Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:45

Camal Yusifzadə. Tanrıya etiraz


Uşaqlıqdan xoşlamıram ovalı.
Nə dairəni,
Nə çevrəni,
Nə qövsü!
Çəkdiklərim iti olub - üçbucaq!
O da ancaq...
Gəlib, gəlib, gəlib çıxıb içimə -
İti olub,
ağrı olub,
Dərd olub! -
Amma nə qəm;
Nə olubsa mərd olub.
Ulu TANRI,
Günahımı ürcah elə özümə;
özü də ki, incimə.
Yaratdığın yerə, göyə nəzər sal;

Ya dairəvi,
Ya çevrədi,
Ya oval.
Göy qübbəsi, yer kürəsi,
Göy qurşağı, qafa tası,
Alma, nar...
Saysan saysız sadalanar!
Sənə nə var? -
Sənə olar!
Bu hardasa sevda payı -
Təsəllidi, sığaldı.
Bu hardasa
Dünyasını dərk etməyən
bəndəsinə mərhəmət!..
Uşaqlıqdan xoşlamıram ovalı.
Çəkdiklərim iti olub - üçbucaq!
Ulu TANRI, yalvarıram, incimə! -
Bu hardasa səngiməyən ehtiras!
Bu hardasa etirazdı! -
Və ancaq!

21.05.2007
XS
SM
MD
LG