Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:05

Əli Əkbərin onluğa düşməyən hekayəsi (OXU)


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Əli Əkbər

SƏRDAR

Türkmənbaşı şiddətli bürküdən oyandı. Ağır hava və üfunət nəfəs almağı çətinləşdirirdi. Göz qapaqlarını çətinliklə aralayıb, gözlərini əlləri ilə ovuşduran Türkmənbaşı qaranlıq və havalandırılmayan bir məkanda olduğunu anladı.

“Bura haradı alə?”

Bədənini hərəkət etdirən Sərdar əmin oldu ki, əl və ayaqları işlək vəziyyətdədir. Qollarını aralamaq istəyəndə isə həddindən artıq dar, taxtadan düzəldilmiş bir qutunun içində olduğunu başa düşdü. Dirsklərini taxta divarlara dirəyən Saparmurad ayağa qalxmağa çalışdı, lakin başı ilə sərt bir cismə möhkəmcə vuraraq, gözlənilməz ağrıdan “s...m” deyib, təzədən uzandı.

Qüdrətli Sərdarın sol qolunda “A.Lange & Söhne” markalı saat vardı. Saatın düyməsini basaraq işığını yandırdı. Tarix 22.12.2006, saat isə 3 idi. Təəssüf ki, Türkmənbaşı gündüz, yoxsa gecə olduğunu müəyyən edə bilmirdi. Gözlərini yumub fikrə daldı.

***

Son günləri çox yaxşı xatırlayırdı. Ağır xəstə idi və bilirdi ki, hər an ölə bilər. Ona görə də miras işlərini tezbazar bitirmək, hakimiyyəti oğluna ötürmək üçün tələsməliydi. Tələsmişdi də. Bəs sonra? Burada xatirələr yox olur, hafizəsində boşluq yaranırdı…

İndi o, bu qəribə və qaranlıq yerdə uzanıb.

“Nə isə. Burdan çıxmaq lazımdır”.

Olduğu yeri müayinə edən Sərdar, tabutda uzandığını anladı. Deməli ölüb? Necə, nə vaxt? Ya da ölməyib, diri-diri basdırılıb. Xeyr, müsəlman adətlərinə görə onu tabutda basdırmazdılar. Deməli o, torpağın altında deyil. Bəs hardadır? Əşi, bunun nə əhəmiyyəti var axı? Buradan çıxış yolu tapmaq lazımdır. Vəssəlam!

Əlləri ilə bir daha divarları yoxladı. Hiss olunurdu ki, tabut çox keyfiyyətli və möhkəm hazırlanıb. Əlləri və ayaqları ilə tabutun müxtəlif yerlərinə zərbələr endirməyə başladı. Təpiyinin dəydiyi yerlərdə laxlama hiss olunmasa da, Sərdar təslim olmurdu – elə hey təpikləyirdi. Bir müddət sonra cırıltı səsi eşidildi. Mıxlardan biri axır ki, boşaldı və tabutun ayaq tərəfində əl boyda dəlik açıldı. Sərdar bu kiçik qələbədən ruhlanıb təpikləməyə davam etdi. 5 dəqiqə sonra tabutun sağ divarı gurultu ilə qopub yerə düşdü, baş tərəfi yana əyildi və bu vəziyyətdə asıla qaldı. Türkmənbaşı tabutun qapağını da asanlıqla itələyərək onu yerə atdı, özü də ayağa qalxdı.

Zülmət qaranlıqdan ətrafda heç nə görünmürdü. Olduğu yeri kor-koranə müayinə etməyə başladı. Bir-iki dəqiqə sonra təxminən 3 kvadrat metrlik yerdə olduğunu başa düşdü. Tavanın hündürlüyü isə 2 metrə yaxın olardı. Dörd tərəf kərpic divarlarla hörülmüşdü. Burada nə bir qapı, nə pəncərə, nə də havalandırma dəliyi yox idi.

Ruhdan düşən Türkmənbaşı, tabutun qapağına oturub hönkürtü ilə ağlamağa başladı. Aciz vəziyyətə düşmüşdü. Bir qədər sonra baş ağrısı və şiddətli aclıq hiss etməyə başladı. Bir yandan da dolmuş sidik kisəsi qasığına güclü təzyiq edirdi.

