-
"Biz hicab bənzərli teokratikliyi Azərbaycanımıza yaraşdırmırıq".
"Layiq olmayanlara riyakarcasına "rəhmət" oxumaq əxlaqımızın yaralı yeridir".
Avqustun 5-i görkəmli yazıçı, publisist Rafiq Tağının doğum günüdür. Ötən ilin noyabrında qətlə yetirilən yazıçı yaşasaydı, indi 62 yaşı tamam olacaqdı...
Doğum günündə onu öz müsahibələrinin biri ilə yad edirik. Babək Göyüşün yazıçı Rafiq Tağı ilə söhbəti
- Rafiq bəy, xöş gördük sizi. Son vaxtlar şair və yazıçılarla etdiyim müsahibələrdə bir şeyin şahidi olmuşam.
Yazar dostlarımız sualların məzmunundan şikayətlənərək, cavab verməkdən yayınırlar.
Məncə, əsl yaradıcı adam adi “külək”, “qum”, “kosmos”, nə bilim, “yolayrıcı” kimi sözlərdən də bir tutacaq kimi istifadə edib, öz iç dünyasını ortaya qoya bilər...
- Düz sözə nə deyəsən. Görürsən, müsahib bozarır da: sualı səhv qoydun.
Bir tək bu cavabla o insanın diktaturada yetişdiyi bəlli olar. Əlbəttə, ona verilən suallar belə rels kimi düz, polad kimi əyilməz olmalıdır.
“Stalin” “polad” sözündəndir”, - hələ eləsinin ağzını arasan, biliklərin tükəndiyi bu yerə gəlib çıxarsan. ...
Əxlaqsız adam da həmişə “əxlaqlı” sual istər.
- Dünyada ünlü yazarlardan Ayzek Əzimov, Mixail Bulqakov, Maksim Qorki, Fyodor Dostoyevski, Patrik Züskind, Stiven Kinq, Pelevin, Cerom Selincer, Lev Tolstoy, Ernest Heminquey... öz yaradıcılıqlarını hekayə ilə başlayıb, romanla bitirdlər.
Siz isə hələlik hekayə yazmaqla yerinizdə sayırsınız. Romana keçidiniz nə vaxt baş tutacaq?
- Mənim romana keçmək öhdəliyim yoxdur. Ona qalsa, romana keçənlər də sonra hekayə yaza bilmirlər.
Beləliklə daim roman yazmaqla “yerində sayırlar”. Kim deyə bilər ki, Şopenin prelüdləri Bethovenin simfoniyalarından zəif, ya bəşəriyyət üçün lüzumsuzdur. Ədəbiyyatda bəşəriyyət üçün yadigar qalan sözdür, janr yox.
Yadigar qalası sözü isə mən yazılı söhbətlərimdə də deyirəm.
Mən bu söhbətlərdə minlərlə fikir yürütmüşəm ki, onlar hekayələrimdə, ya digər janrlı əsərlərimdə yoxdur.
Bəşəriyyət indi də Sokratın aforizmlərindən bəhrələnir; ta onun da romanları olmayıb ki. Sokrat dialektika təlimini şifahi yaradıb.
Çexov əksər hekayələrini əvvəl roman kimi düşünüb və elə roman boyda da yazıb, sonradan onları hekayə həcminə endirib.
Bizim üçün İvan Buninin, Şukşinin hekayələri daha əzizdir, nəinki romanları. Mirzə Cəlilin romanı olub? Babək bəy, burda mənim romanı pisləmək fikrim yoxdur; məqsəd öz mövqeyimi müdafiə etməkdir.
Açığı, roman yazmaq uzunçuluq eləməkdir. Bu saat zaman yazıçıdan fikri lakonik söyləməyi tələb edir. “Tarixi-Nadir”ə insanlığın vaxtı hardandır! Bəli, roman bəşəriyyətin qızıl vaxtını almaqlıqdır.
Təbiətdəki, ya siyasi kataklizmlərdə yek kəlməlik uca əmr böyük xilasedici rol oynayır. Əmr də roman janrında verilmir ki.
Bu saat yelləncəyə bənzər Yaponiyadakı zəlzələdə, ya sunamilərin əlvan səthində insanların bəlkə hekayə oxuması ehtimal oluna bilər, roman oxuması yox.
Üstəlik, mənim səbrim, tərzi-hərəkətlərim zamana köklənib.
Vallah, Orxan Pamuk razılıq versə, mən onun romanlarını bir-bir qısaldıb hekayələrə çevirərdim. Konkret və lakonik danışmaq lazımdır.
Ədəbi sicilləmələr, uzunçuluq heç vaxt məqbul sayılmayıb. Allah da bəşəriyyətə sözünü qısaca söyləyib.
Gəlin baxaq, roman janrı haçan və necə ortaya çıxmışdı?
