əvvəli
Züleyxa danışdıqca keçmişin xiffəti məni bürüyürdü. Bu xiffəti Boğaziçindən qopan külək də dağıda bilmirdi. Və indinin özündə də ətrafa qəribə ətir saçan bu xanımın cazibəsini hər an hiss edirdim. O, həyatı bütövlükdə yaşamağa alışmış adamıydı. Bu cür qadınlar haqqında ən xoşagəlməz fikirləri söyləməkdən çəkinmirlər. Bəziləri onu kişiləri bədbəxt edən cadugərə, bəzilərisə göz qamaşdıran və tez xərclənən var-dövlətə bənzədirlər. Mənsə onu xəzinəyə oxşadırdım. Çünki mənimçün yenə də cəlbedici və sirliydi.
O, boş-boş şeylərdən danışırdı, istanbulluların qəribə məxluq olmalarından, addımbaşı para güdmələrindən, xəsisliklərindən söz açırdı. Dil qəfəsə qoymurdu. Elə ürəkdən gülürdü ki, ağzında ağappaq dişlərini saymaq olardı. Kövrələndə gözləri qəribə və sirli görünürdü, seksuallığı birə-beş artırdı... Amma nədənsə o, sözünün canını deməyə, söhbətinin məğzini anlatmağa tələsmirdi. Bizə gətirilən yeməyə də əl vurmamışdıq. Onun fikri öz macəraları ilə məni valeh eləməyin yanında, mənim düşüncələrim isə Züleyxanın ağzında, burnunda, dodaqlarında, jestlərində, əlçatmaz, gündəyməz yerlərindəydi. O çox gözəl idi. Qınamasalar, deyərdim ki, İstanbul onun gözəlliyinin yanında solğun görünürdü. Mən Züleyxanın balaca, yupyumru döşlərinin arasını, ağappaq budlarını xatırlayırdım və hələ də özümü nakam bir növcavan kimi hiss edirdim. Biz, yəni mən və uşaqlıq dostlarım dəfələrlə onu xəyallarımızda soyundurmuşduq, çəhrayı məmələrini öpmüşdük, amma sirli "zonaya" əl vurmamışdıq, onu intim anlar üçün saxlamışdıq. Çünki müsəlmançılıq bizim qanımızdaydı və ən intim səhnəni zifaf gecəsi üçün saxlayırdıq.
Züleyxa mənim baxışlarımı göydə tutdu. Danışmağına ara verdi və:
- Niyə yemirsən, yesənə? - soruşdu.
- Bəs, sən niyə yemirsən? - deyə suala sualla cavab verdim.
- Səni gördüm, yemək yaddan çıxdı, - dedi və güldü, əlini yeməyə atdı, - öz aramızdır, erkəklər məni görəndə iştaha gəlirlər...
O, özü də bilmədən doğmalaşmışdı, həminki şıltaq Züleyxa olmuşdu və sanki Yusifdən bir xəbər gətirmək üçün indicə mənimlə şərt kəsəcəkdi.
Yeməyə həvəsim olmasa da, ət döyməsindən bir tikəni götürüb gəvələməyə başladım. O, mənim həvəssiz yediyimi görüb:
- Xoşuna gəlmirsə, başqasını gətirsinlər, - dedi.
- Yox, söhbət yeməkdə deyil. Hər şey yaxşıdır. Amma məni bir şey maraqlandırır. Necə oldu ki, sən birdən-birə yoxa çıxdın və məhlə kişilərinin hamısının yuxusuna haram qatdın?
- Kişilərin ha?! Hardaydı o kişilər?! - Mənim duruxduğumu görüb, - bircə səndən başqa, - dedi və güldü.
Züleyxa qəfil güldüyü kimi də qəfil sakitləşdi. Bir müddət dinmədi, eləcə yeməkdə davam elədi. Və sonra gözləmədiyim halda:
- Yəqin ki, heç kim mənim Yusifdən uşağa qaldığımı bilmirdi? - deyə suallı baxışlarını üzümə zillədi.
Mən onun qəfil etirafından çaşdım, daha doğrusu, Züleyxanın əvəzinə qızardım. Nə cavab verəcəyimi bilmədim. Handan-hana:
- Bilmirdik, - dedim, - bu necə ola bilərdi?
- Çox asan, - deyə Züleyxa qəşş elədi, əlini-əlinə vurdu, - uşaq ki, uşaq. Siz o vaxt uşaq idiniz.
- Bəs sən necə, uşaq deyildin?
- Yox, mən uşaq deyildim, mən şeytan idim. Hamını yoldan çıxarmağa çalışan şeytan. Hələ indi də bu bəd əməllərimdən əl çəkməmişəm, - dedi və mənə göz vurdu.
Züleyxa gülməyində davam edirdi. Mən onun üzünə baxırdım, onu şeytana oxşatmağa çalışırdım, amma heç nə alınmırdı. O, gözəllik ilahələrinə bənzəyirdi.
- Mən buna inanmaq istəmirəm, - dedim, - Yusiflə sən bunu necə bacardınız?
Züleyxa gülməyinə ara verdi, ciddiləşdi.