“Burda necə işəyim axı? Qapı da yox, pəncərə də!..”

Lakin başqa yolu yox idi. Tabutun qapağından qalxan Sərdar, otaqdakı künclərdən birinə yaxınlaşdı və doyunca işədi. Sidik kisəsini rahatladan Türkmənbaşı, tabutun yanına qayıtdı.

“Nəsə eləmək lazımdır… belə olmaz…”

Cibini eşələdi və… çox qəribədir - kibrit qutusu!

“Axı mən siqaret çəkmirəm. Bunu cibimə kim qoyub?”

Sevincindən çöhrəsini təbəssüm nurlandırdı. İşığa çox böyük ehtiyacı varıydı. Qutu dolu olmasa da, içində on-on beş kibrit olardı. Onlardan birini alışdırdı. Nəfəsini də saxladı ki, Allah eləməmiş kibrit hədər olar.

Sərdarın kibrit işığında gördükləri, bayaq apardığı manual müayinə zamanı yaranan təsəvvürlə örtüşürdü - çılpaq kərpic divarlar, soyuq beton döşəmə, iki metr hündürlükdə tavan, yerdə sınıq tabut… Kibritin alovu Türkmənbaşının barmaqlarını yalamağa başlayanda o, “ay bləd” qışqıraraq, çöpü yerə tulladı. Otaq yenidən qaranlığa qərq oldu.

Türkmənbaşı bir kibrit də yandırdı və araşdırmalarına davam etmək üçün sağa addım atanda ayağı sərt bir cismə toxundu. Cisim beton döşəmənin üstünə düşüb cingildədi. Ayaqlarının altına baxan Sərdar, uzun bir ling gördü. Lingin üstündə qurumuş sement parçaları varıydı. Tapıntısına sevinən Sərdar:

“Yəqin fəhlələr qoyub gediblər” düşündü.

Lomu yerdən qaldırıb var gücü ilə divara vurmağa başladı. Üçüncü zərbədən sonra kərpiclərdən biri qopub yerə düşdü. Türkmənbaşı daha bir kibrit yandıraraq, açılan deşikdən içəri baxdı. Öz otağı ilə eyni ölçülərdə olan qonşu otaqda qeyri-adi heç nə, hətta tabut da gözə dəymirdi.

Sərdar qonşu otağa keçməkdən ötrü, bədəninin ölçüsündə dəlik açana qədər, linglə divara zərbələr endirdi və sonda məqsədinə çatdı. Budur! Artıq onun bir yox, iki otağı var. Birincisində işədiyinə görə, Sərdar buranın tualet olmasına qərar verdi və tabutunu, daha doğrusu “çarpayısını” ikinci otağa sürüyərək, buranı yataq otağı elan etdi.

***

Boğazı susuzluqdan qurumuş, özü də yamanca acmışdı. Başa düşürdü ki, belə getsə gücünü büsbütün itirəcək. Odur ki, tələsmək lazımdır. Lomu götürüb yataq otağının divarını deşməyə başladı. Divardan bir kərpic düşəndən sonra, Sərdar spesifik qoxu hiss etdi. Belə çıxır ki, qonşu otaqda yeməli nəsə var. Özü də, bu yeməli şey hər nədirsə yaman kiflənib, qıcqırıb və iylənib. Ürəyi qalxdı. Lakin başqa yolu yox idi – Sərdar acından ölürdü.

Nəhayət, üçüncü otağa da keçməyə müvəffəq olan Sərdar, burada qoxunun mənbəyini axtarmağa başladı. Birdən damcı səsi eşitdi. Damcılar “pırt” səsi ilə beton döşəməyə çırpılırdı. Sərdar səs gələn tərəfə yönəldi. Bəxti gətirmişdi – tavanla divar arasındakı çatdan, su sızırdı. Sərdar ağzını iri açaraq, damcıların altına tutdu. Damcılar düz ağzına düşsə də, sızıntının tezliyi xeyli aşağı idi deyə, susuzluğu keçmirdi. Bu dəfə iki ovucunu suyun altına tutdu və su dolduqca, acgözlüklə içdi. Su içmə prosesi uzun çəkdi - düz bir saat sonra Sərdar susuzluğunun yatdığını hiss etdi.