Orta əsrlərdə müharibələr sanki azalmış oldu; bəşəriyyət idillik, nağılvari bir həyat sürməyə başladı.
Məhz onda, İntibah dediyimiz dövrdə, hamı romana üz tutdu; bir növ, bekarçılıqdan.
Hətta arvadlar da bozbaşı bişirib hazır qoyandan sonra roman yazmağa qurşanırdı. İndinin özündə də bu janrda əsərləri əsasən sakit həyat tərzi sürənlər yazır və oxuyur. Sakit həyat tərzi sürmək də hardasa bəşəriyyətin taleyinə biganəlikdən irəli gəlir.
Qraf Lev Tolstoy ömrü boyu sızladı, ağlayıb-sıtqadı ki, ay elə xalqın malını yeyirəm, ona görə də belə əxlaqsızam və sair. Ömrü boyu “əxlaqsız” qalıb da, romanlarını yazdı.
Həri, Tolstoyun romanları tüfeylilikdən, xalq malından törənib.
Məsələn, Dostoyevski də qonorar xatirinə iri həcmli əsərlər yazırdı; həcm nəşriyyatların ondan əsas tələbi idi. Məncə, yalnız hekayə janrında əsər kimlərinsə diktəsindən yaranmır. Roman təbiətə uyğun deyil. Bir insan təbii olaraq ancaq hekayə yaza bilər.
Nə isə, Babək bəy. “İstiqlalımız lağlağıdır” - Sabir bütov bir ictimai-siyasi atmosferi bu iki sözlə ifadə edə bilirdisə, ondan uzunçuluq istəmək doğru olardımı? Ədəbiyyat minimal sözün maksimumudur.
- ABŞ-ın “The Millions” jurnalı XXI əsrin 20 ən populyar kitabının adını açıqlayıb. Orada isə geniş oxucu kütləsinə heç də tanış olmayan - Conatan Franzen, Devid Mitçel, Robert Bolanyo, Kormak Makkarti kimi yazarların kitabları öndə olub. Azərbaycan yazarlarının adları o siyahıda nə vaxt görünəcək?
- Özünüz dediniz ki: oxucu kütləsinə “heç də tanış olmayan”. Demək, hətta bu siyahıda da subyektiv yanaşma var.
Ümumiyyətlə, siyahıları ləğv etmək, onları insanlığın yaddaşından silmək lazımdır.
Amerikanların böyük səhvidir ki, bizdən xəbərləri yoxdur. Bizim də qəbahətimiz onlardan xəbərsizliyimizdədir. Xəbərsizlik, beləliklə də yadlıq qarşılıqlıdır.
Biz hələ də qapalı cəmiyyət olaraq qalırıq. Əslində onlar da sanki qapalı cəmiyyətdə yaşayırlar.
Ən demokratik siyasi quruluşlar belə qapalılığı ləğv edə bilməz. “Açıq cəmiyyət”ləri yaratmaq bəzən avara insanların boynuna düşür. Onlar oturub-durub yalnız özlərini görür.
Evdən çölə çıxmayan eybəcərlər güzgüdə özündən gözəlini tanımaz. Yox, bəşəriyyət anormal yaşayır.
Dünyada zövqləri tülüngülər formalaşdırır. Onlar insanları tez və asan, həm də əsaslı aldatmaq üçün gecəli-gündüzlü yeni mexanizmlər düşünməkdədir. İnsanlıq aldadıldığını anlasa, inan, bağrı çatlar.
Ancaq hərdən baş verən inqilablar əslində insanlığın bağrının çatlaması dövrüdür.
- Deyirlər, sizin nəsr diliniz lakonikdir, ancaq son vaxtlar hekayələrinizdə daha çox texniki terminlərə yer ayırırsınız. Bu, sizin həkimlik peşənizdən irəli gəlir?
- Hekayələrimdə yox, esselərimdə, hə, ola bilər. Bəzi yazıçılarımız öz yerli şivələrində, mən isə ümumbəşəri “arqo”da yazmaq yolunu tutmuşam.
Yazılarım, esselərim dünyanın hər yerində anlaşılar.
Lakonikəm, lokal deyiləm. Ölü latınların əbədi diri sözləri dünyanın bütün dilləri üçün dayaq-hərəkət sistemi rolu oynayır.
Onlardan imtina ümumbəşərilikdən imtina demək olardı. Axı, bir görün, dünyamız nə balacadır. Axır bir gün eşidəcəyik ki, Yerin oxu da sınıb. Özünü dünyadan təcrid etməklə, yalnız mikroskopik varlıq ola bilərsən.
Heç kəs də səni başa düşməz, hamı səni rədd edər. Latın dili - ümumbəşəri dil həmrəyliyidir.
- Məhbəs həyatı yaşamış yazar o həyatı nə vaxt qələmə alacaq?