- Duşxana yadındadı? - başımla təsdiqlədim, - səni maraqlandıran hadisə orda baş verdi. Yerini rahatla və qulaq as... Ey, qulaq asırsan, - deyə o, mənim qayğılı baxışlarımı görüb, uzun, ətirli barmaqlarıyla burnuma toxundu.
Mənim fikrim doğrudan da əncir ağacının yanında qalmışdı. Duşxanada Yusifi və onun qucağına sığınmış Züleyxanı təsəvvür edirdim. Düşüncələrim biədəb səhnələrlə zəngin idi.
- Qulağım səndədi, - dedim.
- Onda yaxşı-yaxşı qulaq as. Axı sən mənim həyat tarixçəmi yazmağa gəlmisən, elə deyil? - Başımla təsdiqlədim, dodağımın altında mızıldandım və "elədir" dedim. - Mən Yusifə vurulmuşdum. Hər gecə onun xəyalıyla yatırdım və qəribədir ki, yuxuda onun əzalarını görürdüm, anlayırsan da nəyi deyirəm... onu sığallayırdım. İçimdə, sanki bir şeytan vardı, daim məni duşxanaya sarı dartırdı. Yusif onu izləməyimdən duyuq düşmüşdü və son zamanlar duşxanaya axşamlar, qaranlıqlaşanda girirdi. Mən ona məktub yazdım, çatdırdım ki, axşam duşxanaya girəndə qapını daldan bağlamasın... Məktubu Qadir apardı. Hə, düzdü. Mən sözümün üstündə durdum və budlarımı ona göstərdim ...hə, döşlərimi də... Sən o zaman həyətdə yox idin, hara getdiyini də bilmirdim. Ona görə də məktubu səndən yox, ondan göndərdim. Əslində, sənə daha çox etibar edirdim. Niyəsini bilmirəm...
"Ay səni, şeytan!" Bunu kim dedi? Yəqin hər ikimiz, ürəyimizdə və eyni zamanda. Bir-birimizə baxdıq. Baxışlarımız nüfuzediciydi. Bir anlıq pauzadan sonra o davam elədi:
- Yəqin səni maraqlandırır ki, məndə bu şeytani hisslər hardan idi? Özüm də bilmirəm. Məgər dünyada hər şeyin izahı var? Amma mən uşaqlıqdan özümü qadın kimi hiss edirdim. Yalnız bircə dəfə kişinin qadını qucaqlamasını görmüşdüm. Düzdür, atamla anamı. Bəzi gecələrdə isə cürbəcür səslər. Pərdənin dalından gələn səsləri nəzərdə tuturam. Mənim içim yanırdı, odlanırdı. Mən yorğanın altında səhərə kimi qıvrılırdım, əvvəllər səbəbini bilmirdim, amma sonradan Yusifi hamamda lüt-üryan görəndə bu hissin nə olduğunu başa düşdüm... Ürəyim az qala ayağımın altına düşdü. Uçunurdum. Havasızlıqdaydım.
- Sən Markiz de Sadı oxumusan? - deyə bu qəfil sualla onun sözünü kəsdim.
- O kimdi elə?
- Sadizmin yaradıcısı.
- Yox, - başını buladı.
- Sənin bu hisslərini o yazıb. "Ehtiraslı Tereza"da.
- Tereza, Tereza, - deyə o dodağının altında bir neçə dəfə təkrar elədi, - yox, xatırlamıram, o da, yəqin mənim kimi gözəl olub?!
- Gözəl, həm də cəlbedici. Onlar hər ikisi şeytan olublar. Tereza da, onun müəllifi də. Müəllif və qəhrəman dueti...
Züleyxa mənə sınayıcı nəzərlərlə baxdı. Sonra isə:
- Maraqlı deyilsə, danışmayım.
- Nə danışırsan, maraqdan ölürəm.
- Ələ salırsan məni?
- Əstəğfürullah. Doğrudan, maraqlıdır...
Boğaziçinin üstündən təyyarə keçdi. Züleyxanın gözləri yol çəkdi. Sonra öz-özünə danışırmış kimi davam elədi. Yəqin keçmişi xırdalıqlarına qədər xatırlamaq istəyirdi.
- Mən içəri girəndə Yusif lüt-üryan duşun altında dayanmışdı. Heç nə demədim, dinməzcə paltarımı soyunub duşun altına girdim. Mən bunu kinoda görmüşdüm. O mənzərəni hər gün gözlərim önündə canlandırırdım. Sanki dəli olmuşdum, çıldırmışdım. Sonradan anlayıram ki, məni dəli eləyən ehtiras imiş, şeytani şəhvətiymiş. Yusifə sığındım. Onun bədəni sürüşkən və sıcağıydı. O, məni öpdü. Mən də ona cavab verdim. Sonra məni xalatının üstünə uzatdı və məni öpməyə başladı. Onda başa düşdüm ki, Yusif də məni sevirmiş. O, məni sevdiyini hər an təkrar edirdi...
Züleyxa danışdıqca mən həmin hadisəni təsəvvür edirdim, daha doğrusu, içimdəki şeytan qanımı coşdururdu. Qısqanırdım. "Qancıq" - ürəyimdə fikirləşdim. Bizə döşünün arasını da göstərməyi qıymırdı, amma Yusifə bütün bədənini təslim edib...