“İndi də yemək tapmaq lazımdır”.

***

Çürümüş, iylənmiş ət qoxusu bayaqdan Sərdara dinclik vemirdi. Ağır lomu əlinə göürüb var gücüylə duvara vurdu. Hər zərbədən, hər düşən kərpicdən sonra, qoxu daha da şiddətlənirdi. Budur, artıq dəlikdən keçmək olar.

Kibriti qalmamışdı deyə, otağı əlləri ilə yoxlamağa başladı. Ürəyi bulanırdı. Sonda, otağın tən ortasında ayağı nəyəsə ilişdi. Əlini o əşyanın üstünə qoydu... diksindi. Bu, tabut idi və üfunətli qoxu tabutun içindən gəlirdi. Sərdar tabutun qapağından tutub var-gücü ilə dartmağa başladı. Qapaq təslim olmurdu. Sərdar lingi qapaqla tabutun arasına soxub qarmağa başladı. İki dəqiqə sonra, ağır qapaq tappıltı ilə yerə düşdü.

Otaq işıqlı olsaydı, çox güman ki, dəhşətli mənzərədən Sərdarı qusmaq tutardı - çürüməkdə olan cəsədin saçdığı kəmşirin, iyrənc qoxu cəsədin vahiməli görüntüsü ilə ahəng yaradırdı.

“Görəsən kimin meyididir?” - Sərdar ögüyərək düşündü.

***

Əlacı qalmamışdı. Yeməsəydi, acından öləcəkdi. Əlini tabutun içinə saldı və ölünün qolundan tutdu. Cəsəd artıq çürümüşdü deyə, Sərdar yüngülcə dartan kimi, qol çiyindən qoparaq onun əlində qaldı. Nəfəs almamağa çalışaraq, Sərdar qolun üstündən çürümüş pencək və köynək parçalarını təmizlədi. Qolun sahibi təxminən bir ay, ay yarım əvvəl ölmüş olardı. Dirsək hissəsində ət tamam çürümüşdü, oynaq sümüyü üzə çıxmışdı. Yaxşı ki, zil qaranlıqda bunların heç birini Sərdar görmürdü.

Çiyinə yaxın hissədə salanan ət parçasını qoparıb ağzına yaxınlaşdırdı. Çeynəməyə başladı. Qoxusu dəhşətli, dadı iyrənc idi. Qusmağı gəlsə də, aclıq hissi bu refleksi üstələyirdi. Sərdar çətinliklə çeynəyirdi. İkinci tikəni isə çeynəmədən, bütov uddu. Mədənin içində azğınlaşan şirə, vulkanın ağzından çıxmağa can atan lava kimi qida borusunu, qırtlağı dağıdırdı.

5 dəqiqə sonra, qoldan yalnız sümük qalmışdı. Sərdar sümüyü də tər-təmiz gəmirib onu bir neçə dəfə yaladı və otağın küncünə vıyıldatdı. Doymamışdı, yenə yemək istəyirdi, hətta ikinci qolu, ya da ayaqlardan birini yemək barədə düşündü. Amma bilirdi ki, bu günün sabahı da var. Buradan çıxmaq üçün daha nə qədər divar sındırmalı olacaq – məlum deyil. Bəlkə on, iyirmi, otuz, bəlkə də qırx? Elə isə cəsədə qənaət etmək lazımdır.

Sərdar üfunətli otağı tələm-tələsik tərk edərək, yataq otağına, tabutun yanına qayıtdı, qapağın üstünə oturdu. Sözsüz ki, məişət şəraiti yaxşılaşmışdı - çarpayı yerinə tabut, yorğan yerinə tabutun qapağı, yataq otağının yanında tualet. Bayaq cəsəd yediyi otaq isə, yeməkxana olacaqdı. “Orda su da axır” fikirləşdi.

“Bir dənə də qız olaydı indi…”

Sağlığında (daha doğrusu diri-diri basdırılmamışdan əvvəl) yatdığı qadınları xatırladı.

“Eybi yox. Bir az yatım dincəlim, təzə otaqlar taparam.”

Düşündü ki, otaqların birində qadın meyidi tapsa, əvvəl onunla sevişər, sonra da yeyər.