- Məndə gördüyüm həyat təxminən 8-10 ildən sonra ədəbiyyata çevrilir. Yəni həyatın ədəbi bar verməsi bu müddətə gözlənilir.
Həyat ədəbiyyat olmaq üçün əvvəl hökmən mifolojiləşməlidir. İstənilən bədii əsərin başlanğıcında mifolojilik durur.
Əslində şifahi ədəbiyyat növü olan miflər, elə dastan, ya nağıllar da, bircə günə, bir aya yaranmır ki.
Miflər transformasiyalara uğramış həyatdır. Hərdən başıma gələn türmə əhvalatlarını dost-tanışa danışanda - “Ə, bunları niyə yazmırsan?” - soruşurlar.
Bunlar əsasən yaradıcılığın texnolojisini bilməyənlərdir. Allaha şükür, sizlər bu texnolojini yaxşı bilər... Ola bilsin, burda mənimlə məzələnir, yaradıcılığımla manipulyasiya edirsiniz.
- İndisə müxtəlif mətbu orqanlara verdiyiniz müsahibələrdə yer almış fikirlərinizin hər birinə ayrı-ayrılıqda açıqlama vermənizi istərdim:
1. "70-80-ci illərdə qabağıma kötük diyirlədənlər artıq ədəbiyyatdan siliniblər". Konkret adlar çəkə bilərsinizmi?
- Diktaturalar ona görə idbar sayılır ki, bütün yaradıcılıq sahələri monopoliyaya alınır. Bizdə də ədəbiyyat beş-on dılğırın ixtiyarında idi.
Daha keçib, ona “rəhmətlik” deyirəm, Sabir Azəri səksəninci illərdə - düz 10 il, məni “Ulduz” jurnalında çap etməyib.
Onda Moskvada yaşayırdım.
Bu adam ədəbi taleyimin görüntülərini belə dəyişib: indi camaat elə bilir ədəbiyyata doxsanlarda gəlmişəm. Götürək Mövlud Süleymanlını. İldə bir yol Moskvadan Bakıya gələndə, bu adam qanımı it qanına döndərərdi. “Azərbaycan” jurnalının redaksiyasında mən onu həmişə ya nərd atan, ya da şahmat oynayan gördüm.
Diqqətin-şəfqətin nə olduğunu bilməyən, bir vaxt radiodualarıyla milləti xilas edəcəyini düşünən bu eqoist yazıçı hər dəfə eləcə zər ata-ata da - “Rafiq, hekayələrini itirmişik”, deyərdi.
Söhbətdi, edirik. 1984-də, “Drujba narodov” jurnalında, “Novıye imena” rubrikasında iki böyük hekayəm dərc olundu. Amma ondan əvvəl iki-üç il hekayələrim, bir redkollegiya üzvü kimi, yenə “rəhmətlik” deyək - Mirzə İbrahimov tərəfindən ləngidilmişdi. ...
Bu yolu ki, tutmuşuq, deyəsən, gələcəkdə Hitler haqqında da - “Allah ona rəhmət eləsin, yəhudilərin soyqırımını törətmişdi...” - deyəsi olacağıq. Bu riyakar “rəhmət” yalançı humanizm, əxlaqımızın yaralı yeridir.
2. “Şəxsən mən Rasim Qaracanı “ədəbiyyatımızın generatoru” adlandırıram”. Bəs onda ədəbiyyatımızın yükünü daşıyan “təkərlər” kimdir?
- Həqiqətən də, Rasim Qaraca ədəbiyyatımızda yeniliklər istehsalçısıdır. O, Rusiyadan qayıdalı Azərbaycanın ədəbi həyatı qaynayır.
Düzdür, onun “günah”ı üzündən qruplararası incikliklər də olur, ancaq qanan üçün elə bu da vacibdir. Ədəbiyyat savaşlarından cəmiyyət udur. Rasim gənclərlə, güneyli yazarlarımızla işləməyi gözəl bacarır.
Rasim çağdaş Azərbaycan ədəbiyyatındakı dinamizmin banisidir, mən deyərdim.
Amma “yük daşıyan təkərlər”in adını çəkməyəcəyəm. Çünki ədəbiyyat sevgili bu insanlar bir vaxt dahi olacaqlarını düşünüb, dahi ola bilməyib də yalnız faydalı insan kimi qalıblar.
Bütövlükdə insanlıq, ayrı-ayrı millətlər də, insafsızcasına ancaq dahiləri xatırlayır. İnandırım, bu əməkçi insanlar olmasa, ədəbi gedişat tormozlanar.
Bu ədəbiyyat fəhlələrinə, şəxsən mənim də bacarmadığım, qara işləri görən bu insanlara ehtiramımız əskilməsin...