- Ey, niyə fitkrə getdin? - Züleyxanın səsi məni şeytani hiss və düşüncələrdən ayırdı. - Yusiflə əlaqələrimiz üç aydan çox davam elədi. Bunu Fatimə bilirdi. O, hər gün məni hədələyirdi ki, atama deyəcək. Mənim vecimə də deyildi. Hamilə olmağımdan birinci anam duyuq düşdü. Həmin axşam atam məni səhərə kimi döydü və səhər açılmamış kəndə - babamgilə apardı.
Amma burada da məni sakit qoymadılar. Anam mamaçaların birinin əliylə uşağımı saldırtdı. Mən buna heyifsilənmədim də. Çünki analıq hisslərim hələ oyanmamışdı. Mən sevilmək istəyirdim, güclü erkək qollarına ehtiyacım vardı.
Hərdənbir Yusiflə görüşürdük. Bir bəhanəylə evdən çıxırdım. Biz hisslərimizi onun əmisioğlunun qarajında sərinlədirdik. Amma elə zaman gəlir ki, hisslər də tükənir. Yusif əsgərliyə - Qarabağa getdi və mən tək qaldım. Təklik məni sıxırdı. Məni şəhərə də buraxmırdılar. Evdə də gün verib-işıq vermirdilər. Anam məni özümdən yaşlı, dul bir kişiyə ərə vermək, bununla da onları gözləyən "rüsvayçılıqdan" canlarını qurtarmaq istəyirdi.
Məni ömürlük ana olmaq şərəfindən xilas eliyən mamaça məni dilə tutdu ki, onun şəhərdə yaşayan rəfiqəsilə tanış olum. Bu tanışlıq mənim kimi gözəl qıza gərəkli olardı.
Mamaçanın dediyi xanım doğrudan da qəşəng idi, kişilərlə dil tapmağı bacarırdı. Mən onun təklif etdiyi kişilərlə yatmalı olurdum. Bir gün Gülzar dedi ki, o qadının adı beləydi, yaxşı pul qazanmaq, həm də xarici gəzmək istəyirəmsə, onunla birgə Dubaya gedim. Pul-para da lazım deyil, istədiyim paltarı ala və geri qayıdanda yaxşı pula sata bilərəm. Mən Dubay adını bir neçə dəfə eşitmişdim. Bilirdim ki, ora alverçilərin məskənidir. Gülzar xanım öz tanışları vasitəsilə mənə xarici pasport düzəltdi və Dubay həyatım başladı. Anamgil buna etiraz etsələr də, babam mənim tərəfimi tutdu. "Onlar da müsəlmandılar. Müsəlmandan bizə zərər gəlməz", dedi.
Kişilərdən öncə gözlərimi şəhər qamaşdırdı. Kişilərin göz qamaşdırması yalan sözdür. Qadınlar başqa. Qadınların qanında fosfor artıqdır. Ona görə də bəyaz qadınlar işıq saçır. Kişilər qaranlıqdan qorxduqlarına görə işıq axtarmağa məcburdurlar. Qaranlığı isə qadınlar əvəz edir. Belə olmasaydı, kişilər gecələr qadınların böyründə yatmazdılar. Bu, erkəklikdən çox, qorxunun əlamətidir...
Dubay bu baxımdan kişi yox, qadınıydı. Bu şəhərdə bir qadınlıq cazibədarlığı vardı. Hamı ona sahib olmaq istəyirdi, ya heç olmasa, ondan nəsə qopartmaq ümidindəydi...
Züleyxa danışırdı və mən onun bu təcrübəsinə, mülahizələrinə heyran olurdum. O, təkcə gözəl və güclü qadın yox, həm də fərqli müşahidə hissi olan adamlardanıydı...
- Mən kişiləri həmişə şəhərlərə bənzətmişəm. Amma bu şəhər bambaşqaydı. Desəm ki, lesbiyankaydı, xətrinizə dəyər. Əlbəttə, sənin yox, sən Dubayı sevmirsən, heç ora getməmisən də. Bunları bilirəm. Bilirsən niyə? Bilmirsən. Mən də deməyəcəm.
Amma boynuma alım ki, ömrümdə belə gur işıqlı şəhər görməmişdim. İndiyə baxma. İndi eşitmişəm ki, Bakının neft pulları şəhəri Parisə döndərib. Parisi hələ uşaqlıqda kinolarda görmüşdüm. İndi ürəyim istəyəndə ora gedə bilirəm.
Səhər açılanda başqa mənzərənin şahidi oldum. Səhranın ortasında yaquta bənzər şəhər gecələr füsunkar olsa da, gündüzlər qurda rast gəlmiş məzlum quzuya bənzəyirdi. Amma burada bir azadlıq ab-havası vardı. Onda başa düşdüm ki, mənim həyatım burdan başlayır...
Bu sözlərdən sonra Züleyxa xanım "Volter" siqaretini çantasından çıxarıb stolun üstünə qoydu, eyni adlı alışqanla onu yandırdı və bir qullab alandan sonra üzümə baxıb:
- Mən bilən sən siqaret çəkmirsən, - dedi, mənalı-mənalı gülümsündü və söhbətini davam etdirdi.