***

Sərdar yuxuda prezident sarayındakı eyş-işrət məclislərindən birini görürdü. Stolun tən ortasındakı iri qızıl sinidə, mitinqdə həbs olunan gənclərin içalatından hazırlanmış kabab varıydı. Prezident aparatının rəhbəri Amangəldi, DİN naziri Dılqantulu, FHN naziri Bardamqulu və digər vəzifəli şəxslər içalat kababını acgözlüklə ağızlarına təpirdilər. Araq sel kimi axırdı. Birdən hamı yediyini qaytarmağa başladı.

Əvvəl Amangəldi Dılqantulunun üstünə qusdu. Sonra Dılqantulu Bardamqulunun başına qusdu. Bardamqulu nəqliyyat naziri Xojagetdinin yaxasına qusdu. Xojagetdi isə Sərdarın qucağına qusdu. Sərdar əsəbləşib Xojagetdinin sifətinə, ağzının içinə qusdu. Birdən Amangəldi ayağa qalxıb nəsə qışqırmağa başladı. Hamı gördü ki, onun bir qolu yoxdur, obiri əlində isə tər-təmiz yalanmış, par-par parıldayan qol sümüyünü tutub, Sərdara tərəf silkələyir.

“Sən mənim qolumu yemisən alçaq!? Mənim qolumu!? Bu dəqiqə sümüyü sənə soxacam!”

Amangəldi əlində sümüklə Sərdarın üstünə cuman kimi, Sərdar yerindən götürülüb prezident sarayının dəhlizlərində qaçmağa başladı. Qaçdıqca halı pisləşirdi. Yaman pisləşirdi. Nəfəsini dərmək üçün ayaq saxladı və yaşıl-sarı rəngdə qatı mayeni, bahalı Aşxabad xalçasının üstünə ifraz etdi. Sonra yenə qusdu. Sonra yenə… Yenə…

Hövlnak yuxudan oyandı. Tər-su içində idi. Qusmağı gəlirdi, başı fırlanırdı. Üstü yapışqan mayeyə bulaşmışdı – deməli yuxuda doğrudan da qusubmuş. Ayağa qalxdı. İçi od tutub yanırdı. Yediyi çürümüş cəsəd mədəsini dağıdırdı. Qaynayaraq boğazına qədər qalxan axının qarşısını almaq iqtidarında deyildi. Əyilib tabutun içinə iki ağız qusdu. Hiss edirdi ki, gücü onu yavaş-yavaş tərk edir.

“Amangəldinin ətindən zəhərlənmişəm...” - Türkmənbaşı yenə qaytardı. Zağ-zağ əsirdi. “Hansı ağılla bu oğraşın qolunu yedim? Mənim ağzımı s...”

Taqəti qalmamışdı. Təzədən tabuta, qusmağın içinə uzandı. Beşcə dəqiqə sonra, qızdırma içində alışıb-yanan Sərdar qışqır-bağırla sayıqlamağa başladı. Bədəni 380 volt gərginliyin altındaymış kimi titrəyirdi. Əvvəl altına batırdı, sonra işədi.

Böyük Sərdar, əbədi prezident, sabitliyin qarantı, dahi rəhbər Niyazov Saparmurad Türkmənbaşı öz tabutunda – qusmağın, nəcisin, sidiyin içində ölürdü. O, gözlərdən uzaq, qaranlıq bir hücrədə can verirdi. Qonşu otaqda isə, iki saat əvvəl qolunu yediyi aparat rəhbəri Amangəldinin naqis cəsədi uyuyurdu. Sərdarın huşu tədricən yox olurdu. Ağrılar azalmış, qızdırması düşmüşdü və o, sadəcə olaraq səssiz-səmirsiz ölürdü.

Son nəfəsini verməmişdən qabaq, gözünə görünən səhnə isə bu oldu:

Bir qolu olmayan Amangəldi, obiri əlində par-par parıldayan qol sümüyünü tutub, Sərdara tərəf silkələyir və qışqırır:

“Sən mənim qolumu yemisən alçaq!? Mənim qolumu!? Bu dəqiqə sümüyü sənə soxacam!”
XS
SM
MD
LG