Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Gülxani Pənah. Arzuların, Çal sazını...


ARZULARIN …


Arzuların çiçək açsın, gül qızım,
Kaş qəlbinə hər vaxt sevinc sızılsın.
Zərif məxluq, zərif çiçək, zərif gül,
Yaxşı nə var, qismətinə sızılsın.

Damla-damla qoy göl olsun içində,
Qüssə nədir bilməyəsən dünyada.
Fəxrimiz ol, a Fəxriyyə, həmişə.
Toxunmasın böhtan yeli saf ada.

Söyüdlərin saçlarına bənzəyən
Hörüklərin göz oxşayar, oxşasın.
Arzum budur bu dünyada həmişə,
Mənim balam, qoy firavan yaşasın.

Kəlbəcərin nisgili var içində,
Deməsən də mən bilirəm, ay quzum.
Gecələri işığında böyüdün
Karvan qıran Karvanqıran ulduzun.

Yoxsa belə yollar azıb qalmazdın,
Çadırlarda üşüməzdin beləcə.
Fikr eləmə, dünya belə qalammaz.
Azmış karvan öz yurduna dönəcək.

Dədə Şəmşir haraylayır hər gecə
Neçə-neçə igid, mətin balasın.
Neçə –neçə şəhid verən ananın
Ruhu gəzir o ellərdə sonasın….

Sənin, mənim qulağımda o səs var.
Bizi qoymaz yad ellərdə gün görək.
Qara günlər qərib elin yazısı,
Niyə axı qəriblikdə biz ölək?

Gedəcəyik o dağların qoynuna.
Dağlar sənin, dağlar mənim olacaq.
Qol salarıq qayaların boynuna,
Nə olsun ki, gözlərimiz dolacaq.

Qoy ağlayaq, leysan olsun göz yaşı,
Bu göz yaşı o yaşlardan olammaz.
Neçə-neçə Bala Şəmşir böyüyür,
Kəlbəcərin sazsız-sözsüz qalammaz.

Dizin-dizin sürünərik o yerdə
Ayaq basıb toxunmarıq könlünə.
Ulu Tanrı ömür versin balama,
Dədə Şəmşir ömrü yazsın ömrünə.


ÇAL SAZINI…

Çal sazını, ay Turalım,
Qaşı-gözü ay qumralım.
Sinəmi qar-boran alıb…
Çal, çal bir azca boşalım.

Çal, çal könlümün turacı.
Sazın dərdimin əlacı.
Sən çalanda elə bil ki
Ozanlar baxır qıyqacı.

Sənin sazın qəm boxçası,
Elimin almazı, axçası,
Sazsız qalıb Kəlbəcərdə
Dədə Şəmşirin taxçası.

Çal sazını, çal dinləyim,
Dərddir dünya, ey neyləyim?
Çal, çal başımı qarışdır,
Tez-tez ötsün vaxt, bilməyim….

Yoxsa tonqal, köz olaram,
Açılıb göz-göz olaram,
Dərddən, qəmdən əriyib
Kül yox, bala, söz olaram.

Mənən yananlar kül olmur,
Hər qönçədən də gül olmur.
Qərib eldə ay var, il var,
Qərib eldə heç gün olmur.

Günləri illərə dönür,
Qəmləri sellərə dönür.
Həsrət, hicran əlində
Şam kimi əriyir, sönür.

gulxani.net
XS
SM
MD
LG