Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:31

Konturdan manata keçid: Kim nə təklif edir?


Azərbaycanın mobil telefon operatorları «Azercell» və «Bakcell» may ayından kontur sistemini ləğv edib manat sisteminə keçdilər. Bundan əvvəl danışıqlarını konturla hesablayan abonentlər artıq neçə dəqiqə danışdıqlarını qəpiklə hesablayırlar.

Bəs bu yenilik mobil telefonla danışığı ucuzlaşdıracaqmı? Yenə «konturumu çox yedi» şikayətləri eşidiləcəkmi? Bu suallara cavab verməzdən öncə hər iki mobil şirkətin təqdim etdiyi tarif paketlərinə nəzər yetirək.

KİM NƏ TƏKLİF EDİR?


«Azərcell» «Hər yerə» tarif paketində bütün istiqamətlər üzrə və bütün- həm «Sim-Sim», həm də «Fakturalı xətt»ə qoşulan müştərilərinə 1 dəqiqəni 10 qəpiyə təklif edir. «Fakturalı xətt»də isə 3 paketdən 2-ində abunə haqqı ləğv olunur.

«Bakcell»də isə «SevinCin» paketində şəbəkə daxili 1 dəqiqə 8 qəpik, şəbəkə xaric 12 qəpikdir.

Təsis olunduğu gündən manat sistemini tətbiq edən «NarMobile»də isə 1 dəqiqə 5 qəpiyə təklif edilir.

UCUZ ADI ALTINDA BAHALIQ?

Ölkə bazarında 4 milyondan çox abonenti olduğunu deyən «Azercell»in Korporativ Məsuliyyət bölümünün müdiri Ülviyyə Həsənzadə AzadlıqRadiosuna deyir ki, onların digər tarif paketlərində şəbəkə daxili ucuz, yəni dəqiqəsi 7 qəpiyə danışmaq olar. Amma bu paketdə şəbəkə xaric danışığın 1 dəqiqəsi 14 qəpiyə təklif olunur. Bəs onda abonent bundan nə qazanır? Şəbəkə daxili danışıqda qazandığı üç qəpikləri şəbəkə xarici danışıqda artıqlaması ilə itirmirmi? Ülviyyə Həsənzadə:

- Bizim 4 milyondan çox istifadəçimiz var, bazarın 50 faizdən çoxu bizim payımızdır. Bu halda şəbəkə daxili 7 qəpikdən istifadə edənlərin sayı daha çox olacaq.

«QİYMƏTLƏRƏ ƏLAVƏ DƏYƏR VERGİSİ DƏ DAXİLDİR»


Ülviyyə Həsənzadə
Ülviyyə Həsənzadə onu da əlavə edir ki, artıq açıqlanan son qiymətlər Əlavə Dəyər Vergisi (ƏDV) də daxil olmaqla göstərilir. Məsləhət görülür ki, abonentlər onların digər tarif paketləri ilə də maraqlansınlar. O, «GəncSim» tarifini misal çəkir ki, burda abonentlər 3-cü dəqiqədən sonra pulsuz danışa bilərlər. Müsahibimiz «Fakturalı Xətt» tarifində tətbiq edilən hər ay şəbəkə daxili 200 dəqiqə və 200 SMS aylıq abunə haqqı müqabilində hədiyyə verilən «Biznes 200» paketini xatırladır.

Amma «Fakturalı Xətt» abonentlərinə «Sim-Sim» xəttində olduğu kimi danışıqdan sonra balansı göstərən mesaj gəlmir. Ülviyyə Həsənzadə etiraf edir ki, indiyə kimi bu xidmət tətbiq olunmayıb. İndi hələlik bunu on-line sistemində tətbiq edirlər:

««Fakturalı Xətt» abonenti bizim saytımızda on-line sistemə girib öz balansını yoxlaya bilər. Mümkündür ki, gələcəkdə balansın göstərilməsi mesajı telefonun özünə də göndərilsin»

PULSUZ DANIŞIQLAR BƏRPA OLUNACAQMI?

«Azercell» deyir ki, onların abonentlərinin 90 faizdən çoxu «Sim-Sim» abonentidir. Son vaxtlar «Sim-Sim» abonentlərinə müəyyən danışıq konturundan sonra şəbəkə daxili pulsuz danışıq konturu gəlirdi. Bu limit vaxtilə 1 saatdan 30, 20 və son vaxtlar 10 dəqiqəyə qədər azalıb. «Azərcell»də manat sisteminə keçəndən sonra bu güzəşt kampaniyası dayandırılıb. Bunun yenidən bərpası gözlənirmi? Ülviyyə Həsənzadə deyir ki, şirkətin çoxlu mikro- kampaniyaları olur və onlar yeni sistemə keçəndə müxtəlif güzəştli paketlərlə gəliblər. Ona görə də hələlik bu kampaniyanın bərpa olunub-olunmayacağını söyləyə bilməz.

