaddaşında qalırıq
Mən
Hər an duyuram
Sənin
Necə yumşaq olduğunu

Möhkəm olduqlarından deyil
Duyğusuz olduqlarından
Kişilər anlamaz
Qadınların göz yaşlarını
Kiminsə çiyninə axıtmaq istəyini
Özlərinə sığınmağını
Əşyalara qısılmağını
Biz
Bir-birimizi
Şüurumuzla deyil
Tamam başqa şeylərlə
Anlayırıq
Səndə olan hər şey
Mənə
Bir öpüşünlə
Bir sığalınla
Bir toxunuşunla keçir
və ya
daha çox təmasla...

sən məni
cırılmış köynəklərlə
qırılmış boyunbağılarla
təkbaşına qoyub getməzsən
sən uzaqbaşı
mənim bir köynəyimi
geyinib gedərsən
özününkü bilib
onu mənə qaytardığında
sənin hərarətini,
sənin qoxunu duyuram,
yadıma kobud həmlələr deyil,
sənin əzizləmələrin düşür...

Alatoran, 2004
XS
SM
MD
LG