Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Azərbaycanda müsəlmanlar üçün halal banklar?


Bəzi Azərbaycan bankları İslam bankçılığı xidmətləri təklif edir və bu xidmətlərin şəriətə tam uyğun olacağına təminat verirlər

Azərbaycanda “Kövsər” bankdan sonra “Nikoil” bankı İslam bankçılığı üzrə məhsul təklif etməyə başlayıb. Qurumun İslam bankçılığı məhsulunun inkişafı üzrə aparıcı meneceri Anar Yusifzadə deyir ki, “Nikoil” bank bu məhsulu hazırlayarkən yerli qanunvericiliklə yanaşı, şəriət qanunlarını da nəzərə alıb:

“Həm faizlər hesablanmır, həm də vəsaitlər faiz olan əməliyyatlarda iştirak etmir. Məsələn, kart verilir, kartdan komissiya tutulur, amma kartdan faizlə yox, sabit bir məbləğ tutulur – sırf zəhmət haqqı olaraq. Onun üzərində biz nə faiz veririk, nə də tuturuq. Sanki biz müştəridən borc almış oluruq. Biz bu vəsaitləri tam olaraq digərlərindən ayırmışıq”.

A.Yusifzadənin sözlərinə görə, martın 11-dən etibarən bazara çıxarılan bu məhsul üzrə müştərilərin sayı 100-ə yaxınlaşıb. Odur ki, bank ilin sonunadək bu məhsul üzrə portfelin xeyli artacağına ümid edir.

Azərbaycanda bunun üçün zəmin var


Azərbaycanda İslam bankçılığının inkişafına böyük zəmin var. Bunu iqtisadçı ekspert Samir Əliyev deyir. Onun sözlərinə görə Azərbaycanda bankların faiz dərəcələri çox yüksəkdir:

“İslam bankçılığının tətbiqi ona gətirib çıxara bilər ki, insanlar kreditləri faizlə yox, səlahiyyət bölgüsü şəklində götürə bilər. Çünki İslam bankşılığının əsas fəlsəfəsi ondan ibarətdir ki, istər gəlirlər istərsə də xərclər onun üzvləri tərəfindən bərabər şəkildə bölüşdürülür”.

Samir Əliyev bazarda təklif olunan bank məhsullarını bu istiqamətdə ilk addım kimi dəyərləndirir və ümid edir ki, gələcəkdə daha çox təşəbbüslər irəli sürüləcək.

“Nikoil” yalnız cari hesab açır, kredit vermir

Dinşünas yazar Elşad Miri isə “Nikoil” bank tərəfindən təklif olunan məhsulun İslam bankçılığının yalnız birinci mərhələsinə aid olduğunu deyir:

“İslam bank sistemində 3 mərhələ var. “Nikoil”də yalnız cari hesab açılması məsələsi var. Onlar nə lizinq, nə də kredit verilməsinə daxil olmurlar. İki variant var – birincisi, bu vəsaitləri ayrı yığıb saxlayırlar, digər əmanətlərə qarışdırmırlar. İkincisi də burdan pul qazanmaq üçün yalnız exchange sistemindən istifadə olunur”.

Mərkəzi Banka görə heç bir bank faizsiz kredit xidmətini təklif edə bilməz

Elşad Miri deyir ki, hazırda Azərbaycanda heç bir bank sistemi faizsiz kredit sistemini tətbiq edə bilməz:

“Çünki onlar bütün işləri Mərkəzi Bankın vasitəsilə həyata keçirirlər. Mərkəzi Bankda belə bir alternativ şöbəsi olmadığına görə, lisenziya vermir”.

Halal qidanın illik dövriyyəsi 3 trilyon dolları keçib

Avropada ilk dəfə olaraq Danimarkada İslam bankçılığının başlandığını deyən Elşad Miri bir çox ölkələrdə bu məsələnin gündəmdə olduğunu söyləyir. Onun sözlərinə görə, ümumiyyətlə indi dünyada bir çox sahədə halal məhsullara diqqət artır:

“Halal məsələsi o qədər gündəmdədir ki, hətta bəzi ölkələrdə müsəlmanlar üçün alternativ məhkəmələr barədə də düşünürlər. Halal qidaya gəlincə, hazırda dünyada bu sahədə 2 trilyon dollardan çox bazar yaranıb”.

Hazırda "Nikoil Bank" halal bankçılıq təklif edən yeganə Azərbaycan bankıdır. Bu sahədə xidmətlərin göstərilməsi üçün Azərbaycan Beynəlxalq Bankı, "Amrahbank", "Turanbank", "Texnikabank" öz istəklərini bildiriblər.

Britaniyada İslam bankçılığının 10 milyard dollarlıq dövriyyəsi var

İndi İslam bankçılığının mərkəzi London sayılır. Böyük Britaniyada bu bankçılıq sahəsinin dövriyyəsi 10 milyard dolları keçib.

Ən böyük islamçı bank kimi İslam İnkişaf Bankı çıxış edir. Eyni zamanda müsəlman ölkələrindən Qətərdə, İndoneziyada da böyük dövriyyəsi olan İslam bankçılığı var. 1983-cü ildə Türkiyədə ilk İslam bankının açılmasına icazə verilib. Malayziyadakı Berhad Bankı indi dünyada dördüncü ən böyük İslam maliyyə bank müəssisəsidir. Ümumilikdə, dünya üzrə İslam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivləri 2010-cu ildə 1 trilyon ABŞ dolları həddini üstələyib.

Analitiklərin proqnozlarına görə, 2015-ci ildən etibarən dünya müsəlmanları öz əmanətlərinin yarısını İslam banklarında yerləşdirəcək.

İslam bankçılığının əsas iş prinsipi şəriət qaydalarına uyğun olaraq, faiz ödənişinə deyil, gəlir və xərclərin bölüşdürülməsi prinsipinə əsaslanır.
XS
SM
MD
LG