O, danışdıqca mənim ürəyim sıxılırdı və indi burada olmağıma acığım tuturdu. Mən sanki başqa bir diyara düşmüşdüm, sevimli Züleyxa doğrudan da şeytaniləşmişdi.
Ofisiantlar yenidən bizə yaxınlaşdılar. Desert üçün nə sifariş edəcəyimizlə maraqlandılar. Züleyxa hər ikimiz üçün şirin (bizlərdə buna halva deyirlər) və çay sifariş elədi. Ofisiantlar uzaqlaşandan sonra danışmağa başladı:
- Biz şəhərin Bar-Dubay hissəsində, gözəl bir malikanədə qalırdıq. Bu cür malikanələri mən heç kinolarda da görməmişdim. Amma nağıllarda oxumuşdum. Malikanənin həyəti bir hektardan çox olardı. Palma ağacları hasar boyu əkilmişdi. Yaşıl qazonlar, qonaqlar üçün qolf meydançası, üzgüçülük hovuzu vardı. Bura səhranın ortasında yaşıl vadiyə bənzəyirdi.
Hərdən fikirləşirdim ki, kaş bizim də belə malikanəmiz olaydı, mənsə onun adar-madar bir qızı, şahzadəsi. Hamı mənə elçi düşəydi, atamsa elçiləri qovaydı, cəngavərlər mənim üstümdə dava edəydilər. Amma mən hökmən qayayabənzər divarı dırmaşan oğlanı seçərdim, eyvandaca bağrıma basardım. Onunla gecədən səhərə kimi eşq macərası yaşayaydım, necə deyərlər, busə alıb, busə verəydim... Nədir, inanmırsan? İnanmırsan ki, mən də kitab oxuyurdum. Siz həyətdə top qovanda mən kitablarla baş-başa qalardım. Ən çox sevdiyim də "Don Kixot" idi. Onu mən məktəbimizin kitabxanasından oğurlamışdım. Bilirsən, nə üçün? Oxumaq üçün yox, üstündəki gülməli şəklə görə. Ondan sonra "Robinzon Kruzonu" və adı yadımdan çıxmış kitabları kitabxanadan alıb evə gətirirdim və məktəbdən çıxandan sonra onları geri qaytarmadım. Məktəbə də elə ona görə getmədim, sevdiyim kitabları əlimdən ala bilərdilər...
Züleyxanın kitablar barədə belə vurğunluqla danışması məni əməlli-başlı çaşdırmışdı. Züleyxa hara, kitab hara?
- Belə-belə işlər, yazıçı oğlan...
O, məni əməlli-başlı ələ salırdı. Amma mən dözürdüm. Əgər uşaqlıq eşqim Züleyxa özünü qəsrlərdə yaşayan gözəllərə bənzədirdisə və məni yox, başqasını ağ atlı oğlan sayırdısa, onda mən dözümlü və müdrik birisi olmalıydım. Salnaməçilər dözümlü və müdrik olmalıdılar axı... Amma mən darıxırdım, ürəyim sıxılırdı, onun bu söhbətləri inandırıcı görünmürdü, hər halda mən onlara inana bilmirdim. Ona görə də öz-özümə bir reklam fasiləsi verdim və Boğaziçini seyr eləməyə başladım. Züleyxanın başı özünə qarışdığından ona qulaq asıb-asmamağımın fərqində deyildi.
Çəhrayı rəngli bir gəmi uzun-uzadı fit verdi. Üzbəüz gələn tanker onu cavabsız qoymadı. Atatürk hava limanına enib-qalxan təyyarələrin zəif səsi qulağıma gəlirdi. Asma körpünün üstündən keçən maşınlar o qədər uzaqdaydılar ki, qarışqa dəstəsinə oxşayırdılar, fərqləri sürətlə şütümələrindəydi. Boğaziçinin o üzündə, qayalardan asılmaş zəngin malikanələr varlılar üçün gözxoşluğu, kasıblar üçün qıcıq və qınaq mənbəyiydi. Mənimsə bu gözəllikdən zövq almaqdan savayı bir umacağım yoxuydu. Düzdü, hərdən ürəyimdən keçirdi ki, imkanım olsaydı, burdan bir ev alardım.
Züleyxa xanım isə danışırdı. Düzü, reklam fasiləsi zamanı mən onunçün darıxmışdım. Və məmnuniyyətlə onu yenidən dinləməyə hazır idim.
Deməli, belə. Züleyxa xanım, yəni mənim uşaqlıq idealım qarşımdaydı. Mən bunu sizə dəfələrlə dediyimin fərqindəyəm. Amma bu beləydi. İlk sevgi qədər doğma və xoş nə ola bilər ki. Züleyxa İstanbuldan və qarşıdan açılan mənzərədən də gözəliydi. Gözəllik də bəzən adamı darıxdırır. Ona görə də fikrimi ondan müvəqqəti də olsa yayındırmışdım...
