Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:48

Gəncədə məktəbli oğlanlar məscidə buraxılmır


Hər cümə Şah Abbas məscidinə gəlib camaat namazı qılan 17 yaşlı Elvin son bir neçə həftədə məscidə buraxılmadığını iddia edir. Deyir ki, oxuduğu məktəbin direktoru, polislər hər cümə məscidin qarşısında dayanıb, məktəbliləri ora buraxmırlar.

«Bildirirlər ki, icazə yoxdur, daha azyaşlıların məscidə buraxılmasına qadağa qoyulub. Bu bizi çox narahat edir. Biz də istəyirik ki, hər bir insan kimi məscidə daxil olaq, ibadətimizi edək».

Gəncənin Şah Abbas Məscidində söhbətləşdiyim təxminən 50 yaşlı Kərbəlayı İlham iddia edir ki, Gəncəyə yeni icra başçısı təyin olunandan sonra 18 yaşına çatmamış məktəbli oğlanların məscidə gəlməsinə qadağa qoyulub.

«Təəssüflər olsun, göstəriş veriblər ki, cavanlar məscidə gəlməsinlər. Polislərlə məktəb direktorları gəlib, cavanları məscidlərə qoymurlar. Amma yaxşı olardı ki, cavanları məsciddə yox, müəyyən barlar açılıb, gedib orada axtarsınlar».

«BELƏ VƏZİYYƏTLƏ İLK DƏFƏ RASTLAŞIRAM»

Çox keçmir ki, onun başına yığışan dindarlar da hərə bir ağızdan problemlərindən danışmağa başlayırlar:

«Allahın evinə gəlirlər, pis şey öyrənmirlər ki, islamı, əxlaqı tərbiyəni öyrənirlər. İslam dini ilə düşmənçiliyi mən bu dərəcədə görməmişdim. 20 ildir mən bu məscidə gəlirəm, belə vəziyyətlə ilk dəfədir rastlaşıram».

Gəncə dindarları
«O gün sistem işçiləri mənim yanımda balası boyda uşağa səbəbsiz yerə nalayiq sözlər işlətdi. Uşağın barmaqlarını sıxıb, özünü də «donqarlaşdırıb», uşağın qolu sanki sınırdı».

«BU TAPŞIRIĞI YENİ İCRA BAŞÇISI VERİB»

«Biz məktəb direktorlarından soruşduq. Dedilər ki, məktəblilərin məscidə buraxılmaması ilə bağlı təzə icra başçısı Elmar Vəliyev Təhsil İdarəsinə tapşırıq verib. Bütün məktəb direktorlarına məscidə gələn şagirdləri nəzarətə götürüb, valideynlərinə uşaqlarını dərs vaxtı məscidlərə buraxmamaq tapşırılıb».

Amma dindarlar şagirdlərin məscidlərə dərsdən yayındıqları üçün buraxılmaması ilə razılaşmırlar.

«BU ADLA GƏLİRLƏR, BURDA NAMAZ QILANLARI SAYIRLAR»

«Bəli, məktəbə getsin, dərsini oxusun. Məktəbdən qaçıb, məscidə gəlmələrinə heç kim razı deyil. Eləsi var ki, birinci növbədir, dərsdən çıxıb, saat birdə, ikiyə işləmiş gəlirlər namaza».

«Biz də orta məktəb oxumuşuq. Saat 1-də, 1-in yarısında dərs qurtarır. Namaz isə saat ikinin yarısıdır. Heç dərs vaxtına də bunun aidiyatı yoxdur».

«Bu adla gəlirlər, burda namaz qılanları sayırlar. Hətta sahə müvəkkillərinə də məlumat verirlər ki, həmin adamları nəzarətə götürsünlər».

DİNDARLAR YALAN DANIŞIR?

Gəncə Şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov deyir ki, görülən bu təbdir məktəblilərin dərsdən yayınmalarının qarşısını almaqla bağlıdır. O ki, qaldı şagirdlərin dərsdən çıxıb, məscidə gəlmələrinə İsmayılov bunu qeyri-mümkün hesab edir.

«Yalan deyirlər, dərsləri saat 1-də qurtarır, azan da başlayır düz saat 1-də, ikiyə dörd-beş dəqiqə işləmiş. Dərsdən yayınıb, gəlirlər namaz qılmağa. Hətta bəzi məktəblər namaz qılan uşaqlar üçün yer də ayırıb ki, dərsdən yayınmasınlar, tez namazlarını qılıb, dərsə qayıtsınlar».

«POLİSİN DİNƏ DƏ, DİNDARLARA DA BÖYÜK HÖRMƏTİ VAR»

Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayev polislərin nəinki məscidlərdən məktəbliləri kənarlaşdırdıqlarını, heç bu məsələyə qarışmadıqlarını bildirir:

«Bunu kimdirsə sizə deyən, ağılsız adamdır. Heç kimə də heç bir qadağa yoxdur. Elə bir söhbət qətiyyən ola bilməz. İndi bilmirəm Təhsil İdarəsi bəlkə dərsdən yayınmanın qarşısını almaq üçün hansısa tədbir keçirir. Biz tərəfdən heç bir qadağa yoxdur. Bizim dinə də böyük hörmətimiz var, özümüz də həmişə Allaha ibadət edənlərin hörmətini saxlayırıq».

Rasim Musayev
«GƏNCƏ DİGƏR ŞƏHƏRLƏR ÜÇÜN NÜMUNƏ OLMALIDIR»


Gəncə şəhərinə yeni təyin olunan icra başçısı Elmar Vəliyev isə bu yaxınlarda keçirdiyi hesabat yığıncağında hicablı müəllimlər məsələsinə toxunmuşdu. O, zalda əyləşən bir müəlliməni misal çəkərək, ondan ayağa durmağı xahiş edib və bütün müəllimlərin dərslərə belə səliqəli geyimdə gəlməli olduğunu bildirmişdi.

«Baxın bir görün, necə qəşəng, səliqəli geyinib. Bütün məktəblərdə bütün şagirdlər dərslərə məktəbli formasında gəlməlidirlər. Müəllimlər də həmçinin. Bu, hamıya aiddir. Biz digər şəhərlər üçün nümunə olmalıyıq».

İcra başçısının bu çıxışından sonra hicablı müəllimlərin dərslərə buraxılmasında problemlər yaranıb. Onlardan bəziləri başlarını açmaq, bəziləri papaq qoymaq, bəziləri isə işdən çıxmaq məcburiyyətində qalıblar.

«GƏNCƏDƏ AĞLASIĞMAZ FENOMEN YAŞANIR»

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi Gəncədə dini vəziyyətin kəskin sürətdə pisləşməsi ilə bağlı bu günlərdə etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir:

«Son günlərdə Gəncədə insan haqlarının pozulması ilə əlaqədar yeni bir ağlasığmaz fenomen yaşanır - məscidlərin qarşısında postlar qurularaq, yeniyetmələrin məscidlərə gəlişinin qarşısı alınır. Məscidlərdə ibadət etmək istəyən yeniyetmələrə maneçilik törədilir».

Bəyanatda nəinki hicablı şagirdlərin, hətta hicablı müəllimlərin də dərslərə buraxılmaması kəskin şəkildə pislənir.

Xatırladaq ki, ötən ilin sonlarında Bakıda şagirdlərin orta məktəblərə hicabla gəlməsinə şifahi qadağa qoyulmuşdu. Onlarla hicablı tələbənin dərsdən yayındığı bildirilirdi. Bundan sonra Təhsil Nazirliyi qarşısında dindarlar aksiya keçirdi. Bu qadağanı pisləyən İslam Partiyasının sədri Mövsüm Səmədov isə hazırda həbsdədir.
XS
SM
MD
LG