Telefon istifadəçisi
«Bakcell»in baş icraçı direktoru Riçard Şirer isə mayın 5-də keçirilən mətbuat konfransında bildirib ki, onların «Cin» abunəçiləri də manat sisteminə qoşulur və sərfəli qiymətlərlə danışa biləcəklər.

«BAKCELL»İN QEYRİ-PİK QİYMƏTLƏRİ VAR

Şirkətin «Cin» abunəçiləri üçün tətbiq olunan paketləri dəyişməyib . «SevimliCin», «QoşaCin» və «SevinCin» kimi danışıq paketlərində müxtəlif qiymətlərdir. Məsələn, bir paketdə bütün istiqamətlərə dəqiqəsi 8 qəpiyə təqdim edilir və qeyri-pik saatlarda şəbəkə daxili danışıqlarda bu məbləğ 4 qəpiyə endirilir. Başqa paketlərdə isə şəbəkə daxili zənglərin bir dəqiqəsi 1, 3 və 6 qəpik arasında dəyişir, amma şəbəkə xarici danışıqlarda bir dəqiqə 12 qəpiyə təklifi olunub.

Şirkətin bonuslarından danışan baş kommersiya direktoru Krasimir Genov deyir:
«Araşdırmalar göstərir ki, Azərbaycanda mobil telefon abunəçiləri ayda orta hesabla 100 dəqiqə danışırlar. Yəni bu danışığın 1/4-ni biz onlara pulsuz veririk».

«QİYMƏTLƏR HEÇ DƏ UCUZ DEYİL»

Amma müstəqil iqtisadçı Samir Talıbov mobil şirkətlərin abonentlərə heç də ucuz və ya sərfəli danışıq tariflərini təqdim etmədiyi fikrindədir. Onun sözlərinə görə, MDB məkanında ən bahalı danışıq tarifləri Azərbaycanda tətbiq edilir:

- Ukraynada 1 dəqiqəlik danışığın qiyməti bizdən xeyli ucuzdur, hətta orda bir mobil operator var, «Life», bu operatorun abonentləri öz aralarında pulsuz danışa bilərlər. Rusiyada 1 dəqiqə bizim pulla 3-4 qəpikdir.

Samir Talıbovun fikrincə, konturdan manat sisteminə keçid müsbət hal olsa da, danışıqda qiymət ucuzlaşması çox cüzidir. Bunun da səbəbi onun deməsinə görə, hakimiyyətin yerli mobil telefon bazarına qeyri-rəsmi nəzarətidir.

«QEYRİ- RƏSMİ MANEƏLƏR VAR»

««Bakcell» «Azərcell»ə nisbətən ucuz qiymət təklif etsə də, onun keyfiyyət parametrləri rəqabətə tab gətirmir. Elə bilirəm ki, bazarda 1 dəqiqəni «Nar-mobile» kimi 5 qəpiyə təqdim etmək olar, amma buna qeyri-rəsmi maneələr var.

Mətbuatda belə fikirlər səslənirdi ki, əslində manat sisteminə keçidin kökündə, «Nar-mobile»in qiymət tarifini daha aydın nəzərə çarpdırmaq istəyi durub. Bəzi müxalif yönlü qəzetlər «Nar-mobile»in hakimiyyətə yaxın adamlara məxsus olduğunu bildir. «Nar-mobile» bütün istiqamətlərə 1 dəqiqəlik danışığı 5 qəpiyə təklif edir. Şirkətin korporativ Əlaqələr üzrə Departamentinin rəhbəri Elşad Fərzəliyev AzadlıqRadiosuna deyir ki, bu qurumun başqa bir operatora təzyiq göstərməsi ilə bağlı deyilənlər əsassızdır və konturdan manat sisteminə keçid dünya təcrübəsinə əsaslanır. Amma Elşad Fərzəliyev təsdiqləyir ki, manat sisteminə keçiddən sonra hansı operatorun hansı qiyməti təklif etdiyi daha aydın görünəcək:

YENİ SİSTEM KİMƏ SƏRF EDİR ?


- Elə bilirəm ki, bu sistem dəyişikliyin bizə xeyri olacaq, çünki ən ucuz qiyməti biz təklif edirik.

«Azercell»-də Ülviyyə Həsənzadə isə hesab eləyir ki, «Nar-Mobile»-də 1 manatlıq abunə haqqını da nəzərə alanda onlarda da 1 dəqiqənin qiyməti təxminən 6 qəpiyə başa gəlir.

İqtisadçı Samir Talıbov isə yaxın gələcəkdə mobil operatorların qiyməti kəskin şəkildə azaldacağını proqnozlaşdırmır. Onun fikrincə, hələ nəinki ucuzlaşmadan, əvvəlki kimi «kontur yeyilmə»lərini gözləmək mümkündür.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən isə AzadlıqRadiosuna bildirilib ki, manat sistemi abonentlərə öz danışıqlarına nəzarət etmək imkanı yaradacaq və onlara daha sərfəli danışıq əldə etmək imkanı qazandıracaq.
XS
SM
MD
LG