Züleyxa xanım daha bir siqaret yandırdı və fikrimin dağınıq olduğunu duyub:
- Yenə göylərdədir, şair, xəyalın, - deyə gülümsündü və siqareti çox sevdiyi Boğaziçinə tərəf püfləyib davam elədi, daha doğrusu, mən ona qulaq asmaqda davam elədim... Ah, məişət qayğıları, mən sabah özümə duşxana almalıyam. Son sözlər heç kimə yönəlməyib, mənim ürəyimin səsləridir. Qəhr olsun, duşxanalar...
- Gülzar xanım ilk günlər məni buradakı adət-ənənələrlə tanış etdi, kişilərlə davranmağın yollarını göstərdi. Məlum oldu ki, mən gecə barlarından birində işləyəcəm, amma ürəyi məni istəyən müştəriləri də razı salmalıyam. Müştərilərlə o, özü danışacaq və mənə düşən faizi də vaxtlı-vaxtında ödəyəcək.
Mənim ehtirasım aşıb-daşsa da, buna dərhal razı olmadım, dedim ki, yalnız ürəyim istəyən müştərilərlə yata bilərəm. O isə cavabında dedi ki, mənim geriyə yolum yoxdur, əgər o deyən şərtlərə razı olmasam, ömürlük burada qalacam. Bu azmış kimi, məni tanıyan dost-tanışlarıma Bakıda uşaq saldırdığımı, indi isə Dubayda fahişəliklə məşğul olduğumu deyəcək. Düzü, mən bu cür ləkələrdən qorxmurdum, dünya vecimə deyildi, onsuz da yaxınlarımdan yarımamışdım. Amma mən şəhərimizdə varlı bir insan olmaq, özümə gözəllik salonları açdırmaq, bununla da həyatda tutduğum yolun düzgünlüyünü sübut etmək istəyirdim və burada ömürlük qalmaq fikrim yox idi. Ona görə də Gülzar xanımın şərtinə qismən razı oldum, dedim ki, mən yalnız qəşəng və varlı kişilərlə yatmağa razıyam, çünki gözəlliyi və gücü sevirəm...
Bu sözlərdən sonra o yeni bir siqaret yandırdı, gözlərimin içinə baxdı, sanki məni qiymətləndirirdi, yəni onun ölçü və istəklərinə cavab verirəm, ya yox. Mən külbaş da fikirləşirdim ki, Züleyxa kimi xanımlara sahib olmaq asandır, amma üst-başıma baxanda, qazancımı fikirləşəndə bu sarsaq düşüncələrimdən vaz keçdim...
- İlk müştərim neft maqnatıydı. Cavan və qəşəng idi, axırda əsas müştərilərimdən oldu. Amma mənə verilən pullar az idi. Sonradan öyrəndim ki, burada kənardan gələn fahişələrə az pul verirlər, ərəblər öz xanımlarını bizdən azı on dəfə çox qiymətləndirirlər.
Üç ayda bir dəfə Bakıya gəlirdim. Fatimə doqquzuncunu qurtaran kimi ərə getdi. Sən bunu məndən də yaxşı bilirsən. Çünki maşının qabağını kəsən mən yox, Qadirlə sən idin. Qadir dedim, yadıma düşdü. İndi o hardadır? - Mən cavab verdim ki, kommersiya ilə məşğuldur. Hərdən buralara da gəlir. - Doğrudan, necə də bilməmişəm. Ayıb olsun ona. Heç olmasa, baldırlarıma baxmaq üçün yanıma gələydi. - Ürəkdən güldü və bu dəfə siqaretin tüstüsünü üzümə üfürdü, elə bil Qadirin hayfını məndən çıxırdı. Bir az fikrə gedəndən sonra: - Mən o biabırçılıqdan sonra məhləmizdə görünmədim. Təbii ki, uşağa qalmağımı məhləmizdə ailəmizdən və Yusifdən başqa heç kim bilmirdi. Buna baxmayaraq, məhəlləmizdə görünmək istəmirdim. Daha çox Fatiməgilə gedirdim. Onun məndən zəhləsi getdiyini, yəqin, bilmirsən. Əri isə məndən ötrü sinoy gedirdi. Burda durma, orda dur, burda oturma, orda otur. Fatimə dəli olurdu. Əlacı olsaydı, məni qapıya da qoymazdı.
Çətin vaxtlarıydı. Mən Dubaydan gələndə onlara pal-paltar gətirirdim. Babam da Fatiməylə qalırdı. Məhəmmədi, Fatimənin oğlunu çox istəyirdim. O, mənə heyranlıqla baxırdı, saatlarla qucağımdan düşmürdü. Şeytan idi, mələy idi, bilmirəm, amma mən ona vurulmuşdum, çox istəyirdim. Elə görmək istəyirəm onu...
Söhbətimizin bu yerində ofisiant deserti gətirdi, yanında erkən yetişmiş üzüm də vardı.
Züleyxa:
- Biz üzüm istəmədik axı.
- Patronumuz göndərdi, - deyə ofisiant restoran sahibini göstərdi. Nəcib bəy Züleyxa xanıma uzaqdan təzim elədi.