3. “Mənim AYB-ni tənqidlərim, orda bunu anlasalar, özlərinə də xeyirdir”. AYB-nin anlayıb tapacağı xeyirləri sadalaya bilərsinizmi?
- Mühafizəkarlığın daşını atmaq, ədəbiyyatı söz bostanına çevirib, ondan qazanc güdməmək...
Sağlığında şair olmuş rəhmətliklərdən biri Şəhidlər Xiyabanındaca dövlət başçısından, tutalım, keçən il məhz elə dövlət başçısının ona bağışladığı mənzilə unitaz da istəməsi artıq dillər əzbəridir.
...Nəhayət, ədəbiyyat arenasında kreslo davasını yerə qoymaq.
Ədəbiyyat “qızıl taxt”larda oturmaq sənəti deyil. Ədəbiyyatda “kreslo” ayıblığın semiotikasına daxildir.
4. “Ötən il Milli Kitab Mükafatı müsabiqəsinə qoşulanda, Seymur Baycan məni və Həmid Herisçini prinsipsizlik göstərməkdə suçladı”. Bəlkə builki MKM-ya yeni suçlamalardan qorxduğunuza görə qatılmadınız?
- Onda mən AYO-nun müsabiqədə iştirak etməmək qərarını artıq hekayələrimi ora yollayandan sonra eşitmişdim.
Bu saat problem heç də qorxuda deyil; onsuz bizdə qorxu mühiti yoxdur.
Sadəcə, MKM-nı bir dəfə dişimizə vurduq. Məncə, daha bəsdir. Həm də dərdimiz təki elə bir bu olsun.
5. “Hekayələrim əslində şeirlərimin davamıdır...” Bəlkə şeir yazsaydınız, daha məşhur olardınız?
- Sözünüzdən belə çıxır, hekayə yazmaqda uğursuzluğa yuvarlanmışam? Özü də bəyəm insan ancaq şeir yazanda daha məşhur olur?
Yoxsa poeziya, ya nəsr məşhur olmaq vasitələridir? Yaradıcılıq mənim həyat tərzimdir. Bu əsnada şöhrət gələ də bilər, gəlməyə də. Ya məndən uzağa gedə bilər.
Mən şöhrəti heç vaxt yanıma çağırmıram. Şöhrət istəkli dostum-zadım da deyil.
Bilməmiş olmazsınız, Rafiq Tağı ömrü boyu şöhrətin minus hədlərində yaşayıb.
Yəni şaxtalı yerlərində. “Demokratiya üzrə demaqoq” titulu verdiyim Pənah Hüseyn kimilərinin nəzərində elə indi də minus-şöhrət həddindəyəm.
6. “Yazıçının borcu cəmiyyətə stimullaşdırıcı impulslar ötürməkdir”. Sizin impulsların təsir dairəsi neçə kilometrdir?
- Dairənin ölçü vahidi kilometr deyil. Bu bir. İkinci də, onu deyə bilərəm ki, yazılarımla toplumu həmişə ayıltmağa çalışmışam.
Mən ictimai qəflət yuxusunun əleyhinəyəm. Dava-şavalarımla axır ki, klassikləri büt saymaqdan qurtulduq. İfrat millətçiliyin dövlətçiliyimizə ziyanını hamılıqla anladıq.
Gələcəyimiz naminə Azərbaycanı dini fanatlardan qorumaqdayıq. Biz hicab bənzərli teokratikliyi Azərbaycanımıza yaraşdırmırıq.
Mən yazılarımla iç və dış düşmənlərimizi daim üzə çıxarmışam.
7. “İstərdik, MKM ildən-ilə çiçəklənsin, ən azı ona görə ki, bu, gözəl Nigar Köçərlinin təşəbbüsüdür”.
Gözəl olmayan başqa bir xanım bu təşəbbüsdə bulunsaydı, yenədəmi belə deyərdiniz?
- Siz gözəlliyi niyə məhz zahiri göyçəklik kimi başa düşürsünüz? Nigar Köçərli nəcibliyi və həm daim təzələşən ideyaları ilə gözəldir. Onun gözəlliyi İran molla rejimindən azca şimalda insani Avropa dəyərlərini özündə gəzdirməsindədir. Komplekssizliyində gözəldir o.
8. Hekayələrinizin adları da özünüz kimi qəribədir. Sizdə qəribə olmayan keyfiyyət hansıdır?
- Məndə qəribə olmayan yeganə keyfiyyət hamı kimi fiziolojiliyimdədir. Fiziolojilik, ya biolojilik mənim məhvimdir.
9. Son sual. Son hekayənizi nə vaxt yazmısınız?
- Bu informasiya ictimai əhəmiyyətsiz olacaq deyə, cavabdan vaz keçirəm. Gəlin, hekayələr fakt kimi ortaya qoyulduqca sevinək.
17 mart 2011-ci il