- Dubaydakı xoşbəxt həyatım uzun sürmədi və gecələrin birində məni yerli polis həbs elədi. Bu həbsdən çox, təcavüz idi. Elə bil, bizi izləyirmişlər. Halbuki, evin sahibəsi hər şeyə cavabdeh idi. Onun da güdükçüləri vardı, daim gözdə-qulaqda idilər. Polislər qəfil basqın elədilər. (O, "basdırdılar", - dedi). Evdə başqaları da vardı. Hamımızı tutub, maşına doldurdular və çığırışa-çığırışa polis şöbəsinə gətirdilər. Düzü, mən o günləri xatırlamaq istəmirəm, daha doğrusu, o günlərdən, xatirələrdən qaçmaq mümkün deyil, çünki mənim keçmiş həyatımdır, bəlkə də ən düşündürücüsüdür. Fikirləşirəm ki, Gülzar xanım bilərəkdən məni ələ verib. Görünür, ona sərf eləmirmişəm. Çünki ondan çox faiz istəyirdim. Təkcə mən yox, başqaları da. O, bizi aldadırdı... Belə-belə işlər...
Züleyxa xanım dayandı, siqaret qutusuna əlini atdı, amma qutu boşuydu. Çantasına baxdı, başını yellədi. Ofisiant onun narahatlığını görüb özünü yetirdi. Züleyxa xanımın siqaret axtardığını görüncə:
- Həmən gətirərəm, - dedi və siqaret dalınca qaçdı.
Biz ofisiantı, Züleyxa demiş, qarsonu gözlədik. Ona qədər isə hər ikimiz Boğaziçinin seyrinə daldıq.
Qarsonla birgə siqaret də gəldi.
- Mən "Volter" istədim, bu nədir? - deyə Züleyxa ona acıqlandı.
Ofisiant dəfələrlə üzr istəyib yenidən geri qaçdı və lazım olanı gətirdi. Mən fikir verdim ki, siqaret qutusunun üstündəki yazılar oxşar olduğundan qarson onu səhv salıb.
Züleyxa xanım siqaret yandırdı və bir qullab vurandan sonra söhbətinə davam elədi:
- Məhkəmə mənə bir ay iş kəsdi, daha doğrusu, bir ay həbsxanada saxlanılacağım, sonra isə vətənə göndəriləcəyim, sizin dillə desək, ekstradisiya ediləcəyim barədə qərar çıxardı. Heyifsilənib-eləmədim də, sanki bu həyat mənim alnıma yazılmışdı və mən bunu öncədən bilirdim. Vətənə qayıtmaq da istəmirdim. Vətən mənimçün yox idi. Yox, o mənada yox, əlbəttə, vardı, amma mən onu görmək istəmirdim, çünki onun məndən xoşu gəlmirdi. Anlayırsan belə şeyləri? Yazıçısan axı.
- Anlayıram, - dedim.
- Bir şey mənim dadıma yetdi. Dubayla Azərbaycan arasında ekstradisiya haqqında müqavilə olmadığından məni sərhədə qədər gətirəcəkdilər, yəni ölkədən birdəfəlik çıxaracaqdılar, sonra hara istəsəm gedə bilərdim. Bu barədə mənə hökumətin tutduğu vəkil demişdi. Amma hələ ona çox vardı. Fələk hələ çox şeyləri başımın üstündə fırladırdı.
"Fərhani" həbsxanası şəhərin kənarındaydı. Burada taleyi mənim taleyimə bənzər qadınlar çox idi. Onlar müxtəlif ölkələrdən çörək dalınca gəlmişdilər və çoxları da mənim kimi aldanaraq Dubayda qalmağa məcbur olmuşdular.
Dubay fahişələrin ümid yeriydi. Amma bu ümidlər indi həbsxana divarları arasında solurdu. Qadınların heç də hamısı həbsxana həyatı ilə barışmaq istəmirdi, onların bəziləri depressiona düşürdü, bəziləri intihar eləmək barədə fikirləşirdi, amma ürəkləri gəlmirdi. Həyatdan əl çəkmək elə də asan deyil.
İlk günlər mən də həyata inamımı itirmişdim, amma getdikcə özümü ələ almağa başladım. Bəzilərini həyata yaxınları və övladları, bəzilərini sevdikləri və düşmənləri bağlayırdı. Məni həyata bağlayan tellər zəif olsa da, burada ömürlük qalmaq fikrim yoxuydu və hansı yollasa buradan çıxmaq istəyirdim.
Müxtəlif peşə sahibləri arasında biz çoxluq təşkil edirdik. Həbsxana rəisi Mahmud adında heyvərənin biriydi, adam ondan iyrənirdi. O, fahişələri tez-tez otağına çağırır və istədiyini almayınca əl çəkmirdi. Mənə xüsusi münasibəti vardı. Ayrıca otaq ayırmışdı və bütün şəraiti yaratmışdı.
Bilmək istəyirsən ki, onunla yatırdım, ya yox. Cavab birdir: "Hə". Başqa necə ola bilərdi ki? Gözəllik müsabiqəsi də başlamışdı. Onunla yatmağa razı olmasaydım, məni müsabiqəyə buraxmayacaqdı. Hə, dediyim həbsxanada gözəllik müsabiqəsi keçirilirdi. Amma qapalı. Müsəlman ölkəsidir axı. Nədir, inanmırsan?
- Bəs dedin axı, səni orada bir ay saxlamalıydılar? Amma elə danışırsan ki, elə bil, illərlə orada qalmısan.
- Ah, unutmuşdum. Orasını demədim axı. Mahmud, əclaf, məni türmədən buraxmaq istəmirdi. Ona görə də üstümə ayrı bir cinayət işi yazdı. Guya, mən nəzarətçi polislərə rüşvət təklif eləmişəm. Orada isə belə məsələlərə pis baxırlar. Həmin iş üzrə məhkəmə uzanırdı. Çünki məhkəmə həbsxanada keçiriləcəkdi. Bu isə Mahmuddan asılıydı. Ona görə də yeddi aydan çox orada qalası oldum. Mahmuda baxa-baxa ətimi də tamam tökdüm.
Bir şey pis idi ki, o, məni yorurdu, boş vaxtı olan kimi yanıma qaçırdı. Porno-kinolardan öyrəndiyi bütün pozaları sınaqdan keçirirdi, mənim üstümdə eksperimentlər aparırdı.
Müsabiqəyə Dubaydakı bir neçə həbsxanadan "gözəllər" gəlmişdi. Şərtlərə görə, yaxşı oxumalı, rəqs eləməli və hansı dildə olur-olsun şeir oxumalıydın. Mən də şeir oxudum. Öz şeirimi, daha doğrusu, ağlıma gələn misraları şeir əvəzinə sırıdım onlara. Bizdə hamı oxumamış şairdir axı. Əsasını, yəqin, bilirsən. Gözəl bədən quruluşu, amma lüt-üryan münsiflərin qabağında dayanmalısan və birinci yeri tutmaq istəyirsənsə, onların hamısına o məsələ... Münsiflər də ki, özün bilirsən də... Hamısı varlı-hallı. Ora elə-belə adam gəlmirdi. Gərək cibin və portmanatın dolu olaydı.
Mahmud əvvəlcə bu şərtə razı olmadı, yəni onların mənimlə növbə ilə yatmaqlarına... Amma məni tamam itirəcəyindən qorxdu və taleyinə boyun əydi.
Müsabiqədə qalib gəlməyim həyatımı tamam dəyişdi. Mənim çılpaq şəkillərim internetdə yerləşdirildi, Dubayda çıxan ingilisdilli qəzetlərin birində qısa məlumat verməklə kifayətləndilər. Xaricdə isə məlumatlar gen-bol yayılmışdı. Çünki müsabiqənin təşkilatçılarından biri Almaniyanın hansısa feminist qurumuydu.
Bu müsabiqə ərəb ölkələrində böyük hay-küyə səbəb oldu. İslam fanatları həbsxana rəhbərliyini və bizi ölümlə hədələməyə başladılar. Hətta bir neçə dəfə həbsxanaya basqı da yapdılar, oranı yandırmaq cəhdləri də oldu. Allahım məni bu dəfə də darda qoymadı. Nədir, elə bilirsən, fahişələrin allahı olmur?
Təbii, son sözlər mənə ünvanlanmışdı və mən müdrik adamlar kimi susurdum.
- Bir gün həbsxanada hamı bir-birinə dəydi. Bizə tapşırdılar ki, otaqlarımızı səliqəyə salaq və gələcək qonaqların yanında artıq-əskik danışmayaq. Sonradan bildim ki, gələn qonaq Türkiyənin Dubaydakı konsulu Orhun bəydir. O, həbsxanada saxlanılan soydaşlarına baş çəkməyə gəlmişdi. Deyəsən, burada saxlanılan qadınlardan kimsə kənara məktub ötürə, vəziyyətinin pis olduğunu çatdıra bilmişdi. Biz həmin qadının kimliyini sona qədər öyrənə bilmədik.
Həbsxanada saxlanılan qadınların vəziyyətinin çox yaxşı olduğunu göstərmək üçün türkiyəli elçini mənim də kamerama gətirdilər. Əslində, o, mənə görə həbsxanaya gəlibmiş. Orhun bəy mənim şəklimi görən kimi aşiq olmuşdu və sonralar bunu etiraf etdi. O, yaraşıqlı bir insan idi. Saçları çallaşmışdı, yaşı 50-ni haqlamış olardı. Mahmudla danışıb ki, məni satsın, yəni para əvəzinə, vaxtından əvvəl azadlığa buraxılmağım haqqında məsələ qaldırılsın. Öz qiymətimi hələ də bilmirəm. Hər halda, az məbləğ olmaz, yəqin.
Mənim həbsxanadan çıxmağım və Dubaydan getməyim Mahmuda da sərf edirdi. Gözəllik müsabiqəsinin qalibi olan bir fahişədən canını qurtarmaqla islamçıların hədələrindən də azad olardı. Həm də onun mənim barəmdə uydurduğu cinayət işi qondarmaydı. Bunu çoxları bilirdi. Orhun bəy müsabiqəyə təsadüfi tamaşaçı kimi gəlməmişdi. Onun Dubay zənginləri və yüksək rütbəlilərilə geniş əlaqələri vardı. Atasının hesabına. Atası bir zamanlar burada hərbi attaşe olmuşdu. O biri tərəfdən isə Azərbaycan özünün konsulluq səlahiyyətlərini müvəqqəti Türkiyəyə vermişdi. Çünki yenicə müstəqil olmuşdu və xaricdə elçilikləri yoxuydu.
Bütün bunları mən sonradan bildim, daha doğrusu, Orhun bəy özü mənə danışdı. Yoxsa ki, mən bu diplomatik məsələləri haradan bilirdim?!
Həbsxanadan bıraxılan kimi, yəni ölkə ərazisindən hələ çıxmamış konsulun maşını məni səfirliyə gətirdi. Şərtə görə, mən buradan ekstradisiya olunmalıydım, öncə İstanbula aparılmalı, sonra Bakıya göndərilməliydim. Biz gecə reysilə İstanbula gəldik. Ah, gözəlim İstanbul! Yəqin anlayırsan ki, mən Bakıya qayıtmadım. Orhun bəy bu məsələni necə həll elədi, öyrənə bilmədim. O, ciddi məsələləri mənimlə müzakirə etmirdi.
Orhun bəy əvvəlcə məni İstanbulda tutduğu evdə saxlayırdı. İstəmirdi ki, kimsə onun bir fahişə ilə yaşadığını bilsin. Çünki müsabiqə barədə məlumatlar bura da çatmışdı. Hələ bəlkə Bakıda da bunu bilirdilər.
- Yox, biz sənin barəndə Türkiyə mətbuatından xəbər tutmuşduq. Model olandan sonra, - dedim.
- Mənsə elə bilirdim ki... Nəysə... Orhun bəyin heç kimi yoxuydu. Arvadıyla 11 il yaşamışdı, amma sonradan ayrılmışdılar, varisi də yox idi. Bir il ayrı yaşadıqdan sonra o, məni atasından qalma malikanəyə gətirdi. Atası orduda general olmuşdu.
Sən malikanəni görməmisən, çox gözəldir, Mərmərənin düz sahilində yerləşir. Vaxt gələr, mən sənə oranı göstərərəm. Burdan malikanəyə 3-4 kilometr ancaq olar.
Orhun bəy məni çox sevirdi, ona görə də ölməzdən öncə mənim arzularımı həyata keçirmiş, "Bahar çiçəkləri" gözəllik salonunu açdırmış, sən bayaq onu gördün, gözəldi, eləmi? - başımla təsdiqlədim, - vərəsəlik hüququnu da mənə vermişdi. Onun ürəktutması vardı və gecələrin birində ürəktutmasından keçindi. Çox qorxmuşdum. Onun ölüsündən yox, tək qalmağımdan. İlk günlər nə edəcəyimi bilmirdim. Sağ olsun dostlar, məni bu vəziyyətdən çıxardılar.
- Dostların arasında Sərdar Küçükbəy də vardı, yəqin? - deyə söz atdım.
- Yox, biz onunla sonralar tanış olmuşuq. Özü də mən Orhun bəyə sədaqətliydim.
"Orhun bəyə sədaqətliydim". Züleyxanın bu fikri, yəni keçmiş zamanda danışması çox məsələyə ayıdınlıq gətirdi. Amma bu mənim vecimə deyildi. Qatar çoxdan getmişdi.
- İndi mən İstanbul zənginlərindən biriyəm. Çox istərdim ki, Bakıya gedim, köhnə məhləmizi görüm. Amma qorxuram, - Züleyxa ani pauzadan sonra dedi.
- Sənin məhəllən artıq yoxdur, qonşular da köçüb. Oranı çoxdan söküblər. İndi bizim məhəlləmizdə göydələnlər ucalır.
Mənim bu sözlərimdən o xeyli pəjmürdə oldu.
- Duşxananı da söküblər, yəqin? - öz-özünə pıçıldadı, sonra və sanki qorxa-qorxa, - bəs Yusif? Ondan nə xəbər var, - deyə soruşdu.
- Yusif şəhid oldu, - dedim.
- Deməli, mən düz eləmişəm, cavan bir şəhidin dünyadan nakam getməsinə imkan verməmişəm, - dedi və nədənsə güldü.
Mən dinmədim. Bu necə gülüş idi? Onun əsəbdənmi, sevincdənmi gülməyini ayırd etməyə çalışdım. O da mənim baxışlarımı tutdu, sanki özünü yığışdırdı və yəqin ki, könlümü ələ almaq üçün qəfildən:
- Bizdən də yazıçı çıxarmış, - deyə güldü.
- Bakıya niyə qayıtmadın?
- Məni orda gözləyən yox idi. Həm də mən şöhrətliydim. İstəmirdim ki, nüfuzuma xələl gəlsin. Mən oradakı qəzetlərin qınaq və gülünc yeri ola bilərdim.
Biz bir müddət danışmadıq, sanki danışmağa sözümüz yoxuydu. Bəlkə elə ona görə də Züleyxa ayaqyoluna getdi.
Mən indi İstanbulun ən gözəl yerlərindən birində oturub, ətrafı seyr edirdim. Dünənki konfransı xatırlayırdım.